Ədaləti uca tutan rəhbər
Müstəqil Azərbaycan
yeni minilliyin başlanğıcında ulu öndər,
dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin
ideyalarının ən layiqli davamçısı cənab
İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyə
doğru inamla irəliləyir, bu yolda
qarşılaşdığı müxtəlif maneələrə,
çətinliklərə mətinliklə sinə gərir.
2003-cü ilin 15 oktyabr seçkilərindən ötən 6 il
Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və
tərəqqi yolunun alternativsizliyini bir daha sübuta
yetirmiş, inam və etimad üzərində qərarlaşan,
dərin elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf
strategiyasının həlledici uğurlarını təmin
etmişdir.
2009-cu ilin 15
oktyabrında keçirilmiş növbəti seçkilərdə
də inamlı qələbə qazanaraq ikinci müddətə
Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev son bir
ildə iqtisadi, siyasi, hüquqi islahatları keyfiyyətcə
yeni mərhələdə də uğurla davam etdirmişdir.
Son bir ildə
xüsusən də, məhkəmə-hüquq və ədliyyə
islahatlarının inamla davam etdirilməsi Azərbaycanda
demokratik dəyərlərin daha da möhkəmlənməsinə,
vətəndaş cəmiyyəti təsisatlarının
inkişafına imkan vermişdir. Bu baxımdan 18 mart 2009-cu ildə
keçirilmiş ümumxalq referendumu nəticəsində Azərbaycan
Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin
müstəsna əhəmiyyətini xüsusi qeyd etmək
lazım gəlir. Referendum Aktında Konstitusiyanın 29 maddəsinə
təklif edilən 41 əlavə və dəyişikliyin hər
biri vətəndaşların konstitusion hüquqlarının
daha da genişləndirilməsinə və səmərəli
təminatına xidmət edir.
Hər bir dövlətdə
ali hüquqi sənəd kimi yüksək təsir qüvvəsinə
malik olan Konstitusiya ictimai münasibətləri sivil şəkildə
tənzimləyən, dövlətlə vətəndaş
arasında qarşılıqlı məsuliyyət və vəzifələri
müəyyənləşdirən təkmil hüquqi mexanizm kimi xarakterizə
edilir. Bu nöqteyi-nəzərdən cəmiyyətin
inkişaf tempi, baş verən yeniliklərin pozitiv xarakteri, vətəndaşların
hüquqi və siyasi düşüncə tərzinin kamilləşməsi
qanunların, o cümlədən Konstitusiyanın daha da təkmilləşdirilməsini,
müasirləşdirilməsini obyektiv reallıq kimi gündəmə
gətirir. Hər bir qanun kimi Konstitusiyanın da zamanın
ruhu, cəmiyyətin iradəsi ilə uzlaşması, yeniliklərə
adekvat reaksiya verməsi son dərəcə vacibdir.
Əsas Qanunumuzun məzmun
sabitliyi ilə fərqlənən, uzun müddətə nəzərdə
tutulan, dövlətin hüquq sisteminin fundamental bünövrəsini
təşkil edən ali qanun olması heç də onun daimi
dəyişməzliyi, toxunulmazlığı kimi tövsif
edilmir. Qanunlardan daha üstün hüquqi
qüvvəyə malik olan və beynəlxalq hüquq
normalarına əsaslanan Konstitusiya dövlətin inkişaf
prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla
uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata
çevrilən yenilikləri özündə əks etdirməli,
insan və vətəndaş hüquq və
azadlıqlarına daha etibarlı təminat mexanizmləri
formalaşdırmalıdır. Əsas Qanuna zaman-zaman müəyyən
əlavə və dəyişikliklərin edilməsi, onun
müasir tələblərə
uyğunlaşdırılması bütün demokratik dövlətlər
üçün səciyyəvi haldır.
Martın 18-də
keçirilmiş ümumxalq səsverməsi ilə
Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərlə
ötəri tanışlıq belə, onların mütərəqqi
xarakter daşıdığına, hər bir vətəndaşın
maraq və mənafeyinə cavab verdiyinə ciddi əminlik
yaradır.
Konstitusiyaya edilmiş dəyişikliklərin bir qismi
respublikamızın son illər uğurla həyata
keçirdiyi sosialyönümlü siyasətin xarakterindən
irəli gəlmişdir. Azərbaycan Prezidenti
İlham Əliyevin reallaşdırdığı iqtisadi
islahatların nəticəsi olaraq dövlət büdcəsinin
gəlirlərinin əhəmiyyətli dərəcədə
artması dövlətə vətəndaşın daha
layiqli, firavan həyat səviyyəsinin təmin edilməsi
öhdəliyini götürmək, bu sahədə həyata
keçirilən davamlı siyasətə konstitusiya təminatı
yaratmaq imkanı verir. Bu baxımdan konkret olaraq
12 və 15-ci maddələrlə dövlət hər bir vətəndaşın
"layiqli həyat səviyyəsinin təmin
olunmasını", habelə "sosial
yönümlü" siyasətin həyata keçirilməsini
mühüm öhdəliklər kimi üzərinə
götürür. Sosial siyasət dedikdə, hər bir vətəndaşın
ehtiyaclarının daha dolğun, təminatlı şəkildə
ödənilməsinə xidmət edən səmərəli
tədbirlər sistemi nəzərdə tutulur.
2009-cu ilin 18 mart
referendumunun nəticəsi kimi Konstitusiyaya edilən əlavə
və dəyişikliklərin bir qismi məhkəmələrin
fəaliyyəti ilə bağlı olmaqla, ədalət
mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə,
vətəndaşların qanuni mənafeyinin məhkəmələrdə
daha etibarlı müdafiəsinə xidmət etmişdir. Məsələn, 125-ci
maddəyə edilən əlavəyə görə isə
"Məhkəmə icraatı həqiqətin müəyyən
edilməsini təmin etməlidir". Yəni, həqiqətin
müəyyən edilməsi bir konstitusion öhdəlik kimi məhkəmələrin
üzərinə qoyulur. 129-cu maddənin (Məhkəmə qərarları
və onların icrası) II hissəsinə edilən əlavədə
isə qeyd olunur ki, "Məhkəmə qərarının
icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə
səbəb olur". Azərbaycan Respublikası
Konstitusiyasının 129-cu maddəsində məhkəmənin
qəbul etdiyi qərarların dövlət adından
çıxarılması və məcburi olması təsbit
edilmişdir.
Dövlət
başçısı son bir ildə cəmiyyətin hüquq
sistemində xüsusi yeri və rolu olan ədliyyə sisteminin
müasirləşdirilməsi istiqamətində də bir
sıra tədbirlər həyata keçirmişdir. 2009-cu il 6
fevral tarixli "Azərbaycan Ədliyyəsinin
inkişafına dair 2009-2013-cü illər üçün
Dövlət
Proqramı" aktuallığına, əhatə etdiyi məsələlərin
miqyasına, ədliyyə sahəsində həllini gözləyən
problemlərə kompleks yanaşma mexanizmlərinə görə
xüsusilə fərqlənir. Dövlət
proqramının preamblua hissəsində vurğulandığı
kimi, ölkədə hüquq sisteminin müasirləşdirilməsi,
məhkəmə-hüquq islahatlarının davam etdirilməsi
ədliyyə orqanlarının və məhkəmələrin
fəaliyyətinin son dövrün tələbləri səviyyəsində
qurulmasını, ədalət mühakiməsinin
səmərəliliyinin artırılmasını, vətəndaşların
məhkəmələrə və ədliyyə orqanlarına
müraciət imkanlarının
asanlaşdırılmasını, regionlarda hüquq
infrastrukturunun genişləndirilməsini, yeni nəsil
hüquqşünaslarının
formalaşdırılmasını, cəza-icra siyasətinin
humanistləşdirilməsini zəruri edir. Dövlət
proqramının imzalanması da məhz ədliyyə
orqanlarının və məhkəmələrin dinamik
inkişafının təmin edilməsi, yeni informasiya və
kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi və
maddi-texniki təminatın
yaxşılaşdırılması, kadr potensialının, ədliyyə
orqanlarının sosial müdafiəsinin gücləndirilməsi
məqsədini daşıyır.
"Azərbaycan Ədliyyəsinin
inkişafına dair 2009-2013-cü illər üçün
Dövlət Proqramı" ədliyyə sahəsində daha
sürətli inkişafı təmin etmək
üçün əsas vəzifələri, istiqamətləri
yerinə yetirilməli olan tədbirləri müəyyən
edir. Dövlət proqramının məqsədi
Azərbaycan Respublikasının ədliyyə sahəsində
dövlət siyasətinin daha uğurla həyata keçirilməsini,
ölkədə aparılan məhkəmə-hüquq
islahatlarının davam etdirilməsini, ədliyyə
orqanlarının və məhkəmələrin dinamik
inkişafını təmin etməkdən ibarətdir.
Azərbaycanda insan
hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin
mövcudluğu öz təsdiqini bu gün həm də
demokratik institut kimi formalaşmış kütləvi
informasiya vasitələrinin müstəqil fəaliyyətində,
onların inkişafı üçün yaradılmış
hüquqi təminatlarda tapır. Respublikamızda bu yöndə həyata
keçirilən mütərəqqi islahatlar, ilk növbədə,
demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet
seçərək bu yolla inamla irəliləyən Azərbaycanda
kütləvi informasiya vasitələrinin fəaliyyətinə
verilən yüksək qiymətin ifadəsi
sayılmalıdır. Dövlət başçısı
İlham Əliyev söz və mətbuat
azadlığının təmini sahəsində həyata
keçirdiyi siyasəti son bir ildə də uğurla davam
etdirmişdir. Azərbaycan Prezidentinin 3 aprel
2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması haqqında" sərəncamı da məhz
Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi
Konsepsiyasında əksini tapmış məsələlərin
praktik surətdə gerçəkləşdirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncamla
həmçinin "Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu haqqında
Nizamnamə" təsdiq edilmişdir.
Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi konsepsiyasına
görə, kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi metodiki, təşkilati-texniki,
konsultativ, maliyyə və digər formalarda ola bilər. Metodiki dəstək
kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi,
onların informasiya əldə etmək imkanlarının
genişləndirilməsi, kütləvi informasiya vasitələri
nümayəndələrinin ixtisas və peşə
hazırlığının artırılması
üçün tövsiyələr, materiallar, məlumat
kitabçaları və digər vəsaitlərin
hazırlanması yolu ilə həyata keçirilməlidir. Fond Mətbuat Günü ərəfəsində
40-a yaxın kütləvi informasiya vasitəsinə 10 min manat
yardım göstərmiş, eyni zamanda, elan olunmuş qrant
müsahibəsinin 2009-cu il sentyabrın 1-də nəticələri
açıqlanmışdır. Ümumilikdə, KİV-nin
inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması
mətbuatın inkişafı və problemlərinin həlli
baxımından mühüm addım olmuşdur.
Cənab İlham Əliyev
insan və vətəndaş hüquq və
azadlıqlarının qorunması, ədalət mühakiməsinin
səmərəliliyinin təmin edilməsi baxımından məhkəmələrin
normal iş şəraitinin yaradılmasını da son dərəcə
vacib hesab edir. Məhkəmələrin maddi-texniki bazasının
gücləndirilməsi, onların yeni bina və inventar ilə
təmin olunması, hakimlərin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində həyata
keçirilən tədbirlər də məhz bu ali məqsədin
gerçəkləşdirilməsinə xidmət edir. 2009-cu
ilin mayında Ali Məhkəmənin ən müasir tələblərə
cavab verən yeni binasının istifadəyə verilməsi də
bu diqqət və qayğının bariz təcəssümüdür.
Azərbaycan Prezidenti İlham Əliyev həmin binanın
açılış mərasimindəki
çıxışında hakimlərin fəaliyyəti ilə
bağlı tövsiyələrini, arzu və niyyətlərini
də ifadə etmişdir: "Hər yerdə ədalət
olmalıdır, ilk növbədə, məhkəmə
sistemində. Çünki burada qəbul edilmiş qərarlar
insanların taleyinə təsir göstərir. Bir də demək
istəyirəm ki, heç bir cinayət cəzasız
qalmamalıdır, ancaq günahsız insanlar da cəzalandırılmamalıdır.
Ona görə hakimlərin üzərinə çox
böyük və şərəfli missiya
düşür".
2008-ci ilin 15 oktyabr
seçkilərindən sonra hüquqi sahədə aparılan
islahatlar göstərir ki, Azərbaycanda qanunun aliliyinin təminatı,
məhkəmə hakimiyyətinin dövlət idarəçilik
mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül
tapması, ədalət mühakiməsinin həyata
keçirilməsi zamanı insan hüquq və
azadlıqlarının müdafiəsinin yüksək səviyyədə
təşkili, cinayət və mülki mühakimədə
demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun
formalaşdırılması, məhkəmələrin fəaliyyətində
şəffaflığın təmin edilməsi, ədliyyə
sisteminin müasirləşdirilməsi və
digər konseptual məsələlərin həlli dövlət
başçısının xüsusi diqqət mərkəzində
olmuşdur. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin
inamla həyata keçirdiyi məhkəmə-hüquq islahatları
bundan sonrakı mərhələdə də
qanunçuluğun, hüquq qaydalarının daha da
möhkəmlənməsinə, habelə Azərbaycanın
beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə
xidmət edəcəkdir.
Elşad ABDULLAYEV,
hüquq elmləri doktoru,
professor
Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 5.