"Çin qlobal dünya iqtisadiyyatında" adlı kitabın təqdimat mərasimi keçirilmişdir

 

Oktyabrın 14-də "Park-İNN" mehmanxanasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin "Çin qlobal dünya iqtisadiyyatında" kitabının təqdimat mərasimi keçirilmişdir.

Mərasimi açan Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov kitabın əhəmiyyəti haqqında danışaraq onu Azərbaycan elmində önəmli hadisə adlandırmışdır.

Çinin dünya iqtisadiyyatında çox böyük yer tutduğunu vurğulayan Əli Əhmədov bu əsərin, eyni zamanda Azərbaycan iqtisadçıları və alimləri üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.

Kitabın yazılmasının Çin Xalq Respublikasının yaradılmasının 60 illiyinə və Azərbaycan-Çin əlaqələrinin inkişafına bir töhfə olduğunu bildirən natiq qeyd etmişdir ki, bu əsər elmi mübadilə aparılması baxımından da çox dəyərlidir.

Mərasimdə çıxış edən akademiklər Fuad Qasımzadə, Vasim Məmmədəliyev, Azərbaycan Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla, Hesablama Palatasının üzvü Mehriban Alışanova, Belarusun ölkəmizdəki səfiri Nikolay Pastkeviç və başqaları kitabın əhəmiyyətini yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, bu monumental tədqiqat müasir Azərbaycan elmini dünyada tanıdan bir əsər olacaqdır.

Natiqlər Azərbaycan ədəbiyyatında və elmində Çin həyatına böyük maraq olduğunu diqqətə çatdırmış, əsərin təhkiyə üslubunda yazıldığı üçün çox oxunaqlı olduğunu bildirmişlər.

Əsərin elmi baxımdan çox maraqlı olduğu qeyd olunmuş, onun başqa dillərə tərcümə olunmasının zəruriliyi vurğulanmışdır.

Kitabın sonuncu 15-ci fəslində son illər Azərbaycan iqtisadiyyatında aparılan islahatlar nəticəsində böyük iqtisadi uğurların elmi təhlilinin verildiyi diqqətə çatdırılmışdır.

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Yannyan bildirmişdir ki, təmsil etdiyi ölkə Azərbaycanla həm iqtisadi, həm də siyasi əlaqələrə xüsusi önəm verir. Çin ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın sürətlə inkişaf etdiyini diqqətə çatdıran səfir bunun hər iki xalqın milli maraqlarına xidmət etdiyini vurğulamışdır. Bildirilmişdir ki, iki ölkə arasında əməkdaşlığın gələcəkdə də inkişafı üçün böyük imkanlar vardır.

Sonda çıxış edən akademik Ziyad Səmədzadə kitabda Çin iqtisadiyyatının son 15 ildəki siyasi və iqtisadi təhlilinin öz əksini tapdığını qeyd etmiş, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 7.