Siyasətdə praqmatizm,iqtisadiyyatda rasionallıq, idarəetmədə xəlqilik

 

İrs-varislik əlaqəsi tarixən bəşər cəmiyyətinin tərəqqisinə xidmət edən mütərəqqi ideyaların davamlılığına, möhkəmliyinə, habelə ümumi potensialın vahid məqsədlər naminə səfərbər olunmasına imkan yaratmışdır. Siyasətini xalqa xidmət məramı üzərində quran fenomenal liderlər ilk növbədə toplum üçün cəlbedici və real görünən xeyirxah əməllərlə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail ola bilmiş, banisi olduqları dövlətçilik ideyalarının varisliyini uğurla təmin etmişlər. Siyasətdə varislik Azərbaycan xalqının da milli düşüncə sistemində möhkəm intişar tapmış, xalqımız tarix boyu inandığı, etibar etdiyi siyasəti ürəkdən dəstəkləyərək təminatlı gələcəyinə doğru inamla addımlamaq ehtiyacı duymuşdur.

Müstəqil Azərbaycan dövlətinin banisi - ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider də yetişdirmişdir. Hələ 2003-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deməklə cəmiyyətə özünün layiqi davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin son 6 illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda, həmin fikrin təxmin deyil, qəti qənaət olduğunun bir daha fərqinə varırıq. Ümummilli liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və hansısa problem baş qaldıranda "Heydər Əliyev bu məsələni necə həll edə bilərdi" sualı üzərində düşündüyünü qətiyyən gizlətmir. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Azərbaycanda alternativi olmayan Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir. Cənab İlham Əliyevin liberal baxışlar sistemi, xarakterinə xas humanistlik və xeyirxahlıq elementləri, bununla yanaşı, zəruri anda yüksək qətiyyət, prinsipiallıq göstərmək məharəti onun qısa müddətdə cəmiyyətdə ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi dəstəklənməsini təmin etmişdir.

Dövlət başçısı öz şəxsində Qərb standartlarının - kübar rəftarın, rasional düşüncə tərzinin, sarsılmaz vətənpərvərliyin, praqmatizmin milli mentalitetlə uğurlu sintezini yaratmış, bu keyfiyyətləri ilə Azərbaycan siyasətinə yeni nəfəs, novator idarəetmə tərzi, müasirlik çalarları gətirmişdir. Bütün bu keyfiyyətləri dövlət başçısının malik olduğu yüksək qətiyyət, intellekt, enerji, potensial, işgüzarlıq, birləşdiricilik, humanizm məziyyətləri tamamlayır. Milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, universal bilik və akademik təhsil, dəmir məntiq və möhkəm iradə - bütün bunlar cənab İlham Əliyevin yetkin siyasi obrazını şərtləndirir.

Azərbaycan Prezidentinin 2003-2008-ci illərdə özünü təcrübəli dövlət xadimi və rəhbər kimi təsdiqləməsi, real ideya və proqramlarla insanların inam və etimadını qazanması həm də onun liderlik xüsusiyyətləri ilə ölçülür. Cənab İlham Əliyev mühüm keyfiyyətlərə malik şəxsiyyət kimi insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu tam sübuta yetirmişdir. Bu keyfiyyətləri sayəsində dövlət başçısı həm də idarəçilikdə yüksək uğurlara imza atmış, cəmiyyətin həlledici kəsimini arxasınca apara bilmişdir.

Dünəninə, bugününə və sabahına biganə qalmayan Azərbaycan vətəndaşlarının yüksək mütəşəkkilliyi, siyasi fəallığı ilə müşayiət olunan 2008-ci ilin 15 oktyabr prezident seçkiləri də məhz 2003-2008-ci illərdə ölkədə həyata keçirilən siyasətin alternativsizliyinin əyani təcəssümü kimi yadda qalmış, yeni ictimai münasibətlər sisteminin əsasını qoymuşdur. Xalqın bu müdrik seçimi Heydər Əliyev siyasi kursunun Azərbaycanın yeganə nicat yeri olduğunu, milli inkişafda mühüm rol oynadığını növbəti dəfə təsdiqləmiş, hər bir vətəndaşın mənafeyi uca tutulmaqla həyata keçirilən siyasi kursun böyük ictimai etimada, dəstəyə malik olduğunu göstərmişdir. Ölkə vətəndaşları bu siyasi kursu yeganə nicat və istinadgah mənbəyi seçdiyi kimi, qarşıdakı beş ildə Azərbaycanın taleyini də məhz ulu öndərin layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevə etibar etmişlər. Bununla da Azərbaycan ictimaiyyəti uzun illərin sərt sınaqlarından çıxaraq etimad qazanmış bu siyasi kursun davamlılığının təmin olunması, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi üçün növbəti dəfə ciddi siyasi iradə nümayiş etdirmişdir.

2008-ci il oktyabrın 24-də növbəti dəfə vətənə, xalqa və dövlətə sədaqət andı içərək ikinci müddətə prezidentlik səlahiyyətlərinin icrasına başlayan dövlət başçısı İlham Əliyev bu təntənəli mərasimdəki çıxışında ötən beş ildə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinə səylə çalışdığını vurğulamışdır: "Beş il bundan əvvəl andiçmə mərasimində Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Çünki bu, Azərbaycanın bugünü və sabahı üçün, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuşdur, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, Azərbaycanda sabitlik yaradılmış və inkişaf başlamışdır. Bu gün bir daha demək istəyirəm ki, növbəti beş il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan dönməyəcəyəm".

Dövlət başçısı İlham Əliyevin siyasi liderlik keyfiyyətləri sırasında diqqəti çəkən ən mühüm məqamlardan biri də ictimai öhdəliklərə, xalq qarşısında verilən hər bir vədə yüksək sadiqlikdir. Xalqa xidmət məramına əsaslanan yüksək mənəvi məsuliyyət hissi dövlət rəhbərinin yüksək yaradıcılıq potensialı, səmərəli idarəçilik məramı, qurub-yaratmaq əzmi ilə çuğlaşaraq Azərbaycanın hərtərəfli tərəqqisi üçün 2008-ci ilin oktyabrına qədər görülmüş nəhəng işləri son bir ildə də inamla davam etdirmək imkanı yaratmışdır. "Əsl siyasət konkret real iş görməkdir" devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının qayəsində isə hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi öndədir. Həmin məqsədin reallaşdırılmasını, ümumən ölkənin üzləşdiyi bütün problemlərin həllini haqlı olaraq sosial-iqtisadi problemlərin aradan qaldırılmasında, yüksək tərəqqidə görən dövlət başçısı 2003-cü ildən bu sahədə başladığı islahatları ötən bir ildə də inamla davam etdirmişdir.

Cənab İlham Əliyev son bir ildə imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, habelə praqmatik qərarları, obyektiv reallıqdan irəli gələn addımları ilə nəinki Azərbaycanın bütün dünyanı iflic vəziyyətinə salmış qlobal böhrana qarşı effektiv müqavimət əzmini təmin etmiş, hətta iqtisadi inkişafa da nail ola bilmişdir. İlin əvvəllərində anti-böhran paketini açıqlamış dövlət başçısı hökumətin səmərəli və məqsədyönlü fəaliyyətinə nail olmaqla, ümumi daxili məhsulda 3,6 faizlik, o cümlədən qeyri-neft sektorunda 4,1 faizlik artımı təmin etmişdir. Ötən bir ildə əhalinin real pul gəlirlərinin 19 faiz artması fonunda inflyasiyanın cəmi 3,7 faiz təşkil etməsi də vətəndaşların sosial rifah halının yüksəldiyini göstərir. Bir sıra qonşu dövlətlərdən fərqli olaraq, qlobal böhran Azərbaycanda kütləvi işsizliyə, istehsal potensialının həlledici şəkildə azalmasına, bankların likvidlik problemi üzündən müflisləşməsinə səbəb olmamış, əksinə, ilin birinci yarısında 35 min yeni iş yeri açılmış, ölkəyə xarici investisiya qoyuluşları davam etdirilmişdir. İpoteka kreditləşməsi bərpa olunmuş, iri layihələrin həyata keçirilməsində hər hansı bir durğunluq, yubanma müşahidə edilməmişdir.

2009-cu ilin 6 ayında əsas kapitala yönəldilmiş investisiyalarda daxili sərmayələr üstünlük təşkil etmişdir. Bunun 82,4 faizi daxili, 17,6 faizi isə xarici sərmayələrdir. Daxili sərmayələrin ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artması Azərbaycanda güclü sərmayədarlar təbəqəsinin formalaşdığına dəlalət edir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdikləri sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində ("Doing Business-2010") Azərbaycanın 183 ölkə arasında 38-ci yeri tutması da son bir ilin uğurlu iqtisadi göstəricilərindən biridir.

Dövlət başçısı 2003-cü ildən iqtisadi siyasətin ana xəttinə çevirdiyi regional inkişaf konsepsiyasını son bir ildə də inamla davam etdirmiş, bölgələrin tərəqqisi naminə bir sıra mühüm fərman və sərəncamlar, dövlət proqramları imzalamışdır. 2009-cu ilin fevralında "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın yekunlarına həsr olunmuş toplantıda bu proqramın inkişaf və tərəqqi prosesindəki fundamental əhəmiyyəti bir daha önə çəkilmiş, əldə olunan böyük uğurlardan söz açılmışdır. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın da başlıca məqsədi bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin bu ilin aprelində imzaladığı "Xüsusi iqtisadi zonalar haqqında" qanun da ölkəyə investisiyaların cəlbi baxımından əlavə imkanlar açır.

Regionların tərəqqisi, əyalətlərdə yeni iş yerlərinin açılması, urbanizasiya prosesinin səviyyəsinin azaldılması, sosial infrastrukturun yenilənməsi məqsədilə imzaladığı sənədlərin icra vəziyyətilə tanış olmaq, sıravi insanlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən ardıcıl səfərlər cənab İlham Əliyevin fəaliyyətinin üstün istiqamətlərindən biri kimi diqqəti çəkir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, mövcud çətinliklərin həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin tələbkarlığı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz rəhbərinə inamını, etimadını daha da artırır.

Azərbaycan Prezidentinin bölgələrə səfərləri kampaniyaçılıqdan tamamilə uzaq olmaqla onun təkmil idarəçilik üslubunun mahiyyətindən irəli gəlir. Azərbaycan Prezidenti İlham Əliyev 2004-2008-ci illərdə respublikanın əksər rayonlarına, o cümlədən Bakı kəndlərinə səfərlər etmiş, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində görülən işlərlə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir. Cənab İlham Əliyev beş ildə respublika regionlarının bütün rayonlarına 127 səfər etmiş, o cümlədən 6 dəfə Naxçıvan Muxtar Respublikasında olmuş, yerlərdə görülən işlərlə, xalqın həyat səviyyəsi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, ölkənin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etmişdir. Məlumat üçün bildirək ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkə regionlarına 14 səfər etmiş, respublikanın 26 şəhər və rayonunda (Gəncə şəhərində, Füzuli, Ağdam, Beyləqan, Biləsuvar rayonlarının hər birində 2 dəfə olmaqla), həmçinin Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.

2009-cu ilin müvafiq dövründə isə cənab İlham Əliyev Bərdə, Yevlax, Mingəçevir, Gəncə, Göygöl, Şəmkir, Gədəbəy, Quba, Qusar, Hacıqabul rayonlarında, o cümlədən 2 dəfə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş, bölgələrin ümumi vəziyyəti ilə yaxından tanışlıq imkanı qazanmış, bir sıra yeni obyektlərin açılış mərasimində iştirak etmişdir. İlin ötən 10 ayında Beynəlxalq Avtovağzal Kompleksi, Xırdalan dairəsində tunel tipli yolötürücü, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində körpü tipli yolötürücü, Babək prospektindəki yeni yol qovşağı, Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi Mərkəzi, Bakı Şəhər Baş Polis İdarəsinin yeni binası, Moskva Dövlət Universitetinin filialı, Müasir İncəsənət Muzeyi, akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binası, Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binası, Daxili İşlər Nazirliyinin hospitalı və İdman Cəmiyyəti, Müdafiə Sənayesi Nazirliyinin Hesablayan Elektron Maşınlar Zavodu, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası, Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu, Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Olimpiya İdman Mərkəzi, Milli Məclisin yeni korpusu, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Bəstəkarlar İttifaqının yeni binaları, Təzəpir məscid kompleksi və s. son bir ildə paytaxtda rəsmi açılış mərasimləri keçirilmiş iqtisadi, sosial, hüquqi, mədəni, elmi əhəmiyyətli obyektlərin yalnız bir qismidir. Paytaxtda və regionlarda yüzlərlə yeni müəssisə və obyektin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi, böyük quruculuq-abadlıq işləri Azərbaycanın böhrana maksimum dərəcədə müqavimət göstərən dövlətlər sırasında olduğunu bir daha təsdiqləyir.

Azərbaycan Prezidentinin qarşıya qoyduğu bu vəzifələrin həyata keçirilməsində güclü, monolit komanda amilinin də rolunu qeyd etmək lazımdır. Əgər ümummilli lider Heydər Əliyevin idarəçilik prinsiplərində kadrlara münasibətdə 90-cı illərin çətin və mürəkkəb şəraitindən irəli gələrək sədaqət amili ön planda dayanırdısa, cənab İlham Əliyevin idarəçilik üslubunda kadrların peşəkarlığı, vəzifə məsuliyyəti, xalqa qüsursuz xidməti mühüm amil kimi aktuallıq kəsb edir. Çünki ümummilli lider uzun illər ərzində elə bir dövlətçilik təsisatı formalaşdırmışdır ki, müasir dövrdə hansısa kadr öz liderinə xəyanəti, pozucu fəaliyyəti ilə bu təsisatın fəaliyyətinə əngəl törədə, öz çirkin məqsədlərini həyata keçirə bilməz. Bu zaman sistem özü onu dərhal sıralarından kənarlaşdıracaq, onun səlahiyyətləri saf əqidəyə malik digər şəxsə həvalə ediləcəkdir. Bununla belə, cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursa sadiqlik amili yenə də aktualdır. Bu sadiqlik anlayışı daha çox hər hansı kadrın müasir təfəkkürə, mütərəqqi baxışlara malik olması, ona tapşırılmış sahədə vicdanla fəaliyyət göstərməsi, xalqın problemlərinə həssas münasibəti əsasında müəyyənləşir. Azərbaycan Prezidentinin son bir ildəki kadr dəyişiklikləri də məhz hakimiyyət komandasının xalqa daha layiqli xidmət göstərməsi məqsədindən irəli gəlmişdir.

Zaman etibarilə qısa prezidentlik dövründə xarici siyasət məsələlərinə xüsusi diqqət yetirən, Azərbaycanın hücumçu diplomatiyasını, habelə qlobal həmlələrə qarşı adekvat reaksiyasını təmin edən, respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməyən cənab İlham Əliyev son bir ildə bu sahədə də həlledici diplomatik nailiyyətlərə imza atmışdır. Milli mənafeləri önə çəkən bu çevik və qətiyyətli diplomatiya nəticəsində Azərbaycanın bölgədə və ümumən Avropa geopolitik arealında nüfuzu artmış, mövqeləri möhkəmlənmişdir. Dövlət başçısı İlham Əliyev 2009-cu ildə Yunanıstanda dövlət səfərində, Küveytdə, İranda, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, Rumıniyada rəsmi səfərdə olmuşdur. Cənab İlham Əliyevin 3 dəfə Rusiya Federasiyasına, habelə Macarıstana, İsveçrəyə, Belçikaya, Çexiyaya, Qazaxıstana və Moldovaya gerçəkləşən işgüzar səfərləri zamanı respublikamızın milli mənafeləri ilə bağlı bir sıra məsələlər önə çəkilmişdir. 2009-cu ildə bir sıra aparıcı dövlətlərin başçılarının Azərbaycanda rəsmi və işgüzar səfərdə olması da respublikamızın bölgədə artan rolu, beynəlxalq enerji təhlükəsizliyi sisteminə mühüm töhfəsi ilə şərtlənir. Xatırlatmaq yerinə düşər ki, son 10 ayda Estoniya, Rusiya, Suriya, İsrail, Ukrayna, Polşa, Latviya, Qazaxıstan, Qırğızıstan, Türkiyənin dövlət başçıları Azərbaycana rəsmi və işgüzar səfər etmiş, ikitərəfli əməkdaşlığa dair müxtəlif məsələlər müzakirə olunmuş, sazişlər imzalanmışdır. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin iyunda Bakıya cəmi bir ildə gerçəkləşmiş sayca ikinci səfəri zamanı Azərbaycan qazının müəyyən qisminin qonşu ölkəyə nəqli ilə bağlı sazişin imzalanması respublikamızın qaz idxalçısından qaz ixracatçısına çevrildiyinin ən bariz nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif beynəlxalq forumlarda, konfranslarda, habelə beynəlxalq təşkilatların tədbirlərində iştirakı da bu baxımdan praktik əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin Macarıstanda Enerji sammitində, İsveçrədə Davos Forumunda, İranda İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində, Belçikada NATO və Avropa Birliyinin toplantısında, Kişinyovda MDB Dövlət Başçıları Şurasının iclasında iştirakını ilin mühüm diplomatik hadisələri sırasında xüsusi qeyd etmək olar. Cənab İlham Əliyev bu tədbirlərin əksəriyyətində dərin məzmunlu nitq söyləyərək Azərbaycanın inkişaf perspektivləri və planları, investisiya cəlbediciliyi, Avropanın enerji təhlükəsizliyindəki mühüm rolu, habelə regionun inkişafına mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat vermişdir. 2009-cu ilin fevralında Bakı şəhərinin 2009-cu ildə "İslam mədəniyyətinin paytaxtı" elan olunması ilə bağlı təntənəli mərasimin keçirilməsi isə respublikamızın həm də İslam Konfransı Təşkilatı ilə əməkdaşlığının bütün sferalarda uğurla inkişaf etdiyini göstərir.

Rəsmi Bakı hər zaman olduğu kimi, 2009-cu ildə də xarici siyasətdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsaslanan ədalətli həlli istiqamətində diplomatik fəallıq nümayiş etdirmişdir. Cari ildə aparıcı dövlətlərin, o cümlədən Minsk qrupu həmsədrlərinin səylərinin güclənməsi, təcavüzkar tərəfin müəyyən reallıqlarla barışmaq məcburiyyətində qalması danılmaz reallıqlar kimi diqqəti çəkir. Danışıqlar prosesinin ərazi bütövlüyü, 7 rayonun qeyd-şərtsiz boşaldılması, qaçqınların doğma torpaqlarına qayıtması, sonrakı perspektivdə isə Dağlıq Qarabağın Azərbaycan daxilində hüquqi statusunun müəyyənləşdirilməsi prinsipləri əsasında aparılmasını da xüsusi qeyd etmək lazımdır.

Bir neçə gün əvvəl Kişinyovda Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş növbəti görüşlə bağlı gözlənti və ümidlər təcavüzkar tərəfin qeyri-konstruktiv mövqeyi üzündən özünü doğrultmasa da, rəsmi Bakı danışıqlardakı müsbət dinamikanı razılıqla qeyd edir. Dövlət başçısı İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində söylədiyi qətiyyətli fikirlər bu baxımdan diqqəti çəkir. "Danışıqlara gəldikdə, deyə bilərəm ki, müsbət dinamika vardır. Əgər bu olmasaydı, indiyə qədər bu danışıqlar aparılmazdı. Danışıqlara bizim sadiq qalmağımızın əsas səbəbi ondan ibarətdir ki, danışıqlar prosesində çətin də olsa, irəliləyiş vardır. Son 5-6 il ərzində çox vacib məsələlər razılaşdırılıb. İlk növbədə Ermənistan qüvvələri Dağlıq Qarabağın ətrafında yerləşən bütün işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Bu, deyə bilərəm ki, danışıqlar prosesində böyük irəliləyişdir. Çünki 4-5 il bundan əvvəl 4 rayonun, ondan sonra 5 rayonun boşaldılmasından söhbət gedirdi. Ancaq danışıqlar prosesində atılan addımlar nəticəsində bu gün artıq deyə bilərəm ki, bu, razılaşdırılıbdır" deyən dövlət başçısı Ermənistanın qeyri-konstruktiv mövqeyindən geri çəkilmək məcburiyyətində qalacağını da əminliklə bildirmişdir. Bunu labüd edən ən mühüm amillərdən biri də Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi, Silahlı Qüvvələrinin güclənməsi fonunda Ermənistanın böhran və tənəzzül məngənəsində sıxılmasıdır. Xatırlatmaq yerinə düşər ki, 2008-ci ildə keçirilmiş möhtəşəm hərbi paraddan sonra bu ilin iyun ayında dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə keçirilən daha bir möhtəşəm hərbi tədbir - Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmiş hissələrinin birgə əməliyyat-taktiki təlimləri Azərbaycanın öz torpaqlarını güc yolu ilə işğaldan azad etmək iqtidarında olduğunu təsdiqləmişdir.

Türkiyə iqtidarı müəyyən kənar təsir və geosiyasi reallıqlar fonunda bu günlərdə Ermənistanla münasibətlərin tənzimlənməsini nəzərdə tutan protokolları imzalasa da, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllinə qədər rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədləri açmayacağına böyük ümidlər bəsləyir. Dövlət başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində haqlı olaraq bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələləri eyni proses kimi nəzərdən keçirilməlidir: "Türkiyənin rəhbərləri rəsmi bəyanatlarda və şəxsi görüşlər əsnasında dəfələrlə bizə bildirmişlər ki, Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər Türkiyə-Ermənistan protokolları Məclis tərəfindən təsdiqlənməyəcək və beləliklə, sərhədlər açılmayacaqdır. Bunu Türkiyənin Prezidenti demişdir, Baş naziri demişdir, Türkiyə parlamentinin sədri demişdir, Türkiyənin xarici işlər naziri demişdir və biz buna inanırıq. İnanırıq ki, belə də olacaqdır. Belə olan halda bölgəyə sülh gələ bilər. Belə olan halda bölgədəki bütün ölkələr bu vəziyyətdən uğurla istifadə edib öz aralarında bütün məsələləri həll edə bilərlər. Ancaq bu halda bölgədə genişmiqyaslı əməkdaşlıq yarana bilər".

Ümumiyyətlə, son bir ildə Azərbaycanın xarici siyasət və diplomatiya sahəsində mövqelərinin daha da güclənməsinə dolayısı ilə təsir göstərən amillərdən biri də 2008-ci ilin prezident seçkilərinin tamamilə demokratik, şəffaf, obyektiv şəraitdə baş tutmasıdır. İlk dəfə olaraq bunu həm də müxtəlif qərəzli beynəlxalq qurumlar, qeyri-hökumət təşkilatları da etiraf etmək məcburiyyətində qalmışlar.

Rəsmi Bakının iqtisadi inkişaf prosesinə adekvat olaraq daxili siyasi mühitin liberallaşdırılması, demokratikləşmə proseslərinin dərinləşdirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirdiyi addımlar da beynəlxalq aləmdə böyük diqqətlə izlənir. Cənab İlham Əliyev ilk gündən bildirmişdir ki, demokratik və sivil cəmiyyət quruculuğunun fundamental şərtlərindən biri də məhz zamanla səsləşən hüquq islahatlarının həyata keçirilməsi, ədalət mühakiməsini icra edən məhkəmələrin müstəqilliyinin təmini, qanunun aliliyinin bütün səviyyələrdə qorunmasıdır.

Son bir ildə bu məqsədlə məhkəmə-hüquq və ədliyyə sistemində islahatlar da uğurla davam etdirilmiş, ən başlıcası, 2009-cu il martın 18-də keçirilmiş ümumxalq referendumu cəmiyyətin hüquq sisteminin fundamental bazisini təşkil edən Konstitusiyanın daha da liberallaşmasına, təkmilləşməsinə, müasirləşməsinə imkan yaratmışdır. Demokratiyanın sonu və son imkanları görünmədiyi kimi, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təminatı ilə bağlı islahatları da konktet çərçivə ilə məhdudlaşdırmaq, bu sahədə qazanılmış nailiyyətlərlə kifayətlənmək mümkün deyildir. Qanunların cəmiyyətin inkişaf ahənginə uyğunlaşdırılması, ictimai münasibətlərin tənzimlənməsində daha çevik, işlək hüquqi mexanizmlərin formalaşdırılması hər bir demokratik dövlətin qarşısında duran mühüm vəzifələrdən sayılır.

Milli inkişafın indiki yüksək mərhələsində ölkədə həyata keçirilən siyasət də bütün çalarları ilə məhz insana, şəxsiyyətə yüksək qayğı və hörmət prinsipi üzərində qurulduğundan, Azərbaycan Konstitusiyasına vətəndaş hüquqlarının konstitusion təminatının daha da gücləndirilməsi məqsədinə hesablanmış əlavə və dəyişikliklərin edilməsi məsələsi yenidən aktuallaşmışdı. Martın 18-də keçirilmiş ümumxalq səsverməsinin nəticəsi olaraq Əsas Qanunun 29 maddəsinə edilmiş 41 əlavə və dəyişikliyin hər biri kifayət qədər mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli reallaşdırılmasına təminatı gücləndirmişdir. 18 mart referendumunun nəticəsi olaraq ölkə vətəndaşları hər bir fərdin maraq və mənafeyinin uca tutulduğu ədalətli və sivil cəmiyyətdə yaşamaq istəyini ifadə etmiş, insan hüquq və azadlıqlarının təmini sahəsində dövlətin üzərinə bir sıra yeni öhdəliklər qoymuşlar. Azərbaycan üçün taleyüklü əhəmiyyətə malik olan bu siyasi kampaniyanın yekunları həm də göstərir ki, ölkə iqtidarı sosial-iqtisadi inkişafla siyasi-hüquqi islahatları paralel şəkildə, eyni məkan və zaman müstəvisində gerçəkləşdirməyi vacib sayır. Konstitusiyaya əlavə və dəyişikliklər təşəbbüsünün məhz Yeni Azərbaycan Partiyasından gəlməsi də hakim komandanın vətəndaş maraqlarına cavab verən siyasi və hüquqi islahatları keyfiyyətcə yeni mərhələdə əzmlə davam etdirmək niyyətinin təcəssümü olmuşdur.

Dövlət başçısı dəfələrlə vurğulayıb ki, məhkəmələr daim ədalətli olmalı, qanuna əsaslanmalı, insan hüquq və azadlıqlarının keşiyində layiqincə dayanmalıdırlar. Bu, ilk növbədə cənab İlham Əliyevin qayğıkeş rəhbər olmasından, insan hüquq və azadlıqlarına həssaslıqla yanaşmasından, yüksək daxili humanizmindən irəli gəlir. Son illər məhkəmələrin ədalətə, hüquqa, qanunun aliliyinə tapınan müstəqil hakimiyyət qolu kimi formalaşması istiqamətində atılan addımlar isə təkcə qanunvericiliyin təkmilləşdirilməsi tədbirləri ilə məhdudlaşmır. Cənab İlham Əliyev bu məqsədlə məhkəmələrə normal iş şəraitinin yaradılmasını da son dərəcə vacib hesab edir. Bu ilin mayında Ali Məhkəmənin yeni inzibati binasının açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev demişdir: "Mən binanın təməl daşının qoyulması ilə əlaqədar keçirilmiş mərasimdə demişdim ki, bu bina - Ali Məhkəmə ədalət sarayı olmalıdır və artıq biz bunu əyani şəkildə görürük. Çox vacibdir ki, burada qəbul edilmiş bütün qərarlar ədalətli olsun. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir. Hər yerdə ədalət olmalıdır, ilk növbədə məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir. Bir də demək istəyirəm ki, heç bir cinayət cəzasız qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır. Ona görə hakimlərin üzərinə çox böyük və şərəfli missiya düşür".

Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və realist siyasətçi kimi yaxşı bilir ki, ölkənin inkişafının yeganə düzgün yolu demokratiyadır. Lakin demokratiya davamlı və sərhədləri görünməyən prosesdir. Əgər demokratiya tarixi təkamül və mübarizə nəticəsində təbii olaraq reallaşmırsa, ona kənar təsirlər, modellər və diktələr hesabına siyasi rejimlər, ideologiyalar sırınırsa, əldə olunan "uğurlar" da keçici mahiyyət daşıyır. Prezident İlham Əliyevin ötən 6 ildə yeritdiyi siyasət deməyə əsas verir ki, Azərbaycan öz inkişafının Qərb modelini müəyyənləşdirərək demokratiyaya doğru kor-koranə deyil, düşünülmüş şəkildə və təkamül yolu ilə irəliləməyə üstünlük verir.

Bütün bunlar göstərir ki, cənab İlham Əliyev siyasi lider olaraq nəzəriyyəçidən daha çox praktikdir. Dövlət başçısı öz nitqlərini hər hansı nəzəriyyələr üzərində yox, artıq reallıqda öz təsdiqini tapmış müddəalar üzərində qurur. Auditoriyanın xarakterindən asılı olmayaraq, Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır. Dövlət rəhbərinin hər bir nitqi onun cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri üzrə yüksək bilik səviyyəsinə malik olduğunu göstərir. Bütün məsələlərə ölçülüb-biçilmiş yanaşma tərzi Azərbaycan Prezidentinin çıxışlarını nəzəri və təcrübi hazırlıq üzərində köklədiyini göstərir.

Ötən əsrdə Avropanın görkəmli ictimai-siyasi simalarından olmuş Villi Brandtın yüksək diplomatik fəhmlə söylədiyi bu fikir, çox güman, bütün dövrlərin diqqətəlayiq ictimai postulatı kimi aktuallığını itirməyəcək - "Kim istəyirsə ki onu Avropada başa düşsünlər, o, mütləq Avropanın siyasi dilində danışmağı bacarmalıdır". Əslində, söhbət əsrlər boyu Qərb mühitində möhkəmlənmiş mütərəqqi dəyərlərin özünü avropalı görmək istəyən hər bir şəxsin təfəkkürünə əbədi həkk olunması, bütövlükdə hər bir ölkə hüdudlarında ictimailəşməsi zərurətindən gedir. Avropanın "siyasi leksikonu"nda danışmaq istəyən şəxs, ilk növbədə, zəngin dünyagörüşünə, intellektə, praqmatik düşüncə tərzinə malik olmaqla yanaşı, yüksək liberal dəyərlərə - hər bir fərdin maraq və mənafeyinə həssaslıqla yanaşmağı bacarmalıdır. Özünəməxsus zəngin milli-mənəvi irs və dəyərləri qorumaqla qısa zaman kəsiyində Avratlantik məkana inteqrasiya prosesində sürətli yol qət etməyə nail olmuş müstəqil Azərbaycan da məhz İlham Əliyevin fenomenal liderlik keyfiyyətləri sayəsində elə bir mürəkkəb ictimai auditoriyada öz sözünü deyir, maraqlarını qətiyyətlə müdafiə edir.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 4.