Naxçıvan MR Ali Məclisində medal və fəxri adların təqdimat mərasimi keçirilmişdir

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Hərbi xidmətlərə görə", "Vətən uğrunda", "İgidliyə görə", "Tərəqqi" medalları, Azərbaycan Respublikası və Naxçıvan MR fəxri adları, Ali Məclisin fəxri fərmanı sahiblərinə təqdim edilmişdir. 2008-2009-cu tədris ilinin nəticələrinə görə, keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərinə də müvafiq mükafatlar verilmişdir.

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov ölkəmizin inkişafında zəhməti olanların, fədakarlıq göstərənlərin əməyinin dövlətimiz tərəfindən qiymətləndirilməsinin ənənəyə çevrildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə bütün sahələrdə çalışanların əməyinə qiymət verilməsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində formalaşmışdır. Zəhmətlə yaşanan ömrün, gedilən yolun bəhrəsi, sonu uğurlu olur. Bu gün sizin aldığınız mükafatlar həyatda çəkdiyiniz zəhmətin hesabına əldə etdiyiniz mükafatlardır. Onlar dövlətimiz tərəfindən sizin əməyinizə verilən qiymətlərdir.

Sonra Ali Məclisin Sədri medalları, fəxri adların sənədlərini, Naxçıvan MR Ali Məclisinin fəxri fərmanlarını, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərinə pul mükafatlarını təqdim etmişdir.

Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə təşəkkür etmişlər.

 

 

Azərbaycan.- 2009.- 13 oktyabr.- S.6.