Avropa Ədalətli Oyunlar Hərəkatının konqresi
öz işini davam etdirir
Bakıda keçirilən Avropa Ədalətli
Oyunlar (Fair Play) Hərəkatının 15-ci konqresi öz
işini oktyabrın 15-də davam etdirmişdir.
Tədbirdə ədalətli
oyunlar prinsiplərinin həyatda və idmanda tətbiqi, bu sahədə
problemlər və yanaşmalar ətrafında məruzələr
dinlənilmişdir.
Azərbaycan Milli Olimpiya Komitəsinin
vitse-prezidenti Çingiz Hüseynzadənin "Beynəlxalq
münaqişələrin tənzimlənməsində
idmanın rolu" mövzusunda məruzəsi maraqla
qarşılanmışdır.
Ç.Hüseynzadə bu gün
idmanın müharibəyə və müharibənin idmana təsiri
haqqında geniş danışmışdır. O demişdir
ki, Olimpiya oyunları vasitəsilə bu gün cəmiyyətdə
sülhə nail olmaq mümkündür. Münaqişələr
çox zaman idmanda "fair play" prinsiplərinin
pozulmasına, bəzən isə yarışların, beynəlxalq
oyunların keçirilməsinə də maneçilik törədir.
Ötən əsrdə iki dünya müharibəsi
üç Yay Olimpiya Oyununun keçirilməməsi ilə nəticələnmişdi.
Ölkələr arasında gərgin münasibətlər isə
1980-ci il Moskva Olimpiadasının bir çox dövlətlər
tərəfindən boykot edilməsinə gətirib
çıxarmışdır.
Müharibələr bir sıra
hallarda cəmiyyətlərin idmandan, sağlam həyat tərzindən
uzaqlaşması ilə nəticələnir. Ermənistanın
Azərbaycana təcavüzü nəticəsində 300-ə
yaxın böyük idman qurğusu, 1550 idman zalı
dağıdılmışdır. Minlərlə uşaq,
yeniyetmə və gənc bədən tərbiyəsi və
idmandan kənarda qalmışdır.
Ç.Hüseynzadə Azərbaycanın
hər zaman ədalətli oyunlar prinsiplərinə sadiq
qaldığını diqqətə
çatdırmışdır. O, 1997-ci ildən Azərbaycan
Milli Olimpiya Komitəsinin məqsədyönlü fəaliyyəti
nəticəsində Azərbaycanın dünyada idman ölkəsi
kimi tanındığını söyləmişdir.
Görülən işlərin nəticəsi kimi Azərbaycan
bu gün həm də "fair play" prinsiplərinə riayət
edən ölkələrdən biridir.
Tədbirdə Avropa
Şurasının nümayəndəsi Stanislass Frossard
"Millətlərarası dialoqa və sosial inteqrasiyaya
idmanın töhfəsi", Polşadan olan professorlar
Riçard Jukovski və Zofia Jukovskanın "Ədalətli
oyunlar olimpiya təhsilində mənəvi dəyər
kimi", İdman Elmləri üzrə Avropa Şəbəkəsinin
prezidenti Valter Tokarskinin "Çoxmillətli cəmiyyətlərdə
idman vasitəsilə münaqişələrin həlli"
mövzularında məruzələri, Azərbaycan Boks
Federasiyasının vitse-prezidenti Ağacan Əbiyevin,
İtaliyanın Ədalətli Oyunlar Hərəkatının
prezidenti Ruggero Alçanterinin və başqalarının
idmanda "fair play" prinsiplərinin qorunması ilə
bağlı çıxışları maraqla
qarşılanmışdır.
Konqres işini oktyabrın 16-da
davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 3.