Mütərəqqi hüquq islahatlarının uğurlu
davamı
Siyasi seçim hər zaman
taleyüklü hadisə olmaqla, hər bir dövlətin və
xalqın gələcək perspektivini, konkret zaman çərçivəsindəki
inkişaf strategiyasını, tərəqqi yolunu müəyyənləşdirir.
Tarixi təcrübə göstərir ki, konkret
həlledici məqamda mürəkkəb siyasi
reallıqları düzgün dəyərləndirərək
doğru seçim etməyi bacaran xalqlar istənilən
çətin sınaqlardan, mürəkkəb vəziyyətlərdən
uğurla çıxmış, tərəqqi tapmış, bəşəri
miqyasda özünütəsdiq imkanı qazanmışlar.
Taleyini hər zaman qəlbən inandığı, etimad bəslədiyi
liderə etibar etmiş müdrik və uzaqgörən
xalqımızın 2008-ci il 15 oktyabr tarixli seçimi də məhz
bu reallıqla şərtlənmişdir. Ulu öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi alternativsiz siyasi
kursun daha bir möhtəşəm zəfərinə
çevrilən bu əlamətdar hadisə ümumilikdə Azərbaycanın
keyfiyyətcə yeni mərhələdə hərtərəfli
inkişafı üçün yeni imkanlar
açmışdır.
Azərbaycanı
davamlı inkişaf və tərəqqi yoluna
çıxararaq hər bir vətəndaşın mənafeyinə
cavab verən, təminatlı gələcəyə
etibarlı zəmin yaradan təkmil siyasi kursun davam etdirilməsi
zərurəti cəmiyyətin həlledici çoxluğunun
iradəsi ilə şərtlənmiş, xalqımız tərəddüdsüz olaraq növbəti
beşillikdə də məhz cənab İlham Əliyevi
dövlət başçısı seçmişdir. Respublikamızın ötən illərdə ictimai
həyatın bütün sahələrində
qazandığı nailiyyətlər xalqın seçkilərlə
bağlı qəti və prinsipial mövqeyinə təsir
göstərmiş, ölkə vətəndaşları Azərbaycanda
ictimai-siyasi sabitliyin, davamlı sosial-iqtisadi inkişafın,
insan və vətəndaş hüquq və azadlıqlarının
qorunmasına etibarlı təminat yaratmış demokratikləşmə
xəttini birmənalı şəkildə dəstəkləmişlər.
Xalqımız eyni zamanda, alternativi olmayan siyasi
strategiyanın son beş ildə həyatımıza gətirdiyi
nailiyyətlərə, dövlətçilik əsasları
uğurlarla möhkəmlənən, özünün xoşbəxt
sabahına doğru inamla irəliləyən, inkişaf edən
Azərbaycana səs vermişdir.
Siyasətə
ideyaların reallaşdırılması vasitəsi kimi
yanaşan və "Əsl siyasət konkret, real iş
görməkdən ibarətdir" - deyən dövlət
başçısı son bir ildə də hakimiyyətə
xalqa layiqincə xidmət vasitəsi kimi yanaşmış, hər
bir fərdin maraq və mənafeyini uca tutmuşdur. Cənab İlham Əliyev
qısa zamandakı fəaliyyəti ilə xalqın
seçimini doğrultmağa qadir, qətiyyətli, peşəkar
və milli maraqlara bağlı rəhbər olduğunu
nümayiş etdirmişdir. 2003-cü illə müqayisədə
2008-ci ildə daha da möhkəmlənmiş iqtisadi, siyasi,
hüquqi, mədəni, humanitar və digər
sahələrdə əsaslı uğurlar qazanmış
müstəqil respublikamızı irəliyə aparması,
qazanılmış nailiyyətlərin
ardıcıllığını, sabitliyini inamla təmin etməsi
cənab İlham Əliyevin dövlətə rəhbərlik
məharətini, yeni dünya nizamının incəliklərinə
dərindən bələd olmasını bir daha
sübut edir.
Azərbaycanın son beş ildəki
büdcəsinə nəzər saldıqda, həyata
keçirilən iqtisadi strategiyanın milli maraq və mənafe
baxımından səmərəliliyi bir daha təsdiqini
tapır. MDB dövlətlərinin büdcə vəsaitləri
2003-2008-ci illərdə 15-20 faiz artdığı halda,
respublikamızda bu göstərici üzrə yüksəliş
fərqi 8 dəfədən çoxdur. Azərbaycanın
büdcə gəlirlərinin illik artım tempi ötən
dövrdə orta hesabla 30-40 faizlə müşayiət
olunmuşdur. Məsələn, əgər
2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon
manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm
1 milyard 500 milyon manat, 2005-ci ildə 2 milyard 100 milyon manat,
2006-cı ildə 3 milyard 800 milyon manat olmuşdursa, 2007-ci ildə
6 milyard manatı ötmüşdür. Qlobal böhranla
müşayiət olunan 2008-2009-cu illərdə Azərbaycanın
dövlət büdcəsinin 10 milyard manatı ötməsinin
özü də kifayət qədər yüksək göstəricidir.
Dövlət
başçısı İlham Əliyevin son bir ildə
xalqın mənafeyini uca tutmaqla həyata keçirdiyi iqtisadi
siyasətin uğurları, ilk növbədə,
respublikamızın cari ildə qazandığı makroiqtisadi
göstəricilərdə bir daha əksini tapır. Qlobal maliyyə böhranı şəraitində
2009-cu ildə respublikada ümumi daxili məhsulun 3,6 faiz
artması, eləcə də qeyri-neft sektorunda artımın
4,1 faiz təşkil etməsi respublikanın iqtisadi siyasətinin
qlobal miqyasda cərəyan edən neqativ təsirlərə
müqavimət gücünü nümayiş etdirir. Ötən
müddətdə respublikada inflyasiyanın səviyyəsi
3,7 faiz təşkil etdiyi halda, əhalinin gəlirlərinin 19
faiz artması da ölkənin iqtisadi siyasətində sosial məsələlərin
prioritetliyinə dəlalət edir.
Bir çox dövlətlərdən
fərqli olaraq Azərbaycanda həyata keçirilən qlobal
infrastruktur layihələrinin icrası ötən bir ildə
də inamla davam etdirilmiş, vətəndaşların sosial
mənafeyinə xidmət edən kompleks tədbirlər sistemi
həyata keçirilmiş, bütün bunların da əsasında məhz insan amili, vətəndaşa
layiqli xidmət məramı dayanmışdır.
İqtisadi, siyasi və hüquqi
islahatların paralelliyi prinsipi son beş ildə Azərbaycanın
demokratikləşməsi və ümumən cəmiyyətin
liberal dəyərlərə adaptasiyası prosesinin fundamental əsasını
təşkil edir. Dövlət
başçısı İlham Əliyev
çıxışlarında dəfələrlə
vurğulamışdır ki, demokratik proseslərin davamlı
şəkildə aparılmadığı hansısa dövlətin
iqtisadi sahədə yüksək nəticələr əldə
etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat
sisteminə inteqrasiyası mümkün deyildir. Eyni
zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hər
hansı bir dövlətdə demokratikləşməyə və
vətəndaş cəmiyyəti quruculuğuna yönələn
cəhdlər uğursuzluqla nəticələnir. Bu reallığı düzgün dəyərləndirən
Azərbaycan Prezidenti hər iki təmayülə vəhdət
şəklində yanaşılmasını vacib sayaraq
ölkənin uzunmüddətli inkişafını məhz
demokratik-hüquqi və iqtisadi islahatların eyni vaxtda və
paralel şəkildə davam etdirilməsinə
çalışır. Dövlət
başçısının dünya siyasi
arxitekturasının tələblərinə maksimum dərəcədə
cavab verən bu mütərəqqi inkişaf konsepsiyası
kifayət qədər təkmil səciyyə daşımaqla,
inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən
qaynaqlanır. "Əsl açıq demokratik cəmiyyəti
ancaq maddi rifah əsasında qurmaq mümkündür.
İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə
demokratik proseslər də geridə qalır. O ölkələr
ki, onlar iqtisadi cəhətdən güclüdürlər, o
ölkələrdə demokratiyanın inkişafı da
çox yüksək zirvədədir. Ona görə iqtisadi
islahatların davam etdirilməsi, xalqın maddi rifahının
yaxşılaşdırılması demokratik cəmiyyətin
qurulması və formalaşması üçün
başlıca şərtdir. Ancaq bununla bərabər,
əgər sadəcə olaraq iqtisadi məsələlərə
diqqətimizi yönəltsək və siyasi, hüquqi
islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycan
qarşısında duran vəzifələrin həlli
üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan
müasir ölkəyə çevrilməlidir" - deyən
Azərbaycan Prezidenti bu fikirdədir ki, demokratik-hüquqi
inkişaf prosesi insanların sosial-siyasi, mədəni və
iqtisadi rifahına adekvat olmalı, cəmiyyətin siyasi
şüur səviyyəsinin yüksəlməsinə paralel
şəkildə həyata keçirilməlidir.
Son illərdə
respublikamızın sürətli sosial-iqtisadi inkişaf
yolunda olması demokratik proseslərin dərinləşdirilməsinə,
qanunçuluğun gücləndirilməsinə və
liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik
islahatlar kursunun genişləndirilməsini önə
çıxarır. Respublikamızın aktiv inkişaf
fazasına daxil olduğu indiki mərhələdə demokratik
normaların ictimai şüurda möhkəmlənməsinə
və qəbul edilməsinə daha yaxşı imkanlar
yaranmışdır. Dövlət
başçısı İlham Əliyevin yeritdiyi siyasətin
ölkə vətəndaşları tərəfindən birmənalı
dəstəklənməsini təmin edən mühüm amillərdən
biri də son beş ildə ölkədə məhkəmə-hüquq
sisteminin təkmilləşdirilməsi, insan və vətəndaş
hüquq və azadlıqlarının təmini, ədalət
mühakiməsinin çevik və səmərəli təşkili
məqsədilə atılan addımlar olmuşdur.
2003-cü ildən
uğurla gerçəkləşdirilən hüquqi islahatlar
ölkənin məhkəmə, ədliyyə, polis, prokurorluq
orqanlarının fəaliyyətində insan hüquq və
azadlıqlarının daha etibarlı təminatına imkan
yaradan çevik mexanizmlərin formalaşdırılmasına
xidmət etməklə, respublikamızın beynəlxalq
imicini daha möhkəmləndirmişdir.
Cənab İlham Əliyev qanunvericilik təşəbbüsü
əsasında, xüsusən də, məhkəmələrin
cəmiyyətdə inam və etimad qazanmasına, nüfuzlu təsisat
kimi formalaşmasına xidmət edən bir sıra qanun layihələrini
Milli Məclisin müzakirəsinə göndərmiş,
onların yeni dövrün tələblərinə
uyğunlaşdırılmasını vacib
saymışdır. 2004-cü ildən etibarən
"Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmə-Hüquq
Şurası haqqında", "Məhkəmələr və
hakimlər haqqında", "Polis haqqında",
"Prokurorluq haqqında", "Dövlət qulluğu
haqqında", "Prokurorluq orqanlarında
qulluq keçmə haqqında", "Polis orqanlarında
qulluq keçmə haqqında" və digər qanunlara
mütərəqqi əlavə və dəyişikliklərin
edilməsini, "Ədliyyə orqanlarında qulluq keçmə
haqqında" və digər qanunların qəbulu bu
baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Bu mərhələdən
etibarən Azərbaycanın hüquq sisteminin müasirləşdirilməsi
məqsədilə imzalanmış bir sıra mühüm
dövlət proqramları, fərman və sərəncamlar
ölkənin demokratikləşməsi prosesinin sürətlənməsinə
də əsaslı təkan vermişdir. Azərbaycan Prezidentinin
"Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi
haqqında" 3 sentyabr 2004-cü il tarixli, "Azərbaycan
Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi
və bəzi qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında" 19 yanvar 2006-cı il tarixli, "Ədliyyə
orqanlarının inkişafı haqqında" 17 avqust
2006-cı il tarixli, "Azərbaycan Respublikası məhkəmələri
hakimlərinin sayının artırılması və məhkəmələrin
ərazi yurisdiksiyasının müəyyən edilməsi
haqqında", "Azərbaycan Respublikasında İnsan
hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət Planı"nın təsdiq
edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli,
"Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiyanın təsdiq edilməsi barədə" 28 iyul
2007-ci il tarixli, "Azərbaycan Respublikasının
qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi
haqqında" 27 iyul 2007-ci il tarixli, "Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökümət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının yaradılması haqqında" 13 dekabr
2007-ci il tarixli fərman və sərəncamlarının
siyasi və hüquqi mühitin
liberallaşmasındakı müstəsna rolunu xüsusi qeyd
etmək lazımdır.
Bu və digər fərmanların,
sərəncamların, dövlət proqramlarının
imzalanmasında əsas məqsəd keyfiyyətcə yeni mərhələdə
hüquq sistemini liberal iqtisadi islahatlara
uyğunlaşdırmaq, ölkədə inkişafın
sürətli tempi ilə əlaqədar vətəndaşlara
göstərilən hüquqi yardımın səviyyəsini yüksəltmək,
həllini gözləyən bəzi problemləri aradan
qaldırmaq olmuşdur. Azərbaycan Prezidenti
İlham Əliyev 19 yanvar 2006-cı il tarixli "Azərbaycan
Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi
və bəzi qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanı
bu baxımdan müstəsna əhəmiyyət
daşımaqla, aktuallığına, miqyasına, əhatə
dairəsinə görə fərqlənmişdir. Belə bir fərmanın imzalanması bölgələrin
sürətlə inkişaf etdiyi bir zamanda rayonlarda yaşayan
vətəndaşlara göstərilən hüquqi
yardımın səviyyəsini yaxşılaşdırmaq,
onlarda haqlı narazılıq doğuran sui-istifadə,
süründürməçilik hallarını aradan
qaldırmaq, ədalət mühakiməsinin
səmərəliliyini yüksəltmək, məhkəmələrə
inamı artırmaq, vətəndaşların müraciət
imkanlarını asanlaşdırmaq, məhkəmələrin
fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqinə
nail olmaq, məhkəmə aparatlarının strukturunu və
işini daha optimal şəkildə qurmaq, habelə
hakimlərin sosial vəziyyətini yaxşılaşdırmaq
niyyətindən irəli gəlmişdir.
Son 3 il yarımda
Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və
Şirvanda apellyasiya məhkəmələrinin,
Naxçıvanda Ağır Cinayətlərə Dair
İşlər üzrə Məhkəmənin, Bakıda 2
saylı Yerli İqtisad Məhkəməsinin, Sumqayıt və
Şəki şəhər yerli iqtisad məhkəmələrinin
yaradılması
və fəaliyyətə başlaması sözügedən
fərmandan irəli gələn vəzifələrin praktik
surətdə reallaşdığını göstərir. Fərman əsasında regionlarda
yaradılmış apellyasiya məhkəmələri 4
kollegiyadan - mülki işlər, cinayət və inzibati
hüquqpozmalara dair işlər, hərbi məhkəmələrin
işləri üzrə və iqtisadi mübahisələrə
dair işlər üzrə kollegiyalardan ibarət olmaqla
müvafiq ərazi yurisdiksiyası üzrə fəaliyyət
göstərir.
Respublikamız 2003-2008-ci
illərdə onlarla beynəlxalq konvensiya və sazişə,
o cümlədən "İşgəncələrin və
qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və
ya cəzaların qarşısının alınması
haqqında", "İnsan hüquq və əsas
azadlıqlarının müdafiəsi haqqında",
"Ekstradisiya haqqında", "Cinayət işləri üzrə
qarşılıqlı hüquqi yardım haqqında",
"Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin
leqallaşdırılması, aşkar olunması,
götürülməsi və müsadirə edilməsi
haqqında", "Genosid cinayətlərinin
qarşısının alınması və onun cəzalandırılması
haqqında", "Terrorçuluğun maliyyələşdirilməsi
ilə mübarizə haqqında" və digər
konvensiyalara qoşulmuşdur.
2008-ci ilin 15 oktyabrında
xalqın iradəsi ilə ikinci dəfə dövlət rəhbəri
seçilən cənab İlham Əliyev hüquq sisteminin
liberallaşdırılmasına xidmət edən siyasəti
yeni mərhələdə də uğurla davam etdirir. Dövlət başçısının
qanunvericilik təşəbbüsü əsasında son bir
ildə Milli Məclisdə qəbul edilmiş qanunlar ictimai həyatın
bütün sahələrini əhatə etməklə, vətəndaşa
həssas və qayğıkeş münasibəti təşviq
edir. Bu sırada Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
və Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər
edilməsi haqqında 2008-ci il 28 oktyabr tarixli, habelə "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
dəyişiklik və əlavələr edilməsi barədə"
2008-ci il 16 dekabr tarixli, "Məhkəmələr
və hakimlər haqqında", "Əhalinin
sağlamlığının qorunması haqqında",
"Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi
haqqında" və "Terrorçuluğa qarşı
mübarizə haqqında" Azərbaycan Respublikasının
qanunlarında dəyişikliklər edilməsi barədə" 2008-ci il 16 dekabr tarixli,
"Notariat haqqında" və "Dövlət rüsumu
haqqında" Azərbaycan Respublikasının qanunlarında
dəyişikliklər edilməsi barədə" 2008-ci il 2
dekabr tarixli, "Dövlət qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə və dəyişikliklər
edilməsi barədə" 2008-ci il 30
dekabr tarixli "Cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" 2009-cu il 2 fevral tarixli və digər onlarla
qanunun qəbulunu xüsusi xatırlatmaq lazımdır. 2009-cu ilin yaz və növbədənkənar
sessiyaları dövründə Milli Məclisdə Azərbaycan
Respublikasının Mənzil Məcəlləsi,
İnzibati-Prosessual Məcəllə, "İxrac məqsədli
neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi
haqqında" qanun layihələri də qəbul
edilmişdir.
Milli Məclisdə ratifikasiya
olunmuş beynəlxalq konvensiya və sazişlər Azərbaycanda
insan hüquqlarının müdafiəsi sisteminin möhkəmləndirilməsi
məqsədinə yönəlmişdir. Bu
baxımdan "Əlillərin hüquqları haqqında"
Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində"
2008-ci il 2 oktyabr tarixli, "İşgəncə və digər
qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar
və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ
Protokolunun təsdiq edilməsi haqqında", habelə
"Nüvə terrorçuluğu əməlləri ilə
mübarizə haqqında" Beynəlxalq Konvensiyaya
qoşulma barədə 2008-ci il 2 dekabr tarixli Azərbaycan
Respublikası qanunları da xüsusi əhəmiyyət
daşıyır. Eyni zamanda, son bir ildə Milli Məclisdə
Azərbaycanın Almaniya, Slovakiya, İndoneziya, Meksika, Koreya və
digər dövlətlərlə hüquqi sahədə əməkdaşlığını
nəzərdə tutan sazişlər ratifikasiya olunmuşdur.
2009-cu ilin payız sessiyası
dövründə parlamentin qanunvericilik işləri planı
da zəngindir. Bu sırada Azərbaycan
Respublikasının Tikinti Məcəlləsi, Şəhərsalma
Məcəlləsi, Rəqabət Məcəlləsi,
"Bank olmayan kredit təşkilatları haqqında",
"Pambıqçılıq haqqında",
"Torpaqların dövlət ehtiyacı üçün
alınması haqqında" "Məhkəmələrin fəaliyyəti
haqqında informasiya əldə etmək
barədə", "İctimai asayişin təmin edilməsində
vətəndaşların iştirakı haqqında",
"Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda
iştirakı haqqında", "Məişət
zorakılığının qarşısının
alınması haqqında", "İstehsalatda bədbəxt
hadisələrdən və peşə xəstəliklərindən
icbari sığorta haqqında", "İnsanın immun
çatışmazlığının profilaktikası
haqqında", "Elm və dövlət elmi-texniki siyasəti
haqqında", "Ali təhsil haqqında", "Kəşflərin
hüquqi qorunması haqqında" qanun layihələrini misal
göstərmək olar.
Milli Məclisin
payız sessiyası dövründə qanunvericilik işləri
planında sosial-iqtisadi sahələri əhatə edən
qanun layihələri vətəndaşların ölkə
Konstitusiyası və digər qanunlarla təsbit olunmuş
iqtisadi hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə,
iqtisadi fəaliyyət sahələrinin etibarlı hüquqi tənzimlənməsinə
xidmət edəcəkdir. Bu qanunların bir qismi tikinti və
yenidənqurma sahəsində mövcud problemlərin hüquqi
müstəvidə həllinə yönəlmişdir.
İş
planında məhkəmə-hüquq və ədliyyə sisteminin
müasirləşdirilməsinə, insan və vətəndaş
hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin
formalaşdırılmasına əlavə təkan verəcək
qanun layihələri də diqqəti cəlb edir.
Son bir ilin mühüm siyasi və
hüquqi islahatları fonunda 2009-cu il martın 18-də Azərbaycan
Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin
edilməsini nəzərdə tutan ümumxalq referendumunun
keçirilməsini xüsusi vurğulamaq lazımdır. Hər bir dövlət özünün inkişaf
xüsusiyyətlərinə, cəmiyyətin sosial, iqtisadi və
siyasi həyatında müşahidə olunan pozitiv yeniliklərə
adekvat olaraq qanunlara, o cümlədən Konstitusiyaya əlavə
və dəyişikliklərin edilməsinə ehtiyac duyur.
İlk dəfə 2002-ci ildə keçirilmiş Konstitusiya
islahatından ötən 7 ildə
respublikanın ictimai-siyasi həyatında özünü
qabarıq göstərən fundamental dəyişikliklər -
iqtisadi, siyasi, hüquqi islahatların dərinləşməsi,
demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş
cəmiyyəti institutlarının, siyasi partiyaların
sayının artması, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki
rolunun obyektiv dərk olunması və onların dövlət
dəstəyi ilə əhatə olunması, Avratlantik məkana
inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi,
ölkə vətəndaşlarının ictimai
şüurunda demokratik proseslərin
qaçılmazlığı fikrinin möhkəmlənməsi
və digər pozitiv yeniliklər Azərbaycan
Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin
edilməsini obyektiv tələbata çevirmişdir.
Ölkə seçicilərinin
yüksək aktivliyi ilə müşayiət olunan
ümumxalq referendumunun nəticələri göstərir ki,
davamlı şəkildə demokratikləşmənin vacibliyi
ictimaiyyət tərəfindən obyektiv zərurət kimi qəbul
edilir. Vətəndaşların hüquq düşüncəsinin
yetkinləşməsi, habelə siyasi fəallığının
yüksəlməsi isə ilk növbədə ölkədə
həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf
strategiyasının nəticəsidir. Konstitusiyanın
12-ci maddəsinə edilən əlavə Azərbaycanda hər
bir vətəndaşın normal yaşayış səviyyəsinin,
sosial rifah halının yüksəldilməsi, firavan
yaşayışının təmini yönümündə
həyata keçirilən tədbirlərin mahiyyətindən
irəli gəlir. Həmin maddədə
edilən dəyişikliyə görə insan və vətəndaş
hüquq azadlıqları ilə yanaşı, "Azərbaycan
Respublikasının vətəndaşlarının layiqli həyat
səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri
sırasına daxil edilir. Bu əlavənin Konstitusiyaya
edilməsi respublikamızın maliyyə imkanlarının əhəmiyyətli
dərəcədə artması, hökumətin iqtisadi siyasət
strategiyasında sosialyönümlü məsələlərin
prioritetə çevrilməsi ilə şərtlənir.
Konstitusiyanın 15-ci maddəsinin
II hissəsinə əlavə edilən "sosial
yönümlü" sözləri də bu baxımdan diqqəti
çəkir. Bu dəyişikliyə görə,
"Azərbaycan dövləti bazar münasibətləri əsasında
sosial yönümlü iqtisadiyyatın inkişafına şərait
yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi
münasibətlərdə inhisarçılığa və
haqsız rəqabətə yol vermir".
Ümumxalq
referendumunda ciddi ictimai dəstək almış yeniliklər
hüquqi baxımdan Konstitusiyanın bir çox
normalarını yeni dövrün tələblərinə
uyğunlaşdırmaq məqsədi daşıyaraq, insan və
vətəndaş hüquq və azadlıqlarının təmini
sahəsində dövlətin məsuliyyətini artırmış, onun üzərinə
bir sıra yeni hüquqi öhdəliklər qoymuşdur.
Konstitusiya islahatı milli qanunvericiliyin beynəlxalq konvensiya və
sazişlərə uyğunlaşdırılması prosesində
keyfiyyətcə yeni mərhələnin əsasını
qoymuşdur. Azərbaycan Konstitusiyasına edilən
əlavə və dəyişikliklər yeni dövrün tələblərindən
irəli gələrək bir sıra hüquqi normalara
konstitusion status yaratmış, eyni zamanda, insan hüquq və
azadlıqlarına təminatı gücləndirmişdir.
Ötən müddətdə
Azərbaycan Prezidentinin məhkəmə və ədliyyə
sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə
imzaladığı ən mühüm sənədlərdən
biri 2009-cu il 6 fevral tarixli "Azərbaycan ədliyyəsinin
inkişafına dair 2009-2013-cü illər üçün
Dövlət Proqramı" olmuşdur. Dövlət
proqramının imzalanması ədliyyə orqanlarının
və məhkəmələrin dinamik inkişafının təmin
edilməsi, yeni informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi, normativ-hüquqi və
maddi-texniki təminatının
yaxşılaşdırılması, kadr potensialının
gücləndirilməsi məqsədi daşıyır.
Dövlət proqramının 6-cı
hissəsində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi
və infrastrukturunun yaxşılaşdırılması sahəsində
bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Proqrama əsasən, 2009-2013-cü illərdə məhkəmələrin
fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar
külliyatının və onların şərhinə dair vəsaitlərin
hazırlanması, "Ədliyyə sisteminin müasirləşdirilməsi"
layihəsi çərçivəsində məhkəmə
fəaliyyətində, o cümlədən işlərin qeydiyyatı və hərəkətində, məhkəmə
proseslərinin aparılmasında yeni texnologiyaların tətbiqi,
habelə məhkəmələrin maddi-texniki bazasının
yaxşılaşdırılması və onlar
üçün lazımi iş şəraitinin təmin edilməsi,
yeni yaradılmış Bakı, Gəncə, Sumqayıt,
Şirvan və Şəki apellyasiya məhkəmələrinin
inzibati binalarla təmin edilməsi nəzərdə tutulur.
Ümumilikdə, dövlət proqramı ədliyyə
orqanları ilə yanaşı, məhkəmələrin də
fəaliyyətinin müasirləşdirilməsinə və təkmilləşdirilməsinə
yeni imkanlar açır.
Dövlət
başçısı İlham Əliyevin iştirakı ilə
2006-cı ilin avqustunda əsası qoyulmuş Ali Məhkəmənin
yeni binasının 2009-cu ilin mayında açılış
mərasiminin keçirilməsi də məhkəmələrin
müasirləşdirilməsi istiqamətində mühüm
addımlardan biri kimi yaqqa qalmışdır. Azərbaycan
Prezidenti İlham Əliyev açılış mərasimindəki
çıxışında binanın ən müasir
standartlara cavab verdiyini, burada ən müasir texnologiyaların
tətbiq edildiyini razılıqla vurğuladı. Dövlət
başçısı bununla yanaşı, hakimlərin fəaliyyəti
ilə bağlı tövsiyələrini, arzu və niyyətlərini
də ifadə etdi: "Mən binanın təməl
daşının qoyulması ilə əlaqədar
keçirilmiş mərasimdə demişdim ki, bu bina - Ali Məhkəmə
ədalət sarayı olmalıdır və artıq biz bunu əyani
şəkildə görürük. Çox vacibdir ki, burada qəbul
edilmiş bütün qərarlar ədalətli olsun.
Çünki ədalət hər bir cəmiyyətin
inkişafı üçün başlıca amillərdən
biridir. Hər yerdə ədalət olmalıdır, ilk
növbədə, məhkəmə sistemində.
Çünki burada qəbul edilmiş qərarlar insanların
taleyinə təsir göstərir. Bir də demək istəyirəm
ki, heç bir cinayət cəzasız qalmamalıdır, ancaq
günahsız insanlar da cəzalandırılmamalıdır.
Ona görə hakimlərin üzərinə çox
böyük və şərəfli missiya
düşür".
Ötən beş
ildə ölkədə beynəlxalq tələblər səviyyəsində
həyata keçirilən məhkəmə-hüquq
islahatları deməyə əsas verir ki, hələ
2003-cü ilin prezident seçkiləri ərəfəsində
hər bir vətəndaşın layiqli Prezidenti olacağını
bəyan etmiş cənab İlham Əliyev bu vədini əməli işi
ilə doğrultmuş, cəmiyyətin hüquq sisteminin daha
da təkmilləşdirilməsini uğurla təmin
etmişdir. Bu yüksək diqqət və
qayğının nəticəsi kimi, ölkənin məhkəmə-hüquq
sistemi yüksək dinamizmlə inkişaf edərək
davamlı müasirləşmə mərhələsinə qədəm
qoymuş, insan hüquq və azadlıqlarının təmini
prosesində yeni mərhələnin əsası
qoyulmuşdur. Ölkə vətəndaşları inanır
ki, Azərbaycanda demokratiyanın tam bərqərar olmasına
və vətəndaş cəmiyyəti təsisatlarının
inkişafına xidmət edən bu islahatar
qarşıdakı illərdə də inamla davam etdiriləcəkdir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 3.