Əsrimizin görkəmli dövlət xadimi
Bu gün Azərbaycan
beynəlxalq miqyasda səciyyələndirilərkən ilk
növbədə sabit iqtisadiyyatı və sosial həyatı
dinamik inkişaf edən, mühüm geostrateji mövqeyə
malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında
getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə
olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan
ölkəmiz artıq mövcud olduğu regionda hadisələrin
inkişaf istiqamətini müəyyən edən
aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə
iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri,
beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın
mövqeyini nəzərə alır, onunla hesablaşırlar.
Bütün bunlar bir daha ölkədə
həyata keçirilən daxili və xarici siyasətin nə
qədər uğurlu olduğunu, onun praqmatizm üzərində
qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini
əyani surətdə təsdiqləmiş olur. Dünya
miqyasında Azərbaycanı fərqləndirən daha bir
xüsusiyyət isə ölkəmizin daim humanizm prinsiplərindən
çıxış etməsi və sülhpərvər
dövlət imici qazanmasıdır. Bunun bariz nümunələrindən
biri Azərbaycanın dünyanın müxtəlif bölgələrində
həyata keçirilən sülhməramlı əməliyyatlarda
yaxından iştirakıdır. Hazırda Azərbaycan
ordusunun bir qrup zabit və əsgər heyəti dünyanın
ən qaynar bölgələrindən biri sayılan Əfqanıstanda
sülhməramlı missiya yerinə yetirməkdə davam edir.
Qeyd edilənlərin
nəticəsidir ki, Azərbaycan indi Yer üzündə
ümumi sülhün bərqərar olmasında aparıcı
rol oynayan dövlətlər sırasında yer alır, bu
istiqamətdə Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət dünya miqyasında xüsusi təqdir
olunur. Bu mənada,
Prezident İlham Əliyevin Kanadanın türkdilli
diasporlarının Torontoda baş tutan forumunda "İlin
adamı" seçilməsi də tam təbii
qarşılanmışdır. Qeyd edək ki, sözügedən
forumda Kanadanın türkdilli diasporları ilə
yanaşı, Gürcüstan, Latviya, Litva və Estoniya
diasporlarının nümayəndələri, habelə Beynəlxalq
Niaqara Musiqi Festivalının rəhbəri də iştirak
edib. Forumda Azərbaycan Prezidenti İlham Əliyev Yer
üzündə ümumi sülhün bərqərar
olması işinə böyük töhfə verən XXI əsrin
görkəmli siyasi xadimi kimi yekdilliklə "İlin
adamı" seçilmişdir.
Forum
iştirakçılarının Prezident İlham Əliyevə
ünvanlanmış müraciətində onun çoxmilyonlu
türk dünyasında şəksiz lider olması,
bütün planetdə sülhü bərqərar etmək, Cənubi
Qafqaz regionunda və onun hüdudlarından kənarda siyasi vəziyyəti
sabitləşdirmək səyləri vurğulanır. Müraciətdə daha sonra
deyilir: "Siz Azərbaycanın
qarşısında duran ən ümdə problemləri həll
etmək, müasir dövrün aktual geosiyasi məsələləri
müzakirə edilərkən müsbət nəticələr
əldə edilməsinə kömək göstərmək,
siyasi, iqtisadi və mədəni baxımdan optimal həll
variantlarını operativ tapmaq bacarığınız sayəsində
zəmanəmizin görkəmli dövlət və siyasi xadimləri
sırasına çıxmısınız..."
Azərbaycanın
yeni tarixinin mühüm reallıqlarından biri də
xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıdan ümummilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulan sabitliyin ölkədə siyasi, iqtisadi və
digər sahələrin də dinamik inkişafında
mühüm rol oynamasıdır. Sosial sahədə vəziyyətin
yaxşılaşması, Azərbaycanın beynəlxalq
arenada mövqelərinin güclənməsi və bu qəbildən
olan digər amillər xalqla hakimiyyət birliyini daha da möhkəmləndirdi.
Ümummilli liderin müəyyənləşdirdiyi siyasətin
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi artıq bir çox mühüm sahələr
üzrə Azərbaycanı dünya birincisinə
çevirib. Məsələn, iqtisadi artım dinamikasına
görə, Azərbaycan dünya dövlətlərinin reytinq
cədvəlinə başçılıq etdi, aparılan
iqtisadi islahatlarda yenə də ölkəmiz birinci elan olundu. Qlobal maliyyə böhranı başlandıqdan sonra
Azərbaycan iqtisadiyyatı yenə də
dayanıqlığına və inkişaf səviyyəsinə
görə fərqlənənlər sırasında yer
aldı. Elə bu da böhran şəraitində belə
ölkə əhalisinin maddi rifah halının əvvəlki
kimi yüksələn xətt üzrə inkişaf etməsinə
səbəb olmaqdadır.
Siyasət, mədəniyyət, təhsil,
səhiyyə, idman və digər sahələrdə də
görülən işlər Azərbaycanın beynəlxalq
arenada mövqelərinin daha da güclənməsinə gətirib
çıxarıb. Bu sahələr üzrə mühüm
beynəlxalq tədbirlərə ev sahibliyi edən əsas
dövlətlərdən biri məhz Azərbaycandır. Təsadüfi
deyil ki, 2009-cu ildə Bakı islam mədəniyyətinin
paytaxtı elan edilmişdir.
Sadalanan məqamlara
diqqət yetirən Kanada forumunun iştirakçıları
Azərbaycan Respublikasının rəhbərinin xalqın
ümummilli lideri Heydər Əliyevin gözəl ənənələrinin
geniş yayılmasına yönəlmiş səmərəli
fəaliyyətini vurğulayaraq xüsusi qeyd etmişlər
ki, məhz bu fəaliyyət
sayəsində Azərbaycan, onun paytaxtı - islam
dünyasının mədəni paytaxtı
seçilmişdir. Bakı artıq Şərqdə Qərb mədəniyyətinin
çiçəklənən bölgəsi, Qərbdə isə
qədim Şərq sivilizasiyasına xas olan ən yüksək
mənəvi və mədəni dəyərlərin mərkəzi
hesab edilir.
Azərbaycanın əsas
təşəbbüskarlarından və
iştirakçılarından olduğu qlobal layihələrin
həm də ümumi inkişafa, sülh və tərəqqiyə
yönəlməsinə də nəzər salan Kanada forumunun
iştirakçıları bu kimi məsələlərdə
Prezident İlham Əliyevin xüsusi rol oynadığını bəyan edirlər. Forum
iştirakçılarının Azərbaycan dövlət
başçısına ünvanlanmış müraciətində
qeyd edilir: "Dünyada Sizi tarixi "İpək yolu"
qlobal layihəsinin əsas memarlarından və ideya-siyasi
baxımdan bu layihəni həyata keçirənlərdən
biri hesab edirlər. Bu layihənin nəcib
ideyaları Yer üzündə tərəqqi və sülh
naminə sivilizasiyaların hərtərəfli
inteqrasiyasına, mədəni sintezə, mənəvi cəhətdən
qarşılıqlı zənginləşməyə,
qarşılıqlı iqtisadi əlaqələrə xidmət
edir..."
Kanadanın
türkdilli diasporlarının forumunda çıxış
edən nümayəndələr Azərbaycan Prezidentinin
mükəmməl savada, nadir erudisiyaya malik olmasını da
qeyd edərək vurğulamışlar ki, bu keyfiyyətlər
onun ən müxtəlif beynəlxalq tribunalardan müxtəlif
auditoriya qarşısında nitq söyləməsinə, ölkəmiz
üçün mühüm mədəni və iqtisadi layihələrə
diqqəti cəlb etməsinə, hamıda həmin layihələrə
maraq hissi oyatmasına kömək edir. Kanadadakı
türkdilli diasporların forumunun iştirakçıları
bütün bunları əsas tutaraq Azərbaycan Prezidenti
İlham Əliyevi yekdilliklə "İlin adamı"
seçmişlər.
Xatırladaq ki, bundan əvvəl
də göstərdiyi xidmətlərə görə Azərbaycan
Prezidenti İlham Əliyev müxtəlif vaxtlarda "İlin
adamı" elan olunub. Məsələn, Türkiyədə
nəşr olunan və Avrasiya regionunda geniş yayılan
nüfuzlu "Ekovitrin" jurnalı 2005-ci ilin nəticələrinə
görə, Avrasiya ölkələrində keçirdiyi
sorğu əsasında Prezident İlham Əliyevi
"Avrasiyada ilin siyasət adamı - Prezidenti" elan
etmişdir. Azərbaycan Prezidenti bu mükafata bir sıra sahələrdə
səmərəli fəaliyyətinə və
qazandığı uğurlara görə layiq
görülmüşdür. Respondentlərin fikrinə və
tanınmış analitik-sorğu mərkəzlərinin rəyinə
görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan 2005-ci ildə dünyada ən dinamik inkişaf edən
ölkə olmuşdur. Bundan başqa, Prezident
İlham Əliyev və onun sədri olduğu Yeni Azərbaycan
Partiyası 2003-cü ilin prezident və 2005-ci ilin parlament
seçkilərində inamlı qələbə
qazanmış, əsrin layihəsi hesab olunan Bakı-Tbilisi-Ceyhan
əsas ixrac neft boru kəmərinin, habelə Bakı-Tbilisi-Ərzurum
qaz kəmərinin işə düşməsi,
Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu xəttinin çəkilməsi
istiqamətində məqsədyönlü və səmərəli
fəaliyyət göstərmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən siyasət dünyanın
bir çox nüfuzlu təşkilatlarının tərtib
etdiyi reytinq cədvəllərinə,
hazırladığı hesabatlara Azərbaycanın liderlik etməsi
ilə nəticələnmişdir. Məsələn,
dünyanın ən nüfuzlu maliyyə qurumlarından olan
Dünya Bankı ötən il hazırladığı
"Doing Business" hesabatında Azərbaycanı bir nömrəli
islahatçı ölkə kimi elan etmişdir. Eləcə də Azərbaycanda aparılan islahatlar,
insan haqlarının daim ön planda tutulması, ölkə vətəndaşlarının
maraqlarının həm siyasi, həm maddi mənada təminatı
üçün atılan konkret addımlar bu gün ölkə
rəhbərliyi tərəfindən həyata keçirilən
siyasətin xalq tərəfindən tam dəstəklənməsinə
gətirib çıxarmışdır. Bu göstərici
üzrə də postsovet məkanında liderlik Azərbaycana
məxsusdur. Bu istiqamətdə görülən işlərin
davamı xalq və hakimiyyət arasında birliyi daha da
möhkəmləndirməkdə, Azərbaycanda
demokratiyanın inkişaf tempini bir qədər də sürətləndirməkdədir.
Prezident İlham Əliyev bununla bağlı demişdir:
"Azərbaycanda siyasi islahatlar uğurla gedir. Azərbaycan
demokratik dövlətdir və demokratiya yolunu seçibdir.
Bizim hüquqi dövlət quruculuğu işində
böyük uğurlarımız var. Qanunun aliliyinin tətbiq
edilməsində böyük addımlar atılıbdır.
Azərbaycanda bütün azadlıqlar var - həm iqtisadi, həm
siyasi azadlıqlar".
Bütün
bunların məntiqi nəticəsidir ki, ABŞ-da yerləşən
və dünya üzrə insan təbiətini və
davranışlarını öyrənən "Gallup" təşkilatının
elan etdiyi sorğuya görə, Azərbaycanda əhalinin 77
faizi ölkə rəhbərliyinin işindən
razıdır və bu, postsovet məkanında ən yüksək
göstəricidir.
"Gallup" təşkilatı
bildirir ki, 12 postsovet ölkəsində hər min nəfərlə
üzbəüz söhbətdə onlara belə bir sual
verilib: "Sizcə, ölkə rəhbərliyi işinin
öhdəsindən necə gəlir?" Bu suala cavabda "Rəhbərliyin
işini bəyənirəm" deyənlərin sayına
görə Azərbaycan ilk sırada gəlib və qeyd edildiyi
kimi, respondentlərin 77 faizi ölkə rəhbərliyinin həyata
keçirdiyi siyasəti dəstəkləyib. Sorğunun
nəticələri bir daha əyani şəkildə
nümayiş etdirir ki, Azərbaycanda ölkə rəhbərliyinə
xalqın etimadı kifayət qədər yüksəkdir və
həyata keçirilən siyasət geniş xalq kütlələri
tərəfindən tam dəstəklənir.
Qeyd edilənlər ümumilikdə
belə bir nəticəyə gəlməyə əsas verir
ki, Azərbaycan təkcə iqtisadi inkişafına görə
yox, digər mühüm sahələr üzrə də
dünya liderləri sırasındadır. Bu isə
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən siyasətin rasional xarakter daşıması,
sosial liberailzmə əsaslanması, milli maraqların
qorunmasına yönəlməsi, beynəlxalq sferada ölkəmizin
mövqelərinin güclənməsini təmin etməsi, həmçinin
bu siyasətin qlobal miqyasda da inkişaf və sülhə
xidmət etməsinin məntiqi nəticəsidir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 3.