Prezident Kitabxanasında "Azərbaycan: dövlət rəmzləri və atributları" adlı elektron nəşr hazırlanmışdır

 

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri adətən onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Xalqımızın maddi, mənəvi və bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən rəmzlər və atributlar sistemi həmişə mövcud olmuşdur.

Tarixi mənbələr, maddi mədəniyyət və incəsənət abidələri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin müxtəlif rəmzləri, həndəsi və nəbati ornamentlərdən, quş və heyvan təsvirlərindən ibarət nişan və emblemləri, üzərində ərəb hərfləri ilə yazılmış möhürləri və tuğraları olmuşdur. Belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə də geniş yayılmışdı.

XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı zamanı Bakı, Gəncə, Şamaxı, Quba, Dərbənd, İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar maddi mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşlar.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət rəmzlərinin - bayraq, gerb və himnin hazırlanması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Üçrəngli dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də xalq cümhuriyyəti süqut etdikdən sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır.

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası cümhuriyyətin milli himninin və dövlət gerbinin hazırlanması haqqında qərar qəbul etmiş və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilmişdi. Lakin 1920-ci il aprelin 28-də xalq cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini və gerbini qəbul etməyə imkan verməmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin möhürü və bir çox medallarının eskizləri də işlənilib hazırlanmış, milli pul vahidləri dövriyyəyə buraxılmışdı.

Azərbaycan 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra dövlət artibutlarının bir qismindən məhrum olsa da, müəyyən dövrdən sonra dövlət bayrağına, dövlət gerbinə və dövlət himninə malik olmuşdu.

1991-ci ildə SSRİ-nin süqutu ərəfəsində və Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilən və yaxud layihəsi hazırlanan dövlət rəmzləri bərpa edilmiş və ali qanunverici orqan tərəfindən təsdiqlənmişdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan "Azərbaycan: dövlət rəmzləri və atributları" elektron nəşrində müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) yaranmasının tarixçəsi sistem halında izlənilir və milli rəmzlərin bərpası istiqamətində atılan addımlar ardıcıllıqla sadalanır. Üç fəsildən - "Rəmzlər", "Atributlar" və "Elektron resurslar" fəsillərindən ibarət olan elektron bazada dövlət rəmzləri və atributları haqqında Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlamış indiyədək qəbul edilmiş qərarlar, qanunlar, fərmanlar və sərəncamlar toplanaraq xronoloji ardıcıllıqla əks etdirilmişdir.

Elektron nəşrdə, həmçinin Azərbaycanın xanlıqlar dövrünün Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan bayraqları, çar Rusiyası dövründə Azərbaycanda mövcud olmuş quberniyaların və şəhərlərin gerbləri, sovet hakimiyyəti illərində Azərbaycan SSR-in dövlət rəmzləri və atributları haqqında materiallar toplanmışdır.

Elektron nəşrin "Rəmzlər" fəslində Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni haqqında materiallar xronoloji ardıcıllıqla verilmişdir. Hər bir bölmədə ümumi məlumatla yanaşı, rəmzin tarixi haqqında materiallar və rəsmi sənədlər öz əksini tapmışdır.

Elektron nəşrin "Atributlar" fəslində Azərbaycanın digər dövlətçilik atributları - Konstitusiya, dil, din, pul və paytaxt haqqında tarixi arayışlar və sənədlər, habelə orden və medallar, dövlət qurumlarının emblemləri haqqında materiallar öz əksini tapmışdır.

Bazanın "Elektron resurslar" bölməsində Prezident Kitabxanasının fondunda saxlanılan dövlət rəmzləri və atributlarına aid kitabların və dövri mətbuat materiallarının elektron versiyası, habelə dövlət rəmzləri və atributlarına dair materialları özündə əks etdirən saytlar təqdim edilir.

Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi, onların vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir.

Elektron nəşr (www.preslib.az) müntəzəm olaraq yeni sənədlərlə zənginləşdirilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 6.