Heydər Əliyevin ideya-nəzəri irsi Bakı Dövlət Universitetində dərindən öyrənilir

 

Heydər Əliyev mövzusu əbədiyaşar mövzudur. Dahi şəxsiyyət haqqında yazmaq, fikir söyləmək çox məsuliyyət tələb edir, bu, həmçinin olduqca şərəflidir. Heydər Əliyev xalqımızın taleyinə güclü və parlaq zəkaya, xüsusi intellektə, dərin fəlsəfi təfəkkürə, ecazkar siyasi duyuma və miqyaslı düşüncə qabiliyyətinə, polad iradəyə, misilsiz mətanətə, heç də hamıya nəsib olmayan möhkəm yaddaşa malik işıqlı bir şəxsiyyət kimi daxil olmuşdur. XX əsrin 30 ilindən artıq bir dövrdə doğma Azərbaycanımızın, xalqımızın həyatında baş vermiş tərəqqi və inkişaf, yüksəliş təcəssümü ola biləcək bütün əlamətdar hadisələr onun böyük və şərəfli adı ilə bağlıdır.

 

Heydər Əliyev bütün dünyada tanınan, örnək və nümunə kimi qəbul olunan, dostlarımız tərəfindən sevilən dahi siyasətçi kimi xalqımıza şöhrət və baş ucalığı gətirdi, Azərbaycanın böyük təhlükələrlə üzləşdiyi, düşmən cidalarına tuş gəldiyi, "ölüm və ya olum" dilemması qarşısında dayandığı bir vaxtda onun mövcudluğunu dönməz və sarsılmaz edən möhkəm ictimai-siyasi zəmin yaratdı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri bütün dünyaya bəyan etdi, erməni işğalçılarının zorən bizə qəbul etdirdikləri qanlı müharibəni dayandırdı, atəşkəsə nail oldu, minlərlə ailəni üzləşə biləcəyi acı aqibətdən xilas etdi, Azərbaycanın düşdüyü informasiya blokadasını dağıtdı. İndi dünyada Azərbaycanı nəinki tanıyırlar, eyni zamanda, ona ciddi maraq göstərirlər, onunla hesablaşır, əməkdaşlığa can atırlar. Böyük siyasət nəhəngi olan Heydər Əliyev dünyanın görkəmli politoloqları, prezidentləri, ictimai və dövlət xadimləri tərəfindən bir möcüzə, örnək, əvəzsiz lider və rəhbər kimi qəbul olunurdu. ABŞ-ın keçmiş Prezidenti Corc Buş "Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına" valeh olduğunu söyləmişdir, "Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm" deyə Bill Klinton vaxtilə bəyan etmişdir. Jak Şirakın sözləri də diqqəti cəlb edir: "Azərbaycanın bəxti onda gətirib ki, bü ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir". Toni Bleyer "Heydər Əliyev kimi görkəmli dövlət xadimi ilə görüşüb, danışıqlar aparmağı" böyük şərəf kimi qiymətləndirirdi. Ulu öndər Heydər Əliyev haqqında səmimiyyətlə söylənilmiş bu sözlər bizə olduqca böyük fərəh gətirir. Bu, bir daha onu göstərir ki, Heydər Əliyev şəxsiyyətinin miqyası olduqca böyükdür. Dahi rəhbərin fəaliyyətini təkcə Azərbaycanla məhdudlaşdırmaq düzgün olmaz; o, Sovet İttifaqı kimi böyük bir ölkənin çox nüfuzlu rəhbərlərindən, həmçinin dünya siyasətinin yaradıcılarından bir idi. Əlbəttə, Heydər Əliyev haqqında çox yazılıb, çox deyilib, lakin qəti inamımızı bildiririk ki, böyük şəxsiyyətin fəaliyyəti, ideya-nəzəri irsi hələ uzun dövrlər elmi tədqiqatların, araşdırmaların obyekti olacaqdır. Onun elmi-nəzəri irsinin bütün çalarlarını hər hansı bir yazıda, yaxud bir kitabda tam əhatə etmək olduqca çətindir. Biz də bu sahədə qələmimizi əsirgəməyəcək, yaxından tanıdığım bu böyük şəxsiyyət, müasir Azərbaycanımızın memarı haqqında fikirlərimi ardıcıl olaraq söyləməyə çalışacağaım.

Heydər Əliyevin daim diqqətdə saxladığı, qayğı göstərdiyi ən ciddi problemlərdən biri xalq təhsili, elmin, maarifin inkişafı idi. Bu baxımdan ümummilli lider Bakı Dövlət Universitetinə xüsusi münasibət bəsləyirdi, bu elm və təhsil ocağına çox doğmalıqla yanaşır, onun 50, 60, 75 və 80 illik yubileylərinin qeyd olunmasında yaxından iştirak etdiyini xüsusi fərəh hissi ilə diqqətə çatdırırdı. BDU-nun 1 noyabr 1969 -cu ildə keçirilən 50 illik yubileyində çıxış edən Heydər Əliyev demişdir: "Azərbaycan xalqının torpağında birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır". Universitetin yubileyləri ilə əlaqədar Heydər Əliyevin bəzi sözlərini diqqətə çatdırmaq istərdim. BDU-nu Azərbaycan Xalq Cümhuriyyətinin qiymətli yadigarı adlandıraraq Heydər Əliyev göstərirdi ki, 75 illik fəaliyyəti dövründə bu möhtəşəm ali məktəbimiz xalqımıza sədaqətli xidmətin rəmzinə çevrilmişdir. Yaxud: "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam... Bakı Dövlət Universiteti Azərbaycan xalqının ümumi sərvətidir... Əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə və maarifinə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisədir". Heydər Əliyev göstərirdi ki, BDU-nun Azərbaycan dilinin inkişafında, milli ruhun, milli şüurun inkişafında, vətənpərvərlik ruhunun inkişafında xidmətləri xüsusi qeyd olunmalıdır. Heydər Əliyev onu da nəzərə çatdırdı ki, BDU 1919-cu ildə ilk demokratik respublika vaxtında yaranmışsa da, onun sonrakı inkişafı Nəriman Nərimanov və onun kimi böyük şəxsiyyətlərin fəaliyyəti nəticəsində indiki səviyyəyə gəlib çatmışdır. Əlamətdardır ki, BDU-nun 80 illik yubileyinə hazırlıq üzrə Dövlət Komissiyasının sədri Heydər Əliyev özü idi. Böyük rəhbər xüsusi vurğulayırdı ki, universitet 80 illik fəaliyyəti dövründə Azərbaycanın həyatının bütün sahələrinə güclü təsir edərək xalqımızın qarşısında əvəzsiz xidmətlər göstərmişdir, əslində, universitetimizin tarixi Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafı tarixidir. Qətiyyətlə deyə bilərik ki, Bakı Dövlət Universiteti, onun inkişaf problemləri, burada təhsilin vəziyyəti, elmi tədqiqatların səmərəliliyinin artırılması məsələsi heç bir zaman Heydər Əliyevin gündəliyindən, xüsusi maraq dairəsindən kənarda qalmamışdır. Universitetin rəhbərliyi, böyük kollektivi ulu öndərin qayğısına, diqqətinə doğmalıqla, fədakarlıqla cavab vermişdir, indi universitetimiz mütərəqqi dünya təhsil və elm standartlarına inteqrasiya yollarında uğurlar qazanmaqdadır.

BDU-da ulu öndərin ideya-nəzəri irsi dərindən öyrənilir, təbliğ olunur. Məlumdur ki, kommunist ideologiyası iflasa uğradıqdan sonra respublikamızın müstəqillik əldə etdiyi, bazar iqtisadiyyatına keçildiyi, xüsusi mülkiyyətə əsaslanan yeni ictimai münasibətlərin formalaşdığı, yeni demokratik strukturların təşəkkül tapdığı bir şəraitdə demokratik əsaslı milli ideologiyanın, yeni ideoloji konsepsiyaların yaradılması Heydər Əliyevin ideya-nəzəri irsinin tərkib hissələridir. Cəsarətlə deyə bilərik ki, yeni ideologiyanın başlıca struktur elementləri, mühüm ideoloji konsepsiyalar böyük intellekt və zəka sahibi olan Heydər Əliyevin əsərlərində, nitq və çıxışlarında özünə yer almışdır. Bunların sırasında özünəməxsus "Vətəndaşlıq həmrəyliyi fəlsəfəsi" olan "Azərbaycançılıq konsepsiyası", Azərbaycan dili və ədəbiyyatı, milli-mənəvi, dini dəyərlərimiz, ölkəmizdə hüquqi dövlətin yaradılması, vətəndaş cəmiyyətinin formalaşması prinsiplərinin təhlili, respublikamızın dünyanın mütərəqqi iqtisadi, elm-təhsil, mədəni strukturlarına inteqrasiya barədə ideyaları, tariximizin tədqiqinə yeni şəkildə yanaşmaq, dünya azərbaycanlılarının təşkilatlanması, özəlləşmə, davamlı inkişaf və qloballaşmanın dialektik əlaqəsi barədə tövsiyələri onun ideya-nəzəri irsinin məzmununa daxildir. Şübhəsiz ki, Heydər Əliyevin ideya-nəzəri irsi öyrənilərkən fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyevin milli ideologiyamız, azərbaycançılıq barədə əsərlərində geniş istifadə olunur.

Heydər Əliyevin ideya-nəzəri irsinin öyrənilməsi, təbliği bir sıra konkter formalarda həyata keçirilir. Uzun müddətdir ki, BDU-da "Heydər Əliyev muzeyi" fəaliyyət göstərir. Bu muzey ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, onun dünyanın görkəmli dövlət xadimləri, o cümlədən prezidentləri ilə görüşlərini əks etdirən eksponatlarla zəngindir. Müxtəlif ölkələrdən gələn ali qonaqlar "Heydər Əliyev muzeyinə" baş çəkirlər və buradakı "Xatirə kitabı"nda öz təəssüratlarını yazırlar. Belə hesab edirik ki, "Xatirə kitabı" Heydər Əliyev haqqında daha dolğun təsəvvür əldə etmək, onun ideyalarına dərindən nüfuz etmək istəyənlər üçün qiymətli məxəz ola bilər. Heç şübhəsiz, tələbələrimiz, o cümlədən məzunlarımız muzeyə həvəslə gəlir, ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponatlarla yaxından tanış olurlar.

Heydər Əliyevin ideya-nəzəri irsinin öyrənilməsində BDU-da uğurla fəaliyyət göstərən "Heydər Əliyev məktəbi" misilsiz rol oynayır. Respublikanın görkəmli elm və mədəniyyət xadimləri, nazirlər, Milli Məclisin rəhbər heyətinin üzvləri burada məruzələrlə çıxış edirlər. "Heydər Əliyev və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10 ili", "Heydər Əliyev qaçqınların və məcburi köçkünlərin bu gününün və sabahının qarantıdır", "Heydər Əliyev və azərbaycanlıların soyqırımı və deportasiyası", "Heydər Əliyev və cinayətkarlığa qarşı mübarizə", "Heydər Əliyev və Azərbaycanın xarici siyasəti", "Heydər Əliyev və Azərbaycanın siyasi müstəqilliyi" və s. mövzularda mühazirələr müəllim və tələbələr tərəfindən böyük maraqla dinlənilir.

"Heydər Əliyev məktəbi"ndə həmçinin ulu öndərin ideya-nəzəri irsinin müxtəlif tərəflərinin təhlilinə həsr olunmuş kitabların təqdimatı da keçirilir.

Ulu öndərlə bağlı tarixi günlər universitetdə xüsusi səmimiyyətlə, diqqətlə qeyd olunur. Bunların sırasında Qurtuluş gününü, Heydər Əliyevin hakimiyyətə gəlməsinin ildönümlərini (14 iyul 1969-cu il), ulu öndərin ad günlərini göstərmək olar. 20 Yanvar faciəsinin ildönümlərinin qeyd olunması Heydər Əliyevin bu faciənin baş verməsi səbəbləri, ona siyasi qiymət verilməsi barədə fikirlərinin şərhi ilə müşayiət olunur.

BDU-da Heydər Əliyevin universitetlə bağlı fikirlərinin elmi təhlilinə həsr olunmuş "Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu" adlı sanballı kitab nəşr olunmuşdur (Elmi məsləhətçisi və redaktoru - akad. Cəlal Əliyev; 2001), "Heydər Əliyev. Biblioqrafik məlumat kitabı" (2003).

Bunlarla yanaşı, BDU-nun ayrı-ayrı alimlərinin müvafiq elm sahələri üzrə Heydər Əliyevin ideya-nəzəri fikirlərinin şərhinə həsr olunmuş kitablarını da yada salmaq olar. Məsələn, "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti" (Yaqub Mahmudov, Bakı - 2002), "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" (A.Xələfov, "Azərnəşr", 2006). Həmçinin akademik Abel Məhərrəmovun baş redaktorluğu ilə çap olunan və Heydər Əliyevin ideyalarının şərhinə və təhlilinə həsr olunmuş "Tarix və onun problemləri" adlı nəzəri, elmi, metodik jurnalı (Bakı, 2003, ¹1) nəzərə çatdıra bilərik. Əlbəttə, Heydər Əliyevə həsr olunmuş kitablar xeyli saydadır.

Bundan başqa, Heydər Əliyevin kompleks elmi-nəzəri baxışlar sistemindən, yeni elmi yanaşma və qiymətvermələrdən, konsepsiyalardan ibarət olan ideya-nəzəri irsi bütövlükdə universitetdə, xüsusi olaraq humanitar fakültə və kafedralarda ciddi surətdə öyrənilir, müvafiq nəzəri problemlər araşdırılarkən nəzərə alınır. Unutmamalıyıq ki, Heydər Əliyev ensiklopedik biliyə, çox zəngin və çalarlı dünyagörüşünə malik bir şəxsiyyət idi. Həqiqətən də, o, həm nəzəri planda, həmçinin cəmiyyətdə baş verən ictimai-siyasi prosesləri qiymətləndirərkən olduqca dəyərli fikirlər söyləmiş, sosial-fəlsəfi problemlər irəli sürmüşdür. Deməyə dəyər ki, Heydər Əliyev bütövlükdə tarix elminə, xüsusilə də, Azərbaycan xalqının tarixinə necə yanaşmanın paradiqmalarını hazırlamış, bir çox tarixi hadisələrin qiymətləndirilməsində özünə yer almış bayağılıqları və lüzumsuz subyektivizmi aradan qaldırmaq nümunəsi göstərmiş, keçmiş ideologiyadan gələn bir sıra yasaqlıqları və qadağaları məhv etmişdi. Bu cəhətdən universitetin tarixçi alimlərinin ilk Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, deportasiya və soyqırımı məsələlərinə dair aparmış olduqları dəyərli elmi araşdırmaları misal çəkmək olar. Bakı Dövlət Universitetində AXR-in tarixinə dair AMEA ilə birlikdə uğurla keçirilmiş elmi-nəzəri konfransı yada salmaq kifayətdir. Heydər Əliyevin diplomatiya, beynəlxalq hüquq və beynəlxalq münasibətlər barədə söylədiyi fikirlər universitetin müvafiq fakültələrində aparılan elmi araşdırmaların birbaşa məzmununa daxildir.

Heydər Əliyev jurnalist peşəsinə həmişə çox hörmətlə yanaşan dövlət rəhbərlərindən idi. Ulu öndər göstərirdi ki, "jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün təhlil etmək bacarığı tələb edən sənətdir.". Bu baxımdan, jurnalistika fakültəsinin alimləri tərəfindən yaradılmış "Heydər Əliyev və mətbuat" dördcildliyini təqdirəlayiq hadisə kimi qiymətləndirmək olar. Ümumiyyətlə, mətbuat günü ilə əlaqədar elmi-nəzəri, elmi-praktik konfransların keçirilməsi və universitet rəhbərliyinin bu işə səmimiyyətlə qatılması, onu diqqət önündə saxlaması artıq xoş ənənə halını almışdır. Ümummilli liderin 80 və 85 illik yubileyləri ilə əlaqədar keçirilmiş elmi konfranslarda "Heydər Əliyev Azərbaycan mətbuatında millilik amili haqqında", "Heydər Əliyevin neft strategiyası dünya mətbuatında", "Heydər Əliyev Azərbaycanda söz azadlığının təminatçısı kimi" və s. mövzular ciddi araşdırmaların yekunu kimi təqdim olunmuşdur. Onu da əlavə edək ki, mətbuatla bağlı Heydər Əliyev ideyaları jurnalistika fakültəsində daim buraxılış işlərində, magistr dissertasiyalarında nəzərə alınır.

Universitetin sosial elmlər və psixologiya fakültəsində, o cümlədən müvafiq kafedralarda Heydər Əliyevin ideya-nəzəri irsinin öyrənilməsi, tədqiqi və təbliği sahəsində aparılan iş də təqdirəlayiqdir. Hər şeydən öncə nəzərə çatdıraq ki, Heydər Əliyev tematikası üzrə aparılan ümumuniversitet tədbirlərində fakültənin alimləri fəal iştirak edirlər. Fakültənin özündə Heydər Əliyev mövzusu ilə bağlı elmi konfransların keçirilməsi də ənənə halını almışdır. Bunların sırasında Heydər Əliyevin 85 illik yubileyi münasibəti ilə keçirilmiş "XXI əsr - qloballaşma: mülahizələr, düşüncələr" mövzusunda konfransı qeyd etmək olar. Nəzərə çatdırmaq istərdim ki, sosial elmlər və psixologiya fakültəsində Heydər Əliyev ideyaları həm ciddi surətdə tədqiq olunur, həm də tədris olunur. Məsələn, sosiologiya kafedrası üzrə son dövrdə müdafiə olunmuş namizədlik və doktorluq dissertasiyalarında ulu öndərin elmi irsindən geniş istifadə olunmuşdur. Hazırda müzakirə ərəfəsində olan və kafedranın əməkdaşı tərəfindən yazılmış "Qloballaşma və milli təhlükəsizlik" mövzusunda namizədlik dissertasiyasında adı çəkilən mövzu ilə əlaqədar Heydər Əliyevin elmi baxışlarından geniş istifadə olunmuşdur. Xatırlatmaq istərdik ki, "Şəxsiyyət və cəmiyyət", "İdarəetmənin sosiologiyası", "Siyasətin sosiologiyası", "Liderlik və rəhbərlik", "İnformasiya cəmiyyəti" və s. mövzular tədqiq və tədris olunarkən Heydər Əliyevin elmi-nəzəri irsindən geniş istifadə edilir. Heydər Əliyev mövzusu ilə bağlı nəzəri problemlər buraxılış işlərində, magistr dissertasiyalarında, elmi məqalələr yazılarkən bir qayda olaraq nəzərə alınır və rəhbər tutulur.

Ümummilli lider Heydər Əliyevin elmi-nəzəri irsinin öyrənilməsi və tədrisi sahəsində politologiya və sosiologiya kafedrası əməkdaşlarının da müsbət işini qeyd etmək olar. Kafedranın rəhbərliyi və əməkdaşları Heydər Əliyevə həsr olunmuş regional və beynəlxalq simpozium və konfranslarda fəal iştirak edirlər. Kafedrada Heydər Əliyevin siyasi fəaliyyətinin öyrənilməsinə hərs olunmuş xeyli buraxılış işi və magistr dissertasiyası hazırlanmışdır.

Fikrimizi tamamlayaraq deyə bilərik ki, Heydər Əliyevin ideyaları Bakı Dövlət Universitetində tam təcəssümünü tapmışdır, daha dəqiq desək, Heydər Əliyevin təhsil ocağına bağladığı böyük ümidlər real olaraq həyata keçirilmişdir. İndi Bakı Dövlət Universiteti hər cəhətdən çox zənginləşmiş və dünyanın aparıcı universitetləri sırasına keçmişdir. Sevindiricidir ki, ali məktəbimiz Avrasiya Klassik Universitetlər Assosiasiyasının, Xəzəryanı, Qaradəniz hövzəsi Universitetləri assosiasiyalarının fəal üzvüdür. Həmçinin bizim üçün fərəh və qürur hissi doğurur ki, universitetin rektoru, akademik Abel Məhərrəmov 2 il müddətində Qaradəniz hövzəsi Universitetləri Assosiasiyasının prezidenti olmuşdur. Həmçinin sevinirik ki, Bakı Dövlət Universiteti böyük tarixi ənənələrə malik Moskva Dövlət Universiteti ilə yüksək səviyyədə əməkdaşlıq edir. Özünün 90 illik yubileyi ərəfəsində Heydər Əliyevin təbirincə desək, "Azərbaycan maarifinə çıraq tutan" bu təhsil ocağı daha da yaraşıqlı və gözoxşayan olmuşdur. Qürur hissi doğurur ki, cənab Prezident İlham Əliyev ulu öndərin ənənəsini uğurla davam etdirərək, BDU-nun inkişafına qayğısını əsirgəmir, onun haqqında xoş sözlər söyləməsi hamımızı sevindirir. 60 ilə qədər bir vaxtda taleyimi bağladığım Bakı Dövlət Universitetini, onun rəhbərliyini artıq çoxdan doğmalaşdığım kollektivini 90 illik yubileyimizlə əlaqədar ürəkdən təbrik edirəm. Həmçinin unutmamalıyıq ki, Bakı Dövlət Universiteti gələcək nəslimiz üçün ən layiqli bir yadigardır.

 

 

İzzət RÜSTƏMOV,

Bakı Dövlət Universitetinin

sosiologiya kafedrasının müdiri,

fəlsəfə elmləri doktoru, professor

 

Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 4.