Yorulmaz tədqiqatçı, bacarıqlı təşkilatçı
və görkəmli nəzəriyyəçi alim
XX əsrdə Azərbaycan Milli
Elmlər Akademiyasında bir neçə nəsil akademiklər
təmsil olunmuşdur. Mütləq əksəriyyət belə
fikirləşir ki, əvvəlki dövrlərin klassik
akademikləri bu mötəbər adı daha uca səviyyədə
daşımışlar. Bu məqamda onların elmi əsərlərinin
sayı və sanbalı, habelə elmi-təşkilati fəaliyyət
sahəsindəki fəallıqları əsas kimi qəbul
olunur. Etiraf etməliyik ki, həmin mülahizələrdə
müəyyən həqiqət də var. Lakin hazırkı mərhələdə
də klassik akademiklərin yolunu uğurla davam etdirən və
elmimizi daha da zənginləşdirən elm xadimlərimiz az
deyildir. Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü İsa
Həbibbəyli məhz bu qəbildən olan görkəmli
alimlərdən biridir. O, Azərbaycanda alim-klassiklərin
yolunu, ənənəsini yeni şəraitdə və yeni
müstəvidə uğurla davam və inkişaf etdirərək
zənginləşdirir. Akademik İsa Həbibbəyli hər
şeydən əvvəl ölkənin məhsuldar alimlərindən
biri kimi xarakterizə olunur.
O, demək olar ki, hər il
respublika miqyasında ən çox elmi əsərləri
çap olunan alimlərdən biri kimi diqqəti cəlb edir.
İsa Həbibbəyli elmin köklü, mühüm problemlərinin
həllinə üstünlük verir. Onun təsadüfi
mövzulara, ötəri məsələlərə həsr
olunmuş yazısı, demək olar ki, yoxdur. Azərbaycan ədəbiyyatşünaslıq
elminin XIX-XXI əsrlər üzrə problemlərinin öyrənilməsində
və həllində akademik İsa Həbibbəylinin elmi əsərlərinin
xüsusi yeri və əhəmiyyəti var. O, milli romantizm və
tənqidi realizm ədəbi cərəyanları haqqında
ardıcıl olaraq ciddi elmi əsərləri ilə diqqəti
cəlb edən tanınmış elm xadimidir. Azərbaycan
romantizmi klassiklərinin və ölkəmizdə tənqidi
realizmin əsas yaradıcılarının əsərlərinin
mövzusu - ideyası ilə bir sırada poetikası, dili,
üslubu, bədii metodu və məcazlar sistemi, janr zənginliyi
də İsa Həbibbəyli tərəfindən illərdən
bəridir ki, ardıcıl şəkildə öyrənilib
ümumiləşdirilir. İsa Həbibbəyli sanballı
xidmətləri olan görkəmli ədəbiyyat
tarixçisi olmaqla yanaşı, həm də ədəbi-elmi
mühitdə qəbul edilən ədəbiyyat nəzəriyyəçisidir.
Onun romantik lirikanın ideya-sənətkarlıq imkanlarına,
sonet və marş kimi janrların təkamülünə,
satiranın ədəbi növlərdən biri olması, ədəbiyyatşünaslıq
elminin şöbələrinin yenidən təsnifləndirilməsi,
ədəbiyyatın tərifinin dəqiqləşdirilməsi
məsələlərinə dair elmi mülahizələri
geniş əks-səda doğurmuşdur. Alimin "Ədəbiyyat
nəzəriyyəsi" adlı dərs vəsaitindən ali
məktəblərdə geniş istifadə olunur.
Akademik İsa Həbibbəyli Azərbaycan
mirzəcəlilşünaslıq elminin inkişafında yeni
mərhələ yaratmışdır. O, yeni dövr Azərbaycan
mirzəcəlilşünaslıq elminin fədakar
yaradıcısıdır. Müstəqillik mərhələsində
böyük demokrat ədib Cəlil Məmmədquluzadə
haqqında ən sanballı, yeni araşdırma materialları
ilə yeni elmi düşüncənin vəhdətindən
yoğrulmuş dəyərli əsərlər İsa Həbibbəylinin
qələmindən çıxmışdır. Görkəmli
alimin geniş həcmə malik olan "Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri" monoqrafiyası bir əsrlik
tarixi olan Azərbaycan mirzəcəlilşünaslığında
yeni mərhələ açan qiymətli əsərdir. Bu əsərdə
əhatə olunan çoxsaylı arxiv sənədləri, zəngin
ədəbi tarixi informasiyalar, maraqlı dövri mətbuat
materialları adamı heyrətə gətirir. İsa Həbibbəyli
həmin informasiyaları və materialları toplamaq zəhmətini
çəkməklə bərabər, seçmək, sistemləşdirmək,
təqdim və təhlil etməyin də öhdəsindən
layiqincə gəlməyi bacarmışdır. Onun görkəmli
yazıçı Cəlil Məmmədquluzadə haqqında
Azərbaycanla yanaşı, Rusiyada, Türkiyədə,
Fransada, Pakistanda, Misir Ərəb Respublikasında, İran
İslam Respublikasında, İraqda çap etdirdiyi kitablar və
məqalələr qüdrətli ədibin dünya
şöhrətinin təmin olunması
qayğılarını da əhatə edir. İsa Həbibbəylinin
hazırda görkəmli yazıçı Cəlil Məmmədquluzadənin
dünyanın müxtəlif ölkələrində -
Fransada, Polşada və İranda yaşayan nəvə-nəticələrini
axtarıb tapması, onlarla əlaqələr yaratması əhəmiyyətli
xidmət sayılmağa layiqdir. Bundan başqa, İsa Həbibbəylinin
Məhəmməd Tağı Sidqinin və Məhəmmədağa
Şahtaxtlının irsini toplayıb kitab halında nəşr
etdirməsi, araşdırıb öyrənməsi də təqdirəlayiq
işdir. Həmçinin onun Məhəmmədhüseyn Şəhriyar,
Məmməd Araz, Sabir Rüstəmxanlıya həsr
olunmuş kitabları geniş oxucu kütləsinin, mütəxəssislərin
faydalanacağı mənbələrə çevrilmişdir.
Beləliklə, İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatının
çoxəsrlik tarixinə və ədəbiyyat nəzəriyyəsi
məsələlərinə həsr etdiyi əsərlər
müstəqillik dövrü Azərbaycan elminin qiymətli səhifələrini
təşkil edir.
Geniş elmi
dünyagörüşü akademik İsa Həbibbəyli
üçün səciyyəvi cəhətdir. O, Azərbaycan
ədəbiyyatı və ictimai fikri ilə yanaşı,
Amerika, Avropa, Rusiya və Şərq ədəbiyyatı, ədəbi-mədəni
əlaqələr haqqında da professional səviyyəyə
malik elmi əsərlərin müəllifidir. Onun Ernest
Heminqueyə, Aleksandr Puşkinə, Marağalı Əvhədiyə,
Nazim Hikmətə, bolqar ədəbiyyatına həsr etdiyi əsərlər
özünün xarakterinə görə ciddi
araşdırmalardan yoğrulub, istinad, qaynaq təşkil edən
mənbələrdir. Eyni zamanda, İsa Həbibbəylinin
tarix, siyasət, incəsənət, folklor və mətbuat sahələrində
yazdığı əsərlər də həmin elmi istiqamətlərin
mütəxəssisləri tərəfindən qəbul olunur.
İsa Həbibbəyli ideyalı
alimdir. Tarixilik, millilik, ideyalılıq və müasirlik
akademik İsa Həbibbəylinin elmi fəaliyyətinin əsas
səciyyəsini müəyyən edir. Xüsusən onun
müstəqillik dövrü Azərbaycanının gerçəklikləri,
ölkəmizdə gedən ictimai-siyasi proseslər barəsində
yazdıqları əsərlər İsa Həbibbəylinin ədəbiyyatşünaslıqla
yanaşı, siyasətşünaslıq sahəsində də
professionallıq nümayiş etdirdiyini aydın şəkildə
göstərir. Belə məqamlarda İsa Həbibbəylinin əsərlərində
elmlə publisistika, elmi düşüncə ilə ictimai
düşüncə çarpazlaşır. Bununla belə,
İsa Həbibbəylinin publisistikası da qəzetçilikdən
fərqli olaraq, araşdırma və təhlil xarakterli
olduğu üçün jurnalistikadan qat-qat çox elmə
yaxındır. Bunları elm adamının elmi-publisist
düşüncəsinin orijinal əsərləri
adlandırmaq mümkündür. Və belə əsərlərində
İsa Həbibbəylinin alim düşüncəsi ilə vətəndaşlıq
mövqeyi, dövlətçiliyə dair baxışları,
müstəqillik haqqındakı qənaətləri bir vəhdət
halında təzahür etdiyi üçün yeni və
orijinal təsir bağışlayır.
Elm təşkilatçısı
kimi də İsa Həbibbəylinin sanballı xidmətləri
respublika ictimaiyyətinin diqqətini cəlb edir. Rektor kimi onun
ardıcıl və səmərəli fəaliyyətinin nəticəsində
Naxçıvan Dövlət Universiteti ölkəmizin əsas
elm və təhsil mərkəzlərindən biri səviyyəsinə
yüksəlmişdir. Geniş beynəlxalq əlaqələrə
malik olan Naxçıvan Dövlət Universitetinin alimləri
Azərbaycan elmini ölkəmizdə və xaricdə ləyaqətlə
təmsil edirlər. Universitetdə informasiya-kommunikasiya
texnologiyaları sahəsində həyata keçirilən məqsədyönlü
tədbirlər əməkdaşların dünya elmi
qurumları ilə əlaqəli fəaliyyətinə meydan
açır. Bütün bunların nəticəsidir ki, bu
gün Naxçıvan Dövlət Universiteti ölkəmizlə
yanaşı, beynəlxalq aləmdə də tanınır.
Naxçıvan Dövlət Universitetinin "Minilliyin
universiteti" nominasiyası üzrə beynəlxalq
mükafata layiq görülməsi, Avropa Rektorlar Klubunun və
Asiya Universitetlər Assosiasiyasının üzvlüyünə
qəbul edilməsi bu ali təhsil ocağının beynəlxalq
səviyyədəki imicini açıq-aşkar
nümayiş etdirir. Universitetdə hər il beynəlxalq səviyyəli
simpoziumların təşkili və həmin tədbirlərdə
məğribdən məşriqə qədər Yer kürəsinin
ayrı-ayrı guşələrindən görkəmli alimlərin
təmsil olunmaları bu ali təhsil ocağına dünya
miqyasında bəslənilən marağı və etimadı
nəzərə çarpdırır.
Ali məktəb elmi ilə
akademik elmin inteqrasiyası, üzvi surətdə əlaqələndirilməsi
baxımından da Naxçıvan Dövlət Universitetinin
rektoru kimi İsa Həbibbəylinin xüsusi xidmətlərini
ayrıca qeyd etməyi lazım bilirəm. Naxçıvan
Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsi
arasındakı çoxcəhətli əlaqələr, səmimi
və səmərəli əməkdaşlıq münasibətləri
ölkəmizdə akademiya ilə universitetlərin harmonik
inkişafına və əlaqələrinə ideal nümunə
sayılmağa layiqdir.
Akademik İsa Həbibbəylinin
çoxcəhətli fəaliyyətində elm tarixi məsələlərinin
də özünəməxsus yeri var. O, ədəbiyyatşünaslıq
məsələlərinin tədqiqi və təhlili prosesində
olduğu kimi, elm tarixinə və elmin müasir problemlərinə
aid məsələlərin tədqiq edilməsində də
professionallıq göstərir. Alimin Şərqdə
böyük elmi məktəb yaratmış Nəsirəddin
Tusi, dünya şöhrətli alim Yusif Məmmədəliyev,
Azərbaycan oftalmologiya elminin görkəmli
yaradıcısı akademik Zərifə xanım Əliyeva,
AMEA-nın sabiq prezidenti Fəraməz Maqsudov, akademiyanın
tanınmış üzvləri Məmməd Cəfər Cəfərov,
Budaq Budaqov, Əhməd Mahmudov, Abbas Zamanov, Səfərəli
Babayev, Əziz Mirəhmədov və başqaları
haqqındakı sanballı araşdırmaları, müxtəlif
yönlü ensiklopediyalara, kitabxanalara həsr olunmuş məqalələri
elmi tarixi xəzinəmizi daha da zənginləşdirir.
Akademik İsa Həbibbəyli
Milli Məclisin deputatı kimi respublikamızın ictimai-siyasi
həyatında, Azərbaycan Milli Elmlər Akademiyasında, Təhsil
Nazirliyi sistemində gedən proseslərdə yaxından
iştirak edir. Milli Məclisdəki və akademiyanın
yığıncaqlarındakı çıxışları
onun Azərbaycan ziyalısının, elminin və ali təhsilinin
qayğıları ilə yaşadığını, bu sahələrin
inkişafına daim diqqət göstərdiyini nümayiş
etdirir.
Onu ölkəmizdə olduğu
kimi, beynəlxalq aləmdə də görkəmli alim və
elm təşkilatçısı kimi qəbul edirlər. O,
dünyanın müxtəlif ölkələrində
keçirilən beynəlxalq elmi tədbirlərdə Azərbaycan
elmini yüksək səviyyədə təmsil edir.
Çoxcəhətli və
yorulmaz fəaliyyətinə görə akademik İsa Həbibbəylinin
əməyi yüksək qiymətləndirilmişdir. O, alim
üçün ən yüksək fəxri ad hesab edilən
"Əməkdar elm xadimi" adına layiq
görülmüşdür. Möhtərəm Prezidentimiz
İsa Həbibbəylinin elmdəki xidmətlərini
"Şöhrət" və "Şərəf"
ordenləri ilə dəyərləndirmişdir. Görkəmli
elm xadimi Avropa Rektorlar Klubunun Sokrat mükafatı ilə təltif
edilmişdir. O, eyni zamanda həqiqi üzvü olduğu Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının 2008-ci il
üçün "İlin elitar informatioloqu"
mükafatını almışdır. İsa Həbibbəyli
Nyu-York Elmlər Akademiyasında, Türkiyə Cümhuriyyəti
Atatürk Kültür, Dil və Tarix Yüksək Kurumunda da
Azərbaycanı ləyaqətlə təmsil edir.
Akademik İsa Həbibbəyli
daim axtarışda olan, enerjili, yenilikçi, müasir
düşüncə sahibidir. İnanırıq ki, o, bundan
sonra da özünün əhəmiyyətli
axtarışları və qiymətli əsərləri, təşkilatçılıq
fəaliyyəti, alim-siyasətçi sözü ilə elmimizin,
təhsilimizin və ictimai fikrimizin daha da inkişaf etdirilməsinə
və zənginləşməsinə şərəflə və
məsuliyyətlə xidmət edəcəkdir.
Anadan olmasının 60 illiyi
münasibətilə akademik İsa Həbibbəylini həmkarları
adından ürəkdən təbrik edir, ona möhkəm cansağlığı
və elmimizin, ali təhsilimizin inkişafı naminə daha
parlaq uğurlar arzulayıram.
Mahmud KƏRİMOV,
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik
Azərbaycan.- 2009.-16 oktyabr.- S. 6.