Niderland Krallığı Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, oktyabrın 14-də nazir Elmar Məmmədyarov Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Jan Lukas İnayard Van Hoorn ilə görüşmüşdür.

Etimadnaməsinin surətini nazirə təqdim edən J.L.Hoorn Azərbaycana səfir təyin olunduğundan və ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu bildirmişdir. Diplomat Niderland Krallığının Azərbaycan ilə münasibətlərin inkişafında maraqlı olduğunu qeyd edərək fəaliyyəti müddətində ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsinə çalışacağını vurğulamışdır.

Səfir həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin gedişi ilə maraqlanmışdır.

Nazir E.Məmmədyarov ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, turizm, mədəniyyət sahələrində əməkdaşlıq üçün mövcud imkanlardan danışmış və əlaqələrin perspektivləri barədə fikirləri ilə bölüşmüşdür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövcud danışıqlar prosesinin vəziyyəti barədə səfirə məlumat verən nazir münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- oktyabr.- S. 7.