Azərbaycan hərbçilərinin sülhməramlı əməliyyatlarda iştirakı qanunla tənzimlənəcəkdir

 

Ölkəmizin sülhməramlı əməliyyatlarda iştirak edən hərbi qulluqçularının fəaliyyəti "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanunla tənzimlənəcək. Bu fikirləri Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov komitənin oktyabrın 15-də keçirilən iclasında səsləndirdi. Ziyafət Əsgərov "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı parlamentdə uzun müddət iş aparıldığını deyərək bildirdi ki, sənədin olduqca mühüm əhəmiyyət kəsb etməsi nəzərə alınaraq ona rəy verilmək üçün müvafiq dövlət orqanlarına müraciətlər edilmişdir. Dövlət orqanları qanun layihəsinə müsbət rəy verməklə yanaşı, bir sıra təkliflər də bildirmişdilər. Bu, respublikamızda müzakirəyə çıxarılan ilk qanun layihəsidir.

Qanun layihəsinin olduqca zəruri və aktual olduğunu deyən Z.Əsgərov bildirdi ki, sülhməramlı əməliyyatlarda iştirak edən Azərbaycan əsgər və zabitlərinin statusu, hərbçilərin sülhyaratma əməliyyatlarında iştirakı formaları, bu əməliyyatların təşkili və aparılması qaydaları ilə bağlı məsələlər qanunla tənzimlənəcək. Qanun layihəsi 4 fəsil və 19 maddədən ibarətdir.

Qanun layihəsini komitə üzvlərinin müzakirəsinə təqdim edən deputat Siyavuş Novruzov sənədin bütün fəsilləri haqqında məlumat verərək bildirdi ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqenin xüsusiyyətləri, sosializm sisteminin iflasından sonra Avropanın siyasi xəritəsində baş verən dəyişikliklər, habelə digər proseslər ölkəmizdə belə bir qanunun qəbul edilməsini şərtləndirir. BMT və digər təşkilatların, regional birliklərin üzvü olan ölkəmiz üzərinə bir sıra öhdəliklər götürüb. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirəcəkdir. Ölkəmizin hərbçiləri ikitərəfli müqavilələr əsasında ayrı-ayrı dövlətlərdə sülhyaratma əməliyyatlarında fəal iştirak ediblər. Qanun layihəsinin qəbul edilməsindən sonra hərbçilər bu sənəddən irəli gələn tələblər əsasında fəaliyyət göstərəcəklər. Sənədin bütün müddəaları konseptual baxımından birinci oxunuşa tam hazırdır. Qanun layihəsinin hazırlanması ilə bağlı beynəlxalq təcrübədən istifadə olunub. Sənəddə Milli Məclisin səlahiyyətləri də geniş əks olunub. Hərbi qulluqçuların sosial müdafiəsi ilə bağlı məsələlər də sənəddə xüsusi yer tutur.

Siyavuş Novruzov bildirdi ki, Azərbaycan hərbçilərinin sülhməramlı əməliyyatlarında iştirakı, əsgər və zabitlərimizin fəaliyyətləri, nizam-intizamları, şəxsi heyətin döyüş qabiliyyəti NATO Parlament Assambleyasının toplantılarında da dəfələrlə yüksək qiymətləndirilib. Bu, eyni zamanda, hərbçilərimizin təcrübəsinin genişlənməsində mühüm rol oynayır.

Müzakirələr zamanı deputatlardan Zahid Oruc, komitə sədrinin müavini Aydın Mirzəzadə, Elman Məmmədov, Aqil Abbasov, Aydın Həsənov, eləcə də ekspertlər sülhyaratma əməliyyatlarında iştirak edən hərbçilərin statusu, sosial müdafiəsi və digər məsələlərlə bağlı bir sıra təkliflərini səsləndirdilər. Qeyd olundu ki, hərbçilərin beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı könüllülük prinsipinə əsaslanmalıdır. Müzakirələrdə iştirak edən ekspertlər bildirdilər ki, "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarında iştirakı haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb.

İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

 

Anar RASİMOĞLU

 

Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 3.