Efir məkanımız sağlam
ideallara xidmət etməlidir
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ölkəmizin siyasi, sosial-iqtisadi və ictimai həyatı ilə çıx vəhdətdə olan proseslərlə bağlı obyekitv şərhlərə və hərtərəfli təhlillərə əsaslanan əsərləri hər zaman cəmiyyətimizdə böyük maraqla qarşılanır. Onun "Azərbaycan: qloballaşma dövrünün tələbləri", "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi", "XXI əsrdə milli dövlətçilik: demokratik inkişaf və müxalifət", "Vətəndaş cəmiyyətinə yol açan ideyalar" kimi əsərlərində, eləcə də mətbuatda dərc olunan çoxsaylı məqalələrində dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən hadisələr, həyata keçirilən demokratik-hüquqi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi və sair məsələlər obyektiv şəkildə şərh edilib. Akademik Ramiz Mehdiyevin Azərbaycan ictiami-siyasi fikrinin çox böyük nailiyyətləri sayılan "Demokratiya yolunda: irs haqqında düşünərkən", "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" adlı əsərlərində də ölkəmizin özünəməxsus demokratik inkişaf xüsusiyyətləri politoloji və elmi əsaslarla təhlil süzgəcindən keçirilib, Azərbaycanda gedən demokratik proseslərin mahiyyəti, özünəməxsus xüsusiyyətləri və mərhələləri elmi cəhətdən təhlil edilib.
Akademik Ramiz Mehdiyev "Azərbaycan" qəzetində dərc edilən "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" başlıqlı məqaləsində də cəmiyyətimiz üçün həqiqətən çox aktual və düşündürücü bir məsələni gündəmə gətirib. Hörmətli akademik bu yazıda xalqının bugününə, sabahına canı yanan layiqli vətəndaş münasibətini ortaya qoyub. Məqalə çox əhatəli və oxunaqlı yazılıb. Fikir plüralizminə, müqayisəli təhlillərə, polemikaya geniş yer verilib. Müəllif yerli televiziya və radio qurumlarının kifayət qədər ciddi və ağrılı problemlərinə yalnız toxunmaqla kifayətlənməyib, eyni zamanda ondan çıxış yollarını da aydın şəkildə göstərib. Telekanalları düçar olduqları problemlərdən xilas etmək nöqteyi-nəzərindən məqalədə yer alan fikirlər kifayət qədər ədalətlidir.
Dərin məzmunu ilə seçilən bu məqalə ətrafında artıq bir neçə gündür geniş ictimai müzakirələrin başlaması göstərir ki, orada qaldırılan məsələlər, problemlər cəmiyyətimizi həqiqətən də dərindən narahat edir. Zənnimcə, mövzu ətrafında ictimai müzakirələrin keçirilməsi, müxtəlif insanların öz münasibətlərini bildirməsi olduqca mühümdür və yerli telekanalların fəaliyyətinin sağlamlaşdırılmasına yol açacaq.
Ölkəmizdə kütləvi informasiya vasitələrinin demokratik meyarlar çərçivəsində fəaliyyətini tənzimləyən təkmil qanunvericilik bazası formalaşdırılıb. Hər bir vətəndaş qanunvericiliyimizə söykənərək qəzet təsis edə və yaxud telekanal aça bilər. Demokratik inkişafımızın göstəricisi olaraq telekanalların və mətbu orqanların qanunla müəyyən edilmiş fəaliyyətinə müdaxilə edilməsinə yol verilmir. Amma istənilən fəaliyyət sahəsinin öz prinsipləri də var. Bu prinsiplərdən uzaqlaşmaq perspektivdə yaxşı heç nə vəd edə bilməz. Söhbət KİV-in, xüsusən telekanalların və radioların fəaliyyətindən getdiyi üçün bu sahədə fəaliyyət göstərən qurumların öz təməl prinsiplərini rəhbər tutmaları son dərəcə vacibdir. Çünki məhz televiziya efiri hər yerdə olduğu kimi, Azərbaycanda da ictimai rəyin formalaşmasına birbaşa təsir edən əsas vasitələrdəndir. Bu mənada ölkəmizdə KİV-in fəaliyyəti üçün yaradılan demokratik mühit o demək deyil ki, televiziya və radio qurumları bundan sui-istifadə etməli, özlərinin təməl prinsiplərindən uzaqlaşmalıdırlar. Məncə, televiziya fəaliyyətinin ümumi prinsiplərindən və qanunla təsbit olunmuş öhdəliklərindən uzaqlaşan telekanalla son illərdə daha çox eşitdiyimiz "reket" qəzet arasında fərq yoxdur.
Təəssüflə qeyd etməliyik ki, bəzi yerli telekanalların özlərinin biznes və maliyyə maraqlarını televiziya fəaliyyətinin əsas prinsiplərindən, eləcə də qanunla müəyyən olunmuş meyarlardan üstün tutaraq efir vaxtını əsasən milli mentalitetimizə, mənəvi və əxlaqi dəyərlərimizə uyğun olmayan verilişlərlə doldurmaları Azərbaycanda teleradio efirinin ən ciddi problemi olaraq qalmaqdadır. Telekanallarda aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artması nəinki ziyalı və intellektual təbəqə, bütövlükdə ölkə ictimaiyyəti tərəfindən böyük narahatlıqla qarşılanır. "Hal-hazırda bu məsələ cəmiyyətimizdə müzakirə mövzusudur, həm mətbuat, həm də ayrı-ayrı ictimaiyyət nümayəndələri mövcud problemlərlə bağlı müəyyən fikir səsləndirmişlər. Lakin, görünür, məsələnin daha geniş ictimaiyyətin müzakirəsinə çıxarılmasına, nəinki nöqsanların müəyyənləşdirilməsi, həmçinin onların aradan qaldırılması, yeniliklərin tətbiqi barədə konkret təkliflərin irəli sürülməsinə ehtiyac yaranmışdır" yazan akademik Ramiz Mehdiyev bu məqaləsi ilə bütün ziyalıların, xalqının bugününü, gələcəyini düşünən insanların istəklərini, arzusunu ifadə etdi.
"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində teleradio yayımının əsas prinsipləri göstərilib. Bu prinsiplər sırasında milli-mənəvi dəyərlərin qorunması, jurnalistin peşə etikasına və əxlaq normalarına riayət etməsi, proqramların keyfiyyətliliyi məsələləri əksini tapıb. Amma gəlin görək bu gün telekanallar əxlaq normalarının, peşə etikasının qorunmasına, milli-mənəvi dəyərlərimizin göstəricilərinə nə dərəcədə riayət edə bilirlər? Kiminsə şkafını tökmək, pal-paltarını tamaşaçıya göstərmək, hamiləliyini, şəxsi həyatını, xarici ölkələrdəki istirahətini reklam etmək, verilişlərdə məqsədyönlü şəkildə vulqar ifadələri işlətmək hansı əxlaq normasının və peşə etikasının tələblərinə cavab verir? Yaxud hansı milli-mənəvi və ya bəşəri dəyərlərin göstəricisi sayılır? Əlbəttə ki, bütün bunlar yalnız və yalnız etikasızlığın və mənəviyyatsızlığın göstəricisidir. Ucuz, efir mədəniyyətindən çox-çox uzaq, ən əsası isə milli mentaliletimizlə ayaqlaşmayan şou proqramlarını bəh-bəhlə yayımlayan telekanallar gənc nəslin mənəvi aşınmasına "xidmət etməklə" yanaşı, vətəndaşları xarici telekanallara üz tutmağa, ziyalı və intellektual təbəqənin yerli kanallara marağının azalmasına səbəb olurlar. Üstəlik, Azərbaycan telekanalları peyk vasitəsilə dünyanın əksər ölkələrində yayımlandığı üçün xaricdə bizimkilərin keyfiyyətsiz verilişlərinə baxan insanlarda barəmizdə yanlış təəssüratların formalaşması təbiidir. Akademik Ramiz Mehdiyev bu barədə yazır: "Bu gün Azərbaycanın aparıcı kanalları maraqsız, bayağı, mənasız verilişləri nəinki ölkənin daxilində, həmçinin peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlayırlar. Xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaradırıq? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk? Teleradio qurumlarının rəhbərləri unutmalı deyillər ki, televiziya və radio təkcə daxili ictimai rəyi formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır. Nəzərə almalıyıq ki, Azərbaycan teleməkanında "meyxana" və "ulduz" yarışmalarına meyillənmə intellektual təbəqənin yerli telekanallara marağının azalmasına gətirib çıxarır".
Televiziyanın funksiyaları auditoriyanı informasiya ilə təmin etmək, maarifləndirmək və əyləncədir. Etiraf etməliyik ki, yerli telekanallarımızın əksəriyyətində bir dənə də olsun ciddi verilişlər, maarifləndirici proqramlar hazırlanmır. Lakin "Televiziya və radio yayımı haqqında" qanunun 32-ci maddəsində proqram üçün qoyulmuş tələblər sırasında maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməsi, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısının alınması, habelə milli-mənəvi dəyərlərin qorunması, sosial yayımların təşkil edilməsi vacib şərtlər kimi göstərilib. Unutmayaq ki, Azərbaycanın ötən əsrin əllinci illərindən başlayan televiziya tarixində kifayət qədər maarifləndirici proqramlar olmuşdur. Çox təəssüf ki, son illərdə yaranan özəl televiziyaların şou layihələrinin efirdə getməsinə can-başla razı olan rəhbərləri nədənsə maarifləndirici, Azərbaycanın siyasi və hərbi tarixi, zəngin mədəniyyəti ilə bağlı verilişlərin hazırlanmasında qətiyyən maraqlı deyillər. Olanlar isə sadəcə ötəridir və gözdən pərdə asmaqdan başqa bir şey deyil!
Hər bir cəmiyyətdə şou-biznes var və bu, təbii qarşılanmalıdır. Eləcə də şou aləmindən bəhs edən, əyləncəli verilişlərin də telekanallar tərəfindən hazırlanması normal bir haldır. Heç kim şou-biznesin telekanallarda işıqlandırılmasının, şou proqramlarının hazırlanmasının əleyhinə deyil. Çünki şou və əyləncəli proqramları ümumiyyətlə televiziyadan çıxarsaq, televiziyanın ümdə prinsiplərindən biri pozular. Amma telekanallarımız efir gününü, xüsusən pik saatlarını əyləncə və ucuz şou xarakerli proqramlarla yükləməklə qanunun tələblərini ciddi şəkildə pozurlar. Əgər bu şou və əyləncə tələblərə cavab versə və ya mənəviyyatımıza uyğun olsa, haradasa başa düşmək mümkündür. Təəssüf ki, televiziyalarımız nəinki qanuna əməl etmir, əksinə, öz keyfiyyətsiz, zərrə qədər yaradıcılıq hiss olunmayan şou və əyləncə proqramları ilə mənəviyyatımıza, əxlaqımıza ciddi zərbə vurmaqla məşğuldurlar. Ona görə hər şeyin həddi olmalıdır. Reallıq ondan ibarətdir ki, bu gün yerli telekanallarda şou proqramlarının məzmunu bayağılıqdan, qeybətçilikdən, araqarışdırmaqdan, yağışdan sonra göbələk kimi artan "yeni ulduz"ların, "azəristar"ların reklamından başqa bir şey deyil! Üstəlik, peşəkar aparıcıların olmaması bu cür proqramlara ikrahı daha da artırır. Məqalədə çox düzgün olaraq qeyd edilir: "Bu verilişlərin əksəriyyəti ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr olunur, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına istiqamət verir, gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə mənfi təsir edir. Həmin verilişlərdə tamaşaçılara şou-biznes nümayəndələrinin dəbdəbəli həyat tərzi təbliğ olunur, onların bir-biri ilə münasibətləri, mübahisələri araşdırılır. Əksər əyləncə verilişlərinin ixtisaslı kadrlar tərəfindən deyil, aparıcılıq edən müğənni və ya şou-biznes nümayəndələrinin iştirakı ilə təşkil olunması yaxşı hal kimi qəbul olunmur. Çox hallarda bu tipli aparıcıların davranışlarından gənclər özləri üçün nümunə götürməyə çətinlik çəkirlər".
Azərbaycan xalqı üçün ailə çox müqəddəs məfhumdur. Amma bəzən televiziya ekranlarına elə insanları çıxarırlar ki, onun ailə qurmasına dair normal imici yoxdur. Televiziya həmin şəxsləri cəmiyyətə elə formada təqdim edir ki, gənc nəsil sağlam ailə düşüncələrindən uzaqlaşaraq belə insanların həyatını özləri üçün örnək seçmək məcburiyyətində qalır. Televiziyaların ən böyük ziyanlarından biri, bax, budur. Akademik Ramiz Mehdiyevin məqaləsinin ruhu məhz belə zərərli tendensiyaların qarşısının alınmasına tuşlanıb.
Son vaxtlarda efirlərdə meyxana yarışmaları artıb. Meyxananın musiqi mədəniyyətimizin və ya folklorumuzun tərkib hissəsi olub-olmadığını birmənalı şəkildə söyləmək olmaz. Xatırladım ki, hələ sovet dövründə meyxananın ekranlara yolu bağlı idi. Bu fikirdən sonra kimsə bunu sovet ideologiyasının mədəniyyətimizə düşmən kəsilməsi ilə izah etmək istəyər. Amma gəlin unutmayaq ki, sovet dövründə muğamın televiziyada və radioda səsləndirilməsinə heç bir qadağa yox idi. Bu gün ekranlara ayaq açan meyxanalar iştirakçıların bir-birini ədəbsiz ifadələrlə təhqir etməsindən ibarətdir. Əksəriyyət mənimlə razılaşar ki, vulqar ifadələrin yer aldığı bir musiqi növü mədəniyyətimizin tərkib hissəsi deyil. Çünki Azərbaycan mədəniyyəti, Azərbaycan musiqisi milli və mental dəyərlərə söykənən ideyaları tərənnüm edir. Bunun kənarında heç nə bizim mədəniyyətimizin göstəricisi sayıla bilməz. Şou proqramları bir kənara dursun, SMS vasitəsilə hansısa tarixi şəxsin dahi adlandırılması, sözün həqiqi mənasında, mənəviyyatsızlıqdır.
Məqalədə, haqlı olaraq, tənqidə məruz qalan telekanallar xarici həmkarlarından, heç olmasa vaxtilə eyni efiri paylaşdığımız Rusiyanın nüfuzlu teleradio qurumlarından nümunə götürsələr yaxşı olar. Rusiya da televiziyanın yaranması və inkişafı sahəsində Azərbaycanla eyni yolu keçib. Televiziya kadrlarının və mütəxəssislərinin hazırlanması sahəsində bu iki ölkənin, demək olar ki, prinsipial fərqi yoxdur. Amma nədən Rusiya kanalları tamaşaçılara səviyyəli, hətta ölkəmizdə də sevilən proqramlar ortaya qoymağı bacarırlar? Bir qədər diqqətli olsaq görərik ki, Rusiyanın populyar kanallarının heç birində SMS-lə seçim yoxdur. Şimal qonşumuzun heç bir kanalında gün ərzində şou əhlinin həyat tərzindən bəhs edən silsilə proqramlar efirə verilmir. Baxmayaraq ki, Rusiyada şou-biznes həyatı bizimkindən daha əhatəli və dəbdəbəli, maliyyə imkanları daha genişdir.
Təbii ki, məqalədə göstərildiyi kimi, şou proqramlarının efir məkanımızda meydan sulamasının əsas səbəblərindən biri telekanallarımızda intellektual boşluğun olması, peşəkarlığın çatışmazlığıdır. Ümumiyyətlə, efir yaradıcılığının hiss olunmaması, peşəkar kadrların proqramlara cəlb edilməməsi Azərbaycan teleməkanının ən ciddi problemlərindən biri olaraq qalır. Elə bunun nəticəsidir ki, hazırlanan verilişlərdə yaradıcılıq, peşəkar araşdırma qətiyyən hiss olunmur. Azərbaycanda kifayət qədər yaradıcılıq imkanları geniş olan jurnalistlər və televiziya mütəxəssisləri var. Ali məktəblərin müvafiq fakültələri bu istiqamətdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Amma televiziya kanallarının başı o qədər ucuz şouya, reklama, SMS-dən gələn gəlirlərə qarışıb ki, keyfiyyət və yaradıcılıq məsələlərini üçüncü və ya dördüncü plana keçiriblər.
Azərbaycanın müharibə vəziyyətində olması vətəndaşlarımızın, xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi kimi vacib məsələyə daha məsuliyyətlə yanaşma tələb edir. Düzdür, Azərbaycan televiziyalarında hərbi proqramlar hazırlanır və həftənin yalnız bazar günləri efirə verilir. Zənnimcə, hərbi vətənpərvərlik proqramları tək ordu həyatı ilə kifayətlənməməli və müxtəlif verilişlər hazırlanaraq həftənin bütün günləri ərzində efirə verilməlidir. Çünki müharibə şəraitində olduğumuzdan bu məsələ son dərəcə vacibdir və televiziyaların üzərinə böyük yük və məsuliyyət düşür. Hər bir televiziya hərbi vətənpərvərlik məsələlərinin insanlara aşılanmasında öz məsuliyyətini daha dərindən dərk etməlidir. Akademik Ramiz Mehdiyev bununla bağlı dəyərli tövsiyələrini verir: "Vətənpərvərlik vətənə sevgi, doğma yurdun inkişafı, çiçəklənməsi, vətənlə bağlı əsrlərlə formalaşmış idealların qorunması və təbliği və s. məsələləri əhatə edən geniş mövzudur. Televiziya kanallarının bu sahə ilə bağlı maraqlı, tamaşaçının diqqətini cəlb edə biləcək verilişlər hazırlamasına böyük ehtiyac tələb olunur. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağın tarixi, burada yetişib boya-başa çatan görkəmli dövlət, mədəniyyət və incəsənət xadimləri haqqında yüksək səviyyəli verilişlərin təşkili ictimaiyyət tərəfindən maraqla qarşılana bilər, vətənə, torpağa bağlılığın artırılmasına kömək edər, insanlarda vətənpərvərlik ruhunu gücləndirər".
Zaman-zaman Azərbaycan televiziyalarındakı biabırçılıq, rəzalət barədə ziyalılar, sıravi vətəndaşlar öz narahatlıqlarını ifadə ediblər. Akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunan geniş məqaləsi isə bu istiqamətdə yeni müzakirələrə, diskussiyalara yol açıb. Ölkəmizdə tamaşaçı zövqünün formalaşmasında telekanallarımızın rolu böyükdür. Ona görə biz bu sahədə onlardan ciddi addımlar atmalarını gözləyirik. Məqalənin ruhu da Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyub saxlamaqdan və ona hörmətlə yanaşmaqdan, bu işdə telekanallara kömək etməkdən ibarətdir. İnanırıq ki, ictimai müzakirələrdə səslənən fikirlərdən telekanallarımız nəticə çıxaracaq, ucuz, keyfiyyətsiz, mənəvi dəyərlərimizlə ayaqlaşmayan şou və əyləncəni kənara qoyaraq, tamaşaçıları səviyyəli, maarifləndirici proqramlarla sevindirməyi bacaracaqlar.
Seyfəddin QƏNDİLOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Dövlət İdarəçilik
Akademiyasının rektoru, professor,
əməkdar elm xadimi
Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 5.