Efir məkanı əxlaqi saflıq, mənəvi məsuliyyət və peşəkarlıq tələb edir

 

Milli medianın flaqmanı imtiyazını ləyaqətlə yaşadan "Azərbaycan" qəzeti görkəmli dövlət xadimi, sanballı elmi-fəlsəfi əsərlər müəllifi akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsini çap etməklə oxucularını mənəviyyat mövzusunda ciddi söhbətə dəvət etmişdir. Mövzu geniş miqyaslı müzakirə üçün meydan açdığından müxtəlif yaş, səlahiyyət sahiblərinin, mətbuatdan başqa həmsöhbəti olmayan pirani təqaüdçülərin, evdar qadınların 2 oktyabr tarixli "Azərbaycan" qəzetini könül dostu kimi aradıqlarını, oxuduqlarını gördüm, hiddət və həyəcanlarının səbəbini təşrih edən alim mühakiməsinə mütəşəkkil duyğularla şərik olduqlarından məmnun qaldım. Adamlar uzun aylardan bəri öz aralarında hiddətlə gileyləndikləri acı həqiqətlərin nüfuzlu mətbuat orqanında nüfuzlu alim mühakiməsi ilə ümumiləşdirilməsindən, mövzuya mütləq münasibət bildirməyin vacibliyindən danışırdılar. Ağsaqqal ziyalı xalqın fikir tərcümanı kimi onun arzu və istəklərinə laqeyd qala bilməz. Qəzetə təqdim olunan qeydlərimiz də məhz bu zəmində hasilə gəlmişdir.

Milli-tarixi ənənələrimizi qoruyub zənginləşdirmək baxımından mətbuatın rolu sosial və mənəvi intibah üçün həmişə yaşıl işıq zolağı olub, bu işıq zolağının haləsində öz keçmişini müfəssəl tanıyıb gələcəyə kamil, inamlı addımlarla irəliləyən insanlar maneələri, məkrli münasibətləri qırmaqda mütərəqqi mətbuata borclu olduqlarını həmişə etiraf etmişlər. Ötən əsrin ortalarında isə bu ümummilli vəzifənin həllində qəzet, jurnal və radionun funksiyasına ortaq qüvvə daxil oldu : Televiziya ! İctimai rəyə təsiri baxımından əvəzsiz qüvvə olan televiziya ! Zaman-zaman repressiyalara məruz qalmış dilimizin, əlifbamızın, tariximizin, milli yaddaşımızın yaşamaq haqqını qorumağa, zənginləşdirməyə borclu olan milli mətbuat və efir məkanı !

Bu gün mütərəqqi insanlığın nikbin qibtə və xeyirxah heyrətlə izlədiyi müasir Azərbaycanımızı, onun hünərvər insanlarını milli medianın nəcib, humanist təsirindən kənarda təsəvvür etmək qeyri-mümkündür.

Mentaliteti tükənmiş millətin parlaq istiqbalından inam və ümidlə danışmaq absurddur. Məhz bu məqamda mənəvi ucalığı qoruyub, millətə mənəvi mükəmməlliyi aşılamağın, əxlaqi mədəniyyəti konkret təcrübədə nümayiş etdirməyin yollarını təlqin etmək missiyasını mətbuat, radio və televiziya icra edir. Həm də bu şərəfli vəzifənin həlli indi yüzdə səksən dərəcədə televiziyanın öhdəsinə düşmüşdür. 1956-cı ilin fevralında fəaliyyətə başlayan Azərbaycan televiziyası bu gün məmləkətimizdə hər evin təkcə şirinsöhbət qonağı yox, həm də zəngin məlumatlı sakininə, sözü eşidilən müdrik məsləhətçisinə çevrilmişdir. Bir sual bizi düşündürür: bu gün televiziya ona etibar olunmuş vəzifəni istəyimizcə ödəyirmi? Əlbəttə, insanları valeh edən məzmunlu verilişləri dinləyicilər minnətdarlıqla xatırlayır, izləyir, intizarla gözləyirlər. Eyni zamanda, təəssüflə qeyd edirik ki, bir-iki telekanalları istisna etsək, yuxarıdakı suala müsbət cavab verməkdə çətinlik çəkir, bu barədə nikbin danışmağa özümüzü haqlı bilmirik. Və nə yaxşı ki, efir məkanındakı ağrılı halların mükəmməl cavabını akademik Ramiz Mehdiyevin məlum məqaləsində tapırıq.

Hərdən bir vaxtı ilə, teleradiokomitənin nəzdində mövcud olan bədii şuranın və senzuranın hökmündən həsrət notlu söhbətlər eşidirik. Bu istəklərin ruhunda əxlaqi sərvətlərimizi qorumaq naminə milli kökümüzə bağlılığın əks-sədası duyulursa, biz onu könül rahatlığı ilə qəbul edir, həqiqətin ağzına daş qoyan sovet senzurasının tam əksi olan milli ləyaqət möhürü və sırf mənəvi kamilliyə xidmət edən təmənna və tərəfgirlik duyğusundan ilim-ilim uzaq bədii şuradan danışılırsa alqışlayırıq. Özü də məsələni xalq etirazının kulminasiya nöqtəsinə çatdıran efir məkanındakı eybəcər özbaşınalığa qarşı xalqın ciddi etirazlarına məhəl qoymayanlara həddi qandırmaq şərti ilə !

Müqəddəs şəxsiyyətin on dörd əsr əvvəl dediyi iki kəlmə söz bəşəriyyətin ömrü qədər əxlaq kodeksi kimi yaşayacaqdır : "İfrat haramdır." Əslində, bu hikmət bir həqiqəti təsdiqləyir: "Hər şey öz əndazəsində gözəldir." Məsələ bundadır ki, bizim şou tamaşalarda hər şey həddini aşır və yaddan çıxıb-çıxarılıb ki, hər şeydə ifrat haramdır : "Yeyib-içməkdə də, danışmaqda da, susmaqda da, gülüşdə də, ağlamaqda da, tərifdə də, tənbehdə də..." O ki qaldı milyonların tamaşa etdiyi televerilişdə insanı düşündürən, ona zövq verən tamaşalarla yanaşı, yüngül, primitiv, gülüş əvəzinə mənasız hırıltı və qəzəb doğuran səhnələrə - onlar barəsində cəmiyyət öz kəskin sözünü deməlidir. Bir-birindən küsən ifaçıların giley-güzarı, haylı-küylü "De gəlsinlər", davakar falçıların mərəkəsi, uydurma "sevgi tarixçələri", xarici səfərlərdən qayıdan bəzi müğənnilərin rəvayətləri, həftələrlə mürgü vuran adamların maşın şoularda görüntüləri tamaşaçıda hansı mənəvi keyfiyyətin formalaşmasına kömək edir? Zənnimizcə, cavab birmənalı olacaq : kömək etmir, ziyan vurur! Bir müğənni digərindən küsübsə, bunu məhəlli maraqların toqquşması səviyyəsinə çıxarmağa zərrəcə lüzum olmasa da, lüzumsuz söz-söhbətə saatlarla efir vaxtının ayrılması yumşaq desək, "televeriliş" anlayışına sayğısız, avam, məsuliyyətsiz münasibətin nəticəsidir! Teleşoudan heyrətamiz rəqəmlərlə ifadə olunan gəlir kimin cibinə gedir?! Unutmayaq ki, bunlar gələcəyimizi yaşadacaq, daha da gözəlləşdirəcək yeni nəslin istiqbalına sərf olunmalıdır.

Məlum həqiqəti xatırladaq ki, çap maşını insanları kitablara bağladısa, televiziyanı və kompüteri kəşf edənlər dünya əhalisini kitabdan ayırdı. Bu birləşib-ayrılma prosesində insanın rəngarəng məlumatlar mənbəyi olan televizora marağı yüksələn xətlə artdı. İndi planetimiz gerçək, qeyri-dəqiq, ziddiyyətli, dolaşıq məlumatlar burulğanında çətin nəfəs alır...

Həqiqət, nəzakət, mərifət, səmimiyyət və nikbin ovqat KİV-nin leytmotivi olmalıdır. Dinləyicinin də, oxucunun da maraq və məhəbbətini cəlb edən məhz bu mənəvi amillərdir. Ayrı-ayrı sənətçilərin şöhrətə aludəçiliyi televizora marağı qırmaqla yanaşı, qürurla səsləndirdiyimiz "sənətkar" ifadəsinə də inamsızlıq və sayğısızlıq təlqin edir. Bu sətirlərin müəllifi Xan Şuşinski, Qara Qarayev, Bülbül, Niyazi, Rəşid Behbudov, Səid Rüstəmov, Adil Gəray, Əbülfət Əliyev, Qulu Əsgərov, Mirzə Babayev... kimi sənət xadimləri ilə zaman-zaman ünsiyyətdə olmuş əyalət ziyalısıdır. Xoş etirafla qeyd edim ki, bu sənətkarlarda bir dəfə olsun, özünəvurğunluq və dünyagirlik əlaməti görmədim. Onlar məşhur sənətçi, adi insan kimi yaşadılar, xatirələrdə işıqlı iz qoyub ölməz sənət xadimləri kimi dünyamızı tərk etdilər - irslərini, adlarını əbədi yaşadacaq dünyamızı...!

Bəllidir ki, əxlaq, mənəviyyat itkisi torpaq itkisindən ağırdır. İtirilmiş torpaqları - keçmişin səhvlərini dəqiqləşdirib, qüvvə toplayaraq geri almaq olur (Biz torpaqlarımızı qaytaracağımıza tam əminik!). Çünki məğlubiyyətin dərsləri, müəyyən mənada, gələcək qələbə üçün məşq funksiyasını daşıyır. Amma itirilmiş mənəviyyatı, bada verilmiş əxlaqı geri qaytarmaq mümkünsüzdür.

Bəzi teleradio qurumlarının mənəvi zənginliyimiz naminə ömür sərf edən dahi sənətkarların qayələri ilə daban-dabana zidd olan maraqları kimə, nəyə, nə üçün xidmət edir?! Təəssüf ki, zərərli meyillərə qarşı müvafiq qanunlar çərçivəsində müqavimət az hiss olunur ! Bəlkə unudulur ki, ifrat ifratla dəf olunur.

Xalqımız hicabın, yaşınmanın və ədəb-ərkan ölçülərinin həddini incədən-incəyə bilir. Bircə onu bilmir ki, (ifadəm üçün üzr istəyirəm) doğuş məqamını haqlamış ifaçını eybəcər reklamlarla səhnəyə dəvət etmək, doğuş ərəfəsində olan hamilə müğənninin ikrah doğuran halətini nümayiş etdirmək hansı əxlaqi normadan qidalanır, hansı estetik ideala xidmət edir ! Dahilərin biri həyanı inqilaba bərabər tuturdu. Mənəvi gözəlliyimizi ləkələrlə dolduran bəzi telekanallar nəyə görə mükəmməl peşəkarlıqdan üz çeviriblər? Teleşou bizneslərinin təhriki hesabınamı? Nahaq, çox nahaq ! AzTV-də aylarla davam edən muğam müsabiqəsi telekanallarımız üçün nümunə məktəbi, təcrübə institutu olmalı idi. AzTV ilə yanaşı, "İctimai" TV-nin maraqlı verilişləri, tapıntıları da... Təəssüf ki, belə davamlı, sanballı verilişlərlə yanaşı, tamaşaçılara ötəri və yüngül gülüşdən başqa heç nə verməyən, ictimai-estetik təsir gücündən xali televerilişlər daha çox efir məkanını "zəbt edir". Toylar kralı, yaxud kraliçası SMS-lər vasitəsilə "kral" və "kraliça" titulunu müəyyənləşdirirsə, bu diplomu verirsə, diplomun, fəxri adın müəllifi kimdir, fəxri adların təsisçisi kimdir?!

Sənət adamlarının zəngin məişət şəraiti, səliqə-sahmanlı, bər-bəzəkli, tutuquşulu, akvariumlu mülkü varsa, çox mübarək, salamat yaşasınlar, haramdan uzaq olsunlar, namusları ilə fəxr etmək haqqımıza toxunmasınlar! Fəqət bu ehtişamı zərrəbin dəqiqliyi ilə tamaşaçıya təqdim etmək üçün uzun efir vaxtının sərfi tələb olunur və ödənilir. Buna ehtiyac varmı? Yoxsa, bu, təmirə ehtiyacı olan darısqal otaqlarda yaşayanlara göz dağı vermək, yoxsa əsəblərlə oynamaq üçündür. Nağılvari ikimərtəbə imarətini kamerada nümayiş etdirəndən sonra ev sahibinin aparıcıya "bilirsənmi otaqlarım bir az darısqallıq edir, gərək ..." deməsi isə normal düşüncədən soraq vermir. Həddini aşan bu heyrətamiz zənginlik bir-iki dəfə bir-iki sənətkarın evindən verilsəydi, adamların marağı qeyzə çevrilməzdi. Axı nə konsert, nə toy büsatı, nə mükafat belə ehtişamın hasili üçün imkan yaratmazdı!

Övladları barəsində iftixarla danışıb, evin kişisi haqqında sualları cavabsız qoyanda, yadıma qədim bir məsəl düşür : "Qatırdan soruşurlar ki, atan kimdir?

Cavab verdi :At dayımdır !"

Sənətə yeni nəsil gəlir, həm də bizə iftixar bəxş edəcək inamlı, ümidli, ilhamlı nəsil gəlir. İstərdim tariximizə yeni işıqlı səhifələr bəxş edəcək nəsillər ömrün 80-dən sonrakı illərini yaşayan ağsaqqalın özündən əvvəl deyilmiş sözlərini unutmasınlar: "Paltarı təzəlikdə, namusu cavanlıqda qoruyarlar." Ünsiyyət insanı nəcibləşdirir, səthilik isə onları ayırır.

Evdə, ictimai yerlərdə özbaşınalıq nisbətən asanlıqla dəf olunur. Efirdə özbaşınalıq isə yanğın kimidir. Alışdımı, yayılır və söndürmək müşkülə dönür, qarşısıalınmaz olur. Milli Televiziya və Radio Şurasının efirlə bağlı siyasətində müdaxilə və məsuliyyət sahəsi genişləndirilməlidir, teleradio qurumlarının rəhbərləri isə əhalinin böyük rəğbətlə reaksiya verdiyi məsələ ilə əlaqədar fəaliyyətlərində ciddi dönüş yaradılmasının praktik nəticələrini nümayiş etdirməlidirlər.

Efir məkanındakı ziddiyyətli, zərərli meyillərin təzahürlərinə diqqətimizi cəlb edən hörmətli akademik Ramiz Mehdiyevə, vacib, aktual məsələnin müzakirəsinə oxucuları səsləyən "Azərbaycan" qəzetinə minnətdarlıq edir, ciddi məsələyə oxucuların, dinləyicilərin həssaslıqla münasibət bildirəcəyinə əmin oluruq.

 

 

İmamverdi ƏBİLOV,

Prezidentin fərdi təqaüdçüsü,

filologiya elmləri doktoru,

professor

 

Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 3.