İctimai fikri oyadan sənəd

 

Tarixi şansı itirməmək məharəti əsl filosoflara xas başlıca xüsusiyyətdir. Vaxtında söylənilmiş fikir də məqamında açılan atəş kimidir: hədəf ondan yayına bilməz! Hədəfə düzgün, dəqiq ünvanlanmış fikir şimşək kimi bir anda qaranlıqları aydınladır, bahar nəsimi kimi cəmiyyətin ruhunu təzələyir, ürəklərə rahatlıq, zehnlərə əminlik gətirir, nigaran baxışlara su çiləyir, insanlar "oxqay" deyərək rahatlanır, fikir sahibini can-dildən alqışlayırlar. Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" ("Azərbaycan" qəzeti 2 oktyabr 2009) məqaləsi Azərbaycanın efir reallıqlarını dəqiq nəzərə alan, cəmiyyəti xoş bir həyəcana gətirən, ictimai fikri silkələyən, milli-mənəvi taleyimizlə bağlı həyəcan təbili çalan fəlsəfi-ictimai fikir faktıdır.

 

Bu məqalənin tarixi-ictimai əhəmiyyətini səciyyələndirən bir neçə dəyərli cəhət var:

Birincisi, məqalə çox vaxtında yazılıb. Hörmətli Ramiz Mehdiyev qazan kimi qaynayan ictimai fikir təlatümünün qanadını açdı və sübut etdi ki, Azərbaycanın güclü dövləti var və o, ölkədə bütün sahələrdə gedən prosesləri nəzarətdə saxlayır. Sadəcə, hər şeyin vaxtı var.

İkincisi, bu məqalə həm dövlət xadimi, həm də filosof alim-akademik tərəfindən yazılıb. Burada həm dövlətçilik təfəkkürü, həm də əsl vətəndaş ziyalının milli təəssübkeşliyi ifadə olunub.

Üçüncüsü, məqalə "Televiziya və radio yayımı haqqında" dövlət qanunun baza prinsipləri zəminində yazılıb. Faktiki olaraq yatmış əsgər kimi QANUNu ayağa qaldıran güclü fikir faktıdır.

Dördüncüsü, bu məqaləni həm də ulu öndər Heydər Əliyevin AZƏRBAYCANÇILIQ konsepsiyasının tərkib hissəsi hesab etmək olar.

Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün azərbaycançılıq milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir".

Məhz bu kontekstdə məqalədə ən çox narahatlıq doğuran fikir vahid ideoloji məcranın itirilməsi problemidir. Təəssüf ki, bu gün Azərbaycanda nəinki hər ali məktəbdə, həmçinin hər bir kollecdə və orta ümumtəhsil məktəbində vətən, xalq, millət, dövlət, onun tarixi və etnogenizi barəsində hər müəllim bir cür danışır, eləcə də hər qəzet öz redaktorunun səviyyəsinə, hər televiziya öz sahibinin zövqünə (istəyinə) uyğun məlumat verir.

Hazırda Azərbaycanda ümummilli ictimai mühit yaradılmasına ciddi ehtiyac var. Bu da yalnız hamının qəbul etdiyi vahid milli və dövlətçilik ideologiyası zəminində mümkündür.

Qeyd edək ki, efirdə (eləcə də ümumən MEDİADA) maarifləndirmə missiyasını alimlər, yazıçılar, müəllimlər, məlumatlandırma işini jurnalistlər, əyləncə funksiyasını incəsənət adamları həyata keçirir. Akademik Ramiz Mehdiyev kifayət qədər dəqiq və bir o qədər də sərt deyir: bu münasibətlərdə CİDDİ DİSBALANS yaranıb. Kimin xeyrinə? Hörmətli akademik böyük ziyalı təəssübkeşliyi ilə bu sualın da cavabını verir. "Televiziya və radio yayımı haqqında qanun"un 3-cü maddəsində göstərilən "milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət olunması" tələbləri pozulur. "Efir vaxtı mentalitetimizə yad verilişlərlə doldurulur". "Xüsusi qeyd edilməlidir ki, bu gün Azərbaycan televiziya kanallarında milli mentalitetimizə yad, mənəvi və əxlaqi dəyərlərimizə zidd film, serial və kliplər çoxluq təşkil edir". Bu sətirlər hər bir qeyrətli Azərbaycan vətəndaşının ürəyindən tikan çıxaran, xalqımızın düşmənlərinin gözünə ox kimi sancılan həqiqəti əks etdirir.

Bu dəyərli və perspektivli mülahizələrin işığında məni bir alim və vətəndaş kimi efirlə bağlı hədsiz rəncidə etmiş məqamları qeyd etmək istəyirəm: Hesab edirəm ki, bu gün Azərbaycanda ən hörmətli şəxs əsgər paltarı geyinmiş adam olmalıdır.

Ötən il 18 yaşlı oğlum Fərid özünə əsgər paltarı rəngində qısaqol yay köynəyi almışdı. II sinif şagirdi olan nəvəm Nicat bu geyimi görüb həyəcanla divara söykəndi əllərini yanına salıb farağat vəziyətində Azərbaycan Respublikasının Dövlət himnini oxumağa başladı. Fərəhdən gözlərim doldu.

Dünyanın heç bir xalqının və millətinin televiziyasında hamilə qadının qarnını ölçüb tamaşaçılara təqdim etmirlər. Bu dözülməz bir biabırçılıqdır. Bizim gəlinlər hamilə olanda evdən çıxmaz, zərurət üzündən çıxdıqda isə qarını gizlədən xüsusi paltar geyinər, şalın ucunu qarnının üstünə atardı ki, abır-həya əldən getməsin.

Erotik filmlər, parnofilmlər, qanı su yerinə axıdan qanqster seriallar, seksual eybəcərliklər hər gün çağrılmamış qonaq - televiziya vasitəsilə ailələrimizə daxil olur. Əsrlərcə formalaşmış mənəvi-əxlaqi münasibətləri aşınmalara məruz qoyur.

Televiziya rəhbərləri bilməlidirlər ki, televiziya onların şəxsi mülkiyyəti deyil, xalıqın milli sərvəti, milli fikir və gözəllik tribunasıdır! Böyük fransız maarifçi filosofu J.J.Russo yazır: "O şey ki əxlaqi cəhətdən məqbul deyil, o, heç bir baxımdan məqbul sayıla bilməz". Hesab edirəm ki, televiziya cəmiyyətdə mənəvi gözəllik üçün məsuliyyət daşıyır, mənəvi-əxlaqi gözəlliyin təsdiqinə xidmət etməyən televiziya kanalı millətə lazım deyil.

Akademik Ramiz Mehdiyevin məqaləsində çox ciddi bir fikir irəli sürülür: televiziyalar şit, bayağı şoularla ölkənin xaricdəki imicinə zərbə vururlar. Həm dünyada Azərbaycanı sevən əcnəbilər, həm də dünya azərbaycanlıları ölkəmizə bir ümid yeri kimi baxırlar. Televiziya kanalları milli kimliyimizi, təfəkkür tərzimizi, tarixi və mədəni səviyyəmizi əks etdirən mənəviyyat güzgüləridir. Bu yerdə özbaşınalığa, özfəaliyyətə yol vermək olmaz!

Hörmətli akademikin tənqid etdiyi məsələlərdən biri də "yaradıcılıq potensialının aşağı olması" problemidir. Bu ona görə belədir ki, bir çox sahələrdə, o cümlədən də efir məkanında istedadlı adamlar diqqətdən kənarda qalır, tanışlar, dostlar, qohumlar müxtəlif vasitələrlə irəli çəkilir. Bu bizim ümumi bəlamızdır, belə psixologiyadan əl çəkməliyik, bu təfəkkürlə qloballaşan dünyada yaşamamız çox çətindir. Bir əsr əvvəl böyük mütəfəkkir Əlibəy Hüseynzadə deyirdi: "Nə qədər ki, biz Avropanı beynimizdə həzm etməmişik, o çağadək avropalıların mədəsində həzm olunmaq zorunda qalacağıq". Avropanı həzm etmək üçün istedadlı beyinləri qorumaq, onlara layiq olduqları qiyməti vermək lazımdır!

Akademik Ramiz Mehdiyevin narahatlıqla diqqətə çatdırdığı məsələlərdən biri də milli cizgi filmlərinin yaradılmamasıdır: "Təəssüf ki, son illər yerli cizgi filmləri istehsal olunmadığı üçün televiziya kanalları uşaqların milli ruhda böyüməsinə heç də müsbət təsir göstərməyən xarici filmlər nümayiş etdirirlər". Sovet dönəmində Moskva televiziyasının bütün ölkəyə yayımladığı "Spokoynoy noçi, malışi" uşaq verilişi, xüsusilə, bu verilişin musiqisi körpələrin qəlbini çəkib çıxarırdı. İndi kim bizə mane olur belə veriliş hazırlamağa?!

Məqalə müəllifi çox böyük təəssübkeşlik və eyni zamanda, sərt bir tələbkarlıqla teleaparıcı problemini, xarici filmlərin tərcümə və dublyaj məsələlərini qaldırır. Əgər aparıcı bəsit dildə danışırsa, əgər bir serialı bir ailə tərcümə və dublyaj edirsə, hansı yaradıcılıq uğurundan danışmaq olar? Televiziyaları ayrı-ayrı klanların inhisarından xilas etmək lazımdır! Mən istedadlı gənclərin bütün sahələrdə irəli çəkilməsinin, gənclərə yaradıcılıq azadlığı verilməsinin tərəfdarıyam. Xalqın min illərlə cilalayıb formalaşdırdığı ana dilindən ata malı kimi istifadə etməyə, dili cırmaqlamağa, əzişdirməyə, onun ruhunu incitməyə heç kəsin ixtiyarı yoxdur! Akademik Ramiz Mehdiyev ürək ağrısı, ziyalı və vətəndaş qeyrəti ilə yazır: "Radio və televiziya həm də milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğ edilməsində Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizlə bağlı tarixi həqiqətlərin yayılmasında mühüm rol oynamalıdır".

Məqalənin müəllifi təkcə dərdləri göstərməklə kifayətlənmir, səbəbləri və düşdüyümüz vəziyyətdən çıxış yollarını da arayır.

Vaxtilə, yəni, 60-cı illər ərəfəsində Yazıçılar İttifaqının rəhbəri yazıçı və tənqidçi Mehdi Hüseyn səhər tezdən "Ədəbiyyat qəzeti"ndə zəif bir hekayəni oxuyur. Dərhal müəllifi və qəzetin redaktorunu yanına çağıraraq deyir:

- Bu ədəbiyyatın yiyəsi var, sənin nə ixtiyarın var ki, zəif hekayə yazmısan?!

Sonra üzünü qəzetin redaktoruna tutur:

- Bəs sən nə ixtiyarla onun zəif hekayəsini çap etmisən?

Akademik Ramiz Mehdiyevin məqaləsi bu gün 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası, 11 radiodan belə suallara cavab tələb edirE

Düz yüz il əvvəl Azərbaycanın qeyrətli ziyalıları mətbuata belə sual qoyurdular: "Kimdir müqəssir? - Nədədir nicat?"

Gəlin, böyük Mirzə Cəlil demişkən, olmayan "Keçə papaqlarımızı qoyaq qabağımıza və fikirləşəkE" Səmimiyyətlə etiraf edək ki, dövlət xadimi və filosof alim, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsi təkcə televiziyalar üçün fəlsəfi-ideoloji direktivlər məcmusu deyil, həm də milli-mənəvi yaddaşı oyadan konseptual araşdırmadırE

 

 

Nizaməddin ŞƏMSİZADƏ,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 3.