Bakıda keçirilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumu işini bölmə iclaslarında davam etdirmişdir

 

Ötən əsrin görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumu işini oktyabrın 11-də bölmə iclaslarında davam etdirmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Professor Aida İmanquliyevanın elmi yaradıcılığında Şərq və Qərb" mövzusunda təşkil edilmiş ilk iclasa Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, akademik Aleksandr Kudelin və professor Səlahəddin Xəlilov həmsədrlik etmişlər.

İclasda professorlar Nataliya Priqarina, Vilayət Cəfər, Gövhər Baxşəliyeva, Elxan Əzizov və elmlər doktoru İmamverdi Həmidovun "XIX əsrin birinci yarısında Şərq və Qərb ədəbiyyatının qarşılıqlı təsiri: yarımçıq dialoqun davamı", "Ərəb ədəbiyyatşünaslığında Şərq-Qərb ədəbi əlaqələrinin öyrənilməsi və Aida İmanquliyevanın tədqiqatları", "İbn Ərəbi və Azərbaycan ədəbi-fəlsəfi fikir ənənələri", "Şərq ədəbiyyatında romantizmə dair", "Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafında rolu", "Aida İmanquliyevanın məqalələri" və "Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində "Ərəb ədəbiyyatı" fənninin tədrisində professor Aida İmanquliyevanın rolu" mövzularında məruzələri dinlənilmişdir.

Professorlar Rafael Hüseynovun və Qasım Kakainin həmsədrliyi ilə keçirilmiş növbəti iclasın mövzusu "İbn Ərəbi Şərqdə və Qərbdə: oxşarlıqlar və fərqlər"ə həsr olunmuşdur.

İclasda professor Rafiq Əliyev, tədqiqatçı Stefan Hirtenşteyn, elmlər doktorları Sonya Useynova, Anar Əzimov və dosent Yelena Papçenkonun "Mənim eşqim şimşək və onun parıltıları üçündür: İbn Ərəbinin təlimləri işığında Şərq və Qərb müzakirələri", "Sartrın ekzistensializmi və işraqilik: müqayisəli təhlil", "İbn Ərəbinin poetik yaradıcılığında lirik poeziyanın ənənəvi motivləri və obrazları", "Qərb və Şərq təfəkküründə oxşarlıqlar və ziddiyyətlər", "İbn Ərəbi və Meister Ekhartın tanrısı: dinlərin tanrısı filosofların tanrısı deyil", "Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqəsi prosesində alimin rolu" mövzularında çıxışları maraqla qarşılanmışdır.

"İbn Ərəbi irsi və təsəvvüf"ə mövzusuna həsr edilmiş iclasa isə professor Stanislav Prozorov və akademik Ağamusa Axundov həmsədrlik etmişlər.

Professorlar Hasan Kamil Yılmaz, Zaim Xenşelaui, elmlər doktorları Nəsib Göyüşov, T.Yermakova, Könül Bünyadzadə, Klara Tacikova və tədqiqatçı Andrey Lukaşev "İbn Ərəbinin düşüncə modelini müəyyənləşdirən əsas aspektlər", "Sankt-Peterburq şərqşünaslığının XIX-XX əsrlərdə dünya dinlərinin tədqiqi metodologiyasının töhfəsi", "İbn Ərəbi ənənələri təsəvvüf fəlsəfəsində", "İbn Ərəbi: "Vəhdəti-vücud" konsepsiyası bəşəri sistemin əxlaq problemi kimi", "Məhəmməd peyğəmbər təsəvvüf ənənəsində Tanrıya mistik sevginin kamil təcəssümü kimi", "Konəvinin "Qırx hədis"ində İbn Ərəbi", "Mahmud Şəbüstərinin "Sirlər gülüstanı" poemasında qeyri-islami simvolun ontoloji əsasları" mövzusunda məruzələrlə çıxış etmişlər.

Məruzələrdə bildirilmişdir ki, Şərq dünyasında Şeyx əl-Əkbər kimi tanınan məşhur sufi mütəfəkkir Mühyiddin İbn Ərəbi və onun təlimi bu gün Azərbaycanda böyük təntənə ilə yad edilir. Onun fəlsəfi irsinə dair Beynəlxalq İbn Ərəbi simpoziumu görkəmli şərqşünas alim Aida İmanquliyevanın yubiley mərasiminə daxil edilmiş ən sanballı tədbirlərdən biridir. İbn Ərəbi irsi müxtəlif düşüncə tərzlərinin, habelə islam və xristianlığın ortaq mənəvi dəyərlər prizmasından nəzərdən keçirilməsi üçün ən qiymətli mənbələrdən biridir.

Vurğulanmışdır ki, çağdaş Azərbaycanda ruh və əqlin, Şərqlə Qərbin vəhdəti ideyasının yenidən aktuallaşması Aida xanımın bu problem üzrə tədqiqatlarından sonra başlamışdır. İndi elmi-fəlsəfi ictimaiyyət bir daha vəhdət ideyasının işığına toplaşaraq həmin problemin beynəlxalq miqyasda müzakirəsini keçirir. Əsasən şərqşünas kimi tanınan A.İmanquliyevanın yaradıcılığının başqa ampluada - fəlsəfi aspektdə dəyərləndirilməsinə ehtiyac yaranmışdır. Aida xanımın bu sahədə xidmətinin məğzini düzgün anlamaq üçün, ilk növbədə, onun tədqiqata cəlb etdiyi Cübran, Reyhani və Nüaymə kimi görkəmli şair-mütəfəkkirlərin yaradıcılığındakı əsas fikirlər nəzərdən keçirilməli və bu kontekstdə Aida xanım tərəfindən irəli sürülən ideyalar müasir fəlsəfi fikir prizmasından təhlil olunmalıdır.

Tədbirdə akademik Aleksandr Kudelin rus dilində çap edilmiş bir neçə kitabı Nərgiz Paşayevaya təqdim etmişdir.

 

* * *

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "İbn Ərəbi və klassik Azərbaycan ədəbiyyatı" mövzusunda keçirilmiş iclasa akademik Vasim Məmmədəliyev və professor Mahmud Erol Kılıc həmsədrlik etmişlər.

Tədbirdə professorlar Denis Qril, Teymur Kərimli, Seyyid Hüseyn Nasr, elmlər doktorları Sesiliya Tvinç, Afaq Əsədova və Lalə Əlizadənin "Laməkan", "İbn Ərəbi və türk düşünürləri, "Azərbaycan ədəbiyyatı və sufizm", "Xaqaninin "Şiniyyə" qəsidəsi və ona yazılan nəzirələr", "İbn Ərəbinin baxışlarında nurun dönməsi", "Mistisizm və ədəbiyyat: dünən, bu gün və sabah", "Azərbaycan məktəbi və onun bugünkü əhəmiyyəti" mövzusunda məruzələri dinlənilmişdir.

Akademik Nailə Vəlixanlının və doktor Mehmet Rıhtımın rəhbərlik etdiyi "İbn Ərəbinin hərf simvolizmi, hürufilik və işraqilik təlimləri"nə həsr edilmiş iclasda professorlar Azadə Musayeva, Əliyar Səfərli, elmlər doktorları Pərvanə Bayram, Möhsün Nağısoy, Yanis Esots və Səadət Şıxıyevanın "Seyyid Nigaridə İbn Ərəbi təsiri və vəhdəti vücut", "Azərbaycan təsəvvüfündə İbn Ərəbi təsiri və Seyyid Yəhya Bakuvidə hərf-ədəd simvolu", "Zeynalabdin Şirvani və onun "Bustanül-arifin" əsəri", "İbn Ərəbi və Sührəvərdinin düşüncəsində kosmik təxəyyül", "İbn Ərəbinin hərf simvolizmi və hürufilik təlimi", "Nəsiminin elmi tərcümeyi-halı və nəsimişünaslığın durumu" mövzularında çıxışları dinlənilmişdir.

Professor Ceyms Morris və akademik Bəkir Nəbiyevin rəhbərlik etdiyi bölmə iclasının mövzusu isə "İbn Ərəbi və fəlsəfə"yə həsr edilmişdir.

Tədbirdə professorlar İlham Məmmədzadə, Bəkri Əlaəddin, Zümrüd Quluzadə, elmlər doktorları Klod Addas, Əkrəm Dəmirli, Qalya Kurmanqaliyeva "İbn Ərəbinin "Əhli-Beyt" anlayışı", "İbn Ərəbinin ağlı tənqidi: tənzih və təşbih arasında Allahı bilmə", "Müasir dünya tarixinin və keçmiş irsin inteqral dünyagörüşü", "İbn Ərəbi düşüncəsinin müasir cazibəsi", "Fəlsəfə tarixində İbn Ərəbinin tədqiqi kontekstində metodologiya haqqında", "Fütuhatül-Məkkiyyə"də əsas fikirlər" və "İbn Ərəbinin fəlsəfi irsinin şərhi haqqında" mövzusunda məruzələr etmişlər. Çıxışlarda vurğulanmışdır ki, professor Aida İmanquliyeva Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi. Onun tədqiqatları nəticəsində bütün dövrlər üçün aktuallığını saxlayan mütləq bir həqiqət müəyyənləşmişdir: Aida İmanquliyevanın çoxsaylı və gərgin araşdırmaları sayəsində bu nəticələr əldə edilmişdir: ərəb məhcər ədəbiyyatı nümayəndələrinin ədəbi yaradıcılığının əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının etik və bədii dəyərlərini yenilik ruhunda əxz etmiş, yeni formada üzə çıxarmış, onların nailiyyətlərini ən yaxşı milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər. "Suriya-Amerika məktəbi"nin ən istedadlı sənətkarları əcnəbi ədəbiyyatlardan məhz ərəb ölkələrinin ən mühüm ictimai inkişaf tələblərinə cavab verən nailiyyətləri mənimsəmişlər. Bu yazıçıların fəaliyyəti sayəsində XX əsrin əvvəllərində ərəb ədəbiyyatı regional birliklər çərçivəsində qapanıb qalmaq ənənəsini dəf edə və dünya ədəbi prosesinə fəal şəkildə qoşula bilmişdir.

Müzakirələrdən sonra bölmə iclaslarına yekun vurulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 3.