Ağcabədi zıyalıları mövqelərini bildirdilər

 

"Azərbaycan" qəzetinin 2 oktyabr 2009-cu il tarixli sayında dərc olunmuş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsi, sözün həqiqi mənasında, ölkəmizin ictimai fikrində böyük rezonans yaratmışdır. Sözügedən məqalədə qaldırılan problem o dərəcədə ağrılıdır ki, hər kəs kütləvi xarakter alan bu müzakirələrdə yaxından iştirak etmək, ürəyindən keçənləri demək arzusundadır.

Oktyabrın 8-də Ağcabədi rayon ictimaiyyətini təmsil edən ziyalıların toplaşdığı "dəyirmi masa" bu baxımdan xarakterik idi. Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialında gerçəkləşən müzakirədə sözügedən məqaləyə münasibət bildirildi, maraqlı təkliflər səsləndi. Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov açaraq dedi:

- Bu gün ölkəmizdə elə bir ev tapılmaz ki, orada televizor olmasın. Televiziya hər bir ailənin yaxın sirdaşına çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsi günümüzün son dərəcə mühüm sahəsindəki mövcud reallığı əks etdirmişdir. Müstəqillik illərində ökəmizin qazandığı misilsiz nailiyyətlərdən, dinamik sosial-iqtisadi inkişafdan söz açan görkəmli dövlət və elm xadimi Azərbaycanın efir məkanının ölkədəki bu vüsətli yüksəliş prosesi ilə ayaqlaşa bilmədiyini təəssüflə vurğulayır. Azərbaycanın müasir efir məkanı nəinki inkişafımızla ayaqlaşa bilmir, bir sıra mühüm məqamlarda milli ideologiyaya sarsıdıcı zərbələr vurur, milli-mənəvi dəyərlərin təməl prinsiplərini unudaraq bayağı şoulara, yüngül əxlaqı təbliğ edən səviyyəsiz verilişilərə üstünlük verir. Hörmətli akademik məqalədə yazır ki, son dövrlər Azərbaycanın televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqların artması bu məsələnin ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən çıxış yollarının axtarılmasına, problemlərin aradan qaldırılması üçün əməli tədbirlərin həyata keçirilməsinə zərurət yaratmışdır.

 

Xəqani Məmmədov - AMİ Ağcabədi filialının direktoru, professor:

- Hörmətli akademik Ramiz Mehdiyev bütün cəmiyyəti narahat edən ciddi bir problemə toxunub. Görkəmli alim, Azərbaycanın efir məkanındakı acınacaqlı vəziyyəti elmi surətdə əsaslandırılmış faktlarla təhlil etməklə yanaşı, böyük təsir imkanlarına malik televiziya kanallarının fəaliyyətində əsaslı dönüş yaratmağın yollarını da göstərmişdir. Günümüzün reallığı budur ki, mütərəqqi fikirli Azərbaycan ziyalıları bir çox teleradio kanallarının təqdim etdiyi verilişləri etirazla qarşılayır. Təəssüf doğuran haldır ki, bu gün ölkəmizin efir məkanı şit, bayağı verilişlərin, səviyyəsiz, bəzən heç bir istedadı olmayan, bəzi gənclərin yarış meydanına çevrilmişdir. Bu yarışda qazanan televiziya kanalları, itirən isə dövlət və millətdir! "SMS" yarışları teleradio kanala yüz minlərlə manat pul qazandırır. Qazanmaq, varlanmaq ehtirası milli-mənəvi dəyərləri üstələyir, soyumuz, kökümüz, tariximiz, adət-ənənələrimiz unudulur. Beləcə, fəaliyyətə başlayarkən milli maraqlara, dövlətçiliyə xidmət edəcəyinə inandıran televiziya kanalları bir qrup əqidəsizin əlində şöhrətə çatmağın, daim gündəmdə olmağın, populyarlaşmağın ucuz vasitəsinə çevrilir. Biz hörmətli akademik Ramiz Mehdiyevə minnətdarıq ki, çoxluğun fikirlərini ifadə edərək Azərbaycanın efir məkanını doğru-düzgün yola, milli mənsubiyyətimizi unutmamağa, milli-mənəvi dəyərlərimizə hörmət və ehtiramla yanaşmağa dəvət edir, eyni zamanda, belə acınacaqlı vəziyyətdən çıxmağın yollarını göstərir, dəyərli tövsiyələr verir.

 

Mehdi Əhmədov - Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri:

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetinin 2 oktyabr tarixli sayında dərc olunmuş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsi xalqımızın ürəyindən xəbər verir. Ölkənin efir məkanındakı indiki ağrılı vəziyyət ziyalıları daha çox narahat edir. Biz müəllimlərin borcu müstəqilliyinə böyük qurbanlar bahasına nail olmuş Azərbaycanın işıqlı sabahı üçün layiqli vətəndaşlar, elmli, vətənpərvər, soyuna-kökünə bağlı, azərbaycanlı olmağı ilə hər zaman fəxr edən yeni nəsl yetişdirməkdir. Çox təəssüf ki, ölkənin bir çox özəl telekanalları bu ali məqsədi reallaşdırmaqda yolumuza ciddi maneələr çıxarır. Təsəvvür edin, biz təlqin edir, öyrədirik ki, şöhrətə qovuşmağın, dövlət və cəmiyyət üçün gərəkli insan olmağın, yüksək səviyyəyə çatmağın, yaxşı, firavan yaşamağın yolu elmdən, təhsildən keçir. Bəs hər evin, hər ailənin qonağına çevrilmiş televiziya kanallarında nə təbliğ olunur? Saatlarla davam edən verilişlərdə müğənni kimi az-çox tanınan hansısa bir gəncin qiyməti yüz min manatlarla ölçülən bahalı avtomobilinin, yaxud çoxmərtəbəli yaraşıqlı "villa"sının görüntüləri, zəngin muzeyi xatırladan ev əşyaları reklam olunur. Belə səviyyəsiz verilişlər gözümüzü döyənək edib. Onların cah-cəlallı həyat tərzini əyanı şəkildə görən gənclərin hamısına olmasa da, bəzilərinə təsirsiz keçmir. Belə gənclər "həyat həqiqətləri" nə, televiziya verilişlərində gördüklərinə üstünlük verir. Nəticə isə çox zərərlidir. Gənclərdə elmə, təhsilə maraq azalır. Yeni həyata qədəm qoyan yeniyetmə isə zəhmətə qatlaşıb oxumaq, təhsil almaq əvəzinə, asan yol seçir.

Sözügedən məqalədə şərh olunan müddəalar dövlət və xalq üçün son dərəcə əhəmiyyətli məsələlərdir. Hörmətli akademik Ramiz Mehdiyevin qaldırdığı problemə geniş aspektdə yanaşmaq vacibdir. Rəngli, bayağı şou proqramları ilə milli ideologiyaya ağır zərbələr vuran televiziya kanallarının rəhbərlərinə dövlət və xalq qarşısında böyük məsuluyyət daşıdıqlarını xatırlatmağın vaxtı çatmışdır.

 

Rza Quliyev - Ağcabədi rayon mədəniyyət şöbəsinin müdiri:

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsi vətənini, xalqını sevən, doğma Azərbaycanın işıqlı sabahı üçün qayğılanan hər kəsin ürəyincədir. Bu gün ictimai rəyin formalaşmasında, hər hansı ideologiyanın təbliğındə televiziyanın oynadığı rolu heç kim inkar edə bilməz. Bu reallığı düzgün qiymətləndirən hörmətli akademik Ramiz Mehdiyev çox haqlı olaraq Azərbaycanın müasir efir məkanındakı mövcud vəziyyəti prinsipiallıqla təhlil etmiş, teleradio kanalları zərərli vərdişlərdən əl çəkməyə, ali məqsədlərə, azərbaycançılığa xidmətə dəvət etmişdir. Proqram xarakterli məqalədə obyektiv tənqidlə yanaşı, dəyərli məsləhətlər də geniş yer alır. Ölkənin efir məkanındakı özbaşınalıqlardan cana doyan xalq mötəbər məqamdan, yüksək səviyyədən deyilən kəsərli sözü, ciddi yanaşmanı çoxdan gözləyirdi. Akademik Ramiz Mehdiyevin məqamında toxunduğu problem əslində bütöv millət üçün taleyüklü məsələdir. Bu məsələyə biganə qalan azərbaycanlı tapmaq qeyri-mümkündür. Hamı haqlı olaraq danışmaq, fikrini bölüşmək istəyir. Təbii ki, danışılası söz, deyiləsi fikir çoxdur. Amma konkret təkliflərə üstünlük vermək daha xeyirlidir. Zənnimcə, televiziya kanallarında bədii şuralar yaradılsa, onun tərkibinə nüfuzlu elm, mədəniyyət xadimləri, tanınmış ziyalılar daxil edilsə, bu, ümumi işin xeyrinə olar.

 

Tahir Kərimli - AMİ Ağcabədi filialının müəllimi, pedaqoji elmlər namizədi:

- Azərbaycan demokratik və hüquqi bir dövlətdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev mətbuat üzərində senzuranı ləğv edəndə məhz Azərbaycanın demokratik inkişafını, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsini əsas götürmüşdü. Təəssüf ki, bu gün bəzi özəl televiziya kanalları demokratiyanı anarxiyaya çevirməyə cəhd göstərirlər. Hörmətli akademik Ramiz Mehdiyev sözügedən məqalədə dövləti və xalqı ciddi şəkildə narahat edən mühüm bir məsələyə böyük önəm verir.

Əsl günahkarlar televiziya kanallarında pərdə arxasında qalan təşkilatçılardır. Onlar kütləvi şəkildə tamaşaçıların zövqünü korlamaqla, milli-mənəvi dəyərlərimizə zərbə vurmaqla məsuliyyət daşıyırlar. Bu özəl televiziya kanalları haqlı olaraq el-obanın qınaq hədəfinə çevrilib. Xalqın diqqətini bu mühüm məsələyə yönəldən, aktual mövzuda geniş müzakirələr aparmağı zəruri sayan hörmətli akademik Ramiz Mehdiyevin mövqeyi ən böyük təşəkkürlərə layiqdir. Mənim təklifim budur ki, hər hansı televiziya kanalında yalnız peşəkarlar çalışmalıdırlar. Bu gün Azərbaycan efirinə dünya baxır. Düşünməliyik ki, bizi kimlər və necə təmsil edir.

 

Zəhra İbrahimova - Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin müəllimi, əməkdar müəllim:

- Mən deyərdim ki, Azərbaycanın efir məkanındakı mövcud vəziyyət bəlkə də ən cox müəllimləri ağrıdır. Ölkəmizdə sosial-iqtisadi inkişaf vüsət alıb. Dövlətimiz elmə, təhsilə, səhiyyəyə, mədəniyyətə böyük qayğı göstərir, sosial sferanın inkişafına böyük məbləğdə vəsait ayırır. Məgər özəl televiziya kanalları bu yüksəlişi, bu tərəqqini görmür? Çoxluğun sənətçi kimi qəbul etmədiyi müğənnilərin evindən saatlarla davam edən səviyyəsiz verilişləri ictimaiyyətə sırıyan kanallar yaxşı olar ki, təcrübəli, qabaqcıl bir müəllimin "açıq dərsi"nə işıq salsın, təhsil işçiləri arasında faydalı rəqabəti gücləndirsin. Yoxsa başlayıblar mənasız dedi-qodulara. Filankəs ərə getdi, filankəsin uşağının atası kimdi, filankəs bahalı maşın alıb və sairə.

 

Maraqlı fikirlər səslənən "dəyirmi masa"da əməkdar müəllim Camal Abbasov, AMİ Ağcabədi filialının müəllimi Əlizadə Nəcəfov, şair Yusif Camal, Ağcabədidəki Heydər Əliyev Muzeyinin işçisi, şair Məhsəti Musa, Ağcabədi şəhər 2 saylı məktəbin "Tərəqqi" medallı müəllimi Rafiq Əhmədov, AMİ Ağcabədi filialının tələbələri Fatimə Ağayeva, Seyidrza Təhməzov, Səbuhi Quliyev, şair Gündüz Nəcəfov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsində qarşıya qoyulan vəzifələrin son dərəcə aktual olduğunu, dövlətin və millətin taleyində böyük əhəmiyyət kəsb etdiyini dönə-dönə vurğuladılar.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 5.