Bakı şəhərində Yeniyetmələrin VI Beynəlxalq
Elm Olimpiadasının keçirilməsi haqqında
Son illər ölkəmizdə təhsil
sahəsində böyük islahatlar aparılır, elmi-texniki
tərəqqinin sürətlə inkişafına
hesablanmış müasir təhsil sisteminin
formalaşdırılması istiqamətində mühüm tədbirlər
həyata keçirilir. Şagird və tələbələrimiz
respublikamızın və dünyanın nüfuzlu təhsil
ocaqlarında yüksək nəticələr nümayiş
etdirir, müxtəlif yerli və beynəlxalq elm
olimpiadalarında medallar qazanırlar.
Yeniyetmələrin Beynəlxalq
Elm Olimpiadası Təşkilat Komitəsi tərəfindən
növbəti - Yeniyetmələrin VI Beynəlxalq Elm
Olimpiadasının 2009-cu ilin dekabr ayında Azərbaycanda
keçirilməsi qərara alınmışdır.
Azərbaycanda gənc nəslin
elmə olan marağının daha da
artırılmasını, onların yaradıcılıq potensialının
üzə çıxarılmasını və
olimpiadanın yüksək səviyyədə keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan
Milli Elmlər Akademiyası və Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası ilə birlikdə Bakı şəhərində
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının
keçirilməsini təmin etsin.
2. Bakı şəhərində
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının
keçirilməsi üçün Azərbaycan
Respublikasının 2009-cu ilin dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyinə 2,4 milyon (iki milyon dörd yüz
min) manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
2-ci bəndində nəzərdə tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 2.