Azərbaycan Prezidenti İlham Əliyev "Şuşa"
tankerinin istismara verilməsi mərasimində
iştirak etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 14-də "Şuşa"
tankerinin istismara verilməsi mərasimində
iştirak etmişdir.
Dövlətimizin başçısı
mərasimdə iştirak
etmək üçün
Yaxt-kluba gəldi.
"Şuşa"
tankerinin yan aldığı Yaxt-klubda
Prezident İlham Əliyevi Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi
Aydın Bəşirov
qarşıladı. Gəminin
kapitanı tankerin istismara tam hazır
olması barədə
dövlətimizin başçısına
raport verdi.
Gəminin xidmət
və yaşayış
sahələri ilə
tanış olan Prezident İlham Əliyev dənizçilərin
iş və həyat şəraiti ilə yaxından maraqlandı. "Şuşa"
tankerinin Rusiyanın Nijni Novqorod şəhərindəki "Krasnoye
Sormovo" gəmiqayırma
zavodunda inşa olunması barədə dövlətimizin başçısına
məlumat verildi. Bildirildi ki, tankerdən əsasən Qazaxıstan neftinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixracı üçün Səngəçal
terminalına daşınmasında
istifadə olunacaqdır.
Eyni vaxtda bir neçə növ neft və
neft məhsulları daşımaq üçün
nəzərdə tutulan
gəmi "Prezident Heydər Əliyev" tankeri ilə eyni layihədəndir və bu tip
tankerlər Xəzərdə
istismar edilən ən iri gəmilərdən
hesab olunur. Qeyd olundu ki,
Dövlət Xəzər
Dəniz Gəmiçiliyinin
6-dan çox belə tankeri vardır. "Şuşa" tankerinin yükgötürmə qabiliyyəti
13 min tona bərabərdir. Gəminin
uzunluğu 150 metr, eni 17,3 metr, suya oturumu isə
7,14 metrdir. Bu tanker Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sayca
80-ci gəmisidir. Onlardan
43-ü tanker, 37-si quru
yük gəmisidir.
Prezident İlham Əliyev gəminin kapitan körpüsünə
baxdı. Məlumat verildi ki, ölkəyə
gətirilmiş digər
yeni tankerlərdə olduğu kimi, "Şuşa" tankeri də ən müasir naviqasiya avadanlığı və
cihazları ilə təchiz edilmişdir. Prezident İlham Əliyev gəminin istismara verilməsini bildirən düyməni basdı.
Daha sonra dövlətimizin başçısı
gəminin ən yuxarı göyərtəsinə
qalxdı, tankerin heyətinə xoş arzularını çatdırdı,
müvafiq tövsiyə
və tapşırıqlarını
verdi.
AzərTAc
Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 2.