İnkişaf və uğur xətti
Siyasi fəaliyyətin
istənilən məqbul formasının ən son hədəfi
reallığa adekvat mütərəqqi ideya və
proqramların xalqın iradəsinə söykənən
hakimiyyət vasitəsilə həyata keçirilməsidir.
Çoxluğun gələcək taleyini, onun mənafeyini
özündə ehtiva edən ümummilli siyasətə isə
yalnız dövlətinə və xalqına bağlı
liderlərin fəaliyyətində təsadüf olunur. Real
siyasət də məhz belə liderlərin
davranışlarına, bütövlükdə cəmiyyət
həyatına təsir göstərən praqmatik və
rasional qərarlarına istinad edir. Hakimiyyəti xalqa güvənən,
onun dəstəyini daim hiss edən ləyaqətli və
peşəkar siyasətçi idarə edəndə dövlət
daha qüdrətli olur və inanılmaz nəticələrə
möhürünü vurur.
2003-cü ilin 15
oktyabrında xalqın iradəsi ilə dövlət
başçısı seçilərək 6 ildə
ümummilli liderin dövlətçilik kursunu ləyaqətlə
davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qısa
zamanda özü də yeni bir idarəçilik məktəbinin
banisinə çevrilmişdir. Azərbaycan Prezidentinin
son 6 illik inamlı fəaliyyəti onun Heydər Əliyev
ideyalarının, sadəcə, davamçısı deyil,
eyni zamanda, bu ideyaları yeni dövrün nəbzinə,
zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən
qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Azərbaycan xalqının 2008-ci il 15 oktyabr tarixli
müdrik və uzaqgörən seçimi də məhz bu
reallıqla şərtlənmiş, ölkə vətəndaşları
son beş ildə hər vədini əməli işi ilə
doğruldan, əzmkar fəaliyyəti ilə ölkə həyatının
müxtəlif sahələrində
inkişaf və tərəqqini təmin edən, bütün
məsələlərdə insan və şəxsiyyət
amilini uca tutan layiqli siyasi liderə səs vermişlər. Əgər
2003-cü ildə cənab İlham Əliyevin dövlət
başçısı seçilməsi cəmiyyətin ulu
öndərin siyasi xəttinə yüksək etimadı
ilə şərtlənirdisə, 2008-ci ildə bu seçimə
Azərbaycan Prezidentinin rəhbərliyi altında
qazanılmış böyük sosial-iqtisadi uğurlar da
pozitiv təsir göstərmişdir.
2003-cü ildən
sonra Azərbaycanın ümumi daxili məhsul istehsalına
görə dünyanın lider dövlətlərindən
birinə çevrilməsi, dövlət büdcəsinin 10 dəfədən
çox artırılması, Bakı-Tbilisi-Ceyhan neft,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin uğurla
reallaşması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
tikintisinə başlanması, habelə qlobal infrastruktur layihələrinin
uğurla həyata keçirilməsi, vətəndaşların
sosial təminatının, həyat səviyyəsinin yüksəldilməsi,
regionların davamlı inkişafı, sahibkarlığa daha əlverişli
şəraitin formalaşdırılması və digər sahələrdə
əldə etdiyi nailiyyətlər ölkə vətəndaşlarının
2008-ci ilin 15 oktyabr seçimini qaçılmaz, labüd prosesə
çevirmişdir. Ümumilikdə, 2003-cü ildən
geniş vüsət almış inkişaf və tərəqqi
mərhələsinin statistikası yalnız quru və
cansıxıcı rəqəmlərdə deyil, real həyat
həqiqətlərində - sosial problemlərin
davamlı həllində, işsizliyin, yoxsulluğun aradan
qaldırılmasında, regionların davamlı tərəqqisində,
nəhəng infrastruktur və enerji layihələrinin reallaşdırılmasında,
cəmiyyətdə maddiləşən işgüzar fəallığın
artmasında, mənəvi-psixoloji ovqatın yüksəlməsində
intişar tapır.
Bu nailiyyətlər,
ilk növbədə, dövlət
başçısının bölgələrə səfərləri
zamanı vəziyyətin təhlili əsasında
iqtisadiyyatın inkişafı üçün rrioritet sahələri
müəyyənləşdirməsinin, tarazlı və
davamlı regional tərəqqini təmin edən fundamental
dövlət rroqramlarının
hazırlanmasına dair fərman və sərəncamlarının,
eləcə də onların həyata keçirilməsi
istiqamətindəki əzmkar zəhmətinin bəhrəsidir.
Dövlət
başçısı İlham Əliyev Azərbaycanı
yüksəlişə aparan bu siyasi kursu 2008-ci ilin 15 oktyabr
seçkilərindən sonra da inamla davam etdirərək Azərbaycanın
ötən illərdə əsası qoyulmuş sürətli
inkişaf tempini qoruyub saxlamağa, çevik və məqsədyönlü
antiböhran tədbirləri həyata keçirməyə nail
olmuşdur. Hökumət regional inkişafa, qeyri-neft sektorunun
tərəqqisinə xidmət edən iqtisadi strategiyanı bu
il də davam etdirməklə, neft amilindən
asılılığın minimum həddə endirilməsinə
çalışır. Son bir ildə qlobal
böhrana qarşı effektiv müqaviməti təmin edən
amillərdən biri də milli iqtisadiyyatın şaxələndirilməsi
siyasətinin uğurla həyata keçirilməsi, habelə
prioritet istehsal sahələrinin uzlaşdırılması,
inkişaf potensialının qarşılıqlı kömək
mexanizmi əsasında realizə edilməsidir. "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət
Proqramı"nın uğurlu davamı olaraq dövlət
başçısı İlham Əliyevin 14 aprel 2009-cu ildə
imzaladığı "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" bu baxımdan
xüsusi əhəmiyyətə malikdir.
2009-2013-cü illəri əhatə
edən regional inkişaf proqramında işsizliyin aradan
qaldırılması istiqamətində tədbirlərin davam
etdirilməsi də mühüm vəzifələrdən biri
kimi müəyyənləşdirilmişdir. Proqramda göstərilir
ki, qarşıdakı illərdə məşğulluq siyasətində
əsas məqsəd əmək ehtiyatlarından daha dolğun
istifadə olunmaqla əhalinin səmərəli məşğulluğunu
təmin etməkdir. Bu məqsədə nail
olmaq üçün sahibkarlığın, xüsusilə,
kiçik və orta sahibkarlığın inkişafı
üçün daha münbit şəraitin
yaradılması, məşğulluğun səmərəli
inkişafını təmin edən investisiya fəallığının
dəstəklənməsi, işaxtaran və işsiz vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi,
qeyri-formal əmək münasibətlərinin
leqallaşdırılması istiqamətində tədbirlərin
həyata keçirilməsi, əmək bazarında tələb
və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə
yönəldilmiş infrastrukturun təkmilləşdirilməsi,
kadr hazırlığı sisteminin, o cümlədən
peşə hazırlığı və ixtisasartırma şəbəkələrinin
fəaliyyətinin dinamik inkişaf edən əmək
bazarının tələblərinə
uyğunlaşdırılması nəzərdə tutulur.
İnkişaf
etmiş dövlətlərin təcrübəsi göstərir
ki, cəmiyyətin artmaqda olan sosial-iqtisadi tələbatının
ödənilməsi, mövcud istehsal potensialından tam və
səmərəli istifadə edilməsi, elmi-texniki tərəqqinin
nailiyyətlərinin istehsala tətbiqi kimi yeniliklər
bilavasitə dövlətin əsaslı kapital qoyuluşlarından
asılıdır. Azərbaycanın dövlət büdcəsinin
gəlirlərinin artımı, ölkənin hərtərəfli
inkişafı təbii olaraq insan amilinin inkişafı
baxımından infrastruktur layihələrinə xüsusi diqqət
ayırmağı zəruri edir. Dövlət
başçısı cənab İlham Əliyev də məhz
bu reallıqdan çıxış edərək hər bir
ölkə vətəndaşının rahat, firavan
yaşayışı üçün dövlət büdcəsindən
lazımi vəsaitin ayrılmasını təmin edir. "Mən
istəyirəm ki, hər bir vətəndaşın evində
işıq, qaz, su olsun, insanlar daha firavan, rahat
yaşasınlar" - deyən dövlət
başçısı cari ildə də bu istiqamətdə
ardıcıl tədbirlər həyata keçirir.
Respublikamızın 2009-cu ildəki dövlət büdcəsi
əbəs yerə investisiya yönümlü hesab olunmur.
2009-cu ilin büdcəsində bu məqsədlə 5,6 milyard
manatın nəzərdə tutulması deyilənləri bir
daha təsdiqləyir. Bunun nəticəsidir ki,
respublikada qlobal böhranla əlaqədar olaraq nəinki əvvəlki
illərdən başlanmış layihələrin icrası
yubanmamış, eyni zamanda, yeni-yeni sosial-mədəni obyektlərin
əsası qoyulmuşdur. 2009-cu ildə Bakıda çoxlu mədəniyyət
obyektlərinin, park və xiyabanların, yolların və yol
ötürücülərinin, körpü və
keçidlərin istifadəyə verilməsi bunu bir daha
nümayiş etdirmişdir.
Hökumətin
investisiya layihələrinə, o cümlədən
infrastrukturun yeniləşdirilməsinə xüsusi diqqət
yetirməsi, bu sahədə əməli tədbirlərin həyata
keçirilməsi, yeni yolların çəkilməsi,
işıq, qaz, su və s. kommunal problemlərin həlli
sahibkarların da normal fəaliyyətinə geniş imkanlar açır. Prezident İlham Əliyevin
dəfələrlə vurğuladığı kimi, Azərbaycanın
bugünkü sabit və davamlı inkişafında sahibkarlar
sinfinin, özəl sektorun rolu misilsizdir. Cənab İlham Əliyevin
ölkə rəhbərliyinə gəlişindən sonra Azərbaycanda
özəl sektorun inkişafı daha da sürətlənmiş,
respublikamızda sahibkarlığın inkişafına diqqət
artırılmışdır. Kiçik və
orta sahibkarların güzəştli kreditlərlə təmin
olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin
qarşısının alınması, özəl sektorda
inkişafa mane olan süni problemlərin həlli istiqamətində
bir sıra mühüm addımlar atılmışdır.
Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara
süni maneələrin yaradılması, hüquq-mühafizə
orqanlarının iş adamlarının fəaliyyətinə
müdaxiləsi hallarını pisləmiş, bu münasibət
konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi,
inflyasiyanın qarşısının alınması
üçün əsaslı tədbirlərin görülməsi,
"Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramının (2004-2006-cı illər)" təsdiqlənməsi,
ədliyyə sistemində aparılan islahatlar, biznes subyektlərinin
qeydiyyatı və lisenziya sisteminin sadələşdirilməsi,
yerlərdə regional iqtisad məhkəmələrinin
yaradılması və s. kimi tədbirlər də bunun əyani
təcəssümüdür.
Sahibkarlığın
inkişafı baxımından respublikada azad iqtisadi zonanın
bir növü olan xüsusi iqtisadi zonanın yaradılması
istiqamətində həyata keçirilən tədbirlər də
xüsusi əhəmiyyət kəsb edir. Xatırladaq ki, Azərbaycan
Prezidenti İlham Əliyev hələ 2007-ci il 6 mart tarixdə
"Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların
yaradılması haqqında" fərman
imzalamışdır. Fərmanda ölkə
iqtisadiyyatının və onun ayrı-ayrı
regionlarının inkişafı üçün əlverişli
şəraitin yaradılması, investisiyaların təşviqi
və prioritet sahələrə yönəldilməsi, yeni
iş yerlərinin açılması, müasir idarəetmə
təcrübəsinin istifadə edilməsi, rəqabət
qabiliyyətli mal və xidmətlərin təqdim edilməsi
kimi məsələlərin həllinə nail olmaq məqsədi
ilə xüsusi iqtisadi zonaların yaradılmasının vacibliyi
vurğulanmışdır. Fərman əsasında
Milli Məclisdə hazırlanaraq qəbul olunmuş və
2009-cu il aprelin 14-də təsdiq edilmiş "Xüsusi
iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının
Qanunu da bu sahənin fəaliyyətini hüquqi cəhətdən
tənzimləyəcək təkmil sənəddir. Sosial-iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsində
ərsəyə gəlmiş bu qanun iqtisadçılar və
mütəxəssislər tərəfindən regional
inkişafa və sahibkarlığın inkişafına xidmət
edən kompleks tədbirlərin tərkib hissəsi və
davamı kimi dəyərləndirilir.
Dövət
başçısı İlham Əliyevin son bir illik fəaliyyətinin
ən qabarıq uğurlarından biri də Azərbaycanın
Avropa məkanında enerji təhlükəsizliyindəki
xüsusi çəkisinin artmasıdır. Cənab İlham Əliyevin
xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi
çevik enerji diplomatiyası əsrlərin qovuşuğunda
Azərbaycanın bölgədə və dünyada layiqli
yerini tapmasını, regional liderliyini təmin etmişdir. Dövlət başçısı İlham Əliyev
bu ilin yanvarında Macarıstanda keçirilmiş enerji
sammitində, may ayında isə Avropa Birliyinin toplantısında
enerji məsələləri ilə bağlı faydalı
müzakirələr aparmış, dövlətin bu sahədə
malik olduğu geniş imkanlar barədə ətraflı məlumat
vermişdir. 2009-cu ildə Nabukko layihəsinin
gerçəkləşdirilməsi ilə bağlı
müzakirələrin bilavasitə Azərbaycanın
iştirakı ilə aparılması, dövlət
başçısı İlham Əliyevin Budapeşt sammitində
iştirakı da respublikamızın bütövlükdə
regionun enerji təhlükəsizliyində artan rolu və
imkanları ilə şərtlənir.
Azərbaycan
qazının Rusiyaya satışı ilə bağlı
aparılan danışıqların 2009-cu ilin iyun ayında
uğurlu sonluğa yetişməsi - hər iki ölkənin
dövlət rəhbərlərinin bununla əlaqədar
Bakıda saziş imzalaması respublikamızın regionun
enerji təhlükəsizliyi sisteminə daha bir mühüm töhfəsi sayıla bilər.
Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana iyun
ayında səfəri zamanı əldə edilmiş yekun
razılığa əsasən, Azərbaycan 2010-cu ildən
Rusiyaya hər 1000 kubmetri 350 ABŞ dolları olmaqla, ildə
500 milyon kubmetr mavi yanacaq ixrac etməlidir. 5 illik müqavilənin
rəsmi Bakının maraqlarına cavab verən şərtlər
əsasında imzalanması göstərir ki, respublikamız
istənilən məsələdə, o cümlədən təbii
sərvətlərindən səmərəli istifadədə
ilk növbədə xalqın milli mənafeyini əsas
götürür.
Bütün bunlar
göstərir ki, respublikamızın əldə etdiyi
uğurlu nəticələrin arxasında cənab İlham Əliyevin
həyata keçirdiyi məqsədyönlü siyasət, elmi
əsaslara və ölkəmizin mövcud potensialına
söykənən inkişaf prioritetləri dayanır. Dövlət
başçısının son bir illik fəaliyyəti
ölkə həyatı üçün strateji əhəmiyyət
kəsb edən inkişaf proqramlarının işlək
mexanizmlər əsasında reallaşdırılması, ən
müxtəlif sahələrdə intibah prosesinin geniş
vüsət alması, qlobal böhranın milli
iqtisadiyyata təsirlərinin zəiflədilməsi ilə səciyyəvi
olmuşdur. Azərbaycanın bu uğurlu təməl üzərində
2010-cu ildə də sürətli inkişaf edəcəyinə,
sosial-iqtisadi sahədəki bir çox çətinliklərin
öhdəsindən uğurla gələcəyinə isə
heç bir şübhə yoxdur.
Müşfiq ATAKİŞİYEV,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.- 2009.- 15 oktyabr.- S.5.