İslam Konfransı Təşkilatına üzv dövlətlərin
mədəniyyət nazirlərinin VI konfransının
iştirakçılarına
Hörmətli konfrans
iştirakçıları!
Sizi - İslam Konfransı Təşkilatına
üzv dövlətlərin mədəniyyət nazirlərinin
VI konfransının iştirakçılarını səmimi-qəlbdən
salamlayır, konfransınızın işinə uğurlar,
hamınıza cansağlığı, ölkələrinizə
əmin-amanlıq arzulayıram.
2009-cu il üçün
Bakının İslam mədəniyyətinin paytaxtı elan
edilməsi müxtəlif sivilizasiyaların
qovşağında yerləşən ölkəmizin zəngin
tarixi və mədəniyyətinə verilən yüksək
qiymətdir. Bu il ərzində gerçəkləşən
tədbirlər İslam Konfransı Təşkilatı çərçivəsində
mədəni əlaqələrimizin inkişafına layiqli
töhfələr vermiş, bir daha Azərbaycanın
böyük İslam mədəniyyətinin
formalaşmasında tutduğu mövqeyə diqqəti cəlb
etmişdir.
Respublikamızda hökm sürən
tolerantlıq mühitini biz böyük tarixi nailiyyətimiz
kimi dəyərləndirir, bu ənənələri davam etdirərək
müxtəlif dinlər, mədəniyyətlər arasında
konstruktiv dialoqun qurulması prosesinə daim diqqət yetiririk. Əminəm
ki, sizin konfransınız da müxtəlif sivilizasiyaların
ortaq mənəvi-mədəni dəyərlərə əsaslanan
səmərəli əməkdaşlıq səylərinə
köməyini əsirgəməyəcəkdir.
Azərbaycan özünün
maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliğinə
dair beynəlxalq miqyaslı bir çox layihələri həyata
keçirir. Lakin iyirmi ildən artıq davam edən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
erməni silahlı birləşmələri tərəfindən
işğala məruz qalmış torpaqlarımızdakı
İslam mədəniyyətinə aid bütün nümunələr,
o cümlədən dini məbədlər, məscidlər və
abidələr dağıdılmışdır. Məruz
qaldığımız bu təcavüzlə bağlı
olaraq daim İslam Konfransı Təşkilatına üzv
dövlətlər tərəfindən Azərbaycanın haqq
mövqeyinin dəstəklənməsi ölkəmizdə həmişə
təqdirlə qarşılanmışdır.
İnanıram ki, konfransınızda
İslam dünyası mədəniyyətinin aktual məsələlərinə
dair ətraflı müzakirələr aparılacaq, ölkələrimiz
və xalqlarımız arasında qarşılıqlı mədəni
əməkdaşlığın yeni inkişaf yolları
müəyyən ediləcəkdir.
Dərin hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 1.