Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

Oktyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Komissiyanın 2009-cu il 30 sentyabr tarixli iclas protokolu təsdiq edilmişdir. Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Komissiyanın nəzdində ekspert qrupunun yaradılmasına dair məsələ barədə məlumat vermişdir. MSK vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Komissiyanın nəzdində növbəti bələdiyyə seçkiləri dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət ekspert qrupunun yaradılması barədə qərar qəbul etmişdir.

Mərkəzi Seçki Komissiyası, həmçinin qərara almışdır ki, dairə seçki komissiyalarının nəzdində qısa müddət ərzində müvafiq tələblərə cavab verən ekspert qruplarının yaradılması həmin seçki komissiyalarına həvalə edilsin.

MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.

MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ), Milli Demokratiya İnstitutunun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 5.