Azərbaycan Prezidenti İlham Əliyevin
yekun nitqi
- İlin sonuna iki ay yarım vaxt qalır və mən əminəm ki, bu müddət ərzində bütün qalan məsələlər də öz həllini tapacaq, beləliklə, Azərbaycan 2009-cu ili uğurla başa vuracaqdır.
Bu gün səslənən məruzələr və rəqəmlər bir daha onu göstərir ki, 2009-cu ildə Azərbaycan çox uğurla inkişaf etmişdir, 2008-ci ilin sonlarında qarşıya qoyulan bütün vəzifələr icra edilir. Bu, çox vacibdir. Bu, bir daha onu göstərir ki, istənilən şəraitdə Azərbaycan öz planlarını icra etməyə qadirdir. 2003-2008-ci illərdə bizim uğurlu inkişafımız gözəl bir zəmin yaratdı. O illərdə iqtisadiyyat 2,6 dəfə artmışdır və bu artım həyatımızın bütün sahələrində özünü göstərmişdir. 2009-cu il böhranlı il olduğuna görə, əlbəttə ki, ümumi daxili məhsulun 6,1 faiz səviyyəsində artımı bizi çox sevindirir. Bu barədə mən öz fikirlərimi bildirdim və hesab edirəm ki, ilin sonuna qədər indiyədək həll olunmamış məsələlər də həll olunmalıdır, bütün sosial və infrastruktur layhələrinin icrası davam etdirilməlidir. Əminəm ki, 2009-cu ilin yekunları da çox müsbət olacaqdır. Makroiqtisadi sabitlik qorunub saxlanılacaqdır. Çalışmalıyıq ki, 2010-cu ildə də makroiqtisadi sabitliyin qorunması üçün praktiki işləri davam etdirək.
İnflyasiyanın aşağı səviyyədə olması çox gözəl göstəricidir. Nəzərə alsaq ki, əvvəlki illərdə Azərbaycanda inflyasiyanın həcmi bizi müəyyən dərəcədə narahat edirdi, bu çox sürətlə artırdı. Amma bu il inflyasiya çox yaxşı səviyyədədir.
Sahibkarlığa Kömək Milli Fondunda nəzərdə tutulmuş kreditlərin verilməsi ilin sonuna qədər davam etdirilməlidir. Mən hesab edirəm ki, 2010-cu ildə bu kreditlərin verilməsi ilin birinci yarısında baş tutmalıdır. Biz onu ilin sonuna saxlamamalıyıq. Çünki artıq ilin sonuna az vaxt qalıb. Ancaq o da həqiqətdir ki, bu kreditlər çox düşünülmüş şəkildə verilməlidir. Bu kreditlər ölkəmiz üçün lazım olan sahələrə verilməlidir ki, iqtisadiyyat çoxşaxəli şəkildə inkişaf etsin. Mən çox şadam ki, göstərişlərim İqtisadi İnkişaf Nazirliyi tərəfindən çox operativ qaydada icra olunur. Keçən müşavirədə qarşıya vəzifə qoyulmuşdu ki, tezliklə elevatorların, taxıl anbarlarının, soyuducu kameraların tikintisi üçün lazımi tədbirlər görülsün. Bu məsələlər qısa müddət ərzində öz həllini tapdı. Bu infrastruktur layihələri müxtəlif bölgələrdə uğurla icra edilir. Tam əminəm ki, gələn il və ondan sonrakı illərdə biz, bax, bu il görülən işlərin bəhrəsini görəcəyik. Çünki bu, fermerlərin məhsulunun saxlanması üçün çox yaxşı şərait yaradır, eyni zamanda, istehlak qiymətlərinin qalxmasına imkan vermir. Çalışmalıyıq ki, 2010-cu ildə də bu istiqamətə diqqətimizi yönəldək. Əlbəttə ki, kreditlər başqa sahələrə də veriləcəkdir.
O da çox sevindirici haldır ki, artıq gələn il bu kreditlərin böyük hissəsi əvvəllər verilmiş kreditlərin hesabına başa gələcəkdir. O pullar qayıdır. Bu onu göstərir ki, sahibkarlar kreditlərə çox böyük məsuliyyətlə yanaşırlar. Digər tərəfdən onu göstərir ki, bu kreditlərin verilməsi prosesi də çox düzgün aparılmışdır. Yəni bu sahədə batmış kreditlər yoxdur və bu, çox sevindiricidir. Yəni bu onu göstərir ki, seçmə prosesi düzgün aparılmışdır və bu kreditlər çox məsuliyyətli iş adamlarına verildi. Artıq qaytarılan və qaytarılacaq məbləğin hesabına gələn il sahibkarların fəaliyyəti üçün çox gözəl şərait yaradılacaqdır. Nəzərə alsaq ki, bu kreditlər artıq uzun illərdir ki, verilir, hər il əvvəlki illərdə verilən kreditlərin qaytarılması hesabına biz əlavə vəsait əldə edəcəyik. Beləliklə, dövlət büdcəsinə olan yük daha da azalacaqdır.
Beləliklə, iqtisadi islahatların bu istiqaməti özünü təsdiq etdi. Bu onu göstərdi ki, bizim tərəfimizdən verilmiş qərarlar düzgün olub. Bu kreditləşmə, güzəştli şərtlərlə kreditlərin verilməsi sahibkarlığın inkişafına çox böyük imkanlar yaratdı. Bu gün Azərbaycanın ümumi daxili məhsulunda özəl sektorun payı 85 faiz təşkil edir. Bu onu göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə tətbiq olunur və güclənir. Biz bundan sonra da islahatlar aparacağıq. Aparılan islahatlar təkcə kreditlərin verilməsi, yaxud da ki, kənd təsərrüfatı texnikasının alınması ilə məhdudlaşmır. Aparılan islahatlar, eyni zamanda, institusional xarakter daşıyır. Biz beynəlxaq təşkilatlarla məsləhətləşmələr aparırıq və elə etməliyik ki, Azərbaycanda bizneslə məşğul olmaq üçün ən gözəl şərait yaradılsın.
Bizim apardığımız işlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir və belə olmasaydı, 2008-ci ilin yekunlarına görə Dünya Bankı Azərbaycanı "Doing Business" proqramında bir nömrəli islahatçı ölkə kimi tanımazdı. Dünya İqtisadi Forumunun hesablamalarına görə, - bu da dünyanın ən mötəbər qurumlarından biridir, - Azərbaycan rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci yerdədir, MDB məkanında isə birincidir. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bu, bir daha onu göstərir ki, vaxtilə bizim uğurlarımızı ancaq neft amili ilə bağlamaq istəyənlər, neftin qiyməti ilə bağlamaq istəyənlər qərəzli mövqedə idilər, yaxud da ki, səhv mövqedə idilər. Biz həmişə demişik ki, bizim uğurlarımızın əsas səbəbi aparılan islahatlar, düşünülmüş siyasət və atılan düzgün addımlar olmuşdur. Bu gün Azərbaycan öz imkanlarından istifadə edib çox güclü və dayanıqlı iqtisadiyyat qurur. Belə olmasaydı, biz dünya miqyasında 51-ci yerdə olmazdıq.
Nəzərə almalıyıq ki, bizdə islahatlar cəmi 10-15 il bundan əvvəl aparılmağa başlamışdır. Çünki müstəqilliyimizin ilk illərində vəziyyət çox gərgin idi, maliyyə böhranı hökm sürürdü və ümumiyyətlə, büdcənin doldurulması böyük problemlərlə üzləşirdi. 90-cı illərin ortalarından Azərbaycanda başlanmış islahatlar bu gün də davam edir. Bu islahatlar gələcəkdə də davam etməlidir. Azərbaycanda hələ çox sahələr vardır ki, orada irəliləyiş olmalıdır. Biz bunu edirik və bunun praktiki nəticələrini də görürük. Həm qanunvericilik sahəsində, - bizim qanunvericiliyimiz inkişaf etmiş ölkələrin qanunvericiliyinə yaxındır və böyük dərəcədə biz bu sahədə siyasi islahatlar aparmaqla istədiyimizə nail olmuşuq, - həm də iqtisadi sahədə göstəricilər göz qabağındadır. Azərbaycanın 51-ci yerdə yerləşməsi onu göstərir ki, bizim siyasətimiz düzgün siyasətdir. Əgər neft amilinə qalsa idi, bölgədə bizdən qat-qat çox neft-qaz hasil edən ölkələr vardır və onların da iqtisadiyyatı bizdə olan templərlə artardı. Yəni bir daha demək istəyirəm ki, bu, iqtisadiyyatın dayanıqlılığını göstərir, aparılan islahatların düzgünlüyünü göstərir və əlbəttə ki, həm Azərbaycanı bütün dünyaya olduğu kimi təqdim edir, həm də ən önəmlisi, ölkə daxilində mövcud problemlərin həlli üçün bizə əlavə imkanlar yaradır.
Bir sözlə, gələn il sahibkarlığın inkişafı üçün əlavə tədbirlər görülməlidir, islahatlar davam etdirilməlidir. Biz bütün məsələlərə obyektiv yanaşmalıyıq və öz siyasətimizi məqsədyönlü şəkildə aparmalıyıq.
Azərbaycanda Dövlət İnvestisiya Şirkətinin fəaliyyətinə böyük əhəmiyyət verilir. Nəinki Azərbaycanda, başqa ölkələrdə, xarici səfərlərdə olarkən biz Dövlət İnvestisiya Şirkətinə olan marağı görürük. Bu şirkət artıq özünü dünyaya təqdim edə bilib və əsas funksiyalarını yerinə yetirir. Bu şirkəti yaradanda qarşıya əsas məqsəd qoyulmuşdu ki, Azərbaycan iqtisadiyyatı üçün lazım olan sahələrə investisiyalar cəlb edilsin, Azərbaycanda investisiya axını birtərəfli olmasın. Çünki sirr deyil ki, xüsusilə müstəqilliyimizin ilk illərində investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdu. Biz bunu alqışlayırıq. Bu gün də bunu alqışlayırıq və bu gün də Azərbaycanın neft-qaz sektoru beynəlxalq şirkətlər üçün cəlbedicidir. Əgər belə olmasaydı, bu yaxınlarda çox vacib kontraktlar və anlaşma memorandumları imzalanmazdı. Ancaq bizə daha çox lazım olan investisiyalar qeyri-neft sektoruna olan investisiyalardır. Bu məqsədlə Dövlət İnvestisiya Şirkəti yaradıldı. İndi müxtəlif layihələr icra olunur və demək olar ki, şirkətin nizamnamə kapitalında cəmləşən vəsait də artıq bölünüb. Belə olan halda, yəqin ki, növbəti illərdə Dövlət İnvestisiya Şirkətinin maliyyə resurslarına biz hər il əlavə vəsait qoymalıyıq.
Gələn ilin dövlət büdcəsi hazırlandı, yəqin ki, bu yaxınlarda Milli Məclis tərəfindən müzakirə olunacaqdır. Hesab edirəm ki, dövlət büdcəsi balanslaşdırılmış əsasda tərtib edilibdir. Neftin bir barrelinin qiyməti 45 dollar hesablanıbdır. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Ola bilər ki, bir qədər konservativ yanaşmadır. Ancaq hətta 45 dollar olmaqla, Azərbaycanın qarşısında duran bütün sosial, iqtisadi və infrastruktur layihələrini icra etmək üçün imkanlar vardır. Əgər neftin qiyməti bundan artıq olsa, əlbəttə ki, biz bundan ancaq fayda götürəcəyik, bizim valyuta resurslarımız daha da çoxalacaqdır. Amma hətta bir barreli 45 dollar olmaqla biz hesab edirik ki, Azərbaycanın valyuta ehtiyatları gələn il artmalıdır. Elə etməliyik ki, həm Dövlət Neft Fondunda cəmləşən vəsait, Mərkəzi Bankın ehtiyatları və Maliyyə Nazirliyinin resursları artsın. Bu gün əgər bizim valyuta ehtiyatlarımız 19 milyarddırsa, gələcəkdə bu daha da artmalıdır. Biz bunu 50 milyarda da, ondan böyük rəqəmə də çatdırmalıyıq ki, gələcəkdə bu vəsaitin idarə olunmasından əldə ediləcək gəlirlər sosial məsələlərin həllinə xidmət göstərsin. Böyük məbləğ yaradılmalıdır ki, idarəolunmadan əldə olunacaq faizdən biz dövlət büdcəsinin yükünü daha da azaltmaq üçün istifadə edək.
Gələn il müxtəlif sahələrdə islahatların davam etdirilməsi gözlənilir. Bu islahatlar həm bizim iqtisadi vəziyyətimizi yaxşılaşdıracaq, eyni zamanda, əhalinin sosial məsələlərinin həllinə də xidmət göstərəcəkdir. Apardığımız iqtisadi siyasətin xüsusiyyəti ondan ibarətdir ki, hətta ən ciddi islahatları biz elə aparırıq ki, insanlar bu islahatlardan əziyyət çəkməsinlər. Çünki sirr deyil ki, keçid dövrünü yaşayan ölkələrdə, adətən, ciddi islahatlar insanların müflisləşməsinə gətirib çıxarır. Ancaq Azərbaycanda ciddi sosial siyasət aparılır, bazar iqtisadiyyatı prinsipləri tam tətbiq edilir və Azərbaycan büdcəsi də bax, bu siyasətin təzahürüdür.
Büdcə həm sosial yönümlüdür, həm investisiya yönümlüdür, həm də vacib infrastruktur layihələrinin icrası nəzərdə tutulur. İnvestisiya xərclərimiz haradasa 5 milyard dollar ətrafında nəzərdə tutulur. Eyni zamanda, bütün sosial proqramlar, ünvanlı sosial yardım, əmək haqları, pensiyalar, digər müavinətlər nəzərdə tutulur və o yardımların səviyyəsi tədricən artırılır.
İnfrastruktur layihələrinə gəldikdə deyə bilərəm ki, son illər ərzində bu sahəyə qoyulan vəsait özünü doğrultdu. Mən artıq bu barədə öz fikirlərimi bildirdim. Əgər bu infrastruktur layihələrini biz icra etməsəydik, bu gün regional inkişafdan, ümumiyyətlə, söhbət gedə bilməzdi. Bu infrastruktur sosial obyektlərin tikintisinə yönəldilibdir, son illər ərzində 1800-ə qədər məktəb tikilibdir, yüzlərlə tibb məntəqələri, tibb ocaqları, xəstəxanalar tikilibdir. Bu proses davam etdirilməlidir və gələn ilin büdcəsində bu məsələlər üçün vəsait nəzərdə tutulur.
Bununla bərabər, yolların, su, qaz və elektrik xətlərinin, elektrik stansiyalarının, su anbarlarının tikintisinə qoyulan bütün bu investisiyalar bir məqsədi güdür ki, Azərbaycan iqtisadiyyatı daha da güclü olsun və biz daxili imkanlardan maksimum dərəcədə səmərəli şəkildə istifadə edə bilək.
Biz onsuz da ancaq özümüzə arxalanırıq. Azərbaycan yeganə ölkələrdən biridir ki, bu böhranlı müddətdə nə hansısa başqa ölkəyə, nə də beynəlxalq maliyyə qurumuna müraciət etməmişdir. Əgər biz ətrafa baxsaq, görərik ki, bəziləri gedib başqa ölkələrdən maliyyə resursları əldə etməyə çalışırlar və bəzi hallarda buna müvəffəq olurlar. Bəziləri isə beynəlxalq maliyyə qurumlarından veriləcək kreditlərin hesabına böhranlı vəziyyətdən çıxmaq istəyirlər. Azərbaycan nadir ölkələrdəndir ki, heç kimə maliyyə yardımı üçün müraciət etməmişdir. Nəinki bu il, əvvəllər də olmayıbdır. Düzdür, müstəqilliyimizin ilk illərində beynəlxalq maliyyə qurumları bizə kömək göstərmişdilər və biz bu gün də xarici maliyyə qurumlarının kredit resurlarından imtina etmirik. Baxmayaraq ki, bizim böyük valyuta ehtiyatlarımız vardır, yenə də kredit imkanlarından istifadə etməliyik və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı davam etdirməliyik, daha da dərinləşdirməliyik. Düzdür, bu əməkdaşlığın indi daha çox məsləhətləşmələr əsasında yeni forması nəzərdən keçirilir. Eyni zamanda, ucuz kreditlərin Azərbaycan iqtisadiyyatına gətirilməsi də, əlbəttə ki, bizim marağımızdadır. Ancaq o da həqiqətdir ki, biz öz hesabımıza yaşayırıq. Ona görə, Azərbaycan dövləti və Azərbaycan rəhbərliyi öz siyasətini çox normal şəraitdə aparır. Ona görə, Azərbaycan beynəlxalq müstəvidə öz mövqeyini müdafiə edə bilir. Ona görə, Azərbaycan müstəqil siyasət aparır. Ona görə, Azərbaycan xalqı bu siyasətdən fayda götürür.
İnfrastruktur layihələrinin icrası növbəti ildə də davam etdiriləcəkdir. Bu vaxta qədər icra olunmamış, icrada olan layihələr icra edilməlidir. İlk növbədə, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatdırılmalıdır. Taxtakörpü su anbarının tikintisi gedir, oraya da vəsait ayrılacaqdır. Samur-Abşeron su kanalının tikintisi də gedir, Şəmkirçay su anbarının tikintisi başlamışdır. Bu da çox böyük layihədir. Həm iqtisadi cəhətdən, həm sosial baxımdan çox böyük əhəmiyyətə malik layihədir. Bir müddət bundan əvvəl mən o su anbarının təməl daşını qoydum. Bütün bu layihələr Azərbaycanı daha da gücləndirəcəkdir. Suvarılan torpaqlar çoxalacaq, içməli su problemləri daha da asanlıqla öz həllini tapacaqdır. Eyni zamanda, ucuz elektrik enerjisi istehsal olunacaqdır. Biz alternativ enerji mənbələrindən çox səmərəli şəkildə istifadə etməliyik.
Biz enerji təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll etdik. Neft hasilatı, qaz hasilatı artıq bizim tələbatımızı ödəyir. Biz xaricə də qaz ixrac edirik. Son illər ərzində tikilən elektrik stansiyaları, modul tipli elektrik stansiyaları və mövcud stansiyalarda yenidənqurma işləri Azərbaycanı elektrik enerjisi ilə tam şəkildə təmin edir. Burada qeyd olunduğu kimi, Azərbaycan hətta müxtəlif ölkələrə - həm Rusiyaya, həm İrana, həm də Türkiyəyə elektrik enerjisini ixrac edir. Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixrac edilir. Yəni ki, biz bu əsas təxirəsalınmaz tədbirləri gördük. "Astara", "Xaçmaz", "Şəki", "Naxçıvan", "Bakı", "Səngəçal", "Şahdağ" modul tipli elektrik stansiyaları tikilib istifadəyə verildi. Sumqayıt Elektrik Stansiyası mənə verilən məlumata görə, demək olar ki, artıq hazırdır. Bu da 500 meqavat gücündə olan stansiyadır. "Cənub" Elektrik Stansiyasında da tikinti gedir. O da 800 meqavat gücündə olan stansiyadır. Belə olan halda, bundan sonra biz alternativ enerji mənbələrinə daha çox üstünlük verməliyik.
Bizim su resurslarımızın xəritəsi tərtib edildi. Biz bilirik, enerji resurslarını yaratmaq üçün hansı çaylardan istifadə edəcəyik. Eyni zamanda, tikilməkdə olan su anbarlarından - həm Taxtakörpü, həm Şəmkirçay su anbarlarından da elektrik enerjisi istehsalı üçün istifadə olunacaqdır. Biz dağ çaylarının imkanlarından tam şəkildə istifadə etməliyik və hesab edirəm ki, gələn il praktiki işlər başlanmalıdır. Lap 2-3 meqavat da olsa, biz bunu etməliyik. Bununla bərabər, külək və günəş enerjisinin istehsalı üçün indi əməli işlər görülür, ilkin təcrübə vardır və biz bu təcrübəni daha da genişləndirməliyik. Gələn il bu məqsədlər üçün xüsusi vəsait ayrılacaqdır. Bu yaxınlarda yaradılmış alternativ enerji üzrə agentlik də layihələrini hazırlayıb. Onlar bu yaxınlarda təhlil ediləcəkdir. Mən hesab edirəm ki, yubanmadan - gələn ilin əvvəlindən, bəlkə də bu il müəyyən işləri aparmaq mümkün olacaqdır. Biz bunu başlayaq və bunun böyük faydası olacaqdır. Çünki ilk növbədə, biz təbii resurslarımıza qənaət edəcəyik, az qaz işlədəcəyik. İndi, düzdür, mazut yandırmırıq. Amma əvvəllər mazut yandırırdıq. Az qaz işlətdikcə onu daha çox ixrac edəcəyik, eyni zamanda ucuz enerji resursları alacağıq.
Nəzərə alsaq ki, Azərbaycanı qonşu ölkələrlə birləşdirən elektrik xətlərində yenidənqurma işləri aparılır, hesab edirəm, bu yaxınlarda İmişli-Parsabad elektrik xəttinin tikintisi başa çatacaqdır. Bu, bizə imkan verəcək ki, İrana 700 meqavat gücündə elektrik enerjisi ixrac edək. Azərbaycanı Gürcüstanla birləşdirən enerji xətləri çəkilməlidir. Bununla əlaqədar müvafiq göstərişlər verilmişdir. Belə olan halda, Azərbaycan qərb istiqamətinə elektrik enerjisi ixrac edə biləcəkdir.
O ki qaldı Azərbaycan ilə Rusiya arasında bu sahədəki əməkdaşlığa, bu əməkdaşlığın böyük tarixi vardır. Əvvəllər biz Rusiyadan daha çox enerji idxal edirdik. İndi Azərbaycan ixrac edir və gələcəkdə biz bu ixracı artıra bilərik. Çünki bizim ətrafımızda yerləşən bölgələrdə enerji resurslarımıza böyük tələbat vardır. Mən bir daha demək istəyirəm ki, bölgəmizdə yerləşən ölkələrdə həm qaz, həm də neft hasilatı Azərbaycandan bir neçə dəfə çoxdur. Amma reallıq ondan ibarətdir ki, biz bu ölkələrə neft, qaz və elektrik enerjisi satırıq. Nəyin hesabına? Görülən işlərin, infrastruktur layihələrinin, düzgün iqtisadi siyasətin və strateji baxışların hesabına. Həm taktiki gedişlər aparılır, eyni zamanda, məqsəd var və biz o məqsədə doğru gedirik. O məqsəd ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı güclənsin. Əlbəttə ki, iqtisadiyyatımız gücləndikcə bizim siyasi imkanlarımız da genişlənir.
Gələn il ekoloji tədbirlərin gücləndirilməsi nəzərdə tutulur. Biz bu sahəyə böyük əhəmiyyət veririk. Mən tam əminəm ki, bu sahə hamı üçün prioritet olmalıdır. Biz bu torpaqda yaşayırıq, bu havanı uduruq, bu suyu içirik. Azərbaycanda ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtdir. Məhz bu məqsədlə indi çaylar boyu təmizləyici qurğular quraşdırılır. Artıq 200 mindən artıq əhali Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsində içməli su ilə təmin edilir. Bu məqsədlə hər il həm büdcədə, həm Prezidentin Ehtiyat Fondunda vəsait nəzərdə tutulur. Biz nəinki Kür-Araz, bütün başqa çaylarda bu qurğuları tikməliyik və orada yaşayan insanlar təmiz su içməlidir. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi də bu istiqamətdə atılan vacib addımdır. O da təmiz, saf bulaq suyudur.
Biz neftlə çirklənmiş əraziləri tezliklə təmizləməliyik. Bu proses başlanıb. Bibiheybətdə, deyə bilərəm ki, ən acınacaqlı vəziyyətdə olan sahələrdən biri artıq abadlaşıb, park salınıb. Neftlə çirklənmış sahələrə baxanda adam dəhşətə gəlirdi, oralar fəlakət mənzərəsi idi. Orada artıq park salınıb. Yəni bunu etmək mümkündür. Qarşıya məqsəd qoyulur və icra edilir. Biz bunu bütün başqa sahələrdə etməliyik. Azərbaycanın bu torpağı - Bakıətrafı bütün bölgələrin torpağı təmizlənməlidir, rekultivasiya edilməlidir, neftlə çirklənmiş torpaqlar çıxarılmalıdır, yerinə ağaclar əkilməlidir. Bu, sağlamlıq deməkdir.
Əlbəttə ki, hava da insanın sağlamlığı üçün ən vacib amillərdən biridir. Bu sahədə də kompleks tədbirlər görülməlidir. Mən beynəlxalq maliyyə qurumları, xüsusilə Dünya Bankı ilə bu məsələ barədə dəfələrlə müzakirələr aparmışam. Hətta onlardan xahiş etmişəm ki, bir kompleks tədbirlər planı üzərində birlikdə çalışaq, insan sağlamlığı üçün lazım olan tədbirləri tam təfərrüatı ilə təhlil edək və yol xəritəsini yaradaq, bunu tezliklə icra edək. Burada müxtəlif amillər vardır. Təkcə neft-qaz sənayesi deyil, eyni zamanda, avtomobillərin buraxdığı qazlar da havanı çirkləndirir. Bəlkə də ən çox çirkləndirmə mənbəyi budur. O da nəyə bağlıdır? Bizim yanacağın keyfiyyətinə bağlıdır. Biz Avro-2, Avro-3 standartına keçməliyik. Bəzi ölkələr buna keçiblər. Nəyə görə? Çünki onlar benzini, dizel yanacağını xaricdən alırlar. Amma biz öz məhsullarımızdan istifadə edirik ki, o da standartlara uyğun deyildir. Neftayırma zavodları yenidən qurulmalıdır. Əslində, neftayırma zavodları Bakının mərkəzindən çıxarılmalıdır. İndi Bakıda "Qara şəhər" adlandırılan sahə yoxdur. Əvvəllər olub. "Qara şəhər" adlandırılan ərazi indi abadlaşır, parklar, yollar salınır. Neftayırma zavodları şəhərdən çıxarılmalıdır.
Ona görə biz bu məsələ ilə çox ciddi məşğul olmalıyıq. Ya gərək mövcud zavodlarda yenidənqurmanı davam etdirək, bu da böyük vəsait tələb edir. Ya da yeni böyük neftayırma, neft-kimya kompleksinin tikintisinə başlayaq ki, bütün ekoloji standartlara tam cavab versin. Mən hesab edirəm ki, 2010-cu il ərzində biz ciddi qərar qəbul etməliyik.
Ekoloji tədbirlər, bir daha demək istəyirəm ki, davam etdirilməlidir. Keçən dəfə danışdığımız kimi, hər yerdə ağaclar əkilməlidir. Mən istəmirəm ki, bu proses bir kampaniya xarakteri daşısın. Keçən dəfə bu məsələ barədə mən öz fikrimi bildirəndə bütün ölkə üzrə ağacəkmə kampaniyası başlamışdı, televiziya da onu işıqlandırırdı. Ancaq bir müddət keçəndən sonra bu, elə bil ki, aradan qalxdı. Yəni bizdə bu xüsusiyyət vardır, nəyəsə böyük şövqlə başlayırıq, Prezidentin göstərişi var, hamı ağac əkir. Bir-iki aydan sonra bu, unudulur. Düzdür, aydındır ki, bu, mövsümlə bağlıdır. Amma demək istəyirəm ki, bu iş kampaniya xarakteri daşımamalıdır, daim aparılmalıdır. Çox işlər görülüb, ancaq hələ çox işlər görülməlidir. Xüsusilə Bakı-Abşeron ətrafında bu işlərə xüsusi əhəmiyyət verilməlidir.
Ekoloji tədbirlərin görülməsi prioritet xarakter daşıdığına görə mən təklif edirəm ki, gələn il Azərbaycanda "Ekologiya ili" elan edilsin. "Ekologiya ili"ni yüksək səviyyədə keçirmək üçün tezliklə tədbirlər planı hazırlansın, dövlət büdcəsində bu, öz əksini tapsın və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıqda bu amil nəzərə alınsın.
Bir daha demək istəyirəm ki, bizim elektrik enerjisinə, qaza olan tələbat ödənilir. Qaz infrastrukturunun bərpası və yeniləşdirilməsi məsələləri böyük vəsait tələb edir. Müvafiq göstərişlər verildi ki, tezliklə Azərbaycanda qaz təsərrüfatı, paylayıcı sistemi dünya standartlarna çatdırılsın. Bu, böyük vəsait və böyük zəhmət tələb edir. Bu sahədə görüləcək işlər çoxdur. Ancaq bütün işlər dünya standartları səviyyəsində görülməlidir. Qaz sayğacları smartkartla təmin edilməlidir. Bu təcrübə artıq vardır. Gəncədə bir qədər bundan əvvəl smartkartlar tətbiq olunub və orada yığım çox yüksək səviyyədədir, əhali də razıdır. Hamı da bilir nəyin pulunu verir. Smartkart sistemi tətbiq olunarkən heç bir xoşagəlməz hadisələr baş vermir.
Qaz xətləri yeniləşdirilməlidir. Xüsusilə bəzi yerlərdə yerin üstündən, yaxud da ki, arka şəklində olan qaz xətlərinin hamısı yığışdırılmalıdır. İnkişaf etmiş heç bir ölkədə bu mənzərəyə rast gəlmək mümkün deyildir. Bizdə isə, Bakının özündə gedərkən görürsən ki, yolun üstündə böyük bir qaz borusu asılıb. Bu qaz borusu yerin altından keçməlidir. Özlərinə əziyyət verməmək üçün, sadəcə olaraq, bu biabırçı mənzərəni yaradırlar və rayonlarda da eyni mənzərə vardır. Mən dəfələrlə bu barədə öz fikirlərimi, iradlarımı bildirmişəm. Müəyyən işlər görülüb. Ancaq əksər yerlərdə görürsən ki, qaz boruları düzülüb, ya yerin üstündə, ya da ki, belə arka şəklində. Hətta son vaxta qədər aeroport-Bakı yolunun sağında da, solunda da böyük borular düzülmüşdü. Biz Heydər Əliyev prospektində o vaxt onların hamısını yığışdırdıq.
Yüksək gərginlikli elektrik xətləri də həmçinin. İndi bunların hamısı yaddan çıxıb. Heydər Əliyev prospektində yolun kənarında yüksək gərginlikli böyük xətlər qurulmuşdu. Bu, həm insan orqanizminə zərərdir, həm də ki, müasir şəhər üçün dözülməzdir. Ona görə də Neft Şirkəti tezliklə bu məsələləri həll etməlidir. Bütün qaz təsərrüfatında müasir standartlar tətbiq edilməlidir.
Qaz anbarlarının həcmi genişləndirilir, bu, çox müsbət haldır. Mənə bu yaxınlarda verilən məlumata görə, biz yeraltı anbarlara artıq 1 milyard 800 milyon kubmetr qaz vurmuşuq. Bu, çox böyük bir göstəricidir. Bir neçə il bundan əvvəl ancaq 500 milyon kubmetr qaz tədarük edə bilirdik. Çünki həm qazımız yox idi, həm də ki, qaz anbarlarında quyular yararsız vəziyyətə düşmüşdü. İndi bizim 1 milyard 800 milyon kubmetr ehtiyatımız vardır. Bu, qış üçün əvəzolunmaz bir ehtiyatdır, həm də ixrac üçün resurs bazadır. Biz qaz anbarlarında həm yenidənqurma işləri aparmalıyıq, eyni zamanda, yeni qaz kəmərləri tikilməlidir ki, o anbarların tutumunu növbəti mərhələdə 3 milyarda, ondan sonrakı mərhələdə isə 5 milyard kubmetrə çatdıraq.
Bizim qazımıza tələbat artır və artacaqdır, bu, qaçılmazdır. Çünki biz Avropa və dünya qaz bazarlarının imkanlarını yaxşı bilirik. Biz yaxşı bilirik ki, gələcəkdə Azərbaycan qazı enerji təhlükəsizliyi məsələlərində daha da ciddi rol oynayacaqdır. Çünki ənənəvi qaz mənbələri tükənməkdədir. Avropanı qidalandıran qaz mənbələri bizə bəllidir. Uzun illərdir ki, Avropa qitəsi müəyyən mənbələrdən qaz alır. Azərbaycan isə öz böyük qaz resursları ilə Avropa bazarı üçün, digər ölkələrin bazarı üçün əvəzolunmaz təchizatçı tərəfdaş kimi çıxış etməyə başlayır.
Gələcəkdə ənənəvi qaz mənbələri tükəndikcə Azərbaycan qazına tələbat daha da artacaqdır. Biz bütün bu rəqəmləri bilirik. Bilirik haradan hara nə qədər qaz ötürülür. Belə olan halda həm qaz anbarlarının genişləndirilməsi, həm də, yeni qaz yataqlarının kəşfi böyük əhəmiyyətə malik məsələlərdir. Bu gələcək illərdə - iyirmi il, əlli il bundan sonra ölkəmiz üçün əvəzolunmaz iqtisadi amil kimi özünü doğruldacaqdır.
Qeyd etdiyim kimi, bizim qazımıza böyük tələbat vardır. Ancaq biz yeni bazarları aşkar etməliyik. Biz yeni bazarlara çıxmalıyıq. Bizim üçün bütün bazarlar maraqlıdır, bütün bazarlar cəlbedicidir, o təqdirdə ki, qiymət dünya səviyyəsinə uyğun olsun. Bütün başqa şərtlər, xüsusilə tranzit şərtləri beynəlxalq təcrübəyə əsaslansın. Biz öz işimizdə bütün sahələrdə hər şeyi beynəlxalq təcrübə əsasında, qayda-qanunlar əsasında qururuq. Biz xaricdən nəyisə idxal edəndə dünya qiymətinə idxal edirik. Heç kimdən nə güzəşt, nə endirim, nə də ki, müftə nəsə istəyirik. Xüsusilə nəzərə alsaq ki, bizə bu vaxta qədər heç kim müftə heç nə verməyib. Allaha şükür, bizə heç lazım da deyildir.
Ancaq biz də öz resurslarımızı ixrac edəndə, təbii olaraq, istəyirik ki, buna normal qiymət verilsin. Özü də söhbət şişirdilmiş qiymətdən getmir, dünya qiymətindən gedir. Biz istəyirik ki, öz qaz potensialımızı bu əsaslarla realizə edək. Xüsusilə nəzərə alsaq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında hələ 2006-cı ildə enerji sahəsində strateji əməkdaşlıq haqqında memorandum imzalanmışdır və Avropa Komissiyasına mənim son səfərim zamanı enerji məsələləri çox geniş müzakirə olunmuşdu. Biz bütün bunları nəzərə alaraq bu sahədəki məsələləri tezliklə həll etməliyik.
Azərbaycan bu gün hazırdır ki, Avropa İttifaqı bazarına öz qazını ixrac etsin. Bunu etmək üçün bizim resurslarımız və infrastrukturumuz vardır. Avropa ölkələri isə, öz növbəsində, bizim qazımızı gözləyir. Mən şəxsən və bizim nümayəndələrimiz, sənaye və energetika naziri, Dövlət Neft Şirkətinin rəhbərləri dəfələrlə Avropa rəsmiləri ilə bu barədə söhbətlər aparmışıq. Bizim potensial tərəfdaşlarımız arasında Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Avstriya, Almaniya, İsveçrə kimi ölkələr vardır. Bəzi ölkələr bizim sərhədlərimizə daha yaxın yerləşir, bəzi ölkələr daha uzaq. Ancaq bu ölkələr Azərbaycan qazını dünya qiymətinə almaq istəyirlər. Biz də bunu dünya qiymətinə satmaq istəyirik. Bu, ikitərəfli mənfəət gətirən bir layihədir.
Ancaq əfsuslar olsun ki, iki ilə yaxındır, biz bu imkanlardan məhrum olmuşuq. Bunun əsas səbəbi ondan ibarətdir və əfsuslar olsun ki, bu vaxta qədər Türkiyə ilə Azərbaycan arasında tranzit məsələləri həll olunmayıb. Bunun səbəbi, yenə də demək istəyirəm, ondan ibarətdir ki, Azərbaycan bütün ölkələrlə - həm dost ölkələrlə, həm tərəfdaş ölkələrlə münasibətləri qarşılıqlı maraqlar üzərində qurur. Necə ki, başqa ölkələr, ilk növbədə öz maraqlarını güdürlər. Biz də əlbəttə ki, ilk növbədə öz maraqlarımızı güdürük. Amma öz maraqlarımızı güdməklə bizim tərəfimizdən təklif olunan məsələ dünya praktikasına əsaslanır. Həm qiymət, həm də tarif faktları baxımından.
Yəni heç kimə sirr deyil ki, Azərbaycan uzun illərdir, Türkiyəyə qazı dünya qiymətinin üçdəbir hissəsinə, 30 faizinə satır. Hansı ölkə öz təbii resurslarını, xüsusilə indiki şəraitdə dünya qiymətinin 30 faizinə satır və bundan razı ola bilər? Yəni bu, heç bir məntiqə sığmayan məsələlərdir. Keçən ilin aprel ayından bu günə qədər çoxsaylı danışıqlarda, əfsuslar olsun ki, heç bir nəticəyə gəlməmişik.
Biz istəyirik ki, qazımız dünya qiymətinə olmasa da, heç olmasa ona yaxın qiymətə alınsın. Rusiya qazının qiymətinə bərabər olmasa da, heç olmasa ondan bir 8 faiz, 10 faiz aşağı olsun, daha 50 faiz yox. Hansı ölkə buna razılaşar? Bir tərəfdən bizim qaz resurslarımız. Biz "Şahdəniz" qaz yatağının ikinci hissəsinin işlənilməsinə başlamağa hazırıq. "Şahdəniz" yatağının ikinci fazasının işlənilməsi Azərbaycan iqtisadiyyatına ən azı 20 milyard dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır. Bu, bizim üçün böyük bir fürsətdir.
Biz hamımız yaxşı xatırlayırıq, "Əsrin müqaviləsi" imzalanandan sonra Azərbaycanda neft sahəsinə qoyulan investisiyalar bütün başqa sahələrə - xidmət, istehsal, infrastruktur, təhsil sahələrinə də yayılırdı. Bizim nə qədər gənc mütəxəssislərimiz əcnəbi şirkətlər tərəfindən maliyyələşdirilən proqramlar hesabına gedib xaricdə öz biliyini artırıblar, öz peşəkarlığını təkmilləşdiriblər. Yəni 20 milyard dollar hətta ən inkişaf etmiş ölkə üçün böyük vəsaitdir, böyük yatırımdır. Biz iki ilə yaxındır ki, buna başlaya bilmirik. Nəyə görə? Çünki burada bizim "Şahdəniz" konsorsiumunun üzvləri də haqlıdırlar. Qaz hasilatı konkret bazara bağlanmalıdır. Qaz hasilatı neft hasilatından fərqlidir. Nefti hasil etdin, boru kəmərin varsa çıxdın dünya bazarına, kimə istədin dünya qiymətinə satdın. Amma qaz biznesi belə deyil, konkret bazara bağlanmalıdır. Bütün tariflər, qiymətlər, qazın miqdarı müxtəlif formalar əsasında razılaşdırılmalıdır. Ona görə biz iki ilə yaxındır ki, "Şahdəniz" yatağının ikinci fazasının sanksiyasını verə bilmirik. Beləliklə, Azərbaycan iqtisadiyyatı çox böyük itkilərlə üzləşir. İtirilmiş gəlir itki deməkdir. Biz əgər iki il bundan əvvəl başlasaydıq, "Şahdəniz"in ikinci fazasından iki il qabaq qaz çıxardı və biz də, "Şahdəniz" konsorsiumunun üzvləri də daha da çox pul qazanardıq. İndi biz vaxt itiririk. Nəyə görə?
Bir daha demək istəyirəm ki, bu məsələ çox ciddidir. Xüsusilə nəzərə alsaq ki, yenə də deyirəm, bütövlükdə Avropa İttifaqı və Avropa İttifaqına üzv olan ayrı-ayrı ölkələr bizim qazımızı almağa hazırdırlar. Azərbaycan və onun tərəfdaşları, dünyanın aparıcı neft şirkətləri bu hasilata başlamağa hazırdırlar. Hətta böhranlı şəraitdə də Azərbaycan iqtisadiyyatına ən azı 20 milyard dollar qoymağa hazırdırlar. Çünki onlar bizə inanırlar. Artıq bizim işbirliyimiz, əməkdaşlığımız böyük sınaqlardan keçibdir. Ancaq biz süni şəkildə yaradılmış səbəblər üzündən buna nail ola bilmirik. Həm qiymət bizi qane etmir və Azərbaycan təklif olunan qiymətlə heç kimə öz qazını satmayacaq, həm də tarif haqları bizi qane etmir. Tarif haqları beynəlxalq təcrübəyə əsaslanmalıdır. Bizə təklif olunan rəqəmlər bölgədə mövcud olan tariflərdən 70 faiz yuxarıdır. Nə üçün? Nə üçün biz pul itirməliyik? Bu məsələ təkcə bizi yox, bizim Avropa tərəfdaşlarımızı da çox ciddi düşündürür. "Şahdəniz" konsorsiumunun üzvləri də bildiyimə görə, çox narahatdırlar. Çünki "Şahdəniz" üzrə kontrakt 2006-cı ildə imzalanmışdır və o kontraktın müddəti vardır. 2026-cı ildə kontraktın müddəti bitir və 2026-cı ildə konsorsium üzvlərinin bu yataq üzrə bütün hüquqları sona çatır. Ancaq əgər biz bu gün "Şahdəniz" yatağının ikinci fazasına başlasaq, ən yaxşı halda, bizə verilən məlumata görə, o laylardan ilk qazı 2015-ci ildə görəcəyik. Əgər bu gün başlasaq. 2015-ci ildən 2026-cı ilə qədər cəmi 11 il vaxt vardır. "Şahdəniz" yatağının minimal ehtiyatları 1,2 trilyon kubmetrdir. Yəni bu 1,2 trilyon kubmetri çıxarmaq üçün ildə gərək "Şahdəniz"dən 100 milyard kubmetr qaz hasil olunsun. Bu, mümkün deyildir. Biz istəyirik ki, xarici tərəfdaşlarla əməkdaşlığımız daha da dərinləşsin. Bu əməkdaşlıq həm bizə, həm də xarici şirkətlərə xeyirdən başqa heç nə gətirməyib. Ancaq bütün bunlar reallıqlardır.
Xarici şirkətlər tələsirlər. Avropa İttifaqı bizi tələsdirir. Bu məsələ hər dəfə bütün danışıqlarda müzakirə olunur. Belə olan halda tranzit məsələlərinin həll olunmaması və bizim qarşımıza bəri başdan qəbul edilməyəcək şərtlərin qoyulması, əslində, bu nəhəng, dünyamiqyaslı, çox perspektivli layihənin pozulmasına gətirib çıxara bilər.
Belə olan halda, biz, əlbəttə ki, alternativ yolları axtarmalıyıq. Biz uzun illər, ən azı son iki il ərzində bu məsələni qabartmadıq. Çalışırdıq ki, biz bunu işgüzar şəraitdə, dostluq şəraitində çözək. Ancaq bizim imkanlarımız tükəndi və bizə verilən təklif Azərbaycan tərəfindən heç vaxt qəbul olunmayacaqdır. Belə olan halda, biz çalışmalıyıq ki, alternativ yolları araşdıraq, təhlil edək. Bu yollar da vardır. Yenə də deyirəm, Azərbaycanın ətrafında yerləşən ölkələrdə bizim enerji resurslarımıza tələbat var - istər neft, istər elektrik enerjisi, istərsə də qaz.
Bu məqsədlə biz artıq praktiki işlərə də başlamışıq. Bildiyiniz kimi, iki gün bundan əvvəl Rusiya ilə Azərbaycan arasında, "Qazprom"la Neft Şirkəti arasında qaz alqı-satqısı ilə əlaqədar kontrakt imzalanmışdır və gələn ildən başlayaraq Azərbaycan qazı Rusiya bazarına ixrac ediləcəkdir. İxrac ediləcək qazın miqdarı tərəflər arasında razılaşdırılacaqdır. Biz əvvəlcə çox aşağı, təvazökar rəqəmlərlə başladıq, ancaq bu ixracın yuxarı həddi yoxdur. Nə qədər olsa, o qədər də ixrac edəcəyik. Nəzərə alsaq ki, Rusiya ilə Azərbaycan arasında heç bir başqa tranzit ölkə yoxdur, qaz kəmərimiz də var, heç kimə tranzit haqları ödəmək də lazım deyil və bizə təklif olunan qiymət, yəni razılaşdırılmış qiymət formula əsasındadır. Dünya miqyasında qəbul edilmiş qaydalar və formalar əsasındadır. Yəni yaxşı qiymətdir, həm bizim üçün, həm istehlakçılar üçün. Niyə də biz bu imkanlardan istifadə etməyək? Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq vardır. Biz Rusiyaya başqa məhsulları da dünya qiymətinə ixrac edirik. Oradan gətirilən məhsulları da dünya qiymətinə alırıq. Bu, bir variantdır.
Müzakirə olunan digər variant Azərbaycan qazını İrana ixrac etmək variantıdır. Biz bu məsələ üzərində də ciddi işləyirik və bu məsələ də perspektivli ola bilər. Yenə də biz burada tranzit problemləri ilə üzləşməyəcəyik. Çünki bizim aramızda başqa heç bir ölkə yoxdur və kəmərimiz də vardır. Düzdür, Astarada kompressor stansiyasının gücləndirilməsi ilə əlaqədar müəyyən işlər görülməlidir, bəlkə yeni kompressorun quraşdırılması nəzərdə tutulacaqdır. Magistral kəmər də təmir olunmalıdır. Bütün bunlar texniki məsələlərdir. İran bazarı da böyük bazardır. İran bu gün Türkmənistandan qaz alır. Niyə Azərbaycandan almasın? Biz İrana neft məhsulları satırıq. Niyə də qaz satmayaq?
Başqa variant da artıq müzakirə olunmaqdadır. Biz gərək bu müzakirələri daha da dərinləşdirək, daha da çox ciddi təhlil edək. Bu da Azərbaycan qazını Qara dəniz limanlarından Avropa İttifaqına çıxarmaq imkanlarından ibarətdir. Bu layihə hələ ki, bir fikir kimi ortalıqda vardır. Bu, bizim təşəbbüsümüz olmayıbdır. Onu da demək istəyirəm ki, həm Rusiya, həm İranla qaz əməkdaşlığına dair təşəbbüslər tərəfdaşlar tərəfindən gəlmişdir. Bizə müraciətlər olmuşdur və biz də bu müraciətlərə müsbət baxmışıq.
Bir müraciət də olub ki, qeyd etdiyim kimi, bu da Qara dəniz sahillərindən - Gürcüstandan Azərbaycan qazını Avropa məkanına nəql etmək layihəsidir. Bu, gərək ciddi araşdırılsın. Prinsip etibarilə biz bununla razıyıq. Biz də başqa ölkələr kimi çalışmalıyıq ki, bütün imkanlarımızı genişləndirək, şaxələndirək. Əgər bizim üç neft kəmərimiz olmasaydı, bu gün Azərbaycan neftinin ixracı məsələsində böyük problemlərlə üzləşə bilərdik. Üç kəmərin mövcudluğu və üçünün də işlək vəziyyətdə olması bizim imkanlarımızı genişləndirir.
Biz qaz sahəsində də eyni mövqedən çıxış edəcəyik və hesab edirəm ki, dediyim o Qara dəniz sahilindən çəkilə biləcək üçüncü yol ciddi təhlil edilməlidir. Bu məsələ ilə əlaqədar son dəfə mən Rumıniyada rəsmi səfərdə olarkən geniş müzakirələr apardıq. Bu müzakirələr davam etdiriləcəkdir. Bolqarıstanla bu sahədə əməkdaşlıq mümkündür və biz bu məsələləri də araşdıracağıq. Yəni ki, biz çətin vəziyyətdən çıxış yollarını axtarmalıyıq və hesab edirəm ki, tapacağıq.
Mən xüsusilə bu məsələ ilə bağlı bir az ətraflı danışdım. Çünki bilirsiniz, bu məsələlər ətrafında müəyyən spekulyasiyalar aparılır. Bəzi fikirlər təhrif edilir, reallıqlar gizlədilir və ortaya yanlış məlumatlar atılır. Ona görə mən istədim ki, Azərbaycan ictimaiyyəti də bunu bilsin və kimə aidiyyəti var, onlar da Azərbaycanın mövqeyini bilsinlər, Azərbaycanın mövqeyini nəzərə alsınlar.
Bir daha demək istəyirəm ki, doqquz ayın
yekunları məni çox sevindirir. Bu onu
göstərir ki, Azərbaycan həmişə olduğu kimi,
irəliyə uğurla gedir, gələcəyə nikbinliklə
baxır. Azərbaycan xalqının milli
maraqlarını təmin etmək üçün biz gələcəkdə
də səylərimizi əsirgəməyəcəyik. Sizə bu işlərdə
uğurlar arzulayıram.
AzərTAc
Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 3, 4.