Son yadigar

 

Bu, Hacıbəylilər nəslinin mədəniyyətimizə bəxş etdiyi böyük istedad sahibi, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi İsmayıl Soltan oğlu Hacıbəyov idi. O, 1949-cu ilin payızında dünyaya göz açdı. Əgər qədər imkan versəydi, bu il pərəstişkarları və sənətini sevənlər unudulmaz şəxsiyyətin 60 illik yubileyinə yığışacaqdılar. Əslində, bu yubiley keçirilməkdədir. Maestro Niyazinin ev-muzeyində xalq artisti, dövlət mükafatları laureatı Soltan Hacıbəyovun 90, onun oğlunun isə 60 illik yubileyləri musiqişünaslar, sənətşünaslar, tələbələri və davamçıları tərəfindən xatirələrlə qeyd edildi.

Maraqlıdır ki, Üzeyir Hacıbəylinin şərəfli ismini daşıyan Musiqi Akademiyasının adı çəkiləndə istər-istəməz ilkin olaraq yada dahi bəstəkarın özü düşür. Bu da səbəbsiz deyildi. Əslində, Üzeyir Hacıbəyli bu akademiyanın yaradıcılarından, təşkilatçılarından biri idi. Uzun illər konservatoriyanın rektoru olub. Sonralar bu işi Soltan Hacıbəyov ləyaqətlə davam etdirib. İndi bu möhtəşəm təhsil ocağının hər qarışında o unudulmaz insanların min bir xatirəsi yaşayır.

Xalq artisti, bəstəkar Arif Məlikov İsmayıl Hacıbəyovu çox sevirdi. Ona həmişə "oğlum" deyərək əzizləyirdi və əsərlərini də çox bəyənirdi. Onun barəsində qələmə aldığı "Dost haqqında söz" xatirəsində yazırdı: "Bütöv bir əsrdir ki, Hacıbəyov familiyası musiqinin, musiqi mədəniyyətinin, incəsənətin, xalq məhəbbətinin, ölməzliyin, keçmişin, bugünün və gələcəyin rəmzi kimi səslənir. Həqiqətən də, adlara fikir verəndə bu soyadın məna yükü daha da artır: dahi Üzeyir bəy. Zülfüqar, Niyazi, Çingiz, Soltan, İsmayıl... O, 1949-cu ildə Üzeyir Hacıbəylinin ölümündən bir il sonra (əgər belə demək olarsa) dünyaya gəlib. Qəribədir ki, atası Soltan Hacıbəyov dünyasını dəyişməmişdən bir neçə saat əvvəl mənə öz kabinetində belə dedi: "Gözün İsmayılın üstündə olsun". Mən çox fərəhlənirdim ki, bu tanınmış və məşhur nəslin belə istedadlı nümayəndəsi ilə uzun illər dostluq etdim".

Bəstəkar Sevda İbrahimova da öz həmkarı haqqında məhəbbətlə danışır: "İsmayıl çox təmiz adam olub. Sənətdən başqa ayrı düşüncəsi yox idi. Bir devizi var idi: "Əsər o zaman ölməzlik qazanır ki, böyük mübarizələrin nəticəsində yaransın". Adi insanlardan çox fərqlənirdi. Dünya malında gözü olmazdı. Sənətə təmənnasız xidmət edərdi. Heç haradan, heç kimdən umacağı yox idi. Hətta məlum dövrdə - ötən əsrin sonlarında sənətin qiymətdən düşdüyü vaxtda İsmayıl doğma ocağını - konservatoriyanı tərk etmədi. "Burada mənim əmim, atam çalışıb. Onların nəfəsi və səsi qalan bu doğma yerləri qoyub getməli deyiləm" - söylədi. O, təkcə tələbələrinə yox, həmkarlarına da nümunə və örnək idi. Təəssüf ki, belə şəxsiyyətlər nədənsə çox az yaşayırlar. Hələ də İsmayılı soruşanlar, axtaranlar var. Heç kim onun vəfat etdiyinə inanmır. Bu da görkəmli bəstəkarımızın əbədiyaşarlığına bir mesajdır".

İsmayıl Hacıbəyov böyük nəslin görkəmli nümayəndələrindən biri idi. Baxmayaraq ki, xarici ölkələrdə Ceyhun Hacıbəylinin övladları, nəvə-nəticələri var. Amma Azərbaycanda İsmayıl Hacıbəyov sonuncu yadigar idi. O, 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra ömrünü bu doğma ocağa bağladı. Bütün yaradıcılıq boyu Azərbaycan musiqisinin inkişafı naminə səmərəli fəaliyyət göstərən İsmayıl Hacıbəyov çox istedadlı bir şəxsiyyət idi. Onun barəsində danışarkən bəzən bu böyük fitri qabiliyyət sahibini necə təqdim etməkdə çətinlik çəkirsən. Əlbəttə, ilk növbədə o, musiqiçi idi. Atası Soltan Hacıbəyovdan, müəllimi Qara Qarayevdən dərs almışdı. Bir bəstəkar kimi formalaşmasında onların böyük əməyi var idi. Musiqi sahəsində də yaradıcılığı çoxşaxəli idi. Hələ tələbə olarkən müxtəlif janrlı əsərlər yaradırdı. Onun simfonik və kamera əsərləri, fortepiano üçün yazdığı musiqilər diqqət çəkirdi. İsmayıl Hacıbəyov böyük Üzeyirdən gələn ənənəni özünəməxsus şəkildə davam və inkişaf etdirirdi. Mütəxəssislər təsdiqləyirlər ki, İsmayıl Hacıbəyovun yaradıcılığı mədəniyyət tariximizdə bir hadisə idi. Onun neçə-neçə əsərini Azərbaycan musiqisinin ən gözəl inciləri sayırdılar. Bu baxımdan musiqişünas Vəfa Abbasova yazır: "İsmayıl Hacıbəyovun "Memorial" kontatası bəstəkarın böyük yaradıcılıq tapıntısı olan texniki vasitələrin kompleksli istifadəsi, onların musiqi obrazları və əsərin dramaturgiyasının tərkib hissələri kimi çıxış etməsi və nəticədə, hüdudsuz musiqi sferası effektinin yaranması, maraqlı tembr tapıntıları və təzadları, emosional baxımdan çox səmimi, insani ümumbəşər xeyir və şər anlamları üzərində düşünməyə vadar edən "Memorial" kantatası Azərbaycan musiqi sənətinin ən dəyərli nümunələrindən biridir".

Professor İsmayıl Hacıbəyovun simfonik orkestr üçün bəstələdiyi "Naxışlar" fantaziyası da musiqişünaslar tərəfindən maraqla qarşılandı. Bu əsər bəstəkarın yaradıcılığında özünəməxsus yer tutur. Burada müəllif sırf milli düşüncə tərzi nümayiş etdirərək məhz Azərbaycan bəstəkarlıq məktəbində ən yaddaqalan və deyildiyi kimi, əvəzolunmaz yerlərdən birini tutdu. İsmayıl Hacıbəyovun Azərbaycan musiqisinə bəxş etdiyi töhfələrdən bəzilərinin adları: "Albomdan səhifələr" süitası, piano üçün "Üç idilliya", fleyta və simli orkestr üçün "Konsertştük", "Füruzə" operası (libretto müəllifindir), fleyta, klarnet və piano üçün "İstəklər", nəfəs alətləri üçün kvintet və sairə. İsmayıl Hacıbəyov təkcə simfoniyalar, kantatalar, romanslar üzərində işləmirdi. O, həm də musiqi nəzəriyyəsi ilə məşğul olurdu. Müxtəlif toplularda məqalələri çap edilirdi. Pedaqoji fəaliyyət göstərirdi. Doğma ocaqda - Musiqi Akademiyasında dərs deyirdi, öz ardıcıllarını yetişdirirdi. Həyat yoldaşı, bu təhsil ocağının professoru, fortepiano ixtisası üzrə dərs deyən Ülviyyə Hacıbəyova danışır: "İsmayıl çox təmiz və həssas insan idi. Mən hələ indiyədək heç bir ali məktəbdə görməmişdim ki, vəfat etmiş müəllim üçün tələbələri bu dərəcədə dərindən sarsıntı keçirərək göz yaşı töksünlər. Mən özüm heyrətdə qalmışdım. İsmayılın təkcə həmkarlarının, dostlarının, yaxınlarının deyil, tələbələrinin də qəlbində böyük məhəbbəti, sevgisi olub. Bu hörməti, bu etibarı hər kəs qazana bilmir. İsmayıl bütün ömrü boyu Hacıbəylilər nəslinin övladı olduğunu və bu doğma ocaqda işləməyin məsuliyyətini heç vaxt unutmayıb. Xüsusilə də, soyadı üçün çox həyəcan keçirirdi. Haradasa bir afişada, qəzet məqaləsində, kitabda öz familiyalarını oxuyanda çox sevinirdi. Mən onu başa düşürdüm. Üzərində dahi Üzeyirin, atası Soltanın, maestro Niyazinin məsuliyyəti var idi".

Ən maraqlısı da odur ki, İsmayıl Hacıbəyov həm də zəngin təxəyyülə, gözəl duyuma malik olan bir rəssam idi. Təəssüf ki, biz böyük şəxsiyyətləri itirdikdən sonra onların yaradıcılıqlarından hərtərəfli xəbər tuta bilirik. İsmayıl Hacıbəyov böyük məhəbbətlə Üzeyir bəyin, Qara Qarayevin, atası Soltanın, Dmitri Şostakoviçin, həyat yoldaşı Ülviyyə xanımın, eləcə də özünün avtoportretini yağlı boya ilə kətan üzərində işləyib. İndi bu əsərlərə baxanda görkəmli bəstəkarın bir rəssam kimi fırça və rənglərin ünsiyyətindən yaratdığı tablolarda sanki musiqinin özünü görürsən. Xüsusilə də, təbiət mənzərələrini, natürmortları maraqla yaradıb.

Bəstəkar Xəyyam Mirzəzadə yazır: "İntellektuallığı ilə seçilən sənətkarların əsərlərinin müqəddəratı həmişə qəribə olur. İsmayılın isə elə əsərləri var ki, hələ dünya üzü görməyib. O, həmişə iş prosesində idi. Hətta bir müddət filarmoniyada musiqi rəhbəri işləyib. Amma heç zaman bu fürsətdən bəhrələnmədi. Bir dəfə də olsun bu böyük səhnədə öz əsərini ifa etdirmədi. Bu da təvazökarlığına bir misaldır".

İsmayıl Hacıbəyovla bağlı eşitdiklərimiz bizi çox sevindirdi. Onun barəsində söylənilən fikirlərdən də əsl insan ömrünün müəyyən məqamları və qeyri-adi məziyyətləri boylanır.

Çox yüksək zövq sahibi idi. İllər boyu oxuduğu əsərlərdən, çəkdiyi tablolardan, çaldığı və eşitdiyi notlardan, tanış olduğu insanlardan damla-damla özünə mənəvi varidat yığırdı, o, tələbələrini çox sevərdi. Onun ətrafında həmişə istedadlı, qabiliyyətli insanlar olardı. İsmayıl pak adam idi. Belə insanlar həmişə öz müasirlərinin yadında qalır. Daim səslənəcək musiqisi onun həm bəstəkar qüdrətini, həm də həmkarları arasında möhtəşəm yerini mütləq göstərəcək.

Həyat yoldaşı Ülviyyə Hacıbəyova İsmayıl müəllim haqqında yazılmış xatirələri, esseləri, məqalələri toplayaraq kitab şəklində çapa hazırlayıb. Bu topluda bəstəkarın rəsm yaradıcılığından da nümunələrə yer verilib. Böyük məhəbbətlə, şərəflə Azərbaycan mədəniyyətinə xidmət edən, istər bəstəkarlıq məktəbinin nümayəndəsi, istərsə də pedaqoq kimi böyük uğurların sahibi olan İsmayıl Hacıbəyov heç zaman unudulmayacaq. Onun musiqidə də, incəsənətdə də silinməz izləri və naxışları var.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 13 oktyabr.- S. 7.