Kitab, yoxsa TV
Son vaxtlar efir-ekran ab-havasında
buna bənzər bir vəziyyət yaranmışdı -
hamı bilirdi yağacaq. Yağdı daE
Vaxtilə İsrailin ilk baş
nazirlərindən biri uzun müddət ölkədə
televiziyanın yaradılmasına mane oldu (onlarda televiziya bizdən
xeyli sonra - 60-cı illərin ortalarında fəaliyyətə
başlayıb). Səbəb də bu idi ki,
insanlar kitab oxumalıdır, həm də televiziya
insanların mənəviyyatını dəyişir, əxlaqını
korlayır. İllər keçdi - İsraildə televiziyalar
fəaliyyət göstərməyə başladı. Ölkə
vətəndaşları həm kitab oxuyur, həm də
televiziyaya baxırlar.
Bizdə isə vəziyyət
tamam başqadır. Bizdə demək olar ki, hamı radioya
qulaq asır, televiziyaya baxır.
Bəs televiziya nə göstərir?
Hamı televiziyadan necə
danışmağı, necə geyinməyi, özünü
evdə, işdə, müxtəlif yerlərdə necə
aparmağı öyrənmək istəyir. Hamı
televiziyadan yaxşı maarifləndirici verilişlər,
tariximizə, torpağımıza, mədəniyyətimizə
aid proqramlar, uşaqlar, qadınlar və cəmiyyətimizin
digər zümrələri haqda maraqlı söhbətlər
gözləyir.
Amma təəssüflər olsun
ki, bunların əvəzində əksər hallarda dini və
cinsi mənsubiyyəti bilinməyən proqramlar (proqram demək
mümkünsə) az qala ekrandan seyrçilərin
üstünə atlanır. Böyüyə-kiçiyə,
qadına-uşağa məhəl qoymadan ağzına gələni
danışırE
Məni
qınamayın, bir çoxları kimi mən də öz
evimdə ailəmi, yaxınlarımı TV-nin təcavüzündən
necə qorumağı bacarmıram və uzun müddət bu
sahədə çalışan bir insan kimi müxtəlif
yerlərdə mənə ünvanlanan bir çox suala cavab
tapa bilmirəm.
Hərdən bizdən
doğru-dürüst bir söz eşitməyən
tamaşaçıya bəzi "çoxbilmişlərin"
cavabı təqdim olunur ki, bu, "yuxarıdan" gələn
bir tapşırıqdır. Yəni, qoy
çalıb-oxusunlar, yorulunca oynasınlar, ətrafdakı
problemləri düşünməsinlər. Guya ki,
düşünsələr, başımız ağrıyar və
s.
Akademik Ramiz Mehdiyevin "Azərbaycanın
efir məkanı: problemlər və vəzifələr" məqaləsi
bütün bu deyilənlərin əksini göstərdi.
Göstərdi ki, bu təşəbbüs
"yuxarı"dan deyil, elə "aşağı"dan
gəlirE
Vaxtilə Türkiyə
iqtisadiyyatının yenicə güc topladığı bir
dönəmdə ölkədə çoxlu kanallar fəaliyyətə
başlamışdı. Mərhum Prezident Turqut Özalın
anası hansısa efirdə gördüyü
açıq-saçıq səhnələrdən əsəbiləşib
oğluna: "Bu ölkənin başçısısan, niyə
bunlara bir qadağa qoymursan" - demişdi. Əvəzində
Turqut bəy anasına bu məsləhəti vermişdi: "Sənin
əlində pult var, xoşlamırsansa, başqa kanalı
çevir".
Hər ikisi haqlı idi - Turqut bəy
də, anası da. Yaşlı qadın min illərdən
süzülüb gələn adət-ənənəni, milli
xüsusiyyətləri qorumağa
çalışırdı. Turqut bəy isə ölkədə
başladığı böyük, demokratik dəyişikliklərin
nəticələrini gözləyirdi. Yəni,
böyük Sabir demişkən:
Qarışıqdır hələlik
millətin istedadı,
Ələnirsə, tozu bir yan, unu
bir
yanlıq olur.
Qayıdaq bizim reallığa: əvvəla,
bizdə kanalların sayı o qədər deyil ki, nəyisə
seçmək imkanı olsun. İkinci reallıq bundan ibarətdir
ki, normal, düşündürücü, maarifləndirici bir
proqram tapmaq hamı üçün müşkülə
çevrilib. Halbuki akademik Ramiz Mehdiyevin qeyd
etdiyi kimi, "balanslaşdırılmış proqram siyasəti,
həmçinin yüksək efir mədəniyyəti, həmçinin
ictimai maraqlara xidmət edən, maarifləndirmə, operativ,
obyektiv, hərtərəfli məlumatlandırma teleradio
yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin
əsas şərtləridir" prinsipinə kim riayət
edərsə, tamaşaçı rəğbətini
qazanıb daim öz sözünü deyə biləcəkdir.
Bir kanalı çevirirsən -
axşamkı əcaib şou (bu, şoudursa), qiymətdən
düşmüş, çeynənmiş söz.
Böyük Füzulinin, Çingiz Aytmatovun
"Tanrım" dediyi Söz indi də səhər-səhər
efir boyu o baş-bu başa sürülür, ayaqlanır,
tapdanır. Sonra elə yıxıldığı yerdə də
qoyub gedirlər. Çünki aparmağa nə hacət?
Axşam yenə həmin yerə, həmin məkana, həmin məclisə
qayıdacaqlarE
O biri kanalda elə bil yerdən
pırtlayıb çıxmış bir
"aparıcı" gah talışın
başqalarından fərqini araşdırmağa, gah da 120
yaşlı bir qocanı evləndirməyə
çalışır. Yazığım gəlir qocaya,
yazığım gəlir oğluna-qızına, nəvələrinə-nəticələrinə.
Onu bu günə salanlara yazığım gəlir. Akademik
Ramiz Mehdiyevin fikri yada düşür: "Televiziya
kanallarında aparıcı problemi kəskindir. Bir çox
hallarda aparıcının peşəkarlıq səviyyəsi,
nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların, əsasən
də əyləncə xarakterli verilişlərin
aparıcıları jurnalistikadan uzaq, efir mədəniyyəti,
peşəkarlığı aşağı olan şəxslərdir.
Bir sıra "aparıcıların" telejurnalistika sahəsindəki
təcrübəsizliyi, qeyri-peşəkarlığı haqlı
olaraq cəmiyyətdə narazılıq doğuran məsələlərdir".
Bəzi proqramlara baxanda adamı
ağlamaq tutur - vaxtın-zamanın necə
öldürüldüyünü görürsən.
Öldürürlər - heç nə deyə bilmirsən,
heç nə əlindən gəlmir. Biri mətbəxdə
qazan başında, biri kiminsə qarderobunda eşələnməklə,
biri eldən-elə gəzib səsləndirdiyi mənasız
söhbətlərlə öldürür. Hamilə
müğənnilər dünyaya uşaq gətirmək
anlarında belə, efirdən düşmək istəmirlər.
Doğrusu, bilmirəm, heyvanlar arasında abır-həya
anlayışı necədir? Amma eşitdiklərimdən,
bildiklərimdən bu qənaətə gəlmişəm ki,
hətta onların da bir qismi təbii ehtiyaclarını ödəmək
istəyəndə, eləcə də qarnında balaları
qışqırışıb bu dünyaya gəlmək istəyəndə
xəlvətə çəkilir, hamıdan gizlənməyə
çalışırlar. Bizdə isə əksinə.
Son vaxtlar milli-mənəvi dəyərlərimizdə, adət-ənənələrimizdə
hansı aşınmalar gedir ki, hamilə müğənnilər,
aktrisalar ekrandan düşmürlər, yarış gedir, rəqabət
gedir: kim birinci olacaq dünyaya uşaq gətirməkdə -
harda və necə? Haydı, hamilə qadınlar, irəli!!!
Beləliklə, orasıyla-burasıyla öyünməyə
hər cür şərait yaradan kanallara baxanda adam onların
yerinə xəcalət çəkir.
Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin efir məkanında baş verənlərə
belə kəskin reaksiyası düşünürəm ki, ən
yüksək səviyyədə dövlət başında
duran birinci şəxsin reaksiyasıdır. Bu reaksiya olmalı
idi. Bəzi xəstəliklərdə cərrahi müdaxilə
qaçılmaz olduğu kimi.
Toylarımızdan, yas mərasimlərimizdən,
oradakı dəbdəbədən, artıq xərclərdən,
israfçılıqdan çox deyilib, çox
yazılıb. Dəyişən nə isə varmı? Efirin,
ekranın bugünkü davamı (bəlkə də əvvəli)
axtarsan, elə həmin ölçüsüz-biçisiz,
heç bir əndazəyə sığmayan toy və yas mərasimlərimizdən
başlayıb. Toyu da, yası da olan bir şəxs kimi
bunların nə olduğunu gözəl bilirəm. Amma gəlin
görək mən, ya qeyrisi fərdi qaydada nəyisə dəyişə
bilirikmi? Əfsus! Ancaq eşidəndə ki Naxçıvan
Muxtar Respublikasında toy və yas mərasimləri zamanı əndazənin
aşılmasına son qoyulub - bir vətəndaş kimi
sevinirəm. Yaxşıya yaxşı deməyi bacarmaq
lazımdır! Eləcə də akademik Ramiz Mehdiyevin efir məkanına
bugünkü müdaxiləsi yerindədir, vaxtındadır,
lazımlıdır!
Akademik Ramiz Mehdiyevin məqaləsində
vacib məqamlardan biri də televiziyalarla müstəqil
studiyaların, prodakşnların münasibəti məsələsidir.
Gizli deyil ki, televiziyalardan kənarda kifayət qədər
yaradıcılıq təcrübəsi və potensialı
olan insanlar var. Sovet dönəmində bu gün cəmiyyətdə
yaxşı tanınan bir çox ziyalılar ştatdankənar
müəlliflər kimi Azərbaycan Radio və
Televiziyasında çalışıb, proqramlar
hazırlayıb, bunun üçün ştatda olan əməkdaşlardan
daha çox qonorar alırdılar. Kənar müəlliflər
adlanan bu şəxslər efirə yeni yazı və
düşüncə tərzi gətirərdilər. Zaman dəyişdi
- şərtlər də dəyişdi. Kənar müəlliflər
artıq televiziyalara hazır verilişlərlə, layihələrlə
gəlirlər. Televiziya onları cəlb etməyi, həvəsləndirməyi
bacarmalıdır. Televiziyanı keyfiyyətli məhsul və
bu məhsulda öz reklamını görmək istəyən
sponsorlar maraqlandırmalıdır. Hazır məhsulları qəbul
edən televiziya əlavə xərclərdən qorunmuş
olur və efirə yeni ab-havanın gəlməsinə şərait
yaradır. Təəssüf ki, əksər televiziyalarda
prodakşnlarla işləməyi, onun xeyrini ziyanından
ayırmağı bacaran insanlar yoxdur!
Son olaraq bir əhvalatı xatırlatmaq istərdim. Vaxtilə məşhur italyan rejissoru F.Fellini televiziya və cəmiyyət münasibətlərindən bəhs edən, insanları bir-birindən təcrid edən bu sehrli qutular haqqında film çəkdi, insanları bir-biri ilə ünsiyyətə çağırdı. İtalyan cəmiyyətində böyük səs-küyə səbəb olan bu film ölkənin ən mötəbər mükafatlarından birinə layiq görüldü. Mükafatın təqdimetmə mərasiminə hazırlaşan F.Fellini film və onun mahiyyəti haqqında çıxışa hazırlaşmışdı. Lakin mərasimi canlı yayımla təqdim edən kanal rəhbərliyi ona danışmağa imkan vermədi, "vaxtımız yoxdur" - dedi. O fikrə görə ki, ona mükafat verilmişdi - o barədə danışmağa qoymadılar. Belədir televiziya! Bəlkə bütün bunlardansa gedək kitab oxumağa. Əxlaqın, mənəviyyatın, mədəniyyətin daşıyıcısı olan kitabları oxumağaE Axı orada hər şey deyilib, orada hər şey var - insanlığın da, televiziyanvn da əsası, əlifbasıE Bir də köhnə kişilər əbəs yerə "bax, adam ol" - demirdilər, "oxu, adam ol" deyirdilərE
Bəxtiyar QARACA,
yazıçı-publisist
Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 3.