Bakıda "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi (AICT-2009)" mövzusunda III beynəlxalq konfrans keçirilir

 

Qafqaz Universitetində "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi (AICT-2009)" mövzusunda III beynəlxalq konfrans keçirilir.

Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, ABŞ-ın Mühəndislik Assosiasiyası (IEEE) tərəfindən keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, İsveç və digər ölkələrin alim və mütəxəssisləri iştirak edirlər.

Açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışmış, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamış, Azərbaycanda iqtisadiyyatın, elmin, təhsilin dinamik inkişaf etdiyini söyləmişdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Prezident İlham Əliyevin ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafına daim böyük önəm verdiyini vurğulamışdır.

Müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının mühüm rolundan danışan nazir ayrı-ayrı ölkələrdə, o cümlədən Azərbaycanda bu sahədə qazanılan nailiyyətləri nəzərə çarpdırmış, ölkəmizdə İKT-nin çox sürətlə inkişaf etdiyini qeyd etmişdir.

Ümumdünya Sənaye Forumunun məruzəsinə əsasən, son üç ildə Azərbaycanın Şəbəkə hazırlığı indeksi (Networked Readiness Index- NRI) digər ölkələrlə müqayisədə on iki pillə yüksəlmişdir.

İnformasiya-kommunikasiya texnologiyalarının iqtisadiyyatın və digər sahələrin inkişafına müsbət təsirini xatırladan nazir bu gün İKT-nin tərəqqisi ilə bağlı alimlərin geniş tədqiqatlar apardıqlarını da diqqətə çatdırmışdır.

Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın əhəmiyyətini qeyd etmişdir. Bildirmişdir ki, proqram çərçivəsində bu il xeyli məktəb genişzolaqlı sürətli internetlə təmin olunmuş, DATA mərkəzi, elektron tədris resursları bazası yaradılmışdır.

Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Bakı Dövlət Universitetinin prorektoru İsmayıl Əliyev, AzercellCom-un prezidenti Əli Ağan və başqaları çıxış edərək beynəlxalq konfransın əhəmiyyətini vurğulamışlar.

Sonra konfrans işini bölmələrdə davam etdirmişdir.

Konfrans oktyabrın 16-da başa çatacaqdır.

 

 

Azərbaycan.- 2009.- 15 oktyabr.- S. 8.