Azərbaycan-Belarus əlaqələri: əməkdaşlığın
inkişafına parlamentlərin töhfəsi
Dünyamızda bu gün baş verən hadisələr,
həm təbiət, həm də cəmiyyətdə gedən
qlobal dəyişikliklər dövlətləri bir-birinə
daha çox yaxınlaşmağa, daha sıx əlaqələr
qurmağa, ölkələrin üzləşdiyi problemlərin
həllinə birgə səy göstərməyə
vadar edir. Dünyanın bir ailə şəklində
yaşaması nəinki ayrı-ayrı dövlətlərin
üzləşdiyi çətinlikləri dəf etməyə,
hətta onun qabaqcadan qarşısını almağa imkan verə
bilərdi. Burada, təbii ki, dövlətlər arasında
münasibətlərin yaxşı səviyyədə
olması və bunun inkişaf etdirilməsi çox vacib şərtlərdən
biri kimi qiymətləndirilə bilər.
Bu gün Azərbaycanımız
bu sahədə çox böyük uğurlar əldə etməkdədir
və artıq ölkəmiz dünya birliyində öz layiqli
yerini tutmaqdadır. Azərbaycan dünyanın ayrı-ayrı
ölkələri ilə ikitərəfli əlaqələrin
yaranması və inkişafında maraqlıdır. Bunlar - Azərbaycan xalqının mənafeyinin
qorunması, ölkəmizin dünya birliyinə
inteqrasiyası, üzləşdiyimiz və
qarşımıza çıxa biləcək taleyüklü
məsələlərin həlli, ölkəmizin nüfuzunun
artması, iqtisadi gücünün çoxalması, dünya
ölkələri sırasında söz sahibinə
çevrilməsi, dövlətimizin mövqeyinin həm
regionda, həm də dünyada güclənməsini şərtləndirən
maraqlardır.
Sevindirici haldır
ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən daxili və xarici siyasətimizin
uğurlu nəticələri hər addımda Azərbaycanımızın
bu günü və sabahı üçün dünya
birliyində böyük perspektivlər yaradır. Azərbaycan ayrı-ayrı
dövlətlərlə münasibətlərin
inkişafına xüsusi önəm verir. Azərbaycan
dövlət başçısının ayrı-ayrı
ölkələrə səfərləri və
dünyanın müxtəlif dövlət
başçılarının Azərbaycana səfərləri,
eləcə də yüksək səviyyələrdə
qarşılıqlı səfərlərin il ərzində
statistikasını aparsaq, onda Azərbaycanın ikitərəfli
münasibətlərin inkişafına nə dərəcədə
böyük önəm verdiyinin şahidi olarıq. Onu da qeyd
etmək lazımdır ki, həqiqətən, intensiv xarakter
daşıyan səfərlər ildən-ilə artmaqdadır.
Azərbaycan parlamenti bu cür
ikitərəfli əlaqələrin inkişafına öz
töhfəsini verməkdədir. Milli Məclis dünyanın
müxtəlif ölkələrinin parlamentləri ilə
öz əlaqələrini genişləndirir. Bu
gün Milli Məclisin 70-dən çox ölkələrin
parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir
ki, bu da parlamentlərarası münasibətlərin,
ümumilikdə isə ölkələr arasında əlaqələrin
inkişafında mühüm rol oynayır. Azərbaycan
parlament nümayəndə heyətinin müxtəlif ölkələrə
yaddaqalan və uğurlu səfərləri olur.
İnanırıq
ki, Milli Məclisin Sədri Oqtay Əsədovun
başçılığı ilə nümayəndə heyətinin
oktyabrın 12-si və 13-də Belarus Respublikasına rəsmi
səfəri hər iki tərəf üçün çox
böyük tarixi əhəmiyyətə malik olan səfərlərdən
biri kimi yadda qalacaq.
Məlumdur ki, yüksək səviyyəli
nümayəndə heyətlərinin səfərləri,
xüsusilə də rəsmi səfərləri müəyyənləşdirilmiş
proqram əsasında və protokol qaydalarına uyğun həyata
keçirilir. Bu, birmənalı olaraq bütün dövlətlər
tərəfindən rəsmi qaydada qəbul olunmuş və
yerinə yetirilməsi vacib olan prinsiplərdəndir. Amma bu cür səfərlər müəyyənləşmiş
çərçivə daxilində keçirilsə də,
nümayəndə heyətinə olan münasibəti həmin
nümayəndələrin təmsil olunduğu ölkəyə
olan münasibət kimi də qiymətləndirmək, zənnimcə,
düzgün olardı. Bu baxımdan, parlament nümayəndə
heyətimizin Belarusun paytaxtı Minsk şəhərinə səfərinin
ilk dəqiqələrindən ölkəmizə olan xoş
münasibətin şahidi olduq.
Minsk hava
limanında Milli Məclisin Sədri Oqtay Əsədovu və
onu müşayiət edən parlament nümayəndə heyətini
Belarus Respublikası Milli Məclisinin Nümayəndələr
Palatasının Sədr müavini Valeriy İvanov, ölkəmizin
Belarusdakı fövqəladə və səlahiyyətli səfiri
Əli Nağıyev, Azərbaycan diasporunun nümayəndələri
və digər rəsmi şəxslər
qarşıladılar. Əllərində duz-çörəklə
milli geyimli qızların Minsk hava limanına gəlməsi
bambaşqa maraqlı bir mənzərə yaradırdı, rəsmi
qarşılanma mərasiminə sanki bir doğmalıq, bir
şirinlik qatırdı.
Rəsmi səfərin müddəti
qısa olsa da, proqram çox zəngin idi. Səfər
proqramı çərçivəsində bir sıra
görüşlər, danışıqlar və müxtəlif
tədbirlər nəzərdə tutulmuşdur. Elə həmin
gün, yəni oktyabrın 12-də Milli Məclisin Sədri
Oqtay Əsədov Belarus Respublikasının Prezidenti Aleksandr
Lukaşenko ilə görüşdü.
Səmimi qəbula
və yüksək qonaqpərvərliyə görə
Prezident A.Lukaşenkoya minnətdarlığını bildirən
Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan
Prezidenti İlham Əliyevin salamlarını
çatdırdı. Sədr qeyd etdi ki, Azərbaycan Belarus
Respublikası ilə hərtərəfli əməkdaşlığa
böyük
önəm verir. Dövlət başçılarının
qarşılıqlı səfərləri ikitərəfli
münasibətlərin inkişafına impuls verir. Sədr qeyd
etdi ki, diplomatik əlaqələrimiz 1993-cü ildən
başlayıb və hər iki ölkədə səfirliklərimizin
fəaliyyət göstərməsi Azərbaycan-Belarus əlaqələrinin
yüksək səviyyədə olduğunun bariz nümunəsidir.
Qeyd olundu ki, ölkələrimiz
arasında iqtisadi münasibətlərin daha da dərinləşməsi
üçün böyük potensial imkanlar mövcuddur.
2008-ci ildə Azərbaycanla Belarus arasında mal dövriyyəsi
təxminən 95 milyon ABŞ dolları həcmində
olmuşdur. Energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat,
kommunikasiya, digər sənaye sahələri üzrə əməkdaşlığın
bütün imkanlarından istifadə olunması hər iki
ölkənin xalqlarının mənafeyinə xidmət edir.
Parlamentlərarası əlaqələrimizin
inkişafından danışan Spiker Oqtay Əsədov bu əlaqələrin
dövlətlərarası münasibətlərin dərinləşməsinə
böyük töhfə verdiyini söylədi. Qeyd etdi ki,
parlamentlərimiz arasında nəzərdə tutulan Əməkdaşlıq
haqqında Saziş bu sahədəki hüquqi bazanın
möhkəmləndirilməsinə xidmət edəcək. Sədr
beynəlxalq təşkilatlarda da əməkdaşlığımızın
möhkəm əsaslara söykəndiyini bildirdi.
Azərbaycan parlament nümayəndə
heyətini səmimiyyətlə salamlayan Belarus Prezidenti
Aleksandr Lukaşenko salamlarına görə Prezident İlham Əliyevə
təşəkkürünü bildirdi və onun da
salamlarını Azərbaycan Prezidentinə
çatdırmağı xahiş etdi. Prezident Lukaşenko bu
cür səfərləri yüksək qiymətləndirərək
bildirdi ki, qanunverici orqanlar dövlətin və cəmiyyətin
həyatında çox mühüm rol oynayır. Onlar
arasındakı əlaqələr ölkələrarası
münasibətlərin inkişafında vacib məqamlardandır.
Belarus Prezidenti bu baxımdan hər iki ölkənin
qanunvericilik orqanı arasında imzalanacaq sənədi yüksək
dəyərləndirdi.
Görüşdə iqtisadi,
siyasi, mədəni, parlamentlərarası əlaqələr və
həyatın digər sahələrində əməkdaşlığın
inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi
aparıldı.
Sonrakı görüşlər
birbaşa parlamentlərarası əlaqələrlə
bağlı idi. Yəni Azərbaycan nümayəndə heyətinin
Belarus parlamentinin rəhbərliyi ilə görüşləri,
o cümlədən Əməkdaşlıq haqqında
Sazişin imzalanma mərasimi və digər tədbirlər. Həmin
görüşlər və onların nəticələri barədə
danışmazdan əvvəl, istərdik ki, Belarus parlamenti barədə
qısa məlumat verək. Amma, yəqin ki, burada, ümumilikdə
Belarus Respublikası haqqında qısa məlumatlar da yerinə
düşərdi.
Coğrafi mövqeyinə görə
Belarus Şərqi Avropada yerləşir. Şimal və şərqdə
Rusiya, şimal və şimal-qərbdə Litva və Latviya, qərbdə
Polşa, cənubda isə Ukrayna ilə həmsərhəddir.
Təxminən, 208 min kv.km əraziyə malik olan Belarus sahəsinə
görə dünyada 83-cü yerdədir. Bu ilin
statistikasına görə bu ölkədə 10 milyona
yaxın əhali yaşayır. Etnik tərkibinə görə
əhalinin 81 faizini belaruslar, qalanını isə ruslar,
polyaklar, ukraynalılar və yəhudilər təşkil edir.
Burada iki dövlət dili mövcuddur - belarus və rus dilləri.
Müstəqillik əldə etdikdən sonra Belarus Respublikası dünyanın bir çox ölkələri ilə diplomatik əlaqələr qurmuşdur. Azərbaycanla Belarus arasında diplomatik əlaqələrin yaradılması ilə bağlı protokol 1993-cü ilin iyununda imzalanmışdır. Hal-hazırda Belarusun Azərbaycanda, Azərbaycanın isə Belarus Respublikasında səfirlikləri fəaliyyət göstərir. Bu günə qədər ölkələrimiz arasında 59 dövlətlərarası sənəd imzalanmışdır. Əlaqələrimizin dairəsi getdikcə genişlənməkdədir və bu əlaqələr hərtərəfli xarakter daşıyır.
Azərbaycan parlamenti ilə
Oktyabrın 12-də
Azərbaycan parlament nümayəndə heyəti Belarus Respublikası
Milli Məclisinin Nümayəndələr Palatasının Sədri
Vladimir Andreyçenko ilə görüşdü. Milli Məclisin
Sədri Oqtay Əsədov səmimi qəbula və səfərin
yaxşı təşkilinə görə cənab
Andreyçenkoya minnətdarlığını bildirdi. Sədr ümidvar olduğunu bildirdi ki, bu səfər
parlamentlərarası əlaqələrimizin daha da dərinləşməsində
yeni mərhələ açacaq və bu əlaqələrin
inkişafı Azərbaycanla Belarus arasında fəal siyasi
dialoqa öz töhfəsini verəcək. Qeyd olundu ki, Azərbaycanla Belarus arasında müxtəlif
sahələrdə sıx əməkdaşlıq hələ
keçmiş Sovetlər dövründən mövcud
olmuş, dövlətlərimiz arasındakı bu dostluq və
tərəfdaşlıq ənənələri müstəqillik
dövründə daha da dərinləşmişdir. Bu
münasibətlər dövlət
başçılarımızın səyləri nəticəsində
gündən-günə yüksəlməkdədir.
Azərbaycan parlament
nümayəndə heyətinin Belarusa səfərini yüksək
qiymətləndirən Vladimir Andreyçenko qeyd etdi ki, bu
cür səfərlər ölkələrarası münasibətlərin
inkişafında, xüsusilə parlamentlərarası əlaqələrin
daha da dərinləşməsində mühüm rol oynayır. İqtisadi,
siyasi, mədəni və həyatın digər sahələrində
yaxşı ikitərəfli əməkdaşlığın
mövcud olduğunu deyən Nümayəndələr
Palatasının sədri hər iki ölkənin hərtərəfli
əməkdaşlıq üçün daha böyük
potensiala malik olduğunu vurğuladı. Qeyd olundu ki,
müxtəlif səviyyələrdə nümayəndə
heyətlərinin qarşılıqlı səfərləri
ölkələrimiz arasında olan əlaqələrin daha da
inkişafına öz töhfəsini verir. Ali qanunverici
orqanlarımız arasında imzalanacaq Əməkdaşlıq
haqqında Saziş münasibətlərimizin hüquqi
bazasının daha da möhkəmləndirilməsinin bir
nümunəsinə çevriləcək.
Sonra Azərbaycan parlament nümayəndə
heyəti Belarus Respublikası Milli Məclisinin Nümayəndələr
Palatasının iclas zalı ilə tanış oldu, birgə
foto çəkdirildi.
Nümayəndə heyətimizin
növbəti görüşü Belarus Respublikası Milli Məclisi
Respublika Şurasının sədri cənab Boris Batura ilə
oldu. Bu görüşdən məmnunluğunu
ifadə edən Milli Məclisin Sədri Oqtay Əsədov
müstəqillik qazandıqdan sonra ölkələrimiz
arasında olan əlaqələrin daha geniş və hərtərəfli
sahədə inkişaf etdiyini diqqətə çatdırdı.
Qeyd etdi ki, Azərbaycan rəhbərliyi dövlətlərimiz
və xalqlarımız arasında olan əlaqələrin
inkişafına böyük önəm verir. Təsadüfi
deyildir ki, bizim Belarusda yaşayan həmvətənlərimiz
bu ölkənin ictimai və iqtisadi həyatında fəal
iştirak edirlər. Bu baxımdan 2003-cü ilin oktyabrında
Minsk şəhərində "Azərbaycan İcması
Konqresi" Beynəlxalq İctimai Birliyinin yaradılması təqdirəlayiq
haldır və bu birlik Azərbaycan diasporunu Belarus
Respublikasında rəsmi təmsil edir.
Sədr bildirdi ki,
qarşılıqlı səfərlər və
görüşlər əlaqələrimizin möhkəmlənməsində
xüsusi rol oynayır. 2006-cı ildə Prezident İlham Əliyevin
Belarus Respublikasına, 2007-ci ildə isə Prezident Aleksandr
Lukaşenkonun Azərbaycana rəsmi səfərləri və
bu səfərlər çərçivəsində
aparılan danışıqlar, imzalanan sənədlər
iqtisadiyyatımızın bütün sahələrində,
elm, mədəniyyət və humanitar sahələrdə əlaqələrimizin
sonrakı perspektivini müəyyənləşdirmiş və
bu sahədə möhkəm hüquqi baza
yaratmışdır.
Azərbaycan
parlament nümayəndə heyətinin bu səfərini
yüksək qiymətləndirən Belarus Respublikası Milli
Məclisinin Respublika Şurasının sədri Boris Batura
parlamentlərimizin arasında əlaqələrin daha da
inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki,
ölkələrimiz arasında olan hərtərəfli münasibətlərin
daha yüksək səviyyəyə qaldırılmasına və
mövcud potensial imkanlardan daha səmərəli istifadə
edilməsinə parlamentlərarası əlaqələr
böyük töhfələr verə bilər. Bu mənada Azərbaycan
parlamenti ilə Belarus parlamenti arasında əməkdaşlığın
genişləndirilməsi vacib şərtlərdəndir. Hər
iki ölkə parlamentində fəaliyyət göstərən
dostluq qruplarının işinin intensiv xarakter alması bu sahədə
böyük rol oynayır. Söhbətdə parlamentarilərimizin
beynəlxalq təşkilatlarda birgə fəal əməkdaşlıqları
diqqət mərkəzində oldu və bu əməkdaşlığın
daha da inkişaf etdirilməsi vacib sayıldı.
Görüşdə iqtisadi,
siyasi, mədəni, humanitar, turizm və digər sahələrdə
qarşılıqlı maraq doğuran məsələlərə
də toxunuldu.
Sonra Belarus Respublikası Milli Məclisi
və Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq
haqqında Sazişin imzalanma mərasimi oldu. Sənədi Azərbaycan
Respublikasının Milli Məclisi adından Sədr Oqtay Əsədov,
Belarus Respublikası Milli Məclisi adından Respublika
Şurasının Sədri Boris Batura və Nümayəndələr
Palatasının Sədri Vladimir Andreyçenko imzaladılar.
10 maddədən
ibarət olan bu sazişdə Azərbaycan və Belarus dövlətinin,
xalqının mənafelərinə uyğun olan və
dövlətlərimiz arasında qarşılıqlı əməkdaşlığın
ayrı-ayrı istiqamətlərinin daha da möhkəmlənməsinə
kömək etmək məqsədi daşıyan məqamlar nəzərdə
tutulub. Buraya dostluq münasibətlərimizin
möhkəmlənməsi naminə parlamentlərarası əməkdaşlığı
bundan sonra daha da inkişaf etdirmək, siyasi, iqtisadi və
qarşılıqlı maraq doğuran digər sahələrdə
əməkdaşlığın inkişafına kömək
göstərmək, iki ölkə arasında beynəlxalq müqavilələrin tezliklə təsdiq edilməsinə,
qüvvəyə minməsinə və onların vicdanla yerinə
yetirilməsinə kömək göstərmək, qanunverici
orqanlar arasında qanunyaratma fəaliyyəti, informasiya və təcrübə
mübadiləsini daha da genişləndirmək, hər iki
parlamentin komitə və komissiyaları arasında səmərəli intensiv əlaqələrin daha da
artırılmasını təmin etmək, müxtəlif
beynəlxalq parlament assambleyalarında, ittifaq və digər
beynəlxalq təşkilatlarda, seminar və konfranslarda və
başqa tədbirlər çərçivəsində
müntəzəm görüşlər və məsləhətləşmələr
keçirmək, bu sahədə də əməkdaşlığı
genişləndirmək və bu kimi digər vacib məsələlər
daxildir.
Əməkdaşlıq
haqqında Sazişin imzalanma mərasimindən sonra Milli Məclisin
Sədri Oqtay Əsədov, Respublika Şurasının Sədri
Boris Batura və Nümayəndələr Palatasının Sədri
Vladimir Andreyçenko mətbuat nümayəndələri
önündə çıxış edərək sənədin
mahiyyəti və
əhəmiyyəti barədə fikirlərini
açıqladılar. Qeyd olundu ki, bu saziş ölkələrimiz
arasında əlaqələrin daha da dərinləşməsinə,
parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsinə
təkan verəcək.
Xatırladırıq
ki, Azərbaycan parlament nümayəndə heyətinin Belarus
Respublikasına səfəri çərçivəsində
həyata keçirilən bütün görüşlərdə
və danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı ətraflı
fikir mübadiləsi aparılmışdır. Azərbaycan
parlament nümayəndə heyəti bu məsələ ilə
əlaqədar Belarus tərəfinə ətraflı məlumat
vermiş, Ermənistanın beynəlxalq hüquq normalarına
əməl etmədiyini, BMT Təhlükəsizlik
Şurası və digər beynəlxalq qurumların qəbul
etdiyi qətnamə və qərarlara məhəl
qoymadığını, öz işğalçılıq
siyasətindən əl çəkmədiyini diqqətə
çatdırmışdır.
Azərbaycan
parlament nümayəndə heyəti Belarusa rəsmi səfəri
çərçivəsində oktyabrın 13-də bir
sıra müxtəlif tədbirlərə qatıldı. Minsk
şəhərindəki müasir arxitekturanın tələbləri
səviyyəsində tikilib istifadəyə verilmiş Belarus
Milli Kitabxanası ilə tanışlıq yaddaqalan məqamlardan oldu. Əzəmətli
görünüşü ilə diqqəti cəlb edən
bina bu gün təkcə kitabxana kimi deyil, ölkənin
böyük bir elmi və informasiya mərkəzi
funksiyasını da yerinə yetirir. Burada, demək olar ki,
bütün proseslər, xüsusilə də oxucunun tələbatını
ödəmək üçün lazım olan işlər
avtomatlaşdırılmış və mexanikləşdirilmiş
qaydada həyata keçirilir. Nümayəndə
heyətimizə verilən məlumata görə, Belarus
arxitektorları bu sahədə dünyanın bir çox
ölkələrindəki layihələrlə tanış
olmuş, həmin layihələrin məcmusundan yeni bir layihə
ortaya qoymuş və dünyada analoqu olmayan bir kitabxana
binasının yaradılmasını təmin etmişlər.
Bu kitabxanada qədim kitablardan ibarət muzey də
yaradılmışdır.
Milli Məclisin Sədri Oqtay Əsədov
muzeyin qonaqlar kitabına ürək sözlərini yazaraq bu
elm və mədəniyyət məbədində
çalışan insanlara uğurlar arzuladı.
Minsk şəhərinin idman və
mədəni obyektləri sırasında "Tennis
sarayı" özünəməxsus yer tutur. Nümayəndə
heyətimizin üzvləri orada olarkən beynəlxalq
yarış iştirakçılarının
oyunlarını izləmək imkanını qazandılar.
Keçirilən görüş zamanı idmanın bu sahəsində
əməkdaşlıq məsələləri müzakirə
olundu. Belarus tennisinin rəhbər nümayəndələri
Azərbaycanla əməkdaşlığa çox
böyük önəm verdiklərini diqqətə
çatdırdılar. Onlar Azərbaycanda bu sahədə
son vaxtlar çox böyük yeniliklər olduğundan və
Azərbaycan tennisçilərinin uğurlarından məmnun
qaldıqlarını xüsusi vurğuladılar və ölkəmizin
idman aləmi ilə daha sıx əlaqələr yaratmaq niyyətlərini
açıqladılar.
Bu gün Belarusda ən nəhəng
tikinti obyektlərindən biri "Minsk arenası" adlanan
İdman sarayıdır. Hələ də tikilməkdə
olan bu sarayda idmanın müxtəlif sahələri ilə
bağlı beynəlxalq yarışları keçirmək
mümkün olacaq.
Yeni təmirdən
çıxmış və bərpa olunmuş Minsk Opera və
Balet Teatrı diqqəti cəlb edən binalardandır və
onunla tanışlıq nümayəndə heyətində
xoş təəssürat yaratdı.
Hələ Sovetlər
dövründə məşhur olan Minsk Traktor zavodu
bütün gücü ilə işləyir və müasir tələblərə
cavab verən müxtəlif çeşidli traktorlar istehsal
edir.
Zavodla tanışlıqdan sonra
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizin
Belarusdakı səfirliyində oldu, Azərbaycan diasporunun
nümayəndələri ilə görüş keçirdi,
onların qayğı və problemləri ilə maraqlandı.
Bununla da, Milli Məclisin Sədri
Oqtay Əsədovun başçılığı ilə
parlament nümayəndə heyətinin Belarus Respublikasına rəsmi
səfəri başa çatdı və nümayəndə
heyətimiz oktyabrın 13-də Vətənə qayıtdı.
Akif TƏVƏKKÜLOĞLU,
Milli Məclisin mətbuat katibi
Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 6.