"Şərq ruhunun Qərb həyatı. Aida
İmanquliyevanın yaradıcılıq
axtarışlarının izi ilə" kitabının təqdimat
mərasimi keçirilmişdir
Oktyabrın 11-də Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində AMEA-nın
müxbir üzvü Səlahəddin Xəlilovun "Şərq
ruhunun Qərb həyatı. Aida İmanquliyeva
yaradıcılığının izi ilə"
kitabının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycanda Şərq-Qərb
problematikasının sistemli tədqiqinin əsasını
qoyan görkəmli şərqşünas alim Aida xanım
İmanquliyevanın 70 illik yubileyinə ithaf edilmiş bu
kitabı Şərq-Qərb Tədqiqat Mərkəzi
buraxmışdır.
Bakıda keçirilən
"Şərq və Qərb: ortaq mənəvi dəyərlər,
elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq
İbn Ərəbi simpoziumu günlərinə təsadüf
edən təqdimat mərasimində Moskva Dövlət
Universiteti Bakı filialının rektoru, kitabın elmi
redaktoru, alimin qızı, professor Nərgiz Paşayeva
çıxış etmişdir. O bildirmişdir ki, bu əsər
XX əsrin görkəmli şərqşünas alimi, pedaqoq,
filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın
yaradıcılığına həsr olunmuşdur. Burada Aida
xanım tərəfindən Azərbaycan oxucularına təqdim
olunmuş Şərqi və Qərbi təmsil edən romantik
şairlərin - Şərqdə C.X.Cübran, Ə.ər-Reyhani
və M.Nüaymənin, Qərbdə isə U.Bleyk, C.Bayron,
R.Emerson və U.Uitmenin ideya dünyası
işıqlandırılır, onların poetik
yaradıcılığında tərənnüm olunan hər
iki qütb arasındakı vəhdət ideyası hərtərəfli
şəkildə şərh edilir.
Aida xanımın tədqiq etdiyi
Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail
Nüaymənin əsərləri indiyədək Azərbaycan
oxucularına geniş şəkildə təqdim
olunmamışdır. Bu səbəbdən də həmin ədiblərin
bir sıra əsərləri ilk dəfə dilimizə tərcümə
olunaraq kitabda işıq üzü görmüşdür. Həmin
ərəb şair və yazıçılarının,
habelə Aida xanımın əsərlərində onlarla
müqayisəli şəkildə təqdim olunan Qərb
romantik poeziyası nümayəndələrinin də
yaradıcılığından bəzi fraqmentlər geniş
oxucu kütləsinin ixtiyarına verilir.
Tədbirdə Səlahəddin Xəlilov
və rusiyalı akademik Aleksandr Kudelin kitabın məziyyətlərindən
danışmışlar. Onlar bildirmişlər ki, nəfis tərtibatda
çap edilmiş 380 səhifəlik bu kitab geniş oxucu
kütləsi üçün nəzərdə
tutulmuşdur. Əsərdə Şərq-Qərb
düşüncə tərzi, sivilizasiyaların dialoqu, ədəbi
əlaqələr və romantik poeziya problemləri geniş
şərh edilmişdir. Diqqətə çatdırılmışdır
ki, Aida xanım yaradıcılıqlarını tədqiq
etdiyi görkəmli şəxslərin xidmətlərini
göstərməklə kifayətlənməmiş,
özü də Şərq-Qərb probleminin həlli istiqamətində
olduqca dəyərli fikirlər irəli
sürmüşdür.
Tədbirdə filologiya elmləri
doktoru, professor Nərgiz Paşayevanın məsul redaktoru
olduğu və ön söz yazdığı Cübran Xəlil
Cübranın "Sükutun poeziyası" kitabı və
filosof alim Səlahəddin Xəlilovun Türkiyədə və
Rusiyada işıq üzü görmüş elmi əsərləri
iştirakçılara təqdim edilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 3.