Azərbaycan dünyada böhrandan ən az əziyyət çəkən ölkələrdən biridir

 

- Nazirlər Kabinetinin bugünkü iclasında biz bu ilin doqquz ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, bu il ərzində Azərbaycan iqtisadiyyatı çox uğurla inkişaf edib. Bu, çox sevindirici haldır. Xüsusilə ona görə ki, bu il dünyada maliyyə və iqtisadi böhran hökm sürür. Demək olar ki, bütün ölkələrə bu böhranın çox mənfi təsiri olmuşdur və dünya miqyasında ölkələrin mütləq əksəriyyətində iqtisadi tənəzzül müşahidə edilir. Azərbaycan iqtisadiyyatı isə inkişaf edir. Əlbəttə, biz öz iqtisadi siyasətimizi apararkən ancaq daxili resurslarımıza əsaslanırıq və bununla bərabər, heç vaxt heç bir müqayisə aparmamışıq. Biz öz səylərimizi daxili məsələlər ətrafında qoyuruq. Belə olan halda, Azərbaycan iqtisadiyyatı istənilən iqtisadi şəraitdə öz imkanlarını ortaya qoyur.

Bu ilin doqquz ayında ümumi daxili məhsul 6,1 faiz artmışdır. Bu, çox böyük nailiyyətdir, böyük uğurdur və onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır, iqtisadiyyatın hansısa bir sektorundan asılı deyildir. Son illər ərzində aparılan köklü islahatlar, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılan praktiki addımlar bugünkü iqtisadi artımı şərtləndirib. Böhranlı ildə iqtisadiyyatın 6,1 faiz səviyyəsində artması çox gözəl göstəricidir. Deyə bilərəm ki, bölgədə yerləşən ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 15 faiz, 18 faiz səviyyəsindədir. Azərbaycanda isə biz bütün imkanları səfərbər edib iqtisadiyyatımızı inkişaf etdiririk.

Bununla bərabər, doqquz ayda sənaye istehsalı 5 faiz artıb. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, Azərbaycanda aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir. Biz çalışırıq ki, sənaye sahəsində də müxtəlif yeni müəssisələr işə düşsün. Xarici və daxili investisiyalar cəlb edilir. Azərbaycanda aparılan çox böyük infrastruktur layihələri, xüsusilə Azərbaycanın bölgələrində aparılan infrastruktur layihələri sənaye istehsalının artırılmasına gözəl şərait yaradır. Söz yox ki, sənaye artımının təməlində, eyni zamanda, dövlət tərəfindən özəl sektora verilən güzəştli kreditlər də mühüm rol oynayır. Bu kreditlər verilir. Kreditlərin məbləği artırılır. Belə olan halda biz yerli sahibkarlar üçün də çox gözəl şərait yaradırıq.

Kənd təsərrüfatında artım 3 faiz səviyyəsindədir. Bu da çox yaxşı göstəricidir. O da həqiqətdir ki, ilk dəfə olaraq Azərbaycanda rekord səviyyədə taxıl istehsal edilib - 3 milyon ton səviyyəsində. Bu, tarixi nailiyyətdir və Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatların bariz nümunəsidir. Həm dövlət tərəfindən verilən dəstək, həm maliyyə yardımı, fermerlərə yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, subsidiyaların verilməsi, aqrolizinqin yaradılması, dövlət tərəfindən kənd təsərrüfatı texnikasının alınması və kəndlilərə icarəyə verilməsi - yəni biz buna kompleks tədbirlər nəticəsində nail ola bilmişik. Suvarma, meliorasiya məsələlərinin həyata keçirilməsi, elevatorların, soyuducu kameraların tikilməsi, yəni bu barədə çox danışmaq olar. Əsas odur ki, böhranlı ildə qeyri-neft sektoru inkişafdadır və kənd təsərrüfatı ölkəmiz üçün həm iqtisadi cəhətdən, həm sosial cəhətdən çox böyük əhəmiyyətə malik olan bir sahədir.

Çox sevindirici haldır ki, Azərbaycanda makroiqtisadi vəziyyət çox sabitdir. Doqquz ayda inflyasiya cəmi 2,1 faiz təşkil etmişdir. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, istehlak qiymətləri sabitdir və belə olan halda böhranın insanların həyatına təsiri minimum səviyyədədir. O da həqiqətdir ki, yenə də müqayisə aparsaq, - baxmayaraq, mən bunun tərəfdarı deyiləm, - əgər dünyada bu böhranlı vəziyyət yaşanmasaydı, biz heç vaxt müqayisə aparmazdıq. Amma müqayisə aparılanda görürük ki, bölgədə yerləşən ölkələrdə həm iqtisadiyyat, həm milli valyutanın məzənnəsi aşağı düşür, milli valyuta dəyərini itirir, eyni zamanda, inflyasiya qalxır. Azərbaycanda isə tam əksinədir - iqtisadiyyat artır, manat sabitdir, inflyasiya isə çox aşağı səviyyədədir. Bununla bərabər, onu da böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, doqquz ayda əhalinin pul gəlirləri, təxminən 10 faiz artıbdır. Bu onu göstərir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşayırlar. Əhalinin 10 faiz artan pul gəlirləri, əlbəttə ki, cəmiyyətin bütün təbəqələrində bərabər şəkildə bölünməyib. Bu da təbiidir. Çünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Amma yenə də çox gözəl göstəricidir. Əhalinin 10 faiz artan pul gəlirləri, 2 faizlik inflyasiya - deməli, real artım templəri 8 faizdir. Böhranlı il üçün bu, hesab edirəm ki, dünya miqyasında nadir bir göstəricidir.

Əhalinin banklara qoyduğu əmanət 11 faiz artıb. Bu, nəyi göstərir? İlk növbədə onu göstərir ki, əhalidə artıq pul kütləsi yaranır. Yəni daha da çox gəlirlər əldə edilir. Digər tərəfdən onu göstərir ki, banklara olan inam və etibar çox yüksək səviyyədədir. Bu da öz növbəsində bank sektorunun inkişafına xidmət göstərir. Mərkəzi Bankın səyləri nəticəsində manatın məzənnəsinin sabit vəziyyətdə saxlanılması bax, bu vəziyyəti şərtləndiribdir. Əgər biz başqa ölkələr kimi milli valyutanı devalvasiyaya uğratsaydıq, o zaman manata inam azalardı, banklara qoyulan əmanət azalardı və beləliklə, həm inam, həm də ki, bankların maliyyə resursları azalardı. Düzgün siyasətimiz nəticəsində, baxmayaraq ki, demək olar, bölgədə yerləşən bütün ölkələrdə milli valyuta devalvasiya edilib, biz manatı sabit saxladıq. Bu, düzgün siyasət idi. Bu siyasət nəticəsində əhalinin banklara qoyduğu əmanətin həcmi 11 faiz artıb və beləliklə, bir çox məsələ öz həllini tapıb.

Bütün bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın ortaya qoyur ki, Azərbaycan böhranlı ildə böhrandan ən az əziyyət çəkən ölkələrdən biridir. Bunun başlıca səbəbi bizim siyasətimizdir, aparılan islahatlardır, sosial siyasətdir, infrastruktur layihələridir və müstəqil siyasətdir. Biz nəyi hesab edirik ki, düzdür, ölkə üçün lazımdır, onu da edirik. Biz, əlbəttə ki, beynəlxalq maliyyə qurumları ilə də yaxşı əməkdaşlıq edirik və məsləhətləşmələr aparılır, ancaq öz bildiyimizi edirik. Çünki biz tam əminik ki, bizim siyasətimiz Azərbaycan xalqının mənafeyinə xidmət göstərir və bunun ən gözəl göstəriciləri də doqquz ayın sosial-iqtisadi yekunlarıdır.

Bizim, əlbəttə ki, böyük təbii resurslarımız - neft-qaz resurslarımız vardır. Ancaq bilirsiniz ki, bir il ərzində neftin qiyməti 140 dollardan 37 dollara düşmüşdür. Bizim dövlət büdcəmizdə bu il neftin qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulmuşdur. Ancaq indi neftin qiyməti 70 dollara yaxınlaşıb, onun ətrafındadır. Amma buna baxmayaraq, bizim iqtisadiyyatımız inkişaf edir. Məhz ona görə ki, biz neftdən gələn gəlirləri vaxtlı-vaxtında insan kapitalına, infrastruktur layihələrinə yönəltdik. Sahibkarlığın inkişafına, kreditlərin verilməsinə, infrastruktura və texnikanın alınmasına yönəltdik. Ona görə iqtisadiyyatımız neft amilindən asılılığını artıq böyük dərəcədə aşağı endirə bilmişdir.

Bu gün bizim valyuta ehtiyatlarımız 19 milyard dollar səviyyəsindədir və bu sahədə də gözəl inkişaf, artım vardır. Bu da bizim üçün çox böyük bir maliyyə qarantıdır. Bütün sosial proqramlar icra edilir. Bu ilin doqquz ayında orta əməkhaqqı 15 faiz artıbdır. Bu gün Azərbaycanda orta əməkhaqqı 370 dollar səviyyəsindədir. Pensiyalar artır, ünvanlı sosial yardım proqramı uğurla icra edilir və bu gün 150 min ailəyə ünvanlı sosial yardım göstərilir. Ümumiyyətlə, bu proqram 700 min nəfəri əhatə edir və hər bir ailəyə verilən yardım orta hesabla haradasa, 140 dollar səviyyəsindədir. Bu da ən imkansız insanlara Azərbaycan dövləti tərəfindən praktiki dəstəkdir. Əlbəttə ki, görülən bütün tədbirlər nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi daha da aşağı düşməlidir. Azərbaycan reallıqları onu göstərir ki, yoxsulların sayı getdikcə aşağı düşür.

Bölgələrdə infrastruktur layihələri uğurla davam etdirilir. 2003-cü ildən bu günə qədər Azərbaycanda 824 min yeni iş yerləri açılmışdır. Bu da bölgələrin inkişafı və yerlərdə iş yerlərinin, yeni müəssisələrin yaradılması üçün də çox vacib amildir. Bu il, gələn il və ondan sonrakı illərdə bölgələrdəki mövcud problemlərin həlli üçün daha da böyük işlər görüləcəkdir. Gələn ilin dövlət büdcəsində bütün bu məsələlər öz əksini tapıbdır.

Biz, əlbəttə ki, bu il və bundan sonrakı illərdə ordu quruculuğunun inkişafına daha da böyük səylər göstərməliyik və bunu edirik. Bizim hərbi potensialımız gündən-günə güclənir. Azərbaycan Ordusu bu regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir. Biz bundan sonra da bu potensialı daha da artırmalıyıq. Çünki dediyim kimi, biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqları əfsuslar olsun, hələ ki, heç bir nəticə vermir. Bunun da yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Ermənistan tərəfi danışıqlar prosesində indi vaxt uzatmaq taktikasını tətbiq edir. Bu, yenilik deyildir. Danışıqların müxtəlif mərhələlərində biz bunu görmüşük. Müəyyən həlledici məqamlarda onlar daha əvvəl razılaşdırılmış məsələləri bir daha müzakirəyə çıxarmaq istəyirlər. Bu, əvvəllər də olub, əfsuslar ki, biz bunu bu mərhələdə də görürük. Bəzi hallarda həm biz, həm də məsələ ilə məşğul olan vasitəçilər bunu çox böyük təəccüblə qarşılayırıq ki, bir il, ya üç il bundan əvvəl razılaşdırılmış məsələ yenidən, elə bil ki, yeni bir mövzu kimi ortalığa atılır. Bunun yeganə izahı ola bilər. O da qəsdən vaxtı uzatmaq. Çünki Ermənistan tərəfi praktiki addımlar atmalıdır. O addımlar da ondan ibarətdir ki, Ermənistan bütün qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından, Dağlıq Qarabağın ətrafında yerləşən torpaqlardan çıxarmalıdır. Bu, artıq uzun illərdir ki, razılaşdırılmış məsələdir. Bu məsələdə heç bir başqa fikir ola bilməz. Yenidən bu məsələyə qayıtmağın və razılaşdırılmış digər məsələlərə yenidən qayıtmağın yeganə izahını biz bunda görürük: həlledici məqamlarda vaxtı süni şəkildə uzatmaq və əslində, danışıqlar prosesinə zərbə vurmaq. Biz isə öz prinsipial mövqeyimizdən geri dönməyəcəyik.

Danışıqlar prosesində əldə edilmiş bütün nailiyyətlər, bir tərəfdən, gələcək proses üçün gözəl, yaxşı bir əsasdır. Digər tərəfdən, münaqişənin ərazi bütövlüyü prinsipləri çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsi danışıqlar prosesində və razılaşdırılmış məsələlərdə öz əksini tapıb. Danışıqlar prosesində və müzakirə olunan məsələlərdə Dağlıq Qarabağa nə vaxtsa, lap 100 ildən sonra müstəqilliyin verilməsi, ümumiyyətlə, müzakirə olunmur və bu, heç vaxt olmayacaqdır. Ona görə biz çalışırıq ki, məsələ beynəlxalq birlik tərəfindən tanınmış norma və prinsiplər əsasında tezliklə həll olunsun. O da ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Bu da danışıqlar prosesində öz əksini tapan bir məsələdir. Ondan sonra sülhməramlı qüvvələr tərəfindən sülhməramlı missiya həyata keçiriləcəkdir. Biz buna etiraz etmirik. Dağlıq Qarabağa müvəqqəti status verilə bilər. Ancaq bu, müstəqillik demək deyildir və gələcək danışıqlar prosesində iki tərəf - Ermənistan və Azərbaycan Dağlıq Qarabağın gələcək statusu haqqında müzakirələri davam etdirəcəklər. Bax, budur əsas prinsiplər. Onların ətrafında indi danışıqlar aparılır və ümid edirəm ki, Ermənistan tərəfi danışıqlarda konstruktivlik göstərib tezliklə məsələnin həlli üçün lazımi addımları atacaqdır.

O da sirr deyil ki, bölgədə yaşanan son hadisələr ola bilsin ki, Ermənistanı bir qədər ruhlandırsın. Ola bilsin onlar indi hesab edirlər ki, onların uzun illər təcrid olunmuş vəziyyətdə yaşamalarına son qoyulur. Mən bu fikirləri bölüşmürəm və bölgədə gedən proseslər, Azərbaycanın bölgədə fəal iştirakı, Azərbaycan tərəfindən irəli sürülmüş bütün təşəbbüslər - siyasi, iqtisadi və başqa təşəbbüslər, Azərbaycanın bölgədə və dünyada artan rolu, əlbəttə, heç vaxt imkan verməyəcək ki, Ermənistan təcrid olunmuş vəziyyətdən çıxsın. Ermənistanın təcrid olunması onun öz rəhbərlərinin fəaliyyəti nəticəsində baş veribdir.

Əgər Ermənistan işğal olunmuş torpaqlardan çıxsa, biz bütün kommunikasiyaları açmağa hazırıq və onda bölgədə sülh və əməkdaşlıq yarana bilər, ölkələrin təhlükəsizliyi təmin oluna bilər. Bölgədə Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan heç bir müsbət irəliləyiş mümkün deyildir. Çünki bölgənin əsas problemi Ermənistan-Azərbaycan münaqişəsidir, Azərbaycan torpaqlarının işğal altında qalmasıdır. Bu məsələni kənara qoyub, hansısa başqa məsələni həll etmək, məncə, həm siyasi, həm də mənəvi cəhətdən düzgün deyildir. Digər tərəfdən, mən hesab edirəm ki, bu, mümkün deyildir. Çünki Azərbaycanın artan imkanları bunu qoymayacaqdır. Biz öz milli maraqlarımız uğrunda axıra qədər mübarizə aparacağıq. Bizim mübarizəmiz ədalət mübarizəsidir, haqq-ədalət bizim tərəfimizdədir. Əlbəttə ki, biz öz milli maraqlarımızı istənilən yollarla müdafiə edəcəyik.

Mən bu yaxınlarda Azərbaycan Televiziyasına müsahibəmdə bu məsələ ilə bağlı fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bölgədə status-kvonun dəyişməsini ən çox istəyən ölkə Azərbaycandır. Çünki bu status-kvo bizim torpaqlarımızı 20 ilə yaxındır ki, işğal altında saxlayır. Ancaq bu status-kvo mənfi tərəfə yox, müsbət tərəfə dəyişməlidir. Əgər status-kvo Azərbaycanın maraqları hesabına dəyişəcəksə, biz buna imkan verməyəcəyik. Birinci məsələ həll olunmalıdır - Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana bilər və Azərbaycan o təqdirdə bu işlərdə fəal iştirak edəcəkdir. Hələ ki, Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapmayıb. Əgər kimsə bunu dondurmaq istəyirsə, kimsə bu məsələni arxa plana qoyub başqa məsələni həll etmək istəyirsə, biz buna heç vaxt razı olmayacağıq və əlimizdə olan bütün imkanlarla bu hərəkətlərə qarşı mübarizə aparacağıq.

Mən bilirəm ki, Azərbaycanın mövqeyi heç kim üçün sirr deyildir. Biz bunu dəfələrlə rəsmi və qeyri-rəsmi formatda bildirmişik, öz prinsipial mövqeyimizi ifadə etmişik və izah etməyə çalışmışıq ki, Azərbaycanın iştirakı olmadan bölgədə heç bir məsələ öz həllini tapa bilməz: nə siyasi, nə diplomatik, nə iqtisadi, nə enerji, nə nəqliyyat, nə hansısa başqa məsələ. Bu, reallıqdır. Bu, kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə bilər. Amma bu, reallıqdır və bu reallıqları biz yaratmışıq. Bu reallıqları öz işimizlə, öz məqsədyönlü fəaliyyətimizlə, Azərbaycanı gücləndirərək, iqtisadi və siyasi potensialımızı gücləndirərək, enerji siyasətimizi uğurla və ağılla apararaq biz yaratmışıq. Vaxt keçdikcə bizim bölgədə olan mövqeyimiz daha da güclənəcək, təsir imkanlarımız daha da güclənəcək, iqtisadi, siyasi, diplomatik, hərbi gücümüz daha da güclənəcəkdir və hamı bununla hesablaşmalıdır. Mən bir daha bildirmək istəyirəm ki, bunu hamı bilsin: Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcəkdir.

İndi isə keçək müzakirələrə və söz verilir iqtisadi inkişaf naziri Şahin Mustafayevə.

İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV dünyada davam edən iqtisadi böhran nəticəsində ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətinin pisləşdiyini, ÜDM-in həcminin azaldığını, investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanlarının məhdudlaşdığını, bir çox ölkələrin milli pul vahidlərinin devalvasiya edildiyini, işsizlik səviyyəsinin artdığını bildirdi. O, MDB ölkələrinin timsalında iqtisadi böhranın ümumi mənzərəsini də təqdim edərək dedi:

- MDB ölkələrinin əksəriyyətində iqtisadi vəziyyət pisləşmiş və ÜDM ilin əvvəlindən ümumilikdə 9, sənaye məhsulu istehsalı 14, o cümlədən Rusiyada 14, Qazaxıstanda 1,5, Belarusda 4,6, Qırğızıstanda 12,7, Moldovada 24,6, Tacikistanda 11,4, Ukraynada 29,6 faiz azalmışdır.

Nazir qeyd etdi ki, vaxtilə ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin uğurla möhkəmləndirdiyi siyasi sabitlik və iqtisadi potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı etmiş, ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirmişdir.

Şahin Mustafayev bunu ilin ötən doqquz ayının makroiqtisadi göstəricilərində də əksini tapdığını söylədi. O, ÜDM-in həcmi, sənaye və kənd təsərrüfatının inkişaf templəri ilə yanaşı, digər göstəricilər barədə də dövlətimizin başçısına məlumat verdi:

- Artım rabitədə 10,4, nəqliyyatda 5,4 faiz olmuşdur. Cari ilin doqquz ayında inflyasiya 2,1 faiz olmuş, strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 1 milyard dollar artaraq 19,1 milyard dollara çatmışdır. Səkkiz ay ərzində xarici ticarət dövriyyəsi 12,4 milyard, o cümlədən ixrac 8,6 milyard, idxal 3,8 milyard dollar təşkil etmiş, 4,8 milyard dollar həcmində müsbət saldo yaranmışdır. Ölkə iqtisadiyyatında əldə olunmuş davamlı inkişaf, həm də əhalinin rifahının yaxşılaşmasına, o cümlədən gəlirlərin və əmək haqqının artmasına öz müsbət təsirini göstərmişdir. Belə ki, doqquz ay ərzində orta aylıq əməkhaqqı 15,5 faiz, əhalinin gəlirləri 9,8, adambaşına düşən gəlirlər 8,4, pullu xidmətlər isə 12,5 faiz artmışdır.

Əhalinin gəlirlərinin, həyat səviyyəsinin, istehlakın strukturunun və keyfiyyətinin artması ilə əlaqədar minimum istehlak səbətinin tərkibinə yenidən baxılmış və ona daxil olan ərzaq məhsullarının tərkibinin adambaşına enerji miqdarı 2420 kilokaloriyə çatdırılmışdır ki, bu da MDB məkanında ən yüksək göstəricilərdən biridir.

Möhtərəm cənab Prezident!

Sizin göstərişləriniz əsasında həyata keçirilmiş tədbirlər manatın sabitliyini təmin etmiş və əhalinin banklara olan inamını daha da artırmışdır. Nəticədə keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətlərinin həcmi 11 faiz artaraq 2 milyard manata, kreditlərin həcmi isə 18,2 faiz artaraq 7,6 milyard manata çatmışdır. Hesabat dövründə dövlət büdcəsinin mədaxili 7 milyard 235 milyon manat və ya 91,9 faiz yerinə yetirilmiş, xərcləri isə 6 milyard 457 milyon manat icra edilmişdir. Büdcə xərclərinin 30,1 faizi və ya 1 milyard 942 milyon manatı sosialyönümlü olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 426,5 milyon manat və ya 28,2 faiz çox olmuşdur.

Təhsil xərclərinə 182,1 milyon manat və ya 30,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 183,5 milyon manat və ya 29,7 faiz, səhiyyə xərclərinə 52,1 milyon manat və ya 25,4 faiz çox vəsait yönəldilmişdir. Ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 5,2 milyard manat, o cümlədən daxili mənbələr hesabına 4,3 milyard manat investisiya qoyulmuşdur ki, bunun da 2,3 milyard manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir.

Məlumat üçün bildirirəm ki, əldə olunmuş uğurlar nəticəsində, Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastrukturun və maliyyə bazarının mükəmməllik səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu il üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Bu hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir.

Ölkəmizin davamlı iqtisadi inkişafında qəbul edilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsinin mühüm rolu olmuşdur. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na əsasən, ölkə iqtisadiyyatının şaxələndirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, bölgələrdə infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin yaxşılaşdırılması, xalqın rifah halının daha da yüksəldilməsi, əhalinin etibarlı ərzaq təminatının təmin edilməsi məqsədlərinə nail olunması üçün makroiqtisadi sabitliyin qorunması, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması istiqamətində işlər davam etdirilir.

Sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi, sağlam rəqabətin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, vergi yükünün davamlı azaldılması, maarifləndirmə və digər istiqamətlərdə tədbirlər davam etdirilmişdir.

Cari ilin 9 ayı ərzində regionlarda sənaye, kənd təsərrüfatı və xidmət sahələrinə aid 74 yeni müəssisənin tikintisi başa çatdırılmış, hazırda 173 müəssisənin tikintisi isə davam etdirilir. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, Sizin sərəncamınıza əsasən Bakı şəhərində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərinin müasir standartlara uyğun qurulmasını və idarə edilməsini təmin etmək məqsədilə yaradılmış "Təmiz Şəhər" Səhmdar Cəmiyyəti artıq fəaliyyətə başlamışdır.

Cari ilin birinci yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, tədarükü, saxlanması, satışı və ixracı məqsədilə beynəlxalq standartlara cavab verən texnologiyalar əsasında istixanaların və logistika mərkəzlərinin yaradılması, xüsusilə də taxıl anbarlarının və soyuducu anbar komplekslərinin tikintisi barədə Sizin verdiyiniz tapşırıqların icrası istiqamətində intensiv islər həyata keçirilir.

Bu layihələrin həyata keçirilməsi ölkənin ərzaq təhlükəsizliyinin və əhalinin il boyu keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında, qiymətlərin tənzimlənməsində, daxili bazarın qorunmasında və ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayacaqdır. Ümumi tutumu 39 min ton olan 15 soyuducu anbarın və ümumi tutumu 205 min ton olan 21 taxıl anbarı kompleksinin tikintisinə tələb olunan vəsaitdən 48 milyon manatı Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına həyata keçirilir. Artıq komplekslərin tikintisinə başlanılmış və onların hamısı növbəti mövsümədək istifadəyə veriləcəkdir. Bütövlükdə, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 9 ay ərzində 1700 sahibkarlıq subyektinə 100 milyon manat güzəştli kreditlər verilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur. Maliyyələşdirilmiş layihələrin 99 faizi regionların payına düşür. Bu kreditlər hesabına 7 mindən çox yeni iş yeri açılacaq, qeyri-neft sektorunun inkişafına önəmli təsiri olan 73 yeni istehsal, emal və xidmət müəssisəsi yaradılacaqdır. Fondun fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə ilk dəfə olaraq beynəlxalq audit şirkəti tərəfindən maliyyə hesabatlarının auditi keçirilmiş və müsbət qiymətləndirilmişdir.

İqtisadi inkişaf naziri sahibkarlığın inkişafına dövlət dəstəyindən danışarkən qeyd etdi ki, Prezidentin sərəncamı ilə təsdiq edilmiş Sahibkarlığa Kömək Milli Fondunun yeni əsasnaməsində kreditlərin verilməsinin sadələşdirilməsi və faiz dərəcələrinin maksimum aşağı salınması, güzəştli kreditlərin artırılması özəl sektorun inkişafına yeni stimul vermişdir.

 Şahin Mustafayev Azərbaycan İnvestisiya Fondunun fəaliyyəti nəticəsində reallaşan layihələr barədə də məlumat verərək dedi:

- Möhtərəm cənab Prezident!

Sizin müəyyən etdiyiniz siyasətin reallaşdırılması nəticəsində əldə olunmuş uğurlar qarşıdakı illərdə də iqtisadi inkişafın təmin olunmasına ciddi zəmin yaratmışdır.

Bunu həm də beynəlxalq maliyyə təşkilatlarının Azərbaycana dair proqnozları təsdiq edir. Belə ki, 2009-cu il üzrə ÜDM-in real artımı Beynəlxalq Valyuta Fondu tərəfindən 7,5 faiz, Asiya İnkişaf Bankı tərəfindən 8 faiz, 2010-cu il üzrə isə müvafiq olaraq 7,4 və 6,7 faiz proqnozlaşdırılır. Qeyri-neft sektorunun dinamik inkişafının davam edəcəyini qeyd edən Beynəlxalq Valyuta Fondu bu sektorun gələn il 5 faiz, Asiya İnkişaf Bankı isə 5-7 faiz artacağını bildirir.

Sizin sosial-iqtisadi siyasətinizə uyğun olaraq 2010-cu və sonrakı 3 il üçün hazırlanmış sosial-iqtisadi inkişaf konsepsiyasında davamlı inkişafın və Azərbaycan xalqının layiqli həyat səviyyəsinin təmin olunması iqtisadi siyasətin ali məqsədləri kimi müəyyən edilmişdir.

Möhtərəm cənab Prezident!

Sizi əmin edirəm ki, müəyyən etdiyiniz vəzifələrin, verdiyiniz tapşırıqların layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün imkanlarımızı səfərbər edəcəyik.

Diqqətinizə görə minnətdaram.

Təhsil naziri Misir MƏRDANOV ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə yaranmış siyasi sabitlik və dinamik iqtisadi yüksəlişin təhsil sahəsində də əlverişli şərait yaratdığını, bu sahəyə ayrılan vəsaitin 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 1,3 milyard manata çatdığını, investisiya qoyuluşlarının isə 5,8 milyon manatdan 220 milyon manata yüksəldiyini, dünyada iqtisadi böhrana baxmayaraq, cari ildə investisiya xərclərinin 45 milyon manat təşkil etdiyini diqqətə çatdırdı. O, yeni dərs ilinə hazırlıq dövrü və son bir ayda ölkənin təhsil tarixində yaddaqalan hadisələr barədə dövlətimizin başçısına məlumat verərək bildirdi:

- Cari ilin sentyabrında imzaladığınız sərəncamla "Ən yaxşı müəllim" müsabiqəsinin 100 və "Ən yaxşı məktəb" müsabiqəsinin 50 qalibinə müvafiq olaraq 5 və 10 min manat pul mükafatı verilmiş, bu müsabiqələr məktəblər və müəllimlər arasında sağlam rəqabəti gücləndirməklə, təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərmişdir.

İkincisi, yeni dərs ilinin ilk günündə Bakıdakı gimnaziyanın əsaslı təmirdən sonra açılışında iştirakınız, regionlara səfərləriniz zamanı təhsil müəssisələrinə baş çəkərək müəllimlər, şagirdlər və valideynlərlə səmimi görüşləriniz təhsil işçilərini daha əzmlə işləməyə ruhlandırmışdır. Müəllim günü ərəfəsində Sizin sərəncamınızla 132 nəfər təhsil işçisi yüksək dövlət təltiflərinə layiq görülmüşdür. Azərbaycan müəllimlərinin XIII qurultayının, Bakı şəhərində İslam ölkələri təhsil nazirlərinin dördüncü və YUNESKO-nun regional konfranslarının keçirilməsi, Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında yeni layihələrin imzalanması təhsil tariximizdə mühüm hadisələr olmaqla bərabər, Azərbaycanın dünyada qabaqcıl təhsil meyillərini dəstəkləyən ölkə imicini daha da yüksəltmişdir.

Təhsil ictimaiyyətinin çoxdan gözlədiyi "Təhsil haqqında" Qanun qəbul olunmuş, Sizin tapşırığınıza əsasən onun icra mexanizmlərinin hazırlanması istiqamətində ciddi iş aparılır. Məktəbəqədər, texniki peşə təhsili müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, qəzalı məktəblərin əsaslı təmiri və bərpası məqsədilə sərəncamınızla Prezidentin Ehtiyat Fondundan 17 milyon manat vəsait ayrılmışdır.

Dövlətimizin başçısının sərəncamları ilə ali təhsildə islahatlar və elmin inkişafı üzrə dövlət proqramları təsdiq edilmiş, təhsil sahəsində uğurla həyata keçirilən proqramların sayı 16-ya çatmışdır.

Hörmətli müşavirə iştirakçıları!

Yeri gəlmişkən xüsusi qeyd etmək istəyirəm ki, dünyanın idarəetmə və iqtisadiyyat sahəsində tanınmış mütəxəssisləri haqlı olaraq Azərbaycanın elmi cəhətdən əsaslandırılmış proqramlarla idarə edilməsini Prezident İlham Əliyevin yeni idarəetmə modeli kimi yüksək qiymətləndirirlər.

Hörmətli cənab Prezident!

İndi isə icazə verin, son illərdə və cari ilin 9 ayı ərzində təhsil sisteminin ayrı-ayrı pillələri üzrə əldə edilmiş uğurlardan bəzilərini, perspektivdə həyata keçiriləcək tədbirləri və mövcud problemləri yüksək diqqətinizə çatdırım.

Təsdiq etdiyiniz proqrama əsasən son iki ildə ölkədə 28 yeni uşaq bağçası istifadəyə verilmiş, 21-i əsaslı təmir olunmuş, 6 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlamış, son 20 ildə ilk dəfə olaraq həmin müəssisələr 37 adda təlim vəsaitləri ilə təmin edilmişdir. Nəticədə Bakı şəhərində bağçalara gedən uşaqların sayı 4 min nəfər artmış, təhsilin bu pilləsi ilə əhatə səviyyəsi 26 faizi ötmüşdür. Onu da qeyd etmək lazımdır ki, bu proqramın təsdiqindən sonra əhalinin bu sahəyə marağı hiss olunacaq dərəcədə artmışdır.

Məktəb infrastrukturunun müasirləşdirilməsi tədbirləri ardıcıl olaraq davam etdirilmiş, cari ildə 68 yeni məktəb binası tikilmiş, 15 məktəb əsaslı təmir olunmuş, 87 məktəbin istilik sistemi bərpa edilmiş, 118 məktəb müasir avadanlıqla, 119 məktəb isə müasir kimya və fizika laboratoriyaları ilə təmin edilmişdir.

Bu sahədə Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd etmək istəyirəm. Son illərdə Fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqla təchiz edilmişdir. Təkcə 2009-cu ildə Fondun təşəbbüsü ilə 6 yeni məktəb binası inşa olunmuşdur.

Sizin rəhbərliyinizlə son illərdə aparılan uğurlu siyasət nəticəsində 2 mindən çox yeni məktəbin tikilməsi və əsaslı təmiri ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 75 faizinin təlim şəraitini yaxşılaşdırmış, nəticədə ikinövbəli məktəblər 73 faizdən 49 faizə enmişdir.

Müasir informasiya texnologiyalarının təhsil sisteminə tətbiqi istiqamətində atılmış addımlar daha ürəkaçandır. Bu sahədə təsdiq etdiyiniz proqramlar nəticəsində məktəblərimiz informasiya-kommunikasiya texnologiyaları avadanlığı ilə təmin edilmiş, 40 minə yaxın müəllim öyrədici treninqlərdən keçmiş, 20 məktəbdə "elektron məktəb" layihəsinə başlanmış, 500 məktəb genişzolaqlı sürətli internetə qoşulmuş, DATA mərkəz, vahid təhsil portalı yaradılmış, 400 şagirdə noutbuklar hədiyyə edilmiş, "xalq kompüteri" layihəsinə əsasən 3500-dən çox müəllim müasir kompüterlə təmin olunmuşdur. İndi, cənab Prezident, Azərbaycanın hər bir müəllimi DATA mərkəzdəki təhsil portalına daxil olaraq, orada yerləşdirilmiş elektron tədris resurslarından istifadə edə bilir.

Bütün deyilənlər ümumi orta təhsilin məzmununda əsaslı dəyişikliklərə şərait yaratmış, cari dərs ilindən birinci və ikinci siniflərdə yeni təhsil proqramlarının tətbiqinə başlanmış, bu günədək mövcud olan, daha çox "yaddaşa", "hafizəyə" əsaslanan təhsil modelindən imtina edilməklə, birbaşa təhsil alanların inkişafına, onlarda həyati və tətbiqi bacarıqların formalaşmasına yönəlmiş "təfəkkür məktəbi"nə keçilməklə ümumi təhsilin müasir modelinin əsası qoyulmuşdur. Bu proqram təlimin hər bir şagirdin maraq, meyil və qabiliyyətinə uyğun təşkilinə zəmin yaratmaqla şəxsiyyətyönümlü, tələbyönümlü, nəticəyönümlü və inkişafyönümlü xarakter daşıyır. Yeni proqramın tətbiqi ilə əlaqədar 18 minədək müəllim xüsusi təlim kurslarından keçirilmişdir.

Yeni məzmun yeni qiymətləndirmə sisteminin tətbiqini zəruri etmişdir. Sizin razılığınızla ötən dərs ilində ölkənin bütün ümumtəhsil məktəblərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilmiş, cari dərs ilində isə IX və XI siniflərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi istiqamətində ciddi hazırlıq işləri aparılır. Onu da qeyd edim ki, indi qiymətləndirmə dedikdə yalnız təhsil alanların biliyinin qiymətləndirilməsi deyil, məktəbin, müəllimin və məktəb rəhbərinin fəaliyyətinin, proqram və dərsliklərin, bütövlükdə tədris prosesinin qiymətləndirilməsi başa düşülür.

Təhsil naziri Misir Mərdanov dövlətimizin başçısının tapşırığına və təsdiq etdiyi proqrama əsasən ölkənin ayrı-ayrı regionlarında xüsusi istedadlı gənclərin inkişafını təmin edən məktəblərin yaradılması, müəllimlərin ixtisasının artırılması və təkmilləşdirilməsinin yeni modeli üzərində işin aparılması, ucqar kənd yerlərində müəllim çatışmazlığı və şəhərlərdə müəllim sıxlığı problemlərinin aradan qaldırılması, texniki peşə təhsili şəbəkəsinin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə də Prezidentə məlumat verdi.

Misir Mərdanov ölkənin intellektual potensialının formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində və biliyə əsaslanan iqtisadiyyatın qurulmasında xüsusi rolu olan ali təhsilin inkişaf prioritetləri barədə danışaraq dedi:

- Bu gün Azərbaycan ali təhsil sisteminin inkişaf prioritetlərini dünyada gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Sizin sərəncamınızla təsdiq olunmuş Dövlət Proqramına əsasən, bütün tədbirlər həyata keçirilir, Bolonya Bəyannəməsinin tələblərinə uyğun həlledici addımlar atılır. Ölkənin, demək olar ki, bütün ali məktəblərinin maddi-texniki bazası son illərdə xeyli möhkəmlənmiş, müasir laboratoriyalar və avadanlıqla təchiz edilmişdir. Bütün bunlara baxmayaraq, ölkədə ali təhsilin keyfiyyətini daha da yüksəltmək məqsədilə bu ildən başlayaraq buraxılış və semestr imtahanlarının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə başlamaq fikrindəyik.

Azərbaycanlı gənclərin xaricdə təhsili məsələsi təsdiq etdiyiniz Proqram çərçivəsində davam etdirilir. Məlumat verim ki, bu gün Azərbaycandan kənarda bütövlükdə 10 mindən çox gənc təhsil alır, onlardan 832 nəfəri müxtəlif ölkələrlə imzalanmış müqavilələr əsasında, 498 nəfəri isə Prezident Proqramı çərçivəsində təhsil alanlardır.

Möhtərəm cənab Prezident!

Son illərdə təhsilin inkişafı, bu sahədə aparılan məqsədyönlü islahatlar, həyata keçirilən proqramlar, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, xüsusilə təhsilə Sizin böyük diqqət və qayğınız bir daha əmin olmağa əsas verir ki, Azərbaycan təhsili özünün zəngin ənənələrinə və bugünkü uğurlarına əsaslanaraq daha yüksək səviyyəyə çatacaqdır.

Diqqətinizə görə minnətdaram.

Nəqliyyat naziri Ziya MƏMMƏDOV 2009-cu ilin doqquz ayı ərzində nəqliyyat sektorunun iqtisadi göstəriciləri və həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verərək dedi:

- Ulu öndərimiz Heydər Əliyevin respublikamızda hakimiyyətə gəlişinin qırxıncı ildönümünü qeyd etdiyimiz cari ildə ümummilli liderimizin birbaşa səyləri sayəsində qurulmuş möhkəm təməllərə söykənən nəqliyyat sisteminin dayanıqlı fəaliyyəti üçün nəqliyyatçılar böyük məsuliyyət hissi ilə çalışmış və bu işdə hər an, cənab Prezident, Sizin şəxsi dəstəyinizə arxalanmış, göstərdiyiniz qayğı və yüksək etimadın doğruldulmasını qarşılarında duran ən şərəfli vəzifə hesab etmişlər.

Sizin, cənab Prezident, nəqliyyatın fəaliyyətinə davamlı diqqətiniz, qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi və tətbiqi üzrə tələbləriniz, istifadəyə verilən obyektlərin açılış mərasimlərində şəxsən iştirakınız, daim yerlərdə olaraq, işlərin gedişi ilə yaxından maraqlanaraq verdiyiniz tövsiyə və tapşırıqlarınız sayəsində əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də nəqliyyat sektoru inkişaf etmiş və müasirləşmiş, ölkə iqtisadiyyatının və əhalinin daşımalara tələbatı təmin edilmişdir.

Hesabat dövründə nəqliyyat sektorunda 138 milyon ton yük daşınmışdır. Yüklərin 15,5 milyon tonu dəmir yolu, 9,8 milyon tonu su, 66,2 milyon tonu avtomobil nəqliyyatı, 46,5 milyon tonu boru kəmərləri vasitəsilə nəql olunmuşdur. Sərnişin daşınması 976 milyon nəfər təşkil etmişdir. Limanlarda 3,8 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları həyata keçirilmişdir.

Dəmir yolu nəqliyyatında yol təsərrüfatının, qurğuların və hərəkət heyətlərinin əsaslı təmir işləri davam etdirilmişdir. Saatlı rayonunda Araz çayı üzərində uzunluğu 160 metr olan metal konstruksiyalı dəmir yolu körpüsü yenidən qurularaq istismara verilmişdir.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə işlər davam etdirilmişdir. Hazırda yolun Axalkələk-Kartsaxi (Türkiyə sərhədi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası həyata keçirilir. Azərbaycan dəmir yolunun bu marşrut üzərində yerləşən infrastrukturunun yeniləşdirilməsi üçün Sizin sərəncamınıza uyğun olaraq tədbirlər müəyyən edilmiş və dəmir yollarının inkişafı ilə bağlı 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramının layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.

Su nəqliyyatı sahəsində donanmanın yeniləşdirilməsi istiqamətində işlər davam etdirilmiş, yeni tankerlər alınaraq istismara verilmişdir.

Hava nəqliyyatı parkının yeniləşdirilməsi istiqamətində müvafiq işlər aparılmış, bölgələrdə istismara verilmiş yeni hava limanlarının işinin təşkili və uçuşların həyata keçirilməsi məqsədilə tədbirlər görülmüşdür.

"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün Əlavə Tədbirlər Planı"na əsasən paytaxtda sərnişin daşımalarının təşkili, idarə olunması və tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.

Sizin, cənab Prezident, şəxsi diqqət və qayğınız sayəsində 2008-ci ildən etibarən respublikaya Koreya, Almaniya, Türkiyə, Çin, Belarus, Ukrayna və digər ölkələrin istehsalı olan 1600 və cari ildə 930 iri və ortatutumlu müasir avtobuslar gətirilərək istismara verilmişdir. İritutumlu 186 avtobus dövlət büdcəsi vəsaiti hesabına alınmışdır və bu işlərin həyata keçirilməsi davam etdirilir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verilmiş, vətəndaşlarımıza yüksək səviyyədə nəqliyyat xidmətlərinin göstərilməsi təmin edilmiş və bu istiqamətdə də işlər davam etdirilir. Hazırda 70-ə yaxın daxili və beynəlxalq marşrut üzrə gün ərzində 200-dən artıq müntəzəm reyslər həyata keçirilir.

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar olaraq avtomobil nəqliyyatının işinin tənzimlənməsi üzrə müəyyən edilmiş bütün qaydalar hazırlanmış, Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilərək qüvvəyə minmişdir.

Möhtərəm cənab Prezident!

"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı"nda yol infrastrukturu üzrə nəzərdə tutulmuş qovşaqların və piyada keçidlərinin inşası davam etdirilmişdir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan dairəsi-Bilgəh mövcud avtomobil yolunun 19 kilometri səkkizcərgəli hərəkət üçün yenidən qurulması layihəsinin icrasına başlanılmış və Mərdəkan dairəsinədək olan 7 kilometrlik sahədə işlərin 50 faizdən çoxu yerinə yetirilmişdir. Bu yolun davamı olan Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisinə də başlanılmışdır.

"Bakı dairəvi avtomobil yolu"nun tikintisi davam etdirilmiş və yolun 2010-cu ilin birinci yarısında istismara verilməsi təmin olunacaqdır.

Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospekt səkkizcərgəli hərəkət üçün tam yenidən qurularaq istifadəyə verilmişdir. Bu yolun tikintisində müasir texnologiyalardan istifadə edilmiş, dizayn işləri xüsusi zövqlə tərtib olunmuş, yeni işıqlandırma sistemi quraşdırılmış, yolun yenidən qurulmasına inşaatçılar xüsusi qayğı və yüksək məsuliyyətlə yanaşmışlar. Prospektin Keşlə stansiyasına gedən dəmir yolu ilə kəsişməsində tağlı körpünün sağ və sol tərəfində 2 tunel, Ağa Nemətulla küçəsi ilə kəsişməsində tunel tipli yolötürücüsü inşa edilmiş, 2 ədəd yeraltı piyada keçidi əsaslı təmir olunmuş, prospektdə maneəsiz hərəkət təmin edilmişdir.

Babək prospekti ilə Məhəmməd Hadi, Mikayıl Əliyev küçələrinin kəsişməsində yol qovşağının tikintisi, Azərbaycan, Tbilisi prospektlərində və Cəfər Cabbarlı meydanında mövcud yeraltı piyada keçidlərinin əsaslı təmiri və Tbilisi prospektində yeni yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektlərinin kəsişmələrindəki yol qovşaqlarının tikintisi işləri davam etdirilir.

Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin işçi layihəsinin ilkin variantı hazırlanmış və inşaat işlərinə başlanılmışdır. Yaxın müddətdə layihənin əhatə dairəsinə daxil olan ərazilərdə avadanlıqların quraşdırılmasına başlanılacaqdır.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi tikiləcək ərazidə geoloji və batometrik tədqiqat işləri başa çatmaq üzrədir. Hazırda Hollandiyanın "Royal Haskoning" şirkəti tərəfindən yeni liman kompleksinin baş planı və işçi layihəsi hazırlanır. Cari ilin sonunadək baş plan və birinci mərhələ layihəsi hazır olacaq, gələn ilin mart ayında isə layihələndirilmə işlərinin tam yekunlaşdırılması nəzərdə tutulmuşdur. Eyni zamanda bu ilin sonunadək tender prosedurlarının yekunlaşdırılması, podratçının müəyyən edilməsi və liman ərazisində, eləcə də akvatoriyada inşaat işlərinə başlanılması nəzərdə tutulur.

Ziya Məmmədov hesabat dövründə dövlət əsaslı vəsait qoyuluşlu avtomobil yollarının reabilitasiyası, həmçinin yolötürücülərinin, körpülərin və keçidlərin tikintisi üzrə 40-dək xarici kreditlər və Azərbaycan hökumətinin iştirak payı hesabına maliyyələşdirilən 14 layihə üzrə tikinti-quraşdırma işlərinin davam etdirildiyini dedi.

O, Bakı-Qazax-Gürcüstan sərhədi, Ələt-Astara, Bakı-Rusiya sərhədi və digər mühüm əhəmiyyətli avtomobil yollarında aparılan geniş yenidənqurma işləri və həmin magistrallar üzərində tikilən qurğular barədə dövlət başçısına ətraflı məlumat verdi. Nazir, həmçinin son vaxtlar güclü leysan yağışları nəticəsində yaranan vəziyyətin təcili olaraq aradan qaldırılması üçün ciddi tədbirlər görüldüyünü də diqqətə çatdırdı.

Ziya Məmmədov nəqliyyat sahəsində beynəlxalq əlaqələrin də genişləndiyini qeyd etdi:

- Zati-aliləri!

Sizin şəxsi qayğınız sayəsində nəqliyyat-yol kompleksində, xüsusilə də avtomobil yolları şəbəkəsində sürətli inkişafa nail olunmuş, yol infrastrukturunda aparılan bərpa və tikinti işləri ölkənin bütün iqtisadi rayonlarını əhatə etmişdir. İcazə verin, ölkəmizin nəqliyyat sektorunun işinə göstərdiyiniz daimi diqqətə görə Sizə dərin minnətdarlığımı ifadə edim və əmin edim ki, ölkəmizin nəqliyyat sisteminin daha sürətli inkişafına yönəlmiş bütün layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik.

Diqqətinizə görə minnətdaram!

Sənaye və energetika naziri Natiq ƏLİYEV dedi ki, bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətlərindən biridir. Bunun əsasında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi islahatlar durur. Nazir dünya ölkələrində istehlakın və tələbatın kəskin enməsi, sosial problemlərin dərinləşməsi ilə müşayiət olunan ciddi iqtisadi böhranın təsirinin Azərbaycanda güclü müşahidə olunmadığını məhz bu amillə əsaslandırdı.

O, dünya bazarında neftin qiymətinin 1 il ərzində ucuzlaşmasına baxmayaraq, ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini bildirdi:

- Neftin dünya bazarında qiymətinin bir il ərzində bir barrelin 147 dollardan 3 dəfə aşağı düşməsinə baxmayaraq, və neft istehsal edən başqa ölkələrin çətin vəziyyətə düşməsini müşahidə edərək, Azərbaycanda 2009-cu ildə ümumi daxili məhsulun artımı respublikada iqtisadiyyatın neft amillindən asılılığın azaldılması istiqamətində həyata keçirilən siyasətin faktiki nəticəsidir. Lakin neft amili iqtisadiyyatın inkişafı üçün ən vacib faktorlardan biri kimi qalmaqdadır. İrimiqyaslı neft layihələrinin və sazişlərdə nəzərdə tutulmuş tədbirlərin icrası ən uğurlu iqtisadi nəticələrdən biridir və ölkənin inkişafında əvəzedilməz rol oynamışdır. 2009-cu ilin 9 ayı ərzində ölkə üzrə 37 milyon 876 min ton neft hasil edilmişdir ki, bu da planda nəzərdə tutulduğundan 5 milyon 372 min ton artıqdır, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 2 milyon 964 min ton çoxdur. Bu artımın 5 milyon 793 min tonu Azəri-Çıraq-Günəşli yataqlarının payına düşür.

Bu gün respublikamızda enerji müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atılan zəruri və ciddi addımlardan biri də məhz "Şahdəniz" yatağının işlənilməsidir. "Şahdəniz" qaz-kondensat yatağının işlənmə tempi getdikcə artırılır və hazırda yataqdan 4 quyu vasitəsilə gün ərzində 23 milyon kubmetr qaz, 6 min ton kondensat hasil olunur. Beşinci quyu mənimsənilməkdədir. Ölkəmiz hər il Rusiya Federasiyasından alınan 5 milyard kubmetrə qədər idxal qazından azad olmuş, əhalinin və iqtisadiyyatın bütün sahələrinin ehtiyacını tam ödəməklə bərabər, xeyli qaz ixrac potensialı yaratmışdır. Belə ki, 2012-ci ilədək "Şahdəniz" yatağından ildə təxminən 9 milyard kubmetr qaz və gündə 40 min barrel kondensat çıxarılması gözlənilir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması da məhz bu yatağın işə salınması nəticəsində mümkün olmuşdur. "Şahdəniz" yatağından hasil olunan təbii qaz hesabına Azərbaycan nəinki öz tələbatını ödəmək, hətta mavi yanacağını Gürcüstan, Türkiyə, Rusiya Federasiyası, İran və Avropa bazarlarına çıxarmaq imkanı qazanmışdır.

2009-cu ilin hesabat dövründə respublikada 17 milyard 416 milyon kubmetr qaz hasil edilmişdir. Bunun da 12 milyard kubmetrdən artığı "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının payına düşür.

Neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan artıq dünyanın çox önəmli neft ixracatçısı olan ölkələri ilə müqayisə edilir. Yanacaq-energetika kompleksində əldə olunmuş nailiyyətlər bunu deməyə əsas verir ki, ölkəmiz öz ixrac potensialı ilə dünyanın və regionun enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı mövqelərə malikdir. Təsadüfi deyil ki, OPEK təşkilatı respublikamızda neft sahəsində görülən işləri maraqla izləyir, Azərbaycanla əməkdaşlıq edir və öz təşkilatında Rusiya Federasiyası, Misir, Meksika kimi ölkələrlə yanaşı, Azərbaycana müşahidəçi statusu vermişdir. Yuxarıda qeyd olunanlara uyğun deyə bilərik ki, dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə, respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı da diqqəti çəkir. Xüsusi qeyd etmək istərdim ki, Bakıda Enerji Sammitinin keçirilməsi, 21 ölkənin və Avropa İttifaqının ən yüksək səviyyədə təmsil olunması və Bakı Bəyannaməsinin qəbul edilməsi respublikamızın regionun və dünyanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə kimi qiymətləndirilə bilər.

Möhtərəm Prezident, Sizin tərəfinizdən yüksək ustalıqla, bacarıq və məharətlə aparılan xarici və daxili enerji siyasəti, neft və qaz diplomatiyası bu gün nəinki Xəzər regionunda, eyni zamanda yaxın qonşu ölkələr, Avropa İttifaqı dövlətləri, hətta Azərbaycandan çox uzaq məsafədə yerləşən ölkələrlə sıx işgüzar əlaqələrin yaranmasına səbəb olmuş və dövlətimizin nüfuzunu yüksək səviyyəyə qaldırmışdır.

Hesabat dövründə dahi ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəməri vasitəsilə 27,3 milyon ton, Ceyhan limanına 2006-cı ildən istismara veriləndən bu günə qədər 100 milyon tondan artıq neft ötürülmüşdür. Gündəlik nəqletmə gücü bir milyon barrel olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin texniki və texnoloji tədbirlər nəticəsində ötürücülük qabiliyyəti 20 faiz artmış və hazırda gün ərzində kəmər vasitəsilə 1,2 milyon barrel neftin nəqli üçün imkan yaranmışdır.

Hesabat dövründə ixrac olunan qazın həcmi 4 milyard 267 milyon kubmetrə çatmış və Cənubi Qafqaz boru kəməri vasitəsi ilə Türkiyəyə 3 milyard 530 milyon kubmetr, Gürcüstana isə 278 milyon kubmetr qaz nəql edilmişdir.

Respublikamızın qaz təsərrüfatında da mühüm nailiyyətlərin əldə olunması müşahidə edilir. Həyata keçirilən tədbirlər sayəsində qazla təmin olunan əhali abunəçilərinin sayı 1 milyon 143 mini keçmiş, rayonların sayı isə 54-ə çatdırılmışdır. Beləliklə də, əlavə olaraq 268 min 172 əhali abunəçisinin və 19 inzibati-ərazi bölgəsinin qazla təminatı bərpa edilmişdir.

Ölkənin elektrik stansiyalarında ildə orta hesabla 20,2 milyard kilovatt-saat artıq elektrik enerjisi istehsal olunur. Bu da respublikada elektrik enerjisinə olan tələbatı tam təmin edir.

Müasir "Şimal" elektrik stansiyasının istifadəyə verilməsi və respublikanın müxtəlif bölgələrində 7 modul tipli elektrik stansiyasının tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması energetika sahəsində yeni yüksəlişin başlanğıcını qoydu. Artıq iki ildir ki, Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişdir.

Natiq Əliyev onu da dedi ki, elektrik enerjisindən səmərəli istifadə bəzi yerlərdə lazımi səviyyədə deyildir. Doqquz ay ərzində elektrik enerjisinin qeyri-qanuni istifadəsi ilə bağlı 1543 fakt qeydə alınmışdır. Daha sonra nazir Azərbaycan neft strategiyasının uğurlarının nəticəsi olaraq sənayenin kimya, maşınqayırma və digər sahələrinin ÜDM-dəki çəkisinin artdığını da konkret faktlarla diqqətə çatdırdı. O, həmçinin alternativ və bərpaolunan enerji mənbələrini istismara cəlb etməklə enerji resurslarından istifadənin səmərəliyini yüksəltmək barədə dövlət başçısı tərəfindən təsdiq olunan proqramın icrası ilə bağlı görülən işlər barədə də məlumat verdi:

- Hazırda Dövlət Proqramı çərçivəsində bir sıra mühüm işlər həyata keçirilir. Asiya İnkişaf Bankı (AİB) ilə Sənaye və Energetika Nazirliyi arasında alternativ enerji mənbələrinin istifadəsi barədə müqavilə imzalanmışdır və kiçik su elektrik stansiyalarının inşası üçün layihələr hazırlanmaqdadır. AİB layihələrini həyata keçirmək üçün İsveçrənin "N-tech" məsləhətçi şirkəti seçilmişdir və layihələrin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Eyni zamanda, BMT-nin İnkişaf Proqramı çərçivəsində respublika ərazisində kiçik su elektrik stansiyalarının inşası layihəsi və külək enerjisi potensialından istifadənin yollarını araşdıran layihələr həyata keçirilməkdədir.

Hazırda "Kiçik su elektrik stansiyalarına Texniki Yardım" layihəsinin ikinci mərhələsi başa çatmaqdadır və potensial investorlar üçün "soraq kitabı" tərtib olunmuşdur. Layihənin həyata keçirilməsi üçün 4 sahə seçilmişdir. Bunlara Şirvan irriqasiya kanalı, Nügədi-Qaraçay, Qusarçay və Katexçay sahələri aiddir. 2009-cu ilin axırında layihənin üçüncü mərhələsi başlanacaqdır.

Hazırda nazirlik Beynəlxalq Ekoenergetika Akademiyası ilə birgə Quba rayonu Xınalıq kəndində alternativ enerji mənbələrindən istifadə etməklə hibrid, yəni kiçik su elektrostansiyası (1,5MVt), külək stansiyası (0,2 MVt), günəş fotovoltaik qurğusu (0,1 MVt), bioqaz qurğusu (500 kubmetr) sisteminin yaradılması layihəsini işləyib Sizə təqdim olunmaq üçün hazırlamışdır.

Cənab Prezident, Azərbaycanın hərtərəfli inkişafı göz qabağındadır. İcazə verin, Sizi əmin edim ki, iqtisadi yüksəliş dövrünü yaşayan ölkəmizin qarşıdakı illərdə daha böyük uğurlara nail olması və dünyadakı mövqeyinin daha da gücləndirilməsi üçün respublikamızın sənaye və yanacaq-energetika kompleksinin işçiləri də var qüvvələrini və bacarıqlarını əsirgəməyəcəklər.

Diqqətinizə görə təşəkkür edirəm.

 

 

Azərbaycan.- 2009.- 17 oktyabr.- S.1, 2, 3.