Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə

 

Müşavirəni Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açmışdır.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti, dairə və məntəqələrdə yaradılmış maddi-texniki baza barədə məlumat vermişdir.

Məlumat verilmişdir ki, dekabrda növbəti bələdiyyə seçkilərinin mütəşəkkil keçirilməsi üçün muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi dairə seçki komissiyasının hamısı yeni inzibati binalarla, lazımi avadanlıqla təmin olunmuşdur. Muxtar respublikada 316 seçki məntəqəsi yaradılmış, vahid seçici siyahıları təsdiq olunmuşdur. Seçicilərin sayı 238 min 598 nəfərə çatmışdır ki, bu da prezident seçkilərində iştirak edən seçicilərdən 3 min 688 nəfər artıqdır. Builki bələdiyyə seçkilərində 171 bələdiyyə üzrə 1437 nəfər bələdiyyə üzvü seçilməlidir. Bunun üçün tədbirlər planı hazırlanmış və müəyyən işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sonra müvafiq nazirlik, idarə və təşkilat rəhbərlərinin seçkilərə hazırlıqla bağlı məlumatları dinlənilmişdir.

Ali Məclisin sədri müşavirədə çıxış edərək demişdir ki, məqsəd bələdiyyə seçkilərini Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun təşkil etmək və mütəşəkkil keçirməkdir.

Seçkilərə hazırlıqla əlaqədar konkret tapşırıqlar verilmiş, qeyd edilmişdir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin bələdiyyə seçkiləri ilə bağlı tələbləri, bu sahədə qəbul olunmuş qanunvericilik ictimaiyyətə izah olunmalıdır. Yerlərdə yaradılmış dairə və məntəqə seçki komissiyaları lazımi avadanlıq, seçki günü nəqliyyat vasitəsi ilə təmin edilməlidirlər. Seçki komissiyaları və aidiyyəti qurumlar seçici siyahılarının tərtibi və onların seçki gününədək dəqiqləşdirilməsi ilə mütəmadi məşğul olmalıdırlar. Seçki məntəqələrində komissiya üzvləri ilə yanaşı, müşahidəçilərin, səlahiyyətli nümayəndələrin, vəkillərin və kütləvi informasiya vasitələri nümayəndələrinin işləməsi üçün lazımi şərait yaradılmalıdır. Bu il ilk dəfə səs verənlərə, 18 yaşına çatanlara və şəxsiyyətini təsdiq edən heç bir sənədi olmayan vətəndaşlara seçki gününədək şəxsiyyət vəsiqələrinin verilməsi təmin olunmalıdır. Heç bir seçici şəxsiyyət vəsiqəsi olmadığına görə seçkilərdən kənarda qalmamalıdır. Məntəqələr yerləşən binalar telefonlaşdırılmalı, səsvermənin gedişi ilə bağlı ilkin məlumatların internet vasitəsi ilə Bakıdakı "Seçkilər İnformasiya Mərkəzi"nə verilməsini təmin etmək üçün 7 seçki dairəsinin hər birinə bu sahəni bilən mütəxəssis təhkim olunmalıdır. YAP Naxçıvan Muxtar Respublika təşkilatı gənclərlə işi diqqət mərkəzində saxlamalıdır. Muxtar respublikanın kütləvi informasiya vasitələrinin imkanlarından maksimum istifadə olunmalı, seçki praktikası, qanunvericiliyin izahı ilə bağlı materiallar verilməlidir. Məhkəmə və ədliyyə orqanlarının əməkdaşları seçkilərin keçirilməsi üçün qəbul olunmuş təlimatlar, izah və qaydalar barədə, ümumiyyətlə, komissiya üzvlərinin vəzifələri, görəcəyi işlər, xarici və yerli müşahidəçilərin vəzifə və səlahiyyətləri barədə cədvəl əsasında kütləvi informasiya vasitələrində izahat işlərinə cəlb olunmalıdırlar.

Ali Məclisin sədri seçkilərə hazırlıqla əlaqədar müşavirə iştirakçılarına uğurlar arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- oktyabr.- S. 7.