Bakıda İslam Konfransı Təşkilatına üzv
dövlətlərin mədəniyyət nazirlərinin VI
konfransı işə başlamışdır
Oktyabrın 13-də
"Gülüstan" sarayında "Bakı - İslam mədəniyyətinin
paytaxtı-2009" mədəniyyət ili çərçivəsində
Bakıda İslam Konfransı Təşkilatına üzv
dövlətlərin mədəniyyət nazirlərinin VI
konfransı işə başlamışdır.
Dünyanın 45-dən çox
ölkəsindən, eləcə də İSESKO,
İRSİKA, Avropa Şurası, TÜRKSOY və digər təşkilatlardan
200-dən çox iştirakçının
qatıldığı tədbirdə əvvəlcə
"Qurani-Kərim"dən ayələr oxunmuşdur.
Baş nazirin müavini Elçin
Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevin
konfrans iştirakçılarına təbrikini oxumuşdur.
İslam Ölkələri
Elm, Təhsil və Mədəniyyət Təşkilatının
(İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri
konfransı açaraq, təşkilatçılığa və
qonaqpərvərliyə görə başda Prezident İlham Əliyev
olmaqla Azərbaycan xalqına təşəkkür etmiş, mədəniyyətlərin
qovuşuğunda yerləşən Azərbaycanın
sivilizasiyalararası dialoqa böyük töhfələr
verdiyini demişdir. Ölkəmizin İSESKO ilə əməkdaşlığını
yüksək qiymətləndirən Əbdüləziz bin
Osman əl-Tuveycri ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan
müdrik rəhbəri ilə daha böyük uğurlar
qazanacaqdır.
İKT-yə
üzv ölkələrin mədəniyyət istiqamətində
əlaqələrinin daha dərinləşməsi
üçün bir neçə proqram hazırlandığını
diqqətə çatdıran baş direktor, eyni zamanda turizm
sahəsində də əməkdaşlığı
genişləndirməyin əhəmiyyətini
vurğulamışdır.
Əbdüləziz bin Osman əl-Tuveycri
İslam Konfransı Təşkilatına üzv dövlətlərin
mədəniyyət nazirlərinin VI konfransının mədəniyyət
sahəsində əməkdaşlığı dərinləşdirmək
baxımından əhəmiyyətini
vurğulamışdır.
İslam Konfransı Təşkilatına
üzv dövlətlərin mədəniyyət nazirlərinin
V konfransına sədrlik etmiş Liviyanın mədəniyyət
naziri Nouri Habeidi ötən müddətdə
görülmüş işlər haqqında
danışmışdır.
İSESKO-nun nümayəndəsi
Abdel Moez Bouxari çıxışında bildirmişdir ki,
Azərbaycanın İslam mədəniyyətinin tarixində
özünəməxsus yeri vardır. Milli və müasir
sivilizasiyaların qovuşuğunda yerləşən bu diyar
İslam mədəniyyətinə əvəzsiz töhfələr
vermişdir.
Natiq təhsil sahəsində əməkdaşlığa
diqqətin artırılmasının vacibliyini
vurğulamışdır.
İSESKO-nun nümayəndəsi demişdir ki, Bakı konfransında mədəniyyət, mədəniyyətlərarası dialoq, mədəni turizm, incəsənət, mədəni irs və digər sahələrdə regional və beynəlxalq layihələrin həyata keçirilməsinə təşəbbüs göstərməli və bu sahələrdə olan problemlərimizin həlli istiqamətində konkret addımlar atmalıyıq.
* * *
Tədbirdə İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransına sədrlik Azərbaycana keçmişdir.
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki,
2007-ci ilin noyabrında Liviyanın Tripoli şəhərində
keçirilən İslam ölkələrinin mədəniyyət
nazirlərinin V konfransında Bakı şəhərinin
2009-cu il üçün "İslam mədəniyyətinin
paytaxtı" elan olunması və nazirlərin VI konfransının Bakıda
keçirilməsi qərara alınmışdı. Bununla əlaqədar
olaraq "Bakı - İslam mədəniyyətinin
paytaxtı-2009" mədəniyyət ilinin proqramına 100-dən
artıq milli və beynəlxalq miqyaslı tədbir daxil
edilmişdir.
Nazir "Bakı - İslam mədəniyyətinin
paytaxtı-2009" çərçivəsində
keçirilmiş tədbirlər haqqında məlumat
vermişdir.
Ə.Qarayev İslam Konfransı Təşkilatına
üzv dövlətlərin mədəniyyət nazirlərinin
VI konfransının təşkilinə göstərdiyi diqqətə
görə dövlətimizin başçısı İlham Əliyevə
minnətdarlığını bildirmişdir.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev bildirmişdir ki, Azərbaycan
hazırda böyük inkişaf yolunu yaşayır. Azərbaycan dövləti öz imkanlarından
istifadə edərək başqa istiqamətlərdə
olduğu kimi, mədəniyyət sahəsində islahatlar,
proqramlar həyata keçirir. Ölkəmizin bütün mədəniyyət
müəssisələrində yenidənqurma və bərpa
işləri aparılır, onlar ən müasir
texnologiyalarla təmin edilir. Bu istiqamətdə həm Avropa, həm
də İslam ölkələrinin mütərəqqi təcrübəsindən
istifadə olunur.
Nazir Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyət
sahəsinə göstərdiyi diqqəti xüsusi
vurğulamışdır.
Azərbaycan
dövlətinin İslam mədəniyyətinə aid abidələrin,
tarixi irs nümunələrinin qorunması və mühafizəsi
istiqamətində ən yüksək səviyyədə tədbirlər
keçirdiyini diqqətə çatdıran Ə.Qarayev təəssüflə
bildirmişdir ki, Ermənistanın işğalı altında
olan ərazilərimizdə mədəniyyət ocaqları, dini abidələr, məscidlər
dağıdılmışdır.
Nazir ümidvar olduğunu
bildirmişdir ki, Bakı konfransı əməkdaşlığımızın
genişləndirilməsinə müsbət təsir göstərəcəkdir.
* * *
Konfrans işini "Dialoq və mədəni müxtəlifliyin təşviqi" mövzusunda "dəyirmi masa" ilə davam etdirmişdir.
Bildirilmişdir ki, "dəyirmi
masa" 2008-ci ildə Bakıda keçirilmiş Avropa ölkələrinin
mədəniyyət nazirlərinin konfransında əsası
qoyulan "Mədəniyyətlərarası dialoqa dair
Bakı prosesi" çərçivəsində həyata
keçirilir.
Diqqətə
çatdırılmışdır ki, bu konfransdan əvvəl
Bakıda İslam dünyasının mədəni
strategiyasının yerinə yetirilməsinə dair məşvərətçi
şuranın IX iclası olmuşdur. İclasda bugünkü
konfransda qəbul ediləcək sənədlər müzakirə
edilmişdir.
Bildirilmişdir ki, oktyabrın 16-17-də Bakıda TÜRKSOY mədəniyyət
nazirlərinin daimi Şurasının 26-cı
toplantısı keçiriləcəkdir.
"Dəyirmi masa"da Liviya, Mərakeş,
Fələstin, Bolqarıstan, Suriya, Sudan, Polşa,
Gürcüstan, Avstriya, Malayziya, Misir, Səudiyyə Ərəbistanı
və digər ölkələrin təmsilçiləri
çıxış etmişlər.
Vurğulanmışdır ki, bu
"dəyirmi masa"nı "Bakı prosesi:
sivilizasiyalararası dialoqa yeni çağırış"
kimi qiymətləndirmək olar.
Çıxışlarda müxtəlif
təkliflər səsləndirilmiş, mövcud problemlər
və onların həlli yollarından
danışılmışdır.
Bildirilmişdir ki, müzakirələrdə
irəli sürülən fikirlər müxtəlif mədəniyyətlərarası
dialoqun təşviqinə töhfəsini verəcəkdir.
Bunun üçün real işlər və konkret təkliflər
irəli sürülməlidir.
"Dəyirmi masa"ya yekun
vuran Əbülfəs Qarayev demişdir ki, biz artıq
"Dialoq paytaxtı" ideyası üzərində
düşünməliyik. Bakı şəhəri "Dialoq
paytaxtı" statusunu ilk olaraq öz üzərinə
götürə bilər. Bu, olduqca böyük məsuliyyətdir.
İnanıram ki, bu təklif iştirakçılar tərəfindən
müsbət qiymətləndiriləcəkdir.
Nazir vurğulamışdır
ki, 2011-ci ildə Azərbaycanda "Ümumdünya mədəniyyətlərarası
dialoq forumu" təşkil ediləcəkdir. Bu forum Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
reallaşacaqdır.
Sonra konfransın gündəliyi
təsdiq edilmişdir.
Konfrans işini İslam
dünyası üçün mədəni strategiyanın həyata
keçirilməsi sahəsindəki səylər ətrafında
müzakirələrlə davam etdirmişdir.
İslam Konfransı Təşkilatına
üzv dövlətlərin mədəniyyət nazirlərinin
VI konfransı oktyabrın 15-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 5.