ARDNŞ ilə Rusiyanın "Qazprom" ASC arasında Azərbaycan qazının alqı-satqısı haqqında müqavilə imzalanmışdır

 

Oktyabrın 14- Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Azərbaycan təbii qazının alqı-satqısı üzrə ARDNŞ ilə Rusiyanın "Qazprom" Açıq Səhmdar Cəmiyyəti arasında müqavilə imzalanmışdır.

Qonaqları salamlayan ARDNŞ prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi şirkətlə Rusiyanın "Qazprom" ASC arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirmiş, bu müqavilədən sonra münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini vurğulamış, şirkətlər tərəfindən Avropa Asiya yanacaq bazarlarında birgə əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını qeyd edmişdir. Müqavilə hazırlanarkən hər iki tərəfin ekspertlərinin səmərəli çalışdığı, müqavilənin yüksək dividendlər gətirəcəyi, razılaşdırılmış ilkin həcmin yaxın gələcəkdə artacağı, əldə olunacaq mənfəətin xalqlarımızın mənafeyinə xidmət edəcəyi qeyd olunmuşdur.

"Qazprom" ASC-nin İdarə Heyətinin prezidenti Aleksandr Miller iki şirkət arasında əməkdaşlığın xalqlar arasında münasibətlərə müsbət təsir edəcəyini bildirmiş, imzalanacaq müqavilənin davamlı olacağını, ilkin həcmin gələcəkdə artırılmasının tamamilə real olduğuna əminliyini ifadə etmişdir.

Sonra müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycan tərəfdən ARDNŞ prezidenti Rövnəq Abdullayev, Rusiya tərəfdən "Qazprom" ASC İdarə Heyətinin prezidenti Aleksandr Miller imzalamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 7.