Beynəlxalq aləmdə Azərbaycanın mövqeləri
gündən-günə güclənir
Sürətlə
qloballaşmaqda olan dünyada ayrı-ayrı dövlətlərin
qarşısında duran əsas missiyalardan biri sözügedən
prosesdə fəal iştirak etməklə yanaşı, həm
də öz mövqe və mənafelərini təmin etmək,
bu fonda qarşıya çıxan bütün məsələlərin uğurla həllinə nail
olmaqdır. Mövcud reallıq isə heç də dünya
ölkələrinin hamısının belə bir uğura
imza ata bilmədiyini göstərir. Lakin sevindirici və olduqca
qürurverici haldır ki, dünya birliyinə sürətlə
inteqrasiya edən Azərbaycan nəinki bu prosesdə milli mənafelərinin
qorunmasını təmin edir, həm də artıq hadisələrin
inkişafına lazım gəldikdə təsir göstərə
bilir.
Əlbəttə
ki, ölkəmizin belə mövqe sahibi olmasının
mühüm səbəbləri kimi daxili sabitlik, dinamik inkişaf
edən iqtisadiyyat, siyasətin bütün sferalarında
düşünülmüş strategiyanın
reallaşdırılması və bu qəbildən olan digər
amillər çıxış edir. Məhz bütün
bunların nəticəsidir ki, təkcə Cənubi Qafqazda
yox, bir sıra hallarda onun sərhədlərindən kənarda
yerləşən qonşu regionlarda cərəyan edən
hadisələr, reallaşdırılması nəzərdə
tutulan yeni transmilli layihələr kimi məsələlər
ətrafında mütləq Azərbaycanın mövqeyi
öyrənilir, nəzərə alınır. Buna
bariz nümunə kimi təkcə bir faktı qeyd etmək
kifayətdir ki, hazırda Orta Asiyadan başlayaraq Cənubi
Qafqazı keçməklə Avropaya və ümumilikdə,
dünya bazarlarına çıxacaq alternativ enerji
marşrutlarının reallaşması Azərbaycanın
iştirakı olmadan mümkün deyil.
Beləliklə, mövqelərini
kifayət qədər gücləndirməyi bacarmış Azərbaycanın
bundan sonra da geosiyasi və geoiqtisadi proseslərdə
mühüm rol oynayan tərəflərdən biri kimi
çıxış edəcəyi şübhəsizdir. Bu
fonda Azərbaycan həm də öz qarşısında duran
problemlərin daha tez həllinə nail olmaq üçün əlavə
imkanlar da qazanır. Real şəraitdə Azərbaycanı
maraqlandıran əsas məsələ Dağlıq
Qarabağ münaqişəsinin mümkün qədər tez
həllinə nail olmaq, onun yaratdığı fəsadları
aradan qaldırmaq, öz ərazi bütövlüyünü
bərpa etməkdir. Əslində, dünya miqyasında da
açıq etiraf olunur ki, bu gün öz
döyüş qabiliyyətinə görə regionun ən
güclü ordusuna malik Azərbaycan ərazi
bütövlüyünü hərb yolu ilə bərpa etmək
iqtidarındadır. Münaqişənin sülh yolu həlli
potensialı tükənmədiyindən və
danışıqlar yolu ilə problemin çözümünə
inam olduğundan Azərbaycan bu varianta əl atmağa lüzum
görmür. Hadisələrin inkişafı həqiqətən
də, danışıqlar prosesində Azərbaycanın
maraqlarına cavab verən irəliləyişlərin
olduğunu təsdiq edir. Bununla əlaqədar Kişinyovda MDB
Dövlət Başçıları Şurasının
iclasında iştirak edən Prezident İlham Əliyev Azərbaycan
Televiziyasına verdiyi müsahibədə bildirmişdir: "Danışıqlara gəldikdə deyə bilərəm
ki, müsbət dinamika vardır. Əgər bu olmasaydı,
indiyə qədər bu danışıqlar aparılmazdı.
Danışıqlara bizim sadiq qalmağımızın əsas
səbəbi ondan ibarətdir ki, danışıqlar prosesində
çətin də olsa, irəliləyiş vardır.
Son 5-6 il ərzində çox vacib məsələlər
razılaşdırılıb. İlk növbədə, Ermənistan
qüvvələri Dağlıq Qarabağın ətrafında
yerləşən bütün işğal edilmiş
torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır.
Bu, deyə bilərəm ki, danışıqlar prosesində
böyük irəliləyişdir".
ATƏT-in Minsk
qrupunun vasitəçiliyi ilə indiyə qədər
aparılan danışıqlarda Azərbaycanın mövqelərinin
kifayət qədər gücləndiyini və bu səpkidə
hadisələrin inkişafının ölkəmizin lehinə
olduğunu göstərən məqamlar sırasında isə
ilk olaraq Ermənistanın işğaldan azad etməyi nəzərdə
tutan rayonların sayındadır. Əgər 4-5 il bundan əvvəl
4 rayonun, ondan sonra 5 rayonun işğaldan azad edilməsindən
söhbət gedirdisə, artıq bu gün
danışıqlarda Ermənistanın Dağlıq Qarabağ
ətrafında olan bütün yeddi rayonu işğaldan
azad etməsi, sonrakı mərhələdə öz
silahlı qüvvələrini Dağlıq Qarabağdan
çıxarması nəzərdə tutulur. Bu fakt
özlüyündə danışıqlar prosesində irəliləyişin
əldə olduğunu təsdiqləyir.
Azərbaycanın
daha bir diplomatik uğuru Ermənistanın
işğalçı dövlət olduğunu bütün
dünyaya açıq göstərməsi, ölkəmizdə
xarici havadarlarının köməyi ilə həyata
keçirdiyi işğal zamanı soyqırımlar törətməsi
və bu qəbildən olan digər məsələləri konkret
faktlar əsasında tam sübuta yetirməsidir. Elə buna
görə də beynəlxalq hüquq baxımından Azərbaycan
və Ermənistanın mövqeyi, ümumiyyətlə,
müqayisə belə oluna bilməz. Prezident İlham Əliyev
bununla bağlı bildirmişdir: "Bizim mövqeyimiz, eyni
zamanda, bütün beynəlxalq hüquq normalarına əsaslanır.
Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
qəbul edilibdir. Digər beynəlxalq təşkilatların qərarları
və qətnamələri vardır. Bir sözlə, beynəlxalq
hüquq baxımından bizim mövqeyimiz çox
güclüdür".
Azərbaycan Prezidenti İlham Əliyev
belə bir vacib məqama da diqqət çəkir ki,
Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin
digər bir sıra mövcud problemlərinin həllinə təkan
verə bilər: "Dağlıq Qarabağ
münaqişəsi həll edilməmiş bölgədə
heç bir müsbət meyil gözlənilmir. Əgər
kimsə fikirləşir ki, bölgədəki mövcud
problemlərin bəzilərini asanlıqla həll etmək
olar, mən buna şübhə ilə yanaşıram.
Çünki bölgənin əsas problemi, əsas məsələsi
Dağlıq Qarabağ münaqişəsidir. İlk növbədə
bu münaqişə öz həllini tapmalıdır. Bundan
sonra bütün başqa məsələlər də öz
həllini tapa bilər".
Həqiqətən də, bu
gün Cənubi Qafqazın sabit regiona çevrilməsi,
iqtisadi-siyasi və digər mühüm parametrlər üzrə
sürətli inkişafı məhz Dağlıq Qarabağ
münaqişəsinin həllindən keçir. Bu problemin
çözümünün gecikməsi isə regionun
dünya birliyinə verə biləcəyi bir çox
mühüm töhfələrin üstündən xətt
çəkir.
O da danılmaz
reallıqdır ki, hazırda Dağlıq Qarabağ
münaqişəsinin həllində qeyri-konstruktiv
mövqeyindən əl çəkmək istəməyən
və beləliklə, münaqişənin sülh yolu ilə
çözümünü uzadan Ermənistan mövqe dəyişikliyinə
gedərsə, bundan ən çox qazanan elə özü
olacaq. Yəni, Ermənistan Azərbaycanın işğal
olunmuş ərazilərini dinc yolla azad edəcəyi təqdirdə,
bu gün məngənəsində boğulduğu iqtisadi
problemlərin böyük bir hissəsinin aradan
qaldırılmasında kifayət qədər geniş imkanlar
qazanacaq. Bütün bunlar Ermənistan
qarşısında iki seçimin olduğunu göstərir:
ya konstruktivlik nümayiş etdirərək zəbt edilmiş
bütün Azərbaycan ərazilərini işğaldan azad
etmək və bölgədə yeni əməkdaşlığa
başlamaq, ya da buna getməyəcəyi təqdirdə, güclü
Azərbaycanla hərb cəbhəsində üz-üzə gəlmək.
Göründüyü kimi, istənilən halda nəticə
Ermənistan üçün eynidir və bu da ondan ibarətdir
ki, sözügedən ölkə Azərbaycan ərazilərinin
işğalına son qoymalıdır.
Azərbaycan isə artıq
işğal prosesinin uzun müddət davam etməsi ilə
barışmaq niyyətində deyil və bölgədəki
status-kvonu dəyişə bilər. Kişinyovda MDB Dövlət
Başçıları Şurasının iclasında
iştirak zamanı Prezident İlham Əliyev Azərbaycan
televiziyasına verdiyi müsahibədə bildirmişdir:
"Status-kvonun dəyişməsi çox vacibdir.
Çünki bizim torpaqlarımız uzun illərdir ki,
işğal altındadır. Biz buna nə vaxta qədər
dözəcəyik?! Ancaq status-kvonu əgər mənfi tərəfə
dəyişərsə, bölgədə xoşagəlməz
proseslərin başlanmasına gətirib çıxara bilər.
Hələ ümid edirik ki, Dağlıq Qarabağ məsələsini
biz danışıqlar yolu ilə həll edə bilərik. Əgər
bu ümidlər tükənsəydi, biz bir dəqiqə də
danışıqlarda iştirak etməzdik. Ancaq bölgədə
gedən proseslər və böyük dövlətlərin bu
məsələyə qoşulması, eyni zamanda,
Dağlıq Qarabağ münaqişəsinin həllinə
öz müsbət təsirini göstərməlidir. Mən
inanıram ki, belə də olacaqdır".
Bütün bunlar
bir daha onu göstərir ki, Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin sülh yoli ilə həllində
maraqlıdır, həmçinin Ermənistanın konstruktiv
mövqe nümayiş etdirərək problemin həllini bundan
sonra uzatmayacağına da ümidlər hələ tam tükənməyib. Lakin bu ümidin tükənməsi
Ermənistan üçün yaxşı heç nə vəd
etmir və bu ölkə onda Azərbaycan əsgərinin
gücü hesabına işğal olunmuş əraziləri
azad etmək məcburiyyətində qalacaq. Belə vəziyyət
isə onsuz da xarici dövlətlər əlində vasitəyə
çevrilən, onlar üçün for-post rolunu oynayan Ermənistanın
vassallığını daha da gücləndirəcək.
Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 1.