Gənclər siyasətinin məqsədi sağlam və
intellektual nəsil formalaşdırmaqdır
Gənclər cəmiyyətin
ictimai-siyasi həyatında fəal iştirak edən
aparıcı təbəqədir. Məhz buna görə
dövlət gənc nəslin təhsilinin yüksəlməsinə,
mənəvi tərbiyəsinə, onların
sağlamlığının qorunmasına strateji əhəmiyyətli
məsələ kimi baxır və bu sahələrə
xüsusi qayğı ilə yanaşır.
Heydər Əliyevin Azərbaycanda
həyata keçirdiyi gənclər siyasəti hazırda
Prezident İlham Əliyev tərəfindən uğurla
inkişaf etdirilir. Bu gün həyata keçirilən gənclər
siyasəti çox geniş bir spektri - gənclərin təhsili,
tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi
inkişafı, asudə vaxtlarının səmərəli təşkili,
ölkənin iqtisadi-siyasi və mədəni həyatında
iştirakı ilə bağlı məsələləri əhatə
edir. Onların intellektual potensialının inkişaf etdirilməsinə,
peşəkar kadrlar kimi hazırlanmasına, vətənpərvərlik
ruhlarının inkişafına, ölkənin hər yerində
irəli çəkilmələrinə, quruculuq,
yaradıcılıq sahələrində bilavasitə təmsil
olunmalarına, yaradıcı və istedadlı yeniyetmələrin
aşkar olunmasına yönəlmiş tədbirlər Gənclər
və İdman Nazirliyi tərəfindən davamlı olaraq həyata
keçirilməkdədir.
Dövlət
başçısı İlham Əliyev tərəfindən
gənclərin potensialından ölkənin mənafeyi naminə
düzgün istifadə edilməsi, onların faydalı məşğulluğunun
təmini, dövlət idarəçiliyi sistemində
iştirakının gerçəkləşdirilməsi məqsədilə
30 avqust 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət
Proqramı (2005-2009-cu illər)"nın təsdiq edilməsi
haqqında sərəncam imzalandı. 2006-cı ildə
ölkə rəhbərinin Gənclər və İdman Nazirliyinin
yaradılması haqqında sərəncamında isə gənclər
və idman sahəsində həyata keçirilən siyasətin
səmərəliliyinin artırılması ön plana
çəkildi.
Dövlət
başçısının sərəncamları ilə təsdiq
edilən "Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010)", "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı", "Təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı (2008-2012)" və digər sənədlər gənc
nəslin mütəşəkkil qüvvə kimi
formalaşmasına, mənəvi cəhətdən yetkinləşməsinə,
sosial problemlərinin həllinə, idmanın kütləviləşməsinə
böyük təsir göstərməkdədir.
Ölkə Prezidentinin 30 iyun
2009-cu ildə imzaladığı sərəncamla təsdiq
edilən "Bədən tərbiyəsi və idman
haqqında" Azərbaycan Respublikasının Qanununda
ölkədə bu sahədə fəaliyyətin təşkilati-hüquqi,
sosial-iqtisadi əsasları və dövlət gənclər
siyasətinin əsas prinsipləri müəyyənləşdirilmişdir.
1997-ci ildən ölkədə
Olimpiya hərəkatının genişlənməsi, idman və
bədən tərbiyəsinin tərəqqisi, daha geniş
coğrafi məkanda təbliği, Azərbaycanın dünya
idman ailəsinin bərabərhüquqlu üzvünə
çevrilməsi sahəsində məqsədyönlü tədbirlər
həyata keçirilməyə başlandı. İdmana
dövlət qayğısı ilə yanaşı, onun
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində ciddi işlər görüldü.
Bakıda, Maştağada,
Naxçıvanda, Gəncədə, Şəkidə, Bərdədə,
Lənkəranda, Qubada, Şamaxıda, Qazaxda, Masallıda və
digər rayonlarda dünya standartlarına uyğun 14 Olimpiya
İdman Kompleksi tikilərək gənclərin istifadəsinə
verildi. Hazırda daha 20 rayonda idman komplekslərinin
inşası uğurla davam etdirilir.
Uzun illərin təcrübəsinə
əsaslanan Azərbaycan idmançıları hər il beynəlxalq
yarışlarda, dünya və Avropa çempionatlarında
yüksək nəticələr göstərərək
medallar qazanırlar. Bu uğurlar dövlətin həyata
keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir.
Ölkə Prezidenti "...Bizim işimiz təkcə beynəlxalq
yarışlarla məhdudlaşmır", - deməklə
vurğulayıb ki, idman dövlətin ən vacib hesab etdiyi
sahələrdəndir. Bu istiqamətdə infrastruktur
genişləndirilib, müasirləşdirilib,
idmançıların həyat şəraitini
yaxşılaşdırmaq, problemlərini həll etmək
üçün bütün vacib tədbirlər
görülüb və bu işlər davam etdirilir. "Neft
ölkəsi", "Odlar yurdu" kimi tanınan ölkəmiz
indi "İdman ölkəsi" adını da qazanıb.
Azərbaycanda yaradılan
müasir idman infrastrukturu, inşa edilən obyektlər
dünya standartlarına uyğunlaşdırılır. Mingəçevir
avarçəkmə bazasının bərpası, Qusarda
qış idman növlərinin və turizm infrastrukturunun
yaradılması dövlətin bu sahələrin
inkişafına xüsusi diqqət və
qayğısının göstəricisidir.
Dövlət
başçısının konsepsiyasına görə
növbəti illər ərzində bədən tərbiyəsi
və idman sahəsinin inkişafı üçün
hüquqi, sosial və iqtisadi bazanın yaradılması, əhalinin
fiziki inkişaf səviyyəsinin yüksəldilməsi,
perspektivli, yüksək səviyyəli
idmançıların və məşqçilərin
hazırlanması sahəsində müvafiq tədbirlərin həyata
keçirilməsi davam etdiriləcək. Eyni zamanda, bədən
tərbiyəsi sahəsində elmi-metodiki təminat sisteminin təkmilləşdirilməsi
və bu sahənin maddi-texniki bazasının inkişaf etdirilməsi,
möhkəmləndirilməsi istiqamətində mühüm
addımlar atılacaq. Milli yığma komandaların və
idmançıların Olimpiya oyunlarına, dünya, Avropa
çempionatlarına və digər beynəlxalq
yarışlara hazırlığı, bədən tərbiyəsi
və idmanla məşğul olanlara tibbi nəzarət və
xidmətin təmin edilməsi, həmçinin beynəlxalq əlaqələrin
genişləndirilməsi dövlətin diqqət mərkəzindədir.
Uşaqlar və gənclər
arasında bədən tərbiyəsi və idmanın
inkişaf sisteminin formalaşdırılması, təkmilləşdirilməsi,
məktəbəqədər yaşlı uşaqların,
ümumtəhsil məktəbi şagirdlərinin və tələbələrin
fiziki tərbiyə sisteminin inkişaf etdirilməsi,
yaşayış yerlərində bədən tərbiyəsi
və idman işinin təşkili, əhalinin bədən tərbiyəsi,
sağlamlıq və idmanyönümlü məşğələlərə
cəlb olunması və digər məsələlər bu sahədə
dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir.
Prezident İlham Əliyevin
"2007-ci il "Gənclər ili" elan edilsin" sərəncamı
isə dünya azərbaycanlılarının hər birinin
ailəsində böyüyən gənc üçün, ilk
növbədə, cəmiyyətin inkişafı, xalqın
elmi-texniki, ziyalı potensialının yüksəlməsi, tərəqqisi
üçün geniş şərait yaratdı.
Son illər Azərbaycanda gedən
hüquqi, demokratik dövlət quruculuğu prosesində gənclərin
fəallığı xeyli artıb. Onlar bu gün cəmiyyətin
inkişafında fəal iştirak edir və ən mötəbər
kürsülərdən sözlərini deyir. Gənclərin
maraqları nəzərə alınaraq beynəlxalq səviyyəli
tədbirlərdə iştirakı təmin olunur. Gənclərimiz
bir çox beynəlxalq konfranslarda, seminarlarda, forumlarda hər
il mütəmadi olaraq fəal iştirak edirlər.
Bu il sentyabrın 24-də Azərbaycan
Prezidenti İlham Əliyev gənc nəslə növbəti
diqqət və qayğının təzahürü olaraq
"2009-2010-cu tədris ilində Azərbaycan
Respublikasının ali məktəblərinə daxil olmuş
tələbələrə Prezident təqaüdünün
verilməsi haqqında" sərəncam imzaladı. Bu sərəncam
yüksək bal toplamış 102 tələbəyə
şamil edildi.
Azərbaycan gəncliyi dövlətin
onlara göstərdiyi diqqət və qayğını
yüksək dəyərləndirməklə yanaşı,
öz məsuliyyətini də dərk edir. Ölkə
başçısının müəyyənləşdirdiyi
strateji vəzifələrin uğurla həyata keçirilməsinə,
respublikamızın dinamik inkişafına töhfəsini verməyə
çalışır.
Gənclər siyasəti dövlətin
daxili siyasətinin mühüm tərkib hissəsidir və o,
cəmiyyətin proqressiv inkişafı üçün
mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin
hazırda uğurla davam etdirdiyi dövlət gənclər
siyasəti Azərbaycan gəncliyini daha gözəl gələcəyə
istiqamətləndirməkdədir.
Adilə QOCAYEVA
Azərbaycan.- 2009.- 16 oktyabr.- S. 7.