Bakıda "Bərpa olunan enerji - beynəlxalq mütərəqqi təcrübə və Azərbaycanda inkişaf perspektivləri" adlı konfrans keçirilir

 

Oktyabrın 12-də "Landmark" Biznes Mərkəzində "Bərpa olunan enerji - beynəlxalq mütərəqqi təcrübə və Azərbaycanda inkişaf perspektivləri" mövzusunda konfrans işə başlamışdır.

ATƏT-in Bakı ofisi, Avropa İttifaqı və Azərbaycan Sənaye və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransda alternativ enerji mənbələri və onlardan istifadə yolları müzakirə edilir.

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel bildirmişdir ki, konfransın keçirilməsində məqsəd Azərbaycanda alternativ enerji sektorunun inkişaf etdirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsidir. Qeyd olunmuşdur ki, bərpa olunan enerji ətraf mühitin müdafiəsi ilə yanaşı, enerji ehtiyatlarından asılılığı azaltmaqla ölkənin enerji təhlükəsizliyinin artırılmasına müsbət təsir göstərir. Bu enerji növlərindən istifadə həm də minlərlə iş yerinin yaradılması deməkdir. Alternativ enerji sektorunun uğurlu inkişafı üçün münasib hüquqi mühitin yaradılması da vacibdir.

Almaniyanın İqtisadiyyat və Yeni Texnologiyalar Nazirliyinin nümayəndəsi Andreas Obersteller bildirmişdir ki, bugünlərdə Avropa İttifaqı ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında məsələ ilə bağlı Anlaşma Memorandumu imzalanacaqdır. O, təqdim olunan layihənin Azərbaycanda alternativ enerji sektorunun inkişafına da töhfə verəcəyini xüsusi vurğulamışdır.

Sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı Azərbaycanda iki Dövlət Proqramının icra olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, nazirliyin nəzdində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır və tezliklə bu struktur tam formalaşacaqdır.

Nazir müavini qeyd etmişdir ki, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük imkanlar mövcuddur. Bu sahənin inkişafı üçün həm daxili, həm də xarici sərmayədarlar üçün bütün imkanların yaradılması nəzərdə tutulur.

Tədbirdə Azərbaycanın Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə qoşulması yüksək qiymətləndirilmişdir.

Konfransda Avropa İttifaqının eksperti Volfanq Palz bərpa olunan enerji mənbələri sahəsində Avropa təcrübəsi mövzusunda təqdimatla çıxış etmişdir.

Konfrans işini oktyabrın 13-də yekunlaşdıracaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 6.