Elmi tərəqqinin təminatçısı
Bəşər tarixi göstərir
ki, elm və təhsil hər bir dövlətin davamlı
sosial-iqtisadi və mədəni yüksəlişinin əsas
təminatlarından biridir. İqtisadi tərəqqi, demokratikləşmə
və insan hüquqlarının etibarlı təminatı
baxımından özünün yüksək inkişaf mərhələsinə
çatmış dövlətlərin bu nailiyyətləri məhz
elmə, təhsilə böyük diqqət və
qayğı nəticəsində əldə etdiyi də
danılmaz həqiqətdir. İntellektual potensial əhəmiyyətinə
və gətirdiyi dividendlərə görə bu gün hətta
zəngin təbii sərvətləri belə, üstələyir.
Müasir dünyada rəqabətə tab gətirmək
üçün, ilk növbədə, təhsilə, zəngin
biliklərə, informasiya texnologiyalarına arxalanmaq
lazımdır.
Vaxtilə Böyük
Britaniyanın böyük dövlət xadimi Uinston
Çörçill demişdir ki, yalnız ağıllı
insanların cəmiyyəti güclü dövlətin
yaranmasını zəruri edə bilər. Bir qayda olaraq
iqtisadi inkişaf strategiyasını elmi-texniki əsaslar
üzərində qurmaqla, innovasiya inkişafını
dövlət quruculuğu prosesinin mühüm təminatı
sayan, hər zaman proqressiv ənənələrə istinad edən
dövlətlər milli tərəqqiyə nail olur, dünya
arenasında özünəlayiq yer tuturlar. 2003-cü ildən
respublikamıza inamla rəhbərlik edən Azərbaycan
Prezidenti İlham Əliyev də bu reallığı
düzgün dəyərləndirərək ölkənin elm
və təhsil potensialının gücləndirilməsi
istiqamətində mühüm tədbirlər həyata
keçirir. Son beş ildə dövlət büdcəsi vəsaitlərinin
ilbəil əhəmiyyətli dərəcədə
artımı elm və təhsil sahəsində məhz maliyyə
çatışmazlığı səbəbindən uzun illərdən
bəri yığılıb qalmış bir çox problemlərin
hazırkı mərhələdə həlli məsələsini
aktuallaşdırmış, bu strateji sahələrə
dövlət investisiyalarının həcmcə
artımını təmin etmişdir.
2003-cü ildən təhsilə
ayrılan illik büdcənin artım dinamikası bu sahənin
inkişafı ilə bağlı kifayət qədər
dolğun təsəvvür formalaşdırır: 2003-cü
ildə təhsilə 243 milyon, 2007-ci ildə 758 milyon manat
ayrılmışdısa, 2008-ci ildə bu rəqəm 1,1
milyard manata yüksəlmişdir. Elmin inkişafına yönəldilən
xərclər 2003-cü ildə 16,6 milyon manat təşkil
edirdisə, 2008-ci ildə bu rəqəm 71,7 milyon manata, 2009-cu
ildə isə 105,8 milyon manata yüksəlmişdir.
Ümumilikdə, 2009-cu ildə elmə ayrılmış vəsaitlərin
həcmi 2008-ci illə müqayisədə 34,1 milyon manat və
ya 47,6 faiz çox olmuşdur.
Milli Elmlər Akademiyasının
hələ 2005-ci ilin dekabrında keçirilmiş 60 illik
yubileyi ərəfəsində dövlət
başçısının xüsusi sərəncamlar
imzalaması və görkəmli elm xadimlərini yüksək
dövlət mükafatları ilə təltif etməsi, bir
sıra alimlərə elmi adların, prezident təqaüdünün
və mənzillərin verilməsi cənab İlham Əliyevin
bu sahəyə yüksək qayğısını əyani
surətdə əks etdirmişdir. Akademiyanın yubiley mərasimində
çıxış edən dövlət
başçısı ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu mütərəqqi ənənələrinə
sadiq qalacağını bir daha bəyan etmişdir: "Elmlər
Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi
işində əlavə addımlar atılacaqdır. Biz gərək
bu maddi-texniki bazanı möhkəmləndirək.
Akademiyanın nəzdində fəaliyyət göstərən
inistitutlara daha böyük həcmdə kömək göstərək.
Əlbəttə, akademiya sistemində çalışan
insanların maaşları, əməkhaqları
qaldırılmalıdır və biz bunu edəcəyik... Mən
çox şadam ki, bu bayramda sizinlə birlikdəyəm.
Çalışacağam ki, akademiyanın inkişafında
bundan sonra da öz əməyimi əsirgəməyim. Mən
bir daha demək istəyirəm, bu, qəti fikrimdir ki, hər
bir ölkənin normal inkişafı üçün ilk
növbədə, bilik, savad, elmin inkişafı
lazımdır".
İnkişaf etmiş dövlətlərin
təcrübəsi göstərir ki, insan potensialının
formalaşdırılması sahəsində əsas
ağırlıq məhz elmin və ali təhsil sisteminin
üzərinə düşür. Elm, insan kapitalı əhalinin
həyat səviyyəsinin yüksəldilməsinin, insan
inkişafı indeksinin mühüm amillərindən biri
olmaqla, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə
hərtərəfli təsir göstərir. Ali təhsil
sisteminə və kadr hazırlığına xüsusi diqqətlə
yanaşılması, eyni zamanda, respublikamızda demokratik
ölkələrin zəngin təcrübəsinə əsaslanan
mükəmməl, çevik və mütərəqqi
dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən
irəli gəlir.
Müstəqil Azərbaycan elm və
təhsil sisteminin inkişaf prioritetlərini dünyada və
Avropa məkanında cərəyan edən proseslərə
inteqrasiya olunmaqla müəyyənləşdirir. Bu,
respublikamızın seçdiyi inkişaf strategiyasının
mahiyyətindən irəli gəlir - demokratikləşmə,
siyasi liberallaşma, insan hüquq və
azadlıqlarının etibarlı təminatı, habelə
insan kapitalının formalaşdırılması məsələləri
elm və təhsilin humanistləşdirilməsini, bu
yönümdə dövrlə səsləşən mütərəqqi
islahatların aparılmasını zəruri edir. "Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə
bağlı bəzi tədbirlər haqqında" 31 yanvar
2008-ci il tarixli sərəncam da bu baxımdan xüsusi
vurğulanmalıdır. Sərəncamda qeyd olunur ki, 2001-ci
ildən etibarən Azərbaycan Respublikasının Avropa
Şurasına üzv olması ölkəmizin Avropa məkanına
inteqrasiyasını sürətləndirmişdir. Bu proseslərin
tərkib hissəsi kimi Azərbaycan Avropa ölkələrinin
təhsil nazirləri tərəfindən qəbul edilmiş
Bolonya deklarasiyasını imzalamaqla respublikanın ali təhsil
müəssisələrinin Avropa təhsil sisteminə
inteqrasiyası yolunda mühüm addım atmışdır.
Azərbaycanın dünyada analoqu olmayan iqtisadi inkişafı
ümumavropa təhsil məkanına inteqrasiya proseslərinin
daha da sürətləndirilməsini və bu sahədə həyata
keçirilən işlərin intensivləşdirilməsini tələb
edir. Ölkənin intellektual potensialının gücləndirilməsinin
Azərbaycanın inkişaf strategiyasının əsas
müddəalarından biri olması ali təhsil sistemində
islahatlara dair müvafiq dövlət proqramının
hazırlanması zərurətini meydana
çıxarmışdır.
Qloballaşan dünyada təhsilin
əhəmiyyətli bir pilləsi olan ali təhsilin Avropa
zonasının yaradılması bu gün zərurətdən
irəli gələn məsələdir. Sərəncamdan da
göründüyü kimi, respublikamızın hazırkı
dinamik inkişaf tempi Avropa təhsil məkanına inteqrasiya məqsədini
özündə ehtiva edən islahatları yüksək
dinamizmlə gerçəkləşdirmək imkanı
yaradır. Digər tərəfdən son 10 ildə həyata
keçirdiyi təhsil islahatları respublikamızın Bolonya
sisteminə keçidi üçün daha konkret və
ardıcıl addımlar atılmasına yaxşı imkanlar
açır.
Respublikanın dinamik sosial-iqtisadi
inkişafının hazırkı mərhələsində
dövlət idarəçiliyi sahəsində müasir idarəetmə
təfəkkürünə malik ixtisaslı mütəxəssislərin
yetişdirilməsi məsələsi mühüm aktuallıq
kəsb edir. Mütərəqqi Qərb dəyərlərini dərindən
mənimsəyən, qabaqcıl ölkələrin elmi-texniki
yeniliklərini əxz edən, müasir idarəçilik məktəbi
keçən gənclərin formalaşması məsələsi
zaman keçdikcə tarixi zərurətə çevrilir. Azərbaycan
Prezidentinin 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsil almasına dair Dövlət
Proqramı haqqında" sərəncamı da bu sahədə
həyata keçirilən dövlət siyasətində
ardıcıllığın və sistemliliyin təmin
olunması məqsədi daşımışdır. Dövlət
proqramı məhz azərbaycanlı gənclərin müəyyən
elmi istiqamətlər üzrə dövlət hesabına
xaricdə təhsil almalarını nəzərdə tutur. Sənəd
əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel
2007-ci il tarixli sərəncamı ilə təsdiq
olunmuşdur.
Dövlət
başçısının 5 sentyabr 2007-ci il tarixli "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı"nın
2007-2008-ci tədris ilində maliyyələşdirilməsi
haqqında" sərəncamına əsasən, 2007-2008-ci tədris
ilində Azərbaycan gənclərinin Amerika Birləşmiş
Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə,
İspaniya, Rusiya, Türkiyə və digər ölkələrdə
təhsil almalarını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə 2,2 milyon (iki milyon iki yüz min) manat məbləğində
vəsait ayrılmışdır. Ümumilikdə, 2015-ci ilədək
dövlət 5 min azərbaycanlı gəncin xarici ölkələrdə
təhsil almasını maliyyələşdirəcəkdir.
Ötən beş ildə elmi
inkişafın təmin edilməsi, bu sahədə həllini
gözləyən problemlərin, sosial təminat məsələlərinin
çözümü də dövlət
başçısı İlham Əliyevin diqqət mərkəzində
olmuşdur. Elmin, təhsilin inkişafı üçün
dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin
ildən-ilə artırılması, bu sahədə
çalışan müəllimlərin əməkhaqlarında,
tələbə, magistr və aspirantların təqaüdlərində
özünü göstərən əsaslı artımlar
dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə
diqqət və qayğısının bariz ifadəsidir. Azərbaycan
Prezidentinin "Alimlik dərəcələrinə görə
vəzifə maaşlarına əlavələrin
artırılması haqqında" 16 aprel 2004-cü il tarixli
sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər
Akademiyası sistemində, elmi-tədqiqat və təhsil
müəssisələrində, habelə digər sahələrdə
çalışan işçilərin elmlər doktoru və
elmlər namizədi alimlik dərəcələrinə
görə vahid tarif cədvəli üzrə vəzifə
maaşlarına müəyyən edilmiş əlavələrin
məbləği 2004-cü ilin iyulundan
artırılmışdır. Prezident İlham Əliyevin
2004-cü il 19 aprel tarixli "Aspirantlara, ali, orta ixtisas və
peşə məktəblərinin və peşə liseylərinin
tələbələrinə və şagirdlərinə verilən
təqaüdlərin artırılması haqqında" sərancamı
yetişməkdə olan gənc nəslin intellektual
potensialını yüksəltmək, onların elmə olan
marağını daha da gücləndirmək məqsədi
daşımışdır.
2007-ci ilin əvvəllərindən
başlayaraq elm xadimlərinin sosial vəziyyətinin
yaxşılaşdırılması məqsədilə bir
sıra əlavə sərəncamlar imzalanmışdır.
Dövlət başçısının 23 yanvar 2007-ci il
tarixdə imzaladığı sərəncamla AMEA sistemində
çalışan vətəndaşların məvacibləri
50 faiz qaldırılmış, eləcə də fevral
ayının 1-dən aspirantların təqaüdündə əsaslı
artım baş vermişdir. Cənab İlham Əliyevin 18
aprel 2007-ci il tarixdə imzaladığı daha bir sərəncamla
AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə
maaşı 1000 manat, müxbir üzvlərin aylıq rütbə
maaşları isə 700 manat civarında müəyyənləşdirilmişdir.
Bununla belə, cənab İlham Əliyev hesab edir ki, elm
adamlarının hazırkı məvacibi ümumən qənaətbəxş
sayıla bilməz və ölkənin iqtisadi imkanları
artdıqca, bu sahəyə göstərilən diqqət və
qayğı da artmalıdır. 2008-2009-cu dərs ili
qarşısında AMEA sistemində
çalışanların məvaciblərinin 25 faiz
artırılması da elmin inkişafı naminə həyata
keçirilən davamlı dövlət siyasətində
növbəti addımdır.
Azərbaycanın
inkişafının yeni keyfiyyət mərhələsində
elm xadimlərinin qarşısında bir sıra mühüm vəzifələr
dayanır. İqtisadi inkişafın elmi sütunlar üzərində
aparılması, ölkənin gələcək sosial-iqtisadi
inkişafı ilə bağlı elmi proqnozların irəli
sürülməsi, elmi-istehsalat təcrübələrinin
dövrün tələbləri səviyyəsində həyata
keçirilməsi dünya elminə inteqrasiyanın təmin
edilməsi baxımından son dərəcə vacibdir. Ölkədə
həyata keçirilən fundamental islahatların elmi
bazası möhkəmləndirilməli, iqtisadiyyatla elmin vəhdəti
innovasion yeniliklərin əsasına çevrilməlidir.
Dövlət qurumları, sənaye və kənd təsərrüfatı
müəssisələri, özəl şirkətlərlə
elmi-tədqiqat institutları arasında səmərəli əməkdaşlıq
münasibətlərinin qurulması, xüsusən də,
informasiya və kommunikasiya texnologiyaları, ekologiya və
iqtisadi inkişaf sahələrində elmi potensiala geniş
istinad olunması respublikanın ümumi inkişaf
strategiyasının mahiyyətindən irəli gələn tələbdir.
Dövlət
başçısının 10 aprel 2008-ci il tarixli "Azərbaycan
elmində islahatların aparılması ilə bağlı
Dövlət Komissiyasının yaradılması haqqında"
sərəncamı da məhz elmi sferada həllini gözləyən
bir sıra problemlərin həlli məqsədinə xidmət
edir. Sərəncamda 2009-2015-ci illər üzrə elm sahəsində
aparılacaq islahatların, habelə elmin inkişaf
strategiyasının konkret proqram modelində hazırlanması
üçün hökumət və elm adamlarından ibarət
dövlət komissiyasının yaradılması bu sahədə
mövcud problemlərin həlli və elmin inkişaf prioritetlərinin
müəyyənləşdirilməsi baxımından son dərəcə
vacibdir.
Sərəncamda Azərbaycan
elminin hazırda üzləşdiyi bəzi problemlərə də
toxunulmuş, xüsusi vurğulanmışdır ki, Azərbaycanda
ümumən elmin maliyyələşmə mexanizmləri və
elmi işçilərin sosial təminatı məsələləri
hələlik günün tələbləri səviyyəsində
deyildir. Ölkədə aparıcı alimlər nəslinin
yaşlaşması və gənc nəslin elmə axınının
zəifləməsi elmdə kadr potensialının
aşağı düşməsi təhlükəsini
yaratmışdır. Mövcud vəziyyət ölkənin
inkişafının üstün istiqamətlərindən
olan elm sahəsində ən qısa zamanda islahatların
aparılması və bununla əlaqədar bir çox vəzifələrin
təxirə salınmadan sürətlə öz həllini
tapması zərurətini meydana
çıxarmışdır. Bütün bunlarla
yanaşı, sərəncamda Azərbaycan Respublikasında
elmi qurumların strukturunun müəyyənləşdirilməsi,
tədqiqatların müasir standartlar səviyyəsində
aparılması və maliyyələşdirilməsi, ölkənin
elmi kadr potensialının artırılması və onun
sosial müdafiəsinin gücləndirilməsi,
bütövlükdə elmin inkişafı üzrə milli
strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin
beynəlxalq elm məkanına inteqrasiyasının təmin
olunması məsələləri əksini tapmışdır.
2008-ci ilin oktyabrında xalqın
iradəsi ilə ikinci müddətdə Azərbaycan
Respublikasının Prezidenti seçilmiş cənab İlham
Əliyev ötən bir ildə elmin inkişafına xidmət
edən bir sıra mühüm sərəncamlar, dövlət
proqramları imzalamışdır. Bu baxımdan 4 may 2009-cu il
tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiyanın həyata
keçirilməsi ilə bağlı Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında", 22
may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı"nın təsdiq edilməsi barədə
sərəncamların əhəmiyyəti xüsusi
vurğulanmalıdır.
Elmin inkişafını nəzərdə
tutan Milli Strategiyanın əsas məqsədləri ölkənin
mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan
elminin strukturunun müəyyənləşdirilməsi; Azərbaycan
elminin dünya elmi, texnika və texnologiyasının prioritet
istiqamətlərinə müvafiq şəkildə təşkili;
respublikanın iqtisadi inkişafında elmin rolunun
artırılması; yüksək ixtisaslı kadrların
hazırlanmasının təmin edilməsi; mühüm
sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədi
ilə Azərbaycan Respublikasında fundamental və tətbiqi
tədqiqatların prioritetlərinin müəyyən edilməsindən
ibarətdir. Sənəddə həmçinin fundamental elmlərə
dair tədqiqatların genişləndirilməsi, elm və
texnika sahəsində idarəetmə sisteminin, elmi-tədqiqat
müəssisələrinin və ümumilikdə, elmin maliyyələşdirilmə
mexanizmlərinin təkmilləşdirilməsi, elmi-texniki
infrastrukturun müasirləşdirilməsi, elmin
hüquqi-normativ bazasının yaradılması, elmin
inteqrasiyasının təmin edilməsi, elmi əməkdaşların
sosial vəziyyətinin yaxşılaşdırılması,
beynəlxalq elmi əlaqələrin genişləndirilməsi
kimi məqsədlər də mövcuddur. Strategiyanın vəzifələri
daha genişdir və yuxarıda sadalanmış bəndlərlə
kifayətlənmir. Bura həmçinin təbiət, texnika,
ictimai və humanitar elmlər sahəsində tədqiqatların
inkişafı, ətraf mühitin qorunması, maddi-texniki
bazanın yaradılması, dövlətin
inkişafını təmin etmək üçün elmin və
müasir texnologiyaların nailiyyətlərinin geniş tətbiqi,
Azərbaycanın mədəniyyəti və tarixinin ümumi
və kompleks tədqiqatı və s. daxildir.
AMEA-nın infrastrukturunun,
maddi-texniki bazasının, iş şəraitinin
yaxşılaşdırılması da diqqət mərkəzindədir.
Son bir ildə akademiyanın Mərkəzi Elmi
Kitabxanasının yeni binasının inşasına
başlanmış, Azərbaycan Milli Tarix Muzeyində, Nizami Gəncəvi
adına Azərbaycan Milli Ədəbiyyat Muzeyində,
akademiyanın rəyasət heyətinin binasında, habelə
akademiyanın əsas binasında təmir işləri
başa çatdırılmışdır. Bundan əlavə,
2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondundan Azərbaycan Milli Tarix Muzeyi və Nəsirəddin Tusi
adına Şamaxı Astrofizika Rəsədxanasının təmiri
və yeni avadanlıqların alınması üçün
5 milyon manat, arxeoloji qazıntıların davam etdirilməsi
üçün Arxeologiya və Etnoqrafiya İnstitutuna 1 milyon
manat, əşyaların bərpası və yeni
materialların alınması üçün tarix muzeyinə
1 milyon manat vəsait ayrılmışdır.
Azərbaycanda təhsilin, elmin
inkişafı üçün geniş maddi-intellektual
resurslar mövcuddur və bundan səmərəli istifadə cənab
İlham Əliyevin müəyyənləşdirdiyi
başlıca prioritetlərdən biridir. Respublikamızın
iqtisadi inkişaf tempi, habelə yüksək təhsil, bilik
almaqla yaxşı mütəxəssis kimi yetişməyin
vacibliyi fikrinin ictimai şüurda getdikcə möhkəmlənməsi
milli təhsil sisteminin gələcəyi ilə bağlı
kifayət qədər ürəkaçan mənzərə
yaradır. Respublikamızın elm və təhsil ictimaiyyəti
cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin
bütün sahələrində, o cümlədən təhsil,
elm sahəsində mövcud problemlərin tezliklə həllini
tapacağına böyük ümidlər bəsləyirlər.
İlham MƏMMƏDZADƏ,
AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq
İnstitutunun direktoru
Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 2.