Bir ömrün işığı

 

Yazıçı-jurnalist Əfqan Əsgərov hər bir qələm əhlinin fəxr etdiyi, öyündüyü mətbuat işçilərindəndir. Bacarıqlı dramaturq və publisist kimi tanınan Əfqan ötən əsrin 50-ci illərində ədəbiyyata, mətbuata gələrək səmərəli fəaliyyət göstərir. Bu günlərdə ağsaqqal jurnalistin 80 yaşı tamam olur. İstər Azərbaycan ədəbiyyatına, istərsə də mətbuatına layiqli töhfələr verən Əfqan müəllimin publisistikası sanballı bir tədqiqatın mövzusudur. Həmişə gənclik həvəsi, qaynar yaradıcılıq ehtirası ilə yazıb-yaradan Əfqan Əsgərov bu gün də mayak rolunu oynamaqdadır. Onu həm geniş oxucu auditoriyası, həm də həmkarları çox sevirlər.

Kəlmələr elə bil ki, itik düşürdü. İlk dəfə idi ki, qəhrəmanımı necə təqdim etməkdə çox çətinlik çəkirdim. Atalar demişkən: "Yarımçıq divarı hörməyə nə var". İş ondadır ki, yaradıcılığı və şəxsiyyəti ilə çoxlarına nümunə olan Əfqan Əsgərov mərmərdən tökülmüş canlı abidəyə bənzəyir. Hansı yöndən sual verməyin çətinliyi bizi sıxırdı. Təcrübəli və həssas həmkarımız bunları duyurmuş kimi, bizi vəziyyətdən çıxartdı: "Deyirsiz özüm başlayım sözə? Əli Bayramlının Qarabağlılar kəndində (Qarabağdan köçüb gəliblər) ziyalı ailəsində anadan olmuşam. Əlli ildən artıqdır ki, ədəbiyyatda, mətbuatdayam".

Çətini böyük yollara qovuşan cığırın səmtini tapmaq idi. Söhbətimiz öz şirin və maraqlı axarında getdi. Əfqan müəllimin atası Hacıağa Azərbaycanın ilk ali təhsilli aqronomlarından olub. O, Moskvada Timiryazev adına Akademiyanı bitirib. Babası Hacıqulu kişi bəy oğlu olduğundan ötən əsrin 34-35-ci illərində tutularaq Qazaxıstana sürgün edilib. Oğlu Hacıağa günlərin birində ali təhsilini bitirib Bakıya dönərkən onu Beyləqana işə göndəriblər. Hacıağa Əli Bayramlıya gedərək ailəsini də özü ilə bərabər aparmaq istəyib. Elə həmin gün də onu həbs edərək iki milisin müşayiəti ilə həbsxanaya aparıblar. Yolda milislər "əsirə" deyiblər: "Sənin atanın çörəyi bizi tutar. Ona görə də səni buraxırıq. Qaç, canını qurtar. Arxanca da güllə atacağıq, qorxma". Hacıağa Kürsəngi dağını aşaraq yol maşını ilə Bakıya - Mirbəşir Qasımovun yanına gəlib (vaxtilə onu Moskvada oxumağa göndərənlərdən biri də məhz Mirbəşir Qasımov imiş). Hacıağa onun qəbulunda olaraq başına gələnləri danışıb. Mirbəşir Qasımov gəncin söylədiklərini eşidərək qəzəblənib: "Məgər biz səni tutmaq üçün oxutmuşuq? Heç elə də iş olar? Sənin kimi kadrlar bizə gərəkdir". Sonra da hara isə zəng edərək əsəbi danışıb. Bütün bunlardan sonra Hacıağa Əsgərova "Toxunulmazlıq kağızı" veriblər. Beləliklə də Əsgərovlar ailəsi Azərbaycanı bürümüş repressiyanın növbəti hədəfindən qurtulub.

Əfqan müəllim danışır ki, onlar uzun müddət Azərbaycanın müxtəlif rayonlarında yaşayıblar. Kənd təsərrüfatının inkişafında, xüsusilə də pambıqçılığın Azərbaycanda geniş yayılmasında, hətta bəzi yerlərdə ilk dəfə əkilməsində Hacıağa Əsgərovun xüsusi xidməti olub.

Əfqan Əsgərovun həyat yolu, həqiqətən, çox maraqlıdır və bəzən də qeyri-adi hadisələrlə doludur. Təsəvvürə gətirin ki, cəmi üç sinif oxuyandan sonra ona 8-ci sinfi bitirməsi haqqında şəhadətnamə veriblər. Uşaqlıq illərindən şeir yazmağa böyük həvəs göstərib. Kiçik yazılar da qaralayarmış, amma ilk dəfə tibb texnikumunda oxuyub, feldşer ixtisasına yiyələnib. Həkim olmaq niyyətində imiş. Bir dəfə cərrahi əməliyyat zamanı duyduğu kəsif qoxu üç gün onu rahat buraxmayıb. Ona söyləyiblər: "Səndən həkim çıxmaz". Sənədlərini Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verib. Rektor Abdulla Qarayevin köməyi ilə jurnalistika şöbəsində oxuyub. 1953-cü ildə universiteti bitirəndən mətbuatda çalışır. İlk iş yeri "Azərbaycan gəncləri" qəzeti olub. Bir müddətdən sonra isə Moskvada ali ssenarist kursunda oxuyub. İki ildən sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında redaktor işləyib. O vaxtlar mətbu sözün kəsəri var idi. Əfqan Əsgərov kinostudiyanın problemləri ilə bağlı "Kommunist" qəzetində bir məqalə ilə çıxış edir. Bununla əlaqədar toplanan müşavirədə Azərbaycan KP MK-nın şöbə müdiri Şıxəli Qurbanov da iştirak edib. O, Əfqanın çıxışına diqqətlə qulaq asdıqdan sonra məsləhət görüb ki, gənc jurnalist "Kommunist" qəzetində işləsin. Şıxəli Qurbanovun tövsiyəsi ilə Əfqan Əsgərov həmin qəzetdə ədəbiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1989-cu ildə "Sovet kəndi" qəzetinin redaktoru olub. 1991-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin baş redaktoru işləyib. Onu da qeyd edək ki, 1992-ci ildə "Həyat" qəzetinin timsalında öz köhnə adını bərpa edən "Azərbaycan" qəzetinin yaradılmasında, yenidən həyata qayıtmasında Əfqan Əsgərovun böyük xidmətləri var. Təəssüf ki, o vaxt hakimiyyətdə olan "bəylər" Əfqanın cəbhəçi olmamasını bəhanə edərək onu işdən uzaqlaşdırıblar. Lakin Əfqan elə bir qələm sahibi idi ki, işsiz qalmadı. Yenidən müxtəlif qəzet və jurnalların redaksiyalarında çalışırdı, hazırda "İqtisadiyyat" qəzetinin redaktorudur. Öz təcrübəsini, biliyini gələcək həmkarlarına öyrətmək məramı ilə Əfqan müəllim həm də uzun müddət "Təfəkkür" Universitetində jurnalistikanın əsasları fənnindən dərs deyib.

Həmkarları arasında dərin hörmətə və nüfuza malik olan Əfqan ona bəslənən ehtiramın kökünü öz müəllimlərinin böyüklüyü ilə bağlayır: "Biz nəslə Məmməd Arif, Mir Cəlal, Məmməd Cəfər, Əli Sultanlı, Cəfər Xəndan, Nəsir İmanquliyev... kimi şəxsiyyətlər dərs deyiblər. Onlar sıravi müəllim deyildilər. Onların hər sözü, tövsiyəsi damarda axan qan kimi bütün varlığımıza hopurdu. Biz başqa cür ola bilməzdik axı!" Mətbuatımızın bu gün üzləşdiyi problemlərə biganə qalmayan ağsaqqal jurnalistin fikirləri də maraqlıdır: "Bilirsiniz, jurnalist yetişdirən təhsil ocaqlarının sayını indi hesablamaq çox çətindir. Bizim vaxtımızda isə cəmi bir təhsil ocağında - Azərbaycan Dövlət Universitetində jurnalist diplomu verirdilər. Əvvəllər "KİV" ifadəsi olsa da, bu çox az işlənirdi. Amma kütləvilik var idi. O vaxt ağıla gəlməzdi ki, qəzet 700-800 nüsxə, uzaqbaşı 6-7 min nüsxə tirajla buraxıla bilər. Kitab 40-50 min, bəzən 100 min tirajla buraxılır və alınırdı. Kitab mağazalarını kitab, qəzet köşklərini isə qəzet, jurnal bəzəyirdi. Daha oraya xırdavat malları düzmürdülər. İndiki qəzet, jurnal tirajları ilə olsa-olsa, dəvətnamə dərc edilərdi. Yenə də deyirəm, o vaxt jurnalist yetişdirən bir ocaq olsa da, hər qəzet redaksiyası özünəməxsus bir məktəb idi. Rəmzi olaraq deyək ki, "Bakı" qəzeti belə bir məktəbin ən yaxşı nümunəsi olmuşdur. Nəsir İmanquliyevin başçılıq etdiyi bu məktəbdə Şamil Qurbanov, Şamil Şahməmmədov, Rəfael Nağıyev, Adil Cavadlı, Şakir Abdullayev... kimi məşhur jurnalistlər yetişdi. Təəssüf ki, bu ənənə indi pozulub".

Ədəbi ictimaiyyət Əfqanı həm də istedadlı yazıçı və dramaturq kimi də tanıyır. Onun qələmindən çıxan "Gülyanaq", "Katib", "Həsrət də bir vüsaldır", "Qartal əfsanəsi" romanları, "Dədə Bəhmən" trilogiyası, "Qozbel", "Məhəbbət ətirli qərənfilim", "Dünya gözəlliyindir", "O, daş deyildir" və başqa povestləri ədəbi nəsrimizin inkişafında mühüm əhəmiyyət kəsb edən əsərlərdən sayılır. Əfqan müəllim danışır ki, birinci kursda oxuyanda Təbriz mövzusunda bir pyes yazmışdım. Onu ilk dəfə oxuyub rəy verən İlyas Əfəndiyev olub. O dövrün yazıçı və şairlərində qəribə müdriklik var idi. Həmişə gənclərə böyük ürəklə, diqqət və qayğı ilə yanaşır, istedadlıların qolundan tuturdular. Ədəbi uğur mütləq əks-səda doğurardı. Mərhum şair Rəsul Rza da Əfqanın tarixi mövzuda yazdığı əsərləri "Həyatdan səhifələr" adlandıraraq onun "Gülyanaq" romanındakı vətəndaşlıq yanğısını xüsusi qiymətləndirmişdi. Ədəbi mühitdə elə bir ab-hava var idi ki, heç kəs ortalığa zəif əsər çıxarmağa cəsarət etməzdi. Mehdi Hüseynin, Məmməd Cəfərin, Məsud Əlioğlunun, Qulu Xəlilovun qələminə düşməkdən ehtiyatlanardılar. Daha indiki kimi deyildi. İndi az qala hamı yazan olubdur.

Dramaturgiya sahəsində də qələmini sınayan Əfqanın "Sarı əlcək", "O mənim oğlumdur", "Dağ seli", "Gülməyən adam" adlı pyesləri respublikamızın müxtəlif teatrlarında tamaşaya qoyulub. Tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanan "Qız atası" komediyası Əfqanın ən yaxşı pyeslərindən sayılır. Bu həm də hər dramaturqa nəsib olmayan səadətdir ki, "Qız atası" komediyası teatrlarda ən çox oynanılan tamaşalardan biri olub. Bu pyesi Azərbaycan Televiziyası da hazırlamışdır. Hazırda "Qızıl fond"da saxlanılır. Əfqan Əsgərov ən məhsuldar və səmimi yazıçılardan sayılır. Həmişə tükənməz həvəslə, böyük səbirlə işləməyi bacaran yazıçı öz oxucularına yeni-yeni əsərlər bəxş etməyi, onları düşündürməyi çox sevir. Neçə vaxtdır ki, bir trilogiya üzərində işləyir. Artıq həmin trilogiyanın ikisi - "Bəy İnal" və "Şahlar şahı" romanları işıq üzü görüb. Müəllif üçüncü romanı - "Cənnətməkan"ı da tamamladı.

Əsl yazıçı təbiətinə malik olan Əfqan Əsgərov həm də gözəl oxucudur. İndinin özündə belə, antik və intibah dövrü ədəbiyyatını, dünya mədəniyyəti ilə bağlı yazıları, dövri mətbuatı müntəzəm oxuyur. Elə zəngin daxili dünyası və geniş dünyagörüşü var ki, istənilən alimlə, müxtəlif sənət sahibləri ilə söhbət etməyi bacarır. Onun zəngin mənəviyyata malik olması əsərlərində də özünü göstərir. Bu səbəbdən də yazıçının əsərləri oxucular tərəfindən sevilir. Şair Nəriman Həsənzadə öz qələm dostu haqqında yazdığı bir məqalədə deyir: "Əfqan minillik milli yaddaşımızı oyatmağa çalışan, adət və ənənələrimizin qədimliyi qədər də müasirliyini görən və göstərən güclü təfəkkür sahibidir. Şübhəsiz ki, bu, yüksək milli əxlaq zəminində formalaşan yazıçı, ziyalı mədəniyyəti kimi qiymətləndirilməlidir. Əfqan görkəmli yazıçı, tarixi qaynaqları araşdıran yorulmaz tədqiqatçı, peşəkar jurnalist qələminə yiyələnmiş qəzetçidirsə, eyni zamanda ədəbiyyatımızın, sözün geniş mənasında, təbliğatçısıdır".

Maraqlı yazıları, publisistik düşüncələri, ədəbi gülüşləri (komediyaları), şirin nəsri ilə həm ədəbi tənqidin, həm də geniş oxucu kütləsinin rəğbətini qazanan Əfqan Əsgərov respublikamızın ağsaqqal jurnalistlərindəndir. Hərdən sıramıza boylananda bu əzəmətli kişinin işıqlı baxışları ürəyimizdə qürur doğurur. Yaxşı ki, qarşıda zirvəsi qarlı dağlar var. Onda yolun mənası daha da dərinləşir. Çatacağımız mənzildə üzləşəcəyimiz mənzərələr bizə yeni ruh verir. Yüzlərlə oxucunun, qələm əhlinin qəlbində o mənəvi işığı yandıran sizsiniz, Əfqan müəllim. Yəqin ki, bizdən sonra da bu cığıra düşənlər olacaq. Əfqan Əsgərov kimi ləyaqətli ömür və yaradıcılıq sahibi olmaq, sözün əsl mənasında, xoşbəxtlikdir. Ömrünün bu bəxtəvər çağlarını ata və baba kimi yaşayan, çoxumuzun məhəbbət və ehtiram bəslədiyi Əfqan müəllimin yeni və maraqlı əsərləri bundan sonra da yaranacaq. Ağsaqqal jurnalistimizi həmişə belə şux, nikbin və məğrur görmək istəyirik. Onun yaşadığı mənalı ömrün işığı həm yolumuzu nurlandırır, həm də ədəbiyyatımızda, mətbuatımızda şölələnir.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 6.