Türkdilli ölkələrin birliyi daha da möhkəmlənir
"Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr
arasında birlik daha da güclənsin. Bu bizim tariximizdir, bizim
mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda,
bu, bugünkü vəziyyətin reallıqlarıdır".
İlham ƏLİYEV
Azərbaycanın beynəlxalq təşkilatların
işində fəal iştirak etməsi onun təhlükəsizliyi
və xarici siyasəti üçün mühüm əhəmiyyət
kəsb edir. Miqyas və nüfuzundan asılı olmayaraq,
universal və regional beynəlxalq təşkilatlar dünyada
yaranan yeni təhdidlərlə mübarizədə getdikcə
daha çox rol oynayırlar. Belə ki, beynəlxalq təşkilatlar
təhdidlərin aradan qaldırılmasına və ya
onların qarşısının alınmasına yardım
etməklə yanaşı, ölkəmizin milli
maraqlarının qlobal siyasətdə müdafiəsinə
imkanlar yaradırlar. Eyni zamanda, beynəlxalq təşkilatlar
Azərbaycan Respublikasının üzləşdiyi təhlükəsizlik
probleminə tərəfdaş dövlətlərin diqqətini
cəlb etmək üçün əlverişli forum rolunu
oynayırlar.
Dövlətçiliyin, müstəqilliyin,
ərazi bütövlüyünün, milli təhlükəsizliyin
qorunması, beynəlxalq aləmə çoxşaxəli
inteqrasiyanın təmin olunması, enerji
asılılığının azaldılması, iqtisadi və
geostrateji maraqların ödənməsi, vətəndaşların
firavan yaşayışının təmin olunması xarici
siyasətdə mühüm istiqamətlər kimi nəzərdən
keçirilir. Xarici siyasət və diplomatik münasibətlər
eyni zamanda hər bir dövlətin beynəlxalq arenada nüfuz
və mövqelərinin möhkəmlənməsinə,
ümummilli problemlərinin həllinə yönəlir.
Azərbaycan Respublikası
üzvü olduğu BMT, ATƏT, Avropa Şurası, İslam
Konfransı Təşkilatı və digər nüfuzlu
qurumlarla beynəlxalq hüquq norma və prinsiplərinə
uyğun səmərəli əməkdaşlıq edərək
öz diplomatik mənafelərini layiqincə müdafiə edə
bilir, həlledici uğurlara imza atır. Bu sahədə
müsbət nəticələri təmin edən vacib şərtlər
isə milli və ümumbəşəri mənafelərin
mümkün dərəcədə
uzlaşdırılması, eləcə də dəqiq hədəflərə
hesablanmış xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsidir.
Ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi və inkişaf etdirdiyi
xarici siyasət strategiyasının əsasında da
dünyanın aparıcı dövlətləri və beynəlxalq
təşkilatları ilə əlaqələrin ümummilli mənafelərə
əsaslanan xətlə inkişafı durur. Türkdilli
dövlətlərlə siyasi, iqtisadi, humanitar, mədəni
sahədə əlaqələrin inkişaf etdirilməsi
ümummilli lider Heydər Əliyevin siyasətinin prioritet
istiqamətidir.
Xatırladaq ki, türkdilli
ölkələrin dövlət başçıları
arasında ilk zirvə görüşü 1992-ci ildə
Ankarada, sonrakı toplantılar isə 1994-cü ildə
İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə
Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə
Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə
Antalyada keçirilmişdir.
Türkdilli ölkələrin
tarixi, mədəni, dini və dil birliyinə arxalanan əlaqələrin
müasir mərhələdə daha da inkişaf etdirilməsi,
dövlətlərin mənafelərinə uyğun çoxtərəfli
əməkdaşlığın genişləndirilməsində
bu zirvə toplantılarının mühüm əhəmiyyəti
olmuşdur.
Türkdilli ölkələrin
dövlət başçılarının 28 avqust 1995-ci il
tarixdə Bişkek şəhərində keçirilən
III zirvə toplantısında ümummilli lider Heydər Əliyev
bu dövlətlərin bir-biri ilə siyasi, iqtisadi münasibətlərini
çox yüksək qiymətləndirmişdir. Bu qəbildən
olan görüşlərin tarixi əhəmiyyəti
ondadır ki, dövlət başçıları təcrübə
mübadiləsi zamanı qarşıya çıxan problemlərin
həlli yollarını birgə axtarıb tapır və onu
dövlətlərin ümumi mənafeyi baxımından həll
etməyə çalışırlar. Belə
görüşlərdə məhz bu amillər xüsusi diqqət
mərkəzində saxlanılır. Türkdilli dövlət
başçılarının keçirdikləri
görüşlərdə belə bir fikir yekdil olaraq
vurğulanmışdır ki, dünyada baş verən
böyük tarixi, geosiyasi dəyişikliklər məhz
türk dövlətlərinin qarşılıqlı şəkildə
davam etdirilən əlaqələrinə böyük təkan
verməli və bu dövlətlərin hər biri bundan səmərəli
istifadə etməyi bacarmalıdır. Bu əlaqələr
müstəqil, suveren əsaslar üzərində qurulmalı
və dövlətlərin maraqlarına cavab verməlidir.
Bişkek görüşündə
dövlət başçıları belə bir mühüm
fikrə gəlmişlər ki, onların rəhbərlik etdikləri
ölkələr dünya iqtisadi birliyi ilə bərabərhüquqlu
inteqrasiyaya doğru mühüm addımlar atmalıdır.
Ümummilli lider Heydər Əliyev bildirmişdir: "Bizim
respublikalarımız Sovet İttifaqına daxil olarkən həm
iqtisadi baxımdan, həm də mədəni dəyərlərlə
mübadilə baxımından görüşlər
keçirilməsi, bir-birinə nümayəndə heyəti
göndərilməsi baxımından daha sıx bağlı
idilər. İndi bu əlaqələr zəifləmişdir.
Amma biz istəyirik ki, bu əlaqələr geniş olsun. Tarixi
keçmişimizi, ümumi köklərimizi, bizi bu
görüşə toplayan zəmini əsas tutaraq Azərbaycan
dövləti istəyir ki, Mərkəzi Asiyanın
bütün ölkələri daha sıx iqtisadi, mədəni,
elmi-texniki əməkdaşlıq yaratsın və bu
inteqrasiyaya daxil olsun".
Ümummilli lider Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev
türkdilli dövlətlər arasında bütün sahələrdə
əlaqələrin inkişafı istiqamətində
mühüm addımlar atmaqdadır. 2006-cı ildə Antalyada
keçirilən zirvə toplantısında türkdilli
dövlətlərin parlamentlərinin bir araya gəlməsi
ideyası irəli sürülmüşdür. Parlament
Assambleyasının yaradılması ideyasının
türkdilli dövlətlərin rəhbərləri tərəfindən
dəstəklənməsi bu ideyanın gerçəkləşməsinə
zəmin yaratdı. Bu assambleya parlamentlərarası əlaqələrin
daha da inkişafına öz təsirini göstərəcəkdir.
Türkdilli Ölkələrin
Parlament Assambleyasının (TÖPA) sentyabrın 28-29-da
Bakıda keçirilən ilk iclasında qurumun daimi katibliyi
yaradıldı və Bakı Bəyannaməsi imzalandı.
TÖPA-ya üzv olan ölkələrin
qarşılıqlı ticarət və iqtisadi əlaqələrinin
genişləndirilməsi əsas fəaliyyət istiqaməti
kimi müəyyənləşdirildi. TÖPA-nın ikinci
ümumi iclasının 2010-cu ilin oktyabrında
Qazaxıstanın Astana şəhərində keçirilməsi
nəzərdə tutulub.
Oktyabrın 2-3-də
Naxçıvanda türkdilli ölkələrin dövlət
başçılarının IX zirvə
görüşü keçirildi. Zirvə toplantısında
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev,
Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev, Türkiyə
Prezidenti Abdullah Gül, Türkmənistan Nazirlər Kabineti sədrinin
müavini Xıdır Saparlıyev iştirak etmişlər.
Görüşün yekunu olaraq Türkdilli Ölkələrin
Əməkdaşlıq Şurasının yaradılması
haqqında Naxçıvan Sazişi imzalandı. Sonra
türkdilli dövlət başçıları zirvə
görüşünun yekunu olaraq Naxçıvan Bəyannaməsini
imzaladlar.
Azərbaycan Prezidenti İlham Əliyev
Naxçıvanda keçirilən türkdilli ölkələrin
dövlət başçılarının IX zirvə
görüşündə bildirmişdir: "Bu yaxınlarda
Bakıda bizim birliyimizi daha da möhkəmləndirən
önəmli hadisə baş vermişdir. Bakıda
Türkdilli Ölkələrin Parlament Assambleyasının
birinci toplantısı keçirilmişdir. Bu da çox
önəmli hadisədir. Bizim qanunvericilik orqanlarımız da
bir-birilə daha sıx əlaqədə olacaqlar.
Düzdür, ölkələrimizi təmsil edən deputatlar
bu vaxta qədər bir-biri ilə daha sıx əlaqədə
olmuşlar, müxtəlif beynəlxalq qurumlar çərçivəsində
əməkdaşlıq etmişlər. Ancaq türkdilli
ölkələrin Parlament Assambleyasının
yaradılması tam başqa bir hadisədir. Bunun çox
böyük mənası vardır. Bu onu göstərir ki,
türkdilli ölkələr arasında əlaqələr
geniş formatda daha da sürətlə inkişaf edir. Biz buna
çox sevinirik, buna çox böyük dəstəyimizi
veririk. Əgər gələcəkdə bütün siyasi məsələlərdə,
beynəlxalq təşkilatlarda, beynəlxalq müstəvidə
bir-birimizə öz dəstəyimizi verməyə davam etsək,
iqtisadi sahədə əməkdaşlığımızı
konkret layihələrlə zənginləşdirsək,
humanitar və mədəniyyət sahəsində TÜRKSOY
vasitəsilə, konkret layihələr vasitəsilə bu
birliyi daha da gücləndirsək, bizim xalqlarımız bundan
ancaq fayda götürəcəklər".
Türkdilli ölkələrin dövlət
başçıları IX zirvə görüşündə
imzaladıqları mühüm sənədlərlə əlaqələrin
perspektiv inkişafına yeni təkan verdilər. Əldə
olunan razılaşma ölkələrimiz arasında
bütün istiqamətlərdə əməkdaşlığın
daha da genişlənməsinə imkan verəcəkdir.
E.HACIALIYEV
Azərbaycan.- 2009.- 13
oktyabr.- S. 2, 4.