Xruşşov dövrünün "mülayim havası"

 

Azərbaycan tarixinin SSRİ dönəmini əhatə edən 70 illik dövrü böyük zaman kəsiyi olmasa da, kifayət qədər ziddiyyətlərlə dolu bir mərhələ sayılır. Çünki bu dövr milli müstəqilliyimizə son qoyulması, 1937-ci ildə başlanan repressiya, İkinci dünya müharibəsində azərbaycanlıların doğma vətənin sərhədlərindən çox-çox uzaqlarda alman faşizminə qarşı mübarizə aparmaq məcburiyyətində qalması, SSRİ rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsi kimi indiyə qədər davam edən problemin yaranması və bu qəbildən olan digər məqamlar baxımından tariximizin qanlı və qara səhifələri sayılır.

Lakin o da faktdır ki, SSRİ dönəmində Azərbaycan həm də özünəməxsus bir inkişaf dönəmi yaşayıb. Bu mənada 70 illik SSRİ dövrünün hər bir məqamının daha sanballı şəkildə araşdırılması, hadisələrin inkişafına yeni prizmadan yanaşılması xüsusi əhəmiyyət kəsb edir. Özü də nəzərə alınsa ki, sözügedən dövr ərzində baş verən hadisələrə yanaşmada faktların, proseslərin kifayət qədər təhrifinə yol verilib, onda 70 ili əhatə edən tariximizin elmi əsaslarla araşdırılması və onun olduğu kimi təqdimatına hələ də böyük ehtiyac duyulduğu bir daha göz önündə canlanır.

Qeyd edilənlər baxımından tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, Milli Məclisin deputatı Cəmil Həsənlinin bu yaxınlarda işıq üzü görmüş və rus dilində yazılmış "Xruhevskaə "ottepelğ" i naüionalğnıy vopros v Azerbaydjane (1954-1959)" ("Xruşşovun "mülayim havası" və Azərbaycanda milli məsələ (1954-1959)") adlı kitabı xüsusi diqqət cəlb edir. Rusiyada çap olunan bu kitabda, adından göründüyü kimi, Sovet Azərbaycanının 70 illik tarixinin çox qısa dövrü, yəni 1954-1959-cu illərdə yaşadığı mərhələ və bu zaman cərəyan edən hadisələr əks olunur.

Lakin həmin qısa zaman kəsiyində Azərbaycanda xalqın həyatında vacib rol oynayan, tarix salnamələrində dərin iz buraxan taleyüklü dəyişikliklər baş vermiş, yeni bir səhifə açılmışdır. "Millətlər atası" İosif Stalinin vəfatından sonra hakimiyyət başına gələn Nikita Xruşşovun hadisələrə sələfi ilə müqayisədə başqa prizmadan yanaşmağa başlaması nəhəng bir imperiyanın tərkibinə daxil edilən bütün dövlətlər kimi, Azərbaycanın da siyasi həyatında ciddi dəyişikliklərlə müşayiət olundu.

Bəs 1954-1959-cu illərdə Azərbaycanda konkret olaraq nə baş verirdi? Hansı hadisələr Moskva siyasətçilərinin narazılığına, onların sərt cavab tədbirlərinə gətirib çıxarırdı? Niyə bu hadisələr mənəvi inkişaf istiqamətlərinə yenidən baxılmasına, siyasi həyatın canlanmasına, milli oyanış proseslərinə səbəb olurdu? Respublika rəhbərliyinin ölkənin və xalqın gələcək taleyilə bağlı qaynar bir marağının formalaşması nə ilə əlaqədar idi? Həqiqətənmi bu dövrdə Azərbaycanda milli ideyaların inkişafı, milli özünüdərkin yüksəlişi baş verirdi? Ədəbiyyata, tarix elminə, mədəniyyətə hansı dəyişikliklər, yeniliklər gətirilirdi? Niyə 1950-ci illərin sonunda Kremlin partiya və dövlət aparatının güclü təzyiqi altında Azərbaycanın partiya, dövlət, hökumət rəhbərləri öz vəzifələrindən kənarlaşdırılırdı? Məhz bu və digər suallara professor Cəmil Həsənli sözügedən kitabında aydınlıq gətirməyə çalışmışdır.

Məlumdur ki, Xruşşovun hakimiyyətə gəlməsindən sonra sovet totalitarizminin yumşalması fonunda milli siyasətə liberalizmin gətirilməsi məsələsinə baxılmağa başlandı. Təsərrüfatın planlaşdırılması və mədəni həyatın idarə olunmasında İttifaq respublikalarının hüquqları müəyyən dərəcədə artırıldı. Stalin deportasiyasının qurbanları müəyyən məhdudiyyətlərlə adi, normal həyata qayıda bildi. Bütün bu proseslər tarixə Xruşşovun "mülayim havası" kimi daxil oldu. Lakin 1930-40-cı illərin Stalin totalitarizminin buzlarının tədricən əriməsinə baxmayaraq, 1950-ci illərin ortalarının "Xruşşov yazı" bu əriməni tam sona çatdıra bilmədi. Çünki Xruşşovun həyata keçirdiyi islahatlar yarımçıq xarakterə malik idi və sovet sisteminin əsaslarına toxunmurdu.

Xruşşov dövrünün "mülayim havası" Azərbaycanda da siyasi həyatın canlanmasında mühüm rol oynadı, 1954-cü illərin əvvəllərində respublikanın yeni rəhbərliyi formalaşdı. Azərbaycan Kommunist Partiyasının XX qurultayında İmam Mustafayev birinci katib seçildi, respublikanın Nazirlər Sovetinə Sadıq Rəhimov rəhbərlik etməyə başladı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov oldu. Stalin repressiyalarında iştirak etməyən yeni ali rəhbərlik siyasi proseslərin Azərbaycanın milli maraqları çərçivəsində inkişafına nail ola bildi.

Sovet İttifaqının dağılmasından sonra arxivlərin məxfi fondlarının açılması həmin dövrün siyasi həyatının tam mənzərəsini yaratmağa imkan verir. Pofessor Cəmil Həsənli də bu kitabını nəşrə hazırlayarkən Azərbaycan Respublikasının Siyasi Partiyalar və İctimai Hərəkatlarının Dövlət Arxivi, Azərbaycan Respublikasının Dövlət Arxivi, S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Arxivinin materiallarından geniş şəkildə istifadə etmişdir. Kitabda Rusiya Dövlət Arxivinin müxtəlif fondlarından götürülmüş məxfi arayışlardan, Azərbaycanda partiya təşkilatı, respublikada sosial-siyasi proseslər, Azərbaycana rəhbərlik edən şəxslər barədə məlumat və hesabatlardan da istifadə olunmuşdur. Bundan başqa, müəllif Corc Vaşinqton Universiteti yanında Milli Təhlükəsizlik Arxivinin, eləcə də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Arxivinin yeni açılan materiallarından faydalanmışdır.

Bütün bunlar isə müəllifə 1950-ci illərdə ictimai şüurun formalaşmasında milli ideyaların rolunu bu və ya digər dərəcədə öyrənməyə, araşdırmağa kömək etmiş, toplanmış materiallar əsasında müəyyən ümumiləşdirmələr aparmağa imkan vermişdir. Bu mənada professor Cəmil Həsənlinin yeni kitabı 1950-ci illərin Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malik bir mənbə kimi də dəyərləndirilə bilər.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 7.