Prezident İlham
Əliyev Hövsan Olimpiya İdman Kompleksinin açılış
mərasimində iştirak
etmişdir
Oktyabrın 15-də Hövsan Olimpiya İdman Kompleksinin açılış mərasimi
keçirilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mərasim iştirakçıları
dövlətimizin başçısını
hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev idmançılarla
görüşdü, rəmzi
açılışı bildirən lenti kəsdi, Olimpiya İdman Kompleksi ilə tanış oldu.
Gənclər və
idman naziri Azad Rəhimov məlumat verdi ki, kompleks "Bakı şəhərinin
qəsəbələrinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı"na əsasən Gənclər
və İdman Nazirliyinin sifarişi ilə "As Tikinti" MMC tərəfindən
inşa olunmuşdur. Tikintisinə
2007-ci ilin yanvarında
başlanmış kompleksin
inşası üçün
Bakı Şəhər
İcra Hakimiyyəti tərəfindən 4,5 hektar
torpaq sahəsi ayrılmışdır. Layihənin
müəllifi gənc
memar Vüqar Həsənovdur.
Üçmərtəbəli əsas binanın ümumi sahəsi 19 min kvadratmetrdir. Binanın birinci mərtəbəsində
ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən
tərbiyəsinin və
idmanın inkişafına
göstərdikləri diqqət
və qayğını,
idmançılarımızın müxtəlif beynəlxalq
yarışlarda uğurlarını
əks etdirən fotostend quraşdırılmışdır. Burada
qarderob və kafe də yerləşir.
Dövlətimizin başçısı
kompleksin böyük idman zalı ilə tanış oldu. Məlumat verildi ki, idmanın
müxtəlif növləri
üzrə beynəlxalq
səviyyəli yarışların
da keçiriləcəyi
zalın uzunluğu
48, eni 36 metrdir. Burada yarışları izləyəcək tamaşaçılar
üçün 1730 oturacaq
quraşdırılmışdır.
Prezident İlham Əliyev üzgüçülük
hovuzuna baxdı. Uzunluğu 36 metr, eni 24 metr olan
hovuzun ətrafında
125 oturacaq vardır.
Kiçik idman zalına baxan dövlətimizin başçısına
məlumat verildi ki, idmanın güləş, boks və digər döyüş növləri
üçün nəzərdə
tutulmuş zalda 200 tamaşaçı yeri quraşdırılmışdır. Bunlardan başqa, əsas binada idmançıların soyunub-geyinməsi, şərhçi
və məşqçi
otaqları və digər xidməti otaqlar vardır. Kompleksdəki oyun zallarında həm mini futbol, basketbol,
voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar
keçirmək mümkündür.
Binanın ikinci mərtəbəsində məşq
zalları, inzibati otaqlar vardır. Üçüncü mərtəbədə
isə idmançıların
istirahəti üçün
otaqlar inşa olunmuşdur.
Açıq havada quraşdırılmış idman
qurğuları ilə
tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada
100 tamaşaçı yeri
olan oxatma tiri, tennis kortu,
mini futbol, basketbol və voleybol meydançaları
vardır. Güllə
atıcılığı üzrə qapalı tir də inşa
olunmuşdur.
Olimpiya İdman Kompleksi qazanxana, transformator yarımstansiyası,
su anbarı, artezian quyuları ilə təmin olunmuş, burada mühafizə və yanğınsöndürmə sistemi
quraşdırılmışdır. Kompleksin ərazisində
2,4 hektar sahədə
abadlıq və yaşıllaşdırma işləri
aparılmış, ağaclar
və gül kolları əkilmişdir.
Bu kompleks Hövsanda idmanın müxtəlif sahələrinin
müasir tələblər
səviyyəsində inkişaf
etdirilməsi üçün
lazımi avadanlıqla
da təchiz olunmuşdur.
İdmanın oxatma növü üzrə idmançıların çıxışını
izlədikdən sonra Prezident İlham ƏLİYEV
mərasim iştirakçılarını
təbrik edərək
dedi:
- Nə var, nə
yox? Necədi işlər? Fərid Mansurov ikiqat dünya çempionu oldu, gərgin mübarizədə çox
yaxşı nəticə
göstərib. Ümumiyyətlə,
bizim güləş üzrə komandamız dünya miqyasında birinci yeri tutmuşdur.
Həm Avropa çempionatında, həm
də dünya çempionatında. Bu, böyük tarixi nailiyyətdir. İdmançılarımız
bu ilin əvvəlindən
beynəlxalq yarışlarda
çox yaxşı nəticələr göstərmişlər.
Avarçəkmə üzrə
dünya çempionatında
3 medal. Güləş
üzrə Avropa çempionatında, dünya
çempionatında medallar.
Cüdo üzrə gənclərdən ibarət
komandamız Yerevanda Azərbaycan bayrağını
ucaltdılar. Bu çox vacibdir, çünki Olimpiya oyunlarından sonra birinci il adətən
yavaş keçir, bir növ durğunluq
yaranır. İdmançılar
daha çox istirahəti seçirlər.
Amma bizdə tam əksinədir.
Gənclər və idman naziri Azad
RƏHİMOV: Ramil Quliyev
atletikada üçüncü
yerə çıxmışdır.
İlham ƏLİYEV: Bəli,
bəli. Yüngül
atletikada bu da tarixi nailiyyətdir.
Avropada birincidir. Əgər dünya çempionatında Avropa idmançıları arasında
birinci olduğunu nəzərə alsaq, birincidir.
İdman hərtərəfli
inkişaf edir. Çox şadam ki, idmançılar da yaxşı nəticələr göstərirlər.
Belə gözəl komplekslərin tikilməsi
gələcəkdə idmanın
gücləndirilməsinə xidmət göstərəcəkdir.
Uşaqlar, yeniyetmələr
gəlib burada məşq edəcəklər.
Hövsan böyük
qəsəbədir. Böyük
imkanlara malikdir. Ancaq burada idmanla
məşğul olmaq
üçün şərait
yox idi. Həm idmançılar, həm də qəsəbə sakinləri
belə gözəl kompleksdən istifadə edəcəklər. Üzgüçülük
hovuzunda gərək abonement sistemi, bölmələr təşkil
olunsun. Rayon üçün böyük
hadisədir. Bizdə indi belə gözəl komplekslər,
eyni zamanda, qəsəbələrdə tikilir.
* * *
Görülmüş işlərdən razılığını bildirən
Prezident İlham Əliyev idmançıları
və rayon ictimaiyyətinin
nümayəndələrini bir daha təbrik
etdi, onlara uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 1.