Bakıda TÜRKSOY Daimi Şurasının 26-cı
toplantısı keçirilir
Oktyabrın 16-da "Qafqaz
Point" otelində "Bakı-İslam Mədəniyyətinin
Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində
TÜRKSOY Daimi Şurasının 26-cı toplantısı
işə başlamışdır.
Toplantı
iştirakçılarını salamlayan Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, bu
günlərdə Naxçıvan şəhərində
keçirilmiş Türkdilli ölkələrin dövlət
başçılarının IX zirvə
görüşü TÜRKSOY-un fəaliyyətinə
böyük dəstək göstərmiş və türk
dünyasının mədəniyyət sahəsində əməkdaşlığına
yeni yollar açmışdır.
Nazir demişdir ki,
toplantının gündəliyinə ötən müddət
ərzində təşkilatın fəaliyyəti,
TÜRKSOY-un hüquqi sənədlərinə düzəlişlər
və əlavələr, eləcə də qurumun 2010-cu il
üçün fəaliyyət proqramının müzakirəsi
və təsdiqi daxildir.
Bildirilmişdir ki, TÜRKSOY-un əsası
1992-ci ilin yazında İstanbulda türkdilli dövlətlərin
mədəniyyət nazirlərinin birinci görüşü
zamanı qoyulmuşdur. Beynəlxalq təşkilat olan
TÜRKSOY Avrasiyanın türkdilli arealı çərçivəsində
milli dil, tarix, mənəvi irs, mədəniyyət və incəsənət
yaxınlığı ilə birləşən ölkə və
xalqların regional mədəni əməkdaşlığını
həyata keçirir. Təşkilatın əsas məqsədlərinə
beynəlxalq dialoqun təşkili və inkişafı,
TÜRKSOY üzv dövlətlərinin mədəni
oxşarlığının dəstəklənməsi,
türkdilli xalq və ölkələr arasında dost
münasibətlərin və qarşılıqlı
anlaşmanın qurulması, türkdilli xalqların etnogenezi,
gerçək tarixi, ədəbiyyat, mədəniyyət və
incəsənətinin öyrənilməsi sahəsində
elmi araşdırmaların intensivləşdirilməsi və
bu kimi mühüm məsələlər daxildir.
Vurğulanmışdır ki,
Bakıda keçirilmiş İslam Konfransı Təşkilatına
üzv dövlətlərin Mədəniyyət Nazirlərinin
VI Konfransı çərçivəsində İSESKO ilə
TÜRKSOY arasında əlaqələrin qurulması və
genişləndirilməsi məsələləri müzakirə
edilmişdir.
Nazir demişdir ki,
qarşıdakı illərdə TÜRKSOY-un fəaliyyəti
daha da genişləndiriləcək və "Şərq-Qərb"
Bakı beynəlxalq kinofestivalı çərçivəsində
türkdilli ölkələrdə çəkilmiş filimlər
də nümayiş etdiriləcəkdir.
TÜRKSOY-un baş direktoru
Düsen Kaseinov qurumun türk xalqlarının daha da
yaxınlaşması istiqamətində həyata
keçirdiyi tədbirlər barədə ətraflı məlumat
vermişdir.
Bildirmişdir ki, dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəylinin
"Koroğlu" operası artıq 5 ölkədə
böyük uğurla nümayiş etdirilmişdir. 6 ölkədən
250 incəsənət ustasının iştirakı və
TÜRKSOY-un sponsorluğu ilə həyata keçirilən bu
mədəniyyət layihəsi müştərək türk
mədəni irsinin təbliği, gələcək nəsillərə
çatdırılması baxımından olduqca əhəmiyyətlidir.
Dünyanın ən böyük operalarından olan
"Koroğlu"nun türk xalqlarının teatr səhnəsində
oynanılması bu xalqların mədəni həyatında
böyük hadisədir. Biz bundan sonra da türk
dünyasının tanınmış operalarına müraciət
etmək fikrindəyik.
Azərbaycan Prezidenti İlham Əliyevin
TÜRKSOY-un fəaliyyəti, genişlənməsi istiqamətində
göstərdiyi təşəbbüsləri yüksək
qiymətləndirən baş direktor
vurğulamışdır ki, yaxın vaxtlarda qurumun
akademiyası yaradılacaqdır.
Novruz bayramının YUNESKO-nun
qeyri-maddi irs siyahısına daxil edilməsini xüsusi
vurğulayan natiq bildirmişdir ki, 2010-cu ildə TÜRKSOY bu
bayramı Parisdə YUNESKO-nun qərargahında qeyd etməyi
planlaşdırır və bununla bağlı razılıq əldə
edilmişdir.
Açılış mərasimində
TÜRKSOY-un üzvü olan Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Tatarıstan, Başqırdıstan,
Qaqauz Yeri və digər ölkələrdən gəlmiş
nümayəndələr təbrik nitqi söyləmiş və
toplantının işinə uğurlar arzulamışlar.
Sonra toplantı işci qrupunun
iclası ilə davam etdirilmişdir.
Qeyd edək ki, oktyabrın 17-də
toplantının yekununa dair Bəyannamə qəbul ediləcək
və qurumun yeni sədri seçiləcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 5.