Elmlə, ədəblə tapılar şərəf...
XII əsrdə Şeyx Nizami belə
deyib. Dünya bina olandan yerin-göyün, külli kainatın
kilidi elmə vaqif olanların əqli və kəşfi ilə
açılıb, öyrənilib. Sonuncu peyğəmbər
həzrət Məhəmməd (ə.s.) də uzaq Mancuriyada
olsa belə ümmətinə elmin arxasınca getməyi vəsiyyət
edib. Aqillər isə deyiblər ki, o cəmiyyət qorxuludur
ki, orada elm nüfuzdan düşüb, insanlar elmdən
başqa hər şeylə məşğuldurlar. Onlar bəşəriyyətin
nicatını yalnız elmdə görüblər. Zamanın
müxtəlif dönəmlərində edilən elmi intibahlar
bəzən tarixin gedişini belə dəyişdirə bilib.
Xalqımızın qədim
tarixindən bugününə qədər elm xadimlərinin,
alim və hükəmaların sayı və dünya elminə
bəxş etdikləri böyük kəşfləri ilə
fəxr edə bilərik. XX əsrin dünya şöhrətli
alimləri Yusif Məmmədəliyev və Xudu Məmmədov,
müasir dünyamızı hələ də heyrətdə
saxlamaqda davam edən Lütfi Zadə də Azərbaycan
oğullarıdır. Xalqımız həmişə
güclü elmi potensiala malik olub. Xüsusən də
fundamental elmlər sahəsində. Bu sahənin mütəxəssisləri
dünya və ölkə elminə sanballı töhfələr
vermiş, elm tarixində böyük müvəffəqiyyətlər
qazanmışlar.
Elm hər bir cəmiyyətin
inkişafının əsasıdır. Fərqi yoxdur, - cəbr,
həndəsə, fizika, kimya, astronomiya, yerin təki, səthi
- Azərbaycan elmi adını çəkdiyimiz bu sahələrin
hər birində fundamental nailiyyətlərə imza atıb.
Misal üçün, 1935-ci ildə kimya və tətbiqi kimya
bölmələri əsasında bünövrəsi qoyulan
Milli Elmlər Akademiyasının Kimya İnstitutu
(hazırkı Kimya Problemləri İnstitutu) keçdiyi tarixi
dövr ərzində dünya elminə böyük töhfələr
vermiş, bir çox görkəmli alimlər bu institutda
işləmişlər. Hazırda onların
yaratdıqları elmi məktəblər tələbələri
tərəfindən müvəffəqiyyətlə davam
etdirilir. Aparılan tədqiqatların nəticəsi yüzlərlə
müəlliflik şəhadətnaməsi və xarici patent, məqalə
və monoqrafiyalarda əksini tapmışdır. Yalnız son
20 ildə institutda 50-dək doktorluq və 280 namizədlik
dissertasiyası müdafiə olunub. İnstitut əməkdaşları
tərəfindən respublikanın zəngin ehtiyata malik mineral
sərvətlərinin (alunit filizi, Daşkəsən dəmir
filizi, Filizçay polimetal filizi, gillər və s.) kompleks
emalı sahəsində geniş elmi-tədqiqat işləri
aparılmış, mövcud texnoloji proseslərin təkmilləşdirilməsi
ilə yanaşı, yeni texnoloji proseslər də
yaradılmışdır. Alınan elmi nəticələrin
bir çoxu respublikada və Rusiya Federasiyasının bir
çox sənaye müəssisələrində tətbiq
olunmuşdur. İnstitut Avropa, Asiya və Amerikanın bir
sıra qabaqcıl elmi müəssisələri, konsernləri,
firmaları və tədris müəssisələri ilə
beynəlxalq əlaqələrdə fəal iştirak edib. Bir
neçə əməkdaş İngiltərə, Almaniya,
Hollandiya, ABŞ, Türkiyə, Belçika, İspaniya,
Pakistan və başqa ölkələrin alimləri ilə
birlikdə elmi-tədqiqat işləri aparmış və həmin
ölkələrdə məruzələrlə
çıxış etmişlər.
Bəs indi necədir? Ölkəmizdə
son illər fundamental elm inkişaf edirmi, dünya elminə
böyük töhfələr verən kəşflər
varmı, gənc nəsil elmə üz tuturmu? İnkişaf
etmiş məmləkətlərlə bir sırada dayanan
ölkəmizdə bu gün elmin inkişafına daha çox
ehtiyac var. On bir iqlim qurşağının doqquzu təbiətimizi
canlandırır, dənizimizin təki enerji yataqları ilə
zəngin, suyunun tərkibi isə Mendeleyev cədvəlinin tam
toplusu. Tədqiqatçıların hesablamalarına görə,
ən keyfiyyətli qızıl əyarı da Azərbaycan ərazisindədir.
Alunit filizi, dəmir və polimetal filizi, Daşkəsən dəmir
filizi, gil və mərmər yataqları da bu torpaqların
yeraltı sərvətləridir. Deməli, elmin meydanı
burada daha genişdir.
AMEA-nın Kimya Problemləri
İnstitutunun elmi işlər üzrə direktor müavini,
texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü
Mübariz Əhmədovla görüşdük. Elmin
bugünkü vəziyyətindən danışdıq.
Çox təəssüflə fundamental elmlərin bu gün
Azərbaycanda durğunluq dövrü
yaşadığını dilə gətirdi və bunun səbəblərindən
danışdı: "Müdafiəyə hazırlaşan
elmlər doktorundan 6, elmlər namizədindən 1 məqalənin
xaricdə mötəbər elmi dərgilərdə çap
olunması tələb olunur. Həmin mötəbər
jurnallar isə əsas diqqəti elmi işlərin səviyyəsinə
və tədqiqatın hansı müasir cihazların köməyi
ilə yerinə yetirilməsinə yönəldir. Təəssüflər
olsun ki, bizim institutda istifadə olunan cihazların ən
azı 30-40 yaşı var (qrant vasitəsilə alınan
bir-iki cihaz müstəsna olmaqla). Belə bir vəziyyətdə
yüksək səviyyəli fundamental işlərin
aparılması qeyri-mümkündür. Bu cihazlarla
aparılan tədqiqatların nəticələri artıq
dünya elmi tərəfindən qəbul olunmur. Laboratoriyalar
1975-ci ildə yaradılıb və bir dəfə də olsun
yenilənməyib. Düzdür, dövlət tərəfindən
reaktivin alınmasına müəyyən vəsait
ayrılıb. Lakin lazımi reaktivlərin əldə
olunması çətinliklər törədir.
- İnstitutun elmi işçiləri
beynəlxalq elmi konfranslara ezam olunurlarmı və aparılan
elmi təcrübələrdə iştirak edirlərmi?
- Haqlısınız, xarici
ölkələrdə keçirilən beynəlxalq elmi
konfranslarda iştirak çox vacib məsələdir. Lakin vəsaitin
olmaması və yaxud çox cüzi ayrılması
üzündən institutumuzun əməkdaşları bu
konfranslarda, simpoziumlarda iştirak edə bilmirlər. Dünya
elmində baş verən yeniliklərlə bağlı
toplantılara qatıla bilmirik. Digər bir problem də ondan
ibarətdir ki, əmək haqlarının az olması səbəbindən
son illər elmə gəlmək istəyən gənclərin
sayı kəskin azalıb. Bu isə gələcəkdə
öz təsirini göstərməyə bilməz və
artıq göstərməkdədir. Əvvəllər isə
belə deyildi. Son zamanlar dövlətimizin qayğısı
sayəsində Milli Elmlər Akademiyasının şəhərciyi
çox gözəlləşdirilib, yenilənib. Lakin Kimya
Problemləri İnstutu istifadəyə verildiyi 1959-cu ildən
indiyədək bir dəfə də olsun əsaslı təmir
olunmayıb. Bütün çətinliklərə baxmayaraq,
institutumuzda hər il 20 namizədlik, 2-3 doktorluq
dissertasiyası müdafiə olunur.
Gənclər nə fikirləşir?
Onlar doğrudanmı elmdən-irfandan uzaq düşüblər?
Aspirant və dissertantlarla görüşüb onların fikir
və düşüncələrini öz dillərindən
eşitmək üçün yenə də akademiyaya
yollandıq. Həyatını elmə fəda etmək istəyən
gənclərin axtarışına çıxdıq. Onlar
varmı, haradadır, necə yaşayır? Akademiyaya girəndə,
həmişəki kimi, Fazil dayı ilə rastlaşdıq.
Yenə də orada idi, köhnə kitabları taxtaların
üzərinə töküb satırdı. Əhvallaşandan
sonra satdığı kitabların arasında riyaziyyat, fizika,
kimya, biologiya, kibernetika elminə aid vəsaitlərin olub-olmadığını
soruşduq. Dedi ki, olub, yaxşı baxsanız, tək-tük
də olsa, indi də var, ancaq alan azdır, çox azdır.
Hamısı da 30-40 il əvvəl yazılan elmi əsərlər,
monoqrafiyalardır.
- Elə olurmu ki, gənclər
sizdən fundamental elmlərlə bağlı kitablar, elmi əsərlər,
monoqrafiyalar istəsin?
- Çox nadir hallarda! Bir dəfə
gənc bir aspirant qız fizika ilə bağlı hansısa
bir kitabı axtarırdı. Müəllif də vaxtilə
akademiyanın ən görkəmli akademiklərindən biri
olub. Mən ona kömək etdim, kitabı tapdım. Lakin bir
neçə gündən sonra həmin aspirant xanım buradan
keçəndə üzrxahlıqla dedi ki, əziyyətimiz hədər
gedib, kitabdan istifadə edə bilməyib. Çünki
müasir elm artıq bu sübutlarla, kəşflərlə
işləmir, bizdə isə yeniləri yoxdur.
Əsas binaya tərəf gedirik.
Yolda rastlaşdığımız orta yaşlı
ziyalıdan bizə bələdçilik etməsini istədik.
Sən demə, axtardığımız elə onun
özü imiş. Zabil Museyib riyaziyyat müəllimidir.
Bütün elmlərin açarını o da riyaziyyatda
görür: "Bu elmi çox sevirəm. Müdafiə edib
alimlik dərəcəsi almaq istəyirdim. İmkanım
olmadı. Yeni qaydaya görə, gərək bir neçə
məqalən xarici ölkələrdə, müvafiq
jurnallarda dərc olunsun. Bu, çox çətindir, həm də
çoxlu maliyyə vəsaiti tələb edir. Məncə,
buna heç bir ehtiyac yoxdur. Öz jurnallarımızda dərc
olunsa, yetərdi. Bundan başqa, xarici ölkələrdə təcrübə
keçmək, elmi konfranslarda iştirak etmək
üçün vəsait də ayrılmır. Ona görə
də aspiranturanı və elmi işimi yarıda qoyub müəllimliyə
başladım. Ailəliyəm axı, iki övladımı
böyütmək mənim ən böyük vəzifəmdir".
Asif Vəliyev də aspirantdır.
Çox xahiş etdi ki, hansı institutun aspirantı
olduğunu qeyd etməyək. Gələcəkdə bu elmin
arxasınca getməyəcəyini bildirdi: "Bilirsiniz, gənclər
arasında elmin inkişafına maraq oyadılmır. Mən,
ilk növbədə, sosial vəziyyəti deyirəm.
Yaxşı alim olmaq və ixtiralar etmək üçün
biz öncə yaxşı yaşamalıyıq. Bu vəziyyəti
elmin inkişafına şamil etsək, heç
danışmağa dəyməz. Son illər fundamental elmlərlə
məşğul olan institutlarda təkamül yoxdur, texnika
yeniləşdirilmir. Dünya elmi ən son nailiyyətlərlə
tərəqqi etdiyi halda bizim institutların
laboratoriyalarındakı texnoloji avadanlıqlar, cihazlar muzey
nümunələridir. Onların istifadə müddəti
çoxdan başa çatıb. Bu avadanlıqlarla elmə
hansı yeniliklər gətirmək olar? Dünya elmi
bunları qəbul etmir. Ona görə də fundamental elmə
maraq göstərənlərin sayı hər il azalır. Bizdə
məndən başqa aspirant oğlan yoxdur, bir neçə
qızdır ki, onlar da bu sahədən çox uzaqdırlar.
Təəssüf ki, texniki elmlərlə məşğul
olan institutlarda qocalma gedir, gənc alimlərə az-az rast gələrsiniz".
Vüsal Qurbanov deyir ki, biz hər
ay dünya elmində baş verən yeniliklərdən bəhs
edən elmi dərgilər almalıyıq, yenilikləri
öyrənməliyik. Lakin vaxtında bu jurnalları ala
bilmirik: "Neçə ildir müdafiə etmişəm.
Ancaq nə aldığım maaş məni qane edir, nə
elmi mühit. Məncə, elmə münasibət dəyişməlidir".
Görüşdüyümüz gənclərin əksəriyyəti
daha çox elmi institutlarda həlli vacib problemlərdən
danışdılar. Xəyalə Qəhrəmanovanın
gözünü qorxudan isə tapa bilmədiyi elmi ədəbiyyatlar
və müdafiədir: "Dəyərli elmi ədəbiyyatların
çoxu rus, ingilis və başqa dillərdədir. İş
burasındadır ki, indi Azərbaycanda bu ədəbiyyatların
tərcüməsi ilə də məşğul olan mütəxəssislər
azdır". Xəyalə çox narahatdır ki, indiyədək
bir dəfə də olsun xaricdə elmi məqaləsi
çap olunmayıb. Nə vaxtsa müdafiə edəcəyinə
isə az qala inanmır: "Müdafiə etmək çox
çətindir", - deyir.
Elmi ədəbiyyatların tərcüməsi
və dərci ilə bağlı nəşriyyatlara müraciət
etdik. Onlar bildirdilər ki, sifariş vermirlər: "Ancaq
hansısa alim-tərcüməçi tərcümə etdiyi
bir elmi ədəbiyyatı nəşr etmək
üçün bizə gətirsə, çap edərik,
lakin satışı və qonorarı nəşriyyata aid
deyil". "Azərnəşr"in baş redaktoru Əlövsət
Ağalarov isə bildirir ki, əvvəllər nəşriyyatda
texniki ədəbiyyat redaksiyası fəaliyyət göstərirdi.
İndi həmin redaksiya ləğv olunub: "Ancaq elmi tərcümələrlə
bizə müraciət edən alimlər var, bunlar daha çox
tibbi ədəbiyyatlardır. Biz məmnuniyyətlə
onları rəyə göndərib müsbət cavab alandan
sonra nəşr edirik. Ancaq bu, kütləvi deyil".
Belə qənaətə gəlmək
olar ki, fundamental elm institutlarında aspirantlar əksərən
qızlardır. İnstitutların rəhbərləri isə
bundan heç məmnun deyillər. Onların fikrincə,
texniki elmlərdə oğlanlar daha yaxşı uğur qazana
bilirlər. Uzun illik təcrübə göstərir ki,
qadınların bu sahələrdə elmi nailiyyətlərə
imza atması nadir hallarda olur. Onlar həm institutlardan
hazırlıqlı gəlmirlər, həm də ailə
qurandan sonra çoxu işini atmalı olur. Dünyanın hər
yerində fundamental elmlər sahəsində daha çox
kişilər elmi kəşflərə imza atıblar.
Oğlanlar isə fundamental elmdə perspektiv görmür və
sosial təminatlarından narahatdırlar. Özlərinin
dediyinə görə, sonda çarıqsız qalmaq istəmirlər.
Mütəxəssislər isə
bu gün fundamental elmin qocalmasının və gəncləşmək
istəməməsinin səbəbini orta və ali məktəblərdə
texniki fənlərin aşağı səviyyədə tədris
olunmasında görürlər.
Gültəkin müəllimə
şəhər məktəblərinin birində riyaziyyat fənnini
tədris edir. O deyir ki, fizika, kimya, biologiya, riyaziyyat kimi dəqiq
elmlərə uşaqlıqdan maraq olmalıdır. Bu fənləri
gərək sevəsən, başqa cür onu dərk etmək,
öyrənmək mümkün deyil: "Qəribədir ki,
son illər məktəblərə bu fənlərdən
savadlı müəllimlər çətin gəlir. Əgər
savadlı müəllim tapmaq çətindirsə, savadlı
şagird haradan ola bilər? 2008-ci ildə məktəbimizdə
hansısa bir təşkilat "Gələcəkdə kim
olmaq istəyirsən?" adlı sorğu keçirirdi.
Uşaqlar anketi doldurarkən əksəriyyəti müğənni,
hüquqşünas, həkim və idmançı olmaq istədiyini
yazmışdı. Bir nəfər şagird belə
kimyaçı, riyaziyyatçı və ya bioloq olmaq istəməmişdi".
Mövzu ilə bağlı
söhbət etdiyimiz alimlərin bir çoxu isə ümid
edirlər ki, Azərbaycan kimi inkişaf etmiş bir ölkədə
heç ola bilməz ki, fundamental elmlər bu qədər
axsasın. Deyirlər ki, dövlətimizin diqqəti sayəsində
elmimiz mütləq xilas olacaq, çünki təməli
vaxtilə möhkəm qoyulmuş bünövrə var. Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı qəbul olunmuş dövlət proqramı
fundamental elmin inkişafı ilə bağlı nikbinliyə
ümid yaradır. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin imzaladığı dövlət
proqramında 2015-ci ilədək elm sferasında islahatlar
aparılması, onun idarəetmə və təşkilat
sisteminin təkmilləşdirilməsi, elmi-tədqiqat istiqamətləri
işinin səmərəliliyinin yüksəldilməsində
bir sıra konkret tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulur.
Proqramda bildirilir ki, zəngin və
çoxşaxəli intellektual potensiala malik Azərbaycanda bu
gün elmi mühit müasir dövrün tələblərinə
cavab vermir: "Azərbaycan elminin maddi-texniki bazası olduqca
köhnəlmiş hesab edilməlidir. Azərbaycan elminin
bugünkü vəziyyəti dövlətin innovasiya siyasətinin
təminatı etibarilə müasir tələblərə
cavab vermir. Çünki aparılan tədqiqatlar mövzu və
əhatə dairəsinə görə əsasən sovet
dövründə formalaşmış qəliblər çərçivəsində
qalmaqdadır". Strategiyanın məqsədlərinə gəlincə,
aydın şəkildə göstərilir ki, Azərbaycan
elminin strukturunun dünya elmi-texnikasına uyğun təşkilini
təmin etmək, elmin ölkənin iqtisadi inkişafında
rolunu artırmaq, beynəlxalq elmi əlaqələri genişləndirmək,
yüksək ixtisaslı elmi kadrlar hazırlamağa nail olmaq,
elmi işçilərin sosial vəziyyətini əsaslı
şəkildə yaxşılaşdırmaq, bir sözlə,
əsas məqsəd Azərbaycanda elmin inkişafını bərpa
etmək və onun beynəlxalq məkana inteqrasiyasına nail
olmaqdır.
Deməli, elmimizin çiçəklənməsinə
və inkişafına ümid var. Qalır yetişməkdə
olan nəslin fundamental elmlərə maraq və həvəs
göstərməsi və onların elmə cəlb edilməsi.
Gənclər unutmamalıdırlar ki, tarixin yaddaşında
elmlə, irfanla məşğul olub, ömrünü elm
adlı inci və sədəflərə həsr edənlər
qalır.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2009.- 14 oktyabr.- S. 7.