Avropa Ədalətli
Oyunlar Hərəkatının
XV konqresinin iştirakçılarına
Hörmətli konqres iştirakçıları!
Sizi - Avropa Ədalətli Oyunlar Hərəkatının XV konqresinin
iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə uğurlar və cansağlığı
arzulayıram.
Yarandığı vaxtdan etibarən öz prinsiplərinə sadiq qalaraq idmanda ədalətsizliyə, zorakılığa,
dini və irqi ayrı-seçkiliyə, yarış
qaydalarının pozulması
hallarına qarşı
mübarizə aparan Hərəkatınızın nəcib
məqsədləri Azərbaycanda
layiqincə qiymətləndirilir.
Gənc nəslin ahəngdar inkişafı, idmanda ədalətli mübarizə
ruhunun, yüksək mədəni davranış
qaydalarının aşılanması
və ədalətin hər zaman qorunması məsələlərinin
həlli istiqamətində
ardıcıl həyata
keçirdiyiniz tədbirləri
bütün idmançılarımız
təqdirəlayiq
hesab edirlər. İnanıram ki, hazırda 40-dan artıq ölkənin daxil olduğu Hərəkat özünün fəaliyyət
dairəsini ildən-ilə genişləndirəcəkdir.
Konqresiniz mədəniyyətlərarası
dialoq, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma,
ədalət və tolerantlığın bərqərar
olması ilə bağlı dövrümüzün
aktual problemlərinə
həsr edilmişdir. Əminəm ki, bu istiqamətdə ətraflı müzakirələr
aparacaqsınız və
qəbul etdiyiniz qərarlar qarşılıqlı işgüzar əlaqələrin
inkişafına təkan
verəcək, beynəlxalq
idman təşkilatlarını
Avropa Ədalətli Oyunlar Hərəkatı ətrafında daha sıx birləşdirəcəkdir.
Ümidvaram ki,
konqresinizin Bakıda təşkili, möhtəşəm
idman tədbirlərinin
keçirilməsində böyük
təcrübəyə malik
paytaxtımızla tanışlıq
və Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında uğurla
çıxış edən
idmançılarımızla görüşləriniz sizdə
xoş təəssürat
yaradacaqdır.
Dərin hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
12 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 1.