Bakıda "Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

 

Oktyabrın 16-da Bakıda "Gülüstan" sarayında Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsi, Dövlət Neft Fondu, Maliyyə və Vergilər nazirlikləri, Hesablama Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu" mövzusunda ikigünlük beynəlxalq elmi-praktiki konfrans başlanmışdır.

On beş ölkənin və bir sıra beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə şəffaflığın artırılması sahəsində mövcud problemlər və onların həlli yolları istiqamətində müzakirələr aparılacaqdır.

Konfransı açan Milli Məclisin İqtisadi siyasət komitəsinin və Azərbaycan İqtisadçılar İttifaqının sədri akademik Ziyad Səmədzadə demişdir ki, hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Son illər ölkədə aparılan islahatlar, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının reallaşması nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Artıq neçə illərdir ki, Azərbaycan özünün inkişaf səviyyəsinə, iqtisadi artım sürətinə görə MDB məkanında lider ölkədir.

Tədbirdə Hesablama Palatasının sədri Heydər Əsədov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, vergilər nazirinin müavini Sahir Məmmədxanov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və başqaları çıxış edərək maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolundan, bu sahədə rəhbərlik etdikləri qurumların fəaliyyətindən ətraflı danışmışlar. Neft gəlirləri sayəsində Azərbaycanda həyata keçirilmiş və hazırda həyata keçirilən irimiqyaslı layihələr barədə məlumatlar verilmiş, regionlarda sahibkarlığın inkişafı sahəsində görülən tədbirlər diqqətə çatdırılmışdır.

Beynəlxalq Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü Katibliyinin başçısı Conas Moberq, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti - baş direktoru Viktor Krasilnikov, Böyük Britaniyanın Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA) Yaxın Şərq üzrə nümayəndəsi Stefan Şilds, Türkiyənin Sakarya Universitetinin professoru Aytac Eker və ACCA-nın Ukrayna, Baltikyanı və Qafqaz ölkələri üzrə rəhbəri Natalya Vovçuk maliyyə sahəsində şəffaflıqla bağlı öz ölkələrinin, təşkilatlarının təcrübəsindən bəhs etmiş, bu işdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini diqqətə çatdırmışlar.

Tədbirdə "Maliyyə resurslarının səmərəli istifadəsinin təmin edilməsində iqtisadi və hüquqi əsasların təkmilləşdirmə problemləri və şəffaflıq: nəticələr və perspektivlər", "Müasir mərhələdə vergi nəzarəti: islahatlar və perspektiv inkişaf istiqamətləri", "Şəffaflıq və səmərəlilik dövlət maliyyə nəzarətinin prioritet hədəfidir", "Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqi", "Yaxın Şərqdə şəffaflığın və səmərəli korporativ idarəçiliyin dəyəri", "Maliyyə nizamnaməsinin gələcəyi. ACCA-nın fəaliyyət planının xülasəsi", "Aqrar sahədə maliyyə resurslarından səmərəli və şəffaf istifadə məsələləri" və digər mövzularda məruzələr dinlənilmişdir.

Konfrans oktyabrın 17-də Auditorlar Palatasında keçiriləcək bölmə iclaslarında işini davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 5.