Baltik ölkələri ilə əməkdaşlıq
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir
Ötən ay Litvanın
paytaxtı Vilnüs şəhərində Baltik
Assambleyasının (BA) təşkil etdiyi "Baltikyanı
dövlətlərin gələcəyi: 2030. Cəmiyyətlər
və Ölkələr üçün Keçmiş Təhdidlər
və Yeni Çağırışlar" adlı konfrans
keçirilib. Tədbirdə BA-dakı Litva, Latviya və
Estoniya nümayəndə heyətləri ilə
yanaşı, Benelüks (Belçika, Niderland, Lüksemburq)
Parlamentlərarası Məşvərətçi
Şuranın və Şimal Şurasının (Skandinav
ölkələri) nümayəndələri, o cümlədən
iştirakçı dövlətlərin Litvada akkreditə
olunmuş səfirliklərin və yerli qeyri-hökumət təşkilatların
nümayəndələri iştirak ediblər. GUAM Parlament
Assambleyası təmsilçiləri də Vilnüsdə
keçirilmiş konfransa dəvət olunmuşdu.
Xatırladaq ki, BA Latviya, Litva və
Estoniyanın parlamentləri arasındakı əməkdaşlığın
inkişaf etdirilməsi məqsədilə 1991-ci il noyabr
ayının 8-də Tallinn şəhərində beynəlxalq
təşkilat kimi təsis edilib. NATO-ya və Avropa
İttifaqına üzv olduqdan sonra Baltikyanı ölkələr
müxtəlif beynəlxalq qurumlar və təşkilatlarla
sıx əməkdaşlığın qurulmasına səy
göstərirlər. Belə beynəlxalq təşkilatlardan
biri də tərkibinə Azərbaycanın da daxil olduğu
Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat
- GUAM-dır.
Konfransda Azərbaycanı GUAM
PA-dakı Azərbaycan nümayəndə heyətinin
üzvü, Milli Məclisin deputatı Əli Məsimli və
Azərbaycan nümayəndə heyətinin katibi Rüstəm
Mahmudov təmsil edib. Əli Məsimli "GUAM Parlament
Assambleyası və Baltik Assambleyası arasında əməkdaşlığın
əhəmiyyəti və perspektivləri" mövzusunda
çıxış edib. Onunla müsahibəmiz də bu barədədir.
- Azərbaycanın Litva və digər
Baltik ölkələri ilə parlamentlərarası əlaqələri
barədə nə deyə bilərsiniz?
- Son illər Azərbaycanın
Baltik ölkələri ilə, xüsusən də Azərbaycan-Litva
parlamentləri arasında əlaqələr sürətlə
inkişaf edir. İki ölkənin parlamentlərinin rəhbər
şəxslərinin, eləcə də dostluq
qruplarının qarşılıqlı səfərlərinin
həyata keçirilməsi bu əlaqələrin genişlənməsində
mühüm rol oynayır. Litva Seyminin sədrinin dəvəti
ilə Milli Məclisin Sədri Oqtay Əsədov bu ilin
mayında Litvada rəsmi səfərdə olub və iki
ölkənin əlaqələrinin inkişafına xidmət
edən ən yüksək səviyyədə zəruri
görüşlər keçirib. Ötən ilin iyununda Azərbaycan
Parlamentinin 90 illiyi ilə əlaqədar Bakıda keçirilən
tədbirlərdə Litva Seyminin Sədr müavini Qintaras
Stepanoviçius iştirak edib. Litva Seymi Avropa
İttifaqının İtaliya, Macarıstan, Polşa, Slovakiya
və digər dövlətləri ilə birlikdə Milli Məclis
ilə "Azərbaycan Respublikası Parlamentinin dəstəklənməsi"
adlı "Twinnig" layihəsi çərçivəsində
əməkdaşlıq edir. Litva Seyminin vitse-spikeri cənab
Çeslovas Stankyaviçusun Azərbaycana rəsmi səfəri
çərçivəsində sentyabrın 25-də Milli Məclisdə
Azərbaycanda demokratiyanın möhkəmlənməsinə
və hüququn aliliyinə, xüsusən də milli qanunvericiliyimizin
Avropa İttifaqının qanunlarına
yaxınlaşmasına töhfəsini verə biləcək
"Twinnig" layihəsinin təqdimetmə mərasimi
keçirilib. Baltik Assambleyasının prezidenti cənab Mantas
Adomenas ilə görüşümüz zamanı məlum
oldu ki, oktyabr ayında onun da Azərbaycana səfəri
gözlənilir. Belə birgə işin nəticəsi GUAM
ölkələrinin avrointeqrasiyasının sürətlənməsinə
yaxşı təminat verə bilən müvafiq hüquqi
bazanın yaradılması olardı.
- Konfransdakı
çıxışınızda daha çox hansı məsələləri
qabartdıniz?
- Birincisi, əsaslandırmağa
çalışdım ki, müasir dünyanın sabitlikdən
qeyri-müəyyənliyə doğru hərəkət etdiyi
bir şəraitdə "XXI əsrdə Avropada Təhlükəsizlik,
Əməkdaşlıq və İnkişaf
Konsepsiyası"na böyük ehtiyac yaranıb. Bu
konsepsiyanın özəyini "Şərq tərəfdaşlığı"nı
əhatə edən genişlənmiş Avropanın optimal
inkişaf modeli təşkil etməlidir.
İkincisi, məruzədə
Avropanın "Şərq tərəfdaşlığı"
təşəbbüsünü yüksək dəyərləndirməklə
yanaşı, həm də göstərdim ki, bunu lazımi səviyyədə
həyata keçirməkdən ötrü yeni, qeyri-standart və
praqmatik təfəkkürə əsaslanan reallaşma mexanizmi
olmalıdır.
Üçüncüsü,
Qarabağ məsələsinə Azərbaycanın
mövqeyini açıqladım. Biz Avropanın milli təhkükəsizliyi
səviyyəsinə qalxmış enerji probleminin həllinə
nə dərəcədə səy göstəririksə,
Avropa strukturları da təkcə Azərbaycanın deyil,
bütövlükdə regionun inkişaf və təhlükəsizliyi
üçün ciddi maneəyə çevrilmiş
Qarabağ məsələsinin ədalətli həllinə o
dərəcədə yanaşmalıdır. Cənubi
Qafqazdakı münaqişələrlə bağlı öz
qətiyyətli mövqeyini bildirən Baltik Assambleyasından
bu təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə də bağlı
mövqeyini əks etdirən müvafiq sənədin qəbuluna
ümid etdiyimizi bildirdikdə bizim bu təşəbbüsümüz
BA-nın prezidenti cənab Mantas Adomenas tərəfindən
müsbət qarşılandı. M.Adomenas münaqişələrin
yalnız sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində
həll olunmasının vacibliyini vurğulayaraq cari il noyabr
ayında Vilnüsdə keçiriləcək BA-nın plenar
iclası zamanı sözügedən məsələ ilə
əlaqədar təşkilatın mövqeyinin müvafiq
formada bəyan ediləcəyini diqqətə
çatdırdı.
Dördüncüsü, "Azərbaycanın
Avropadan gözlənti və istəkləri" ilə
bağlı suala birmənalı cavab verdim: Azərbaycan
üçün Avropa strukturlarının
ayırdığı maliyyə dəstəyi yox,
qarşılıqlı faydalı, bərabərhüquqlu və
səmimi əməkdalıq önəmlidir.
Beşincisi, əməkdaşlığımızın
hazırkı səviyyəsindən, imkan və perspektivlərindən
danışdim.
- "Şərq tərəfdaşlığı"
layihəsi barədə nə fikirdəsiniz?
- "Şərq tərəfdaşlığı"
layihəsi çərçivəsində çoxtərəfli
əməkdaşlıq dörd platformaya əsaslanır:
demokratiya, yaxşı idarəçilik və sabitlik, iqtisadi
inteqrasiya və Avropa İttifaqı ilə tərəfdaş
ölkələrin qanunvericiliyinin yaxınlaşması, enerji
təhlükəsizliyi, humanitar əlaqələr. "Şərq
tərəfdaşlığı"nın əsas məqsədlərindən
biri Avropa İttifaqının iştirakçı ölkələrə
daxili islahatların keçirilməsində kömək etməkdir.
Avropa İttifaqı "Şərq tərəfdaşlarına"
daha asan viza rejimi tətbiq etməyi nəzərdə tutur.
Bütün bunlar iştirakçı ölkələrin
Avropa strukturlarına inteqrasiyasına və suverenliyinə xidmət
edə biləcək məsələlərdir. Bu baxımdan
Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı"
proqramı çərçivəsində əməkdaşlığını
yüksək qiymətləndirdiyimizi bildirdim. Bununla belə, hələlik
layihədə qarşıya qoyulan məqsədlərin konkret
nəticəsi məsələsinə tam aydınlıq gətirilməyib.
Yəni, "Şərq tərəfdaşlığı"na
cəlb olunan ölkələr zamanı yetişəndə
Avropa İttifaqına üzv ola biləcəklərmi sualı
açıq qalır. Əgər layihədə bu sualdan
yayınma "Şərq tərəfdaşlığı"
layihəsinə qarşı olanları daha da
qıcıqlandırmamaq məqsədilə edilibsə,
başa düşüləndir. Digər tərəfdən, hələlik
layihədə nəzərdə tutulanların səmərəli
reallaşma mexanizmi mövcud deyildir. Ona görə də
regional və geosiyasi koordinatların dəyişməsindən
irəli gələn obyektiv reallıq tələb edir ki, GUAM
ölkələrinin Avropaya inteqrasiyasının sürətlənməsi
üçün daha aydın, dərinləşdirilmiş, səmərəli
və işlək reallaşma mexanizmi olan ardıcıl
strategiya hazırlanıb həyata keçirilsin. Əgər
Avropa İttifaqı sabit, demokratik, çiçəklənən
qonşular qazanmaq və enerji asılılığından
xilas olmaq istəyirsə, onda "Şərq əməkdaşlığı"
layihəsi formal deyil, bərabərhüquqlu tərəflərin
həm ticarət və enerji təhlükəsizliyi, həm də
bu ölkələrin real suverenliyini əldə etmələri
sahəsində, həmçinin onların modernizasiyası,
demokratiyanın coğrafiyasının genişlənməsi,
GUAM ərazisində dondurulmuş münaqişələrin həlli
vasitəsi olmalıdır.
- "Avropa strukturlarından siz nə
istəyirsiniz və gözləntiləriniz nədir?"
sualına Azərbaycanın mövqeyini necə təqdim
etdiniz?
- "Şərq tərəfdaşlığı"
layihəsi üzrə Avropanın altı yeni qonşusuna
2008-ci ildə ayrılan 450 milyon avroluq maliyyə dəstəyinin
2013-cü ilə qədər 785 milyon avroya
çatdırılması nəzərdə tutulur. Ona görə
də bu sual qaldırılarkən cavab variantları nə qədər
müxtəlif olsa da, əslində, hər şey həmin
maliyyədən maksimum pay götürmək məqsədinin
üzərində cərəyan edir. Azərbaycan tərəfi
isə məsələyə bu cür yanaşmır. Ona
görə də "Sizin Avropa sturukturlarından gözləntiləriniz
nədir?" sualını cavablandırarkən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
2009-cu il yanvar ayının 29-da Macarıstanın paytaxtı
Budapeşt şəhərində Nabukko layihəsi üzrə
keçirilmiş sammitdə söylədiyi nitqində yer
almış "Biz maliyyə dəstəyinə ehtiyac
duymuruq və özümüzü təmin edən ölkəyik.
Bizə sıx inteqrasiya, Avropa İttifaqı ilə daha
çox proqramlar, birgə səylər nəticəsində həll
olunan məsələlər və səmərəli tərəfdaşlıq
lazımdır" fikrinə istinad edərək bu məsələyə
münasibətdə Azərbaycanın mövqeyini bildirdim
- GUAM Parlament Assambleyası ilə
Baltik Assambleyası arasında imzalanmış bəyannamə
nə vəd edir?
- Bu il iyun ayının 18-də
Litvanın paytaxtı Vilnüs şəhərində Baltik
Assambleyası və GUAM Parlament Assambleyası arasında əməkdaşlıq
barədə bəyannamə imzalandı. Biz də həmin tədbirin
iştirakçısı olduq və parlamentlərarası əməkdaşlığın
imkanları barədə çıxış etdim. Baltik
Assambleyası və GUAM Parlament Assambleyası arasında
parlament əməkdaşlığının ümumi məqsədi
Baltikyanı və GUAM ölkələrinin demokratik,
sosial-iqtisadi və mədəni inkişafını təşviq
etmək və daha geniş Avropa perspektivləri kontekstindən
regional əməkdaşlığa siyasi dəstəyi təmin
etməkdir. Bəyannamədə təhlükəsizlik, siyasi,
iqtisadi, hüquqi, humanitar və digər sahələrdə əməkdaşlığımızın
genişləndirilməsi və dərinləşdirilməsi
nəzərdə tutulur. Azərbaycan tərəfinin təklifi
ilə GUAM ərazisindəki dondurulmuş münaqişələrin
həllinin sürətlənməsinə GUAM- Baltik ölkələrinin
əməkdaşlıq mexanizmi vasitəsilə təsir
göstərərək töhfə vermək məsələsi
də bəyannamədə öz əksini tapıb. Bunlarla
yanaşı, bəyannamədə Baltikyanı dövlətlərin
NATO və Avropa Birliyinə inteqrasiyası sahəsində əldə
etdiyi təcrübə ilə bölüşmə, Avropa
Birliyinin irəli sürdüyü "Sərq tərəfdaşlığı"
layihəsi üzrə əməkdaşlıq məsələləri
xüsusi yer tutur. Baltik Assambleyasının iyunda təşkil
etdiyi tədbirlərə və Baltik Assambleyası ilə GUAM
Parlament Assambleyası arasında əməkdaşlıq barədə
bəyannaməyə həsr olunmuş "Deputat
Bülleteni"nin 6-cı nömrəsini Baltik
Assambleyasının rəhbərliyinə təqdim etdim.
Üç dildə tərtib olunmuş sənəd çox
maraqla qarşılandı.
- Azərbaycanın Baltik ölkələri
ilə iqtisadi əməkdaşlıq perspektivlərini necə
görürsünüz?
- Son illər Azərbaycanla Baltik
ölkələri arasında əmtəə dövriyyəsinin
artım templəri xeyli yüksəlmişdir və faizlə
yox, dəfə ilə ölçülür. Bununla belə,
hələlik əməkdaşlığın səviyyəsi
mövcud potensial imkanlardan xeyli geri qalır. Təkcə onu
demək kifayətdir ki, 2008-ci ildə Azərbaycan və
üç Baltik ölkəsinin əmtəə dövriyyəsi
cəmi 40 milyon dollar və ya ümumilikdə Azərbaycanın
əmtəə dövriyyəsinin (55 milyard dollar) 0,1 faizdən
azını, Litva ilə isə 26 milyon dollar və ya
Litvanın əmtəə dövriyyəsinin (54 milyard dollar)
0,05 faizdən azını təşkil edib. Azərbaycanın
importunda Litvanın payı 0,3, Latviyanın payı 0,05,
Estoniyanın payı isə 0,07 faizdir. Litva və Latviyanın
Azərbaycanın eksportunda payı orta hesabla 0,01 faiz,
Estoniyanınkı isə daha azdır. Azərbaycanla Litva
arasında ticarət-iqtisadi əməkdaşlığın
səviyyəsi Latviya və Estoniyadan yüksək olsa da, bu,
iki ölkənin mövcud potensialından xeyli geri qalır.
İqtisadi əməkdaşlıqdan danışarkən
bildirdim ki, yeyinti sənayesi, xidmət sahəsi, yüksək
texnologiyalar, kimya sənayesi Azərbaycan və Baltik ölkələri
biznesmenləri arasında əməkdaşlığın
potensial sahələri hesab edilə bilər. Görüşlər
zamanı məlum oldu ki, Baltik ölkələrinin nümayəndələri
bizim iş adamları ilə birgə iş qurmaqda
maraqlıdırlar.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 6.