Azərbaycanda Mərakeş Krallığının mədəniyyət günləri başlamışdır

 

Oktyabrın 16-da "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Mərakeş Krallığının mədəniyyət günlərinin təntənəli açılış mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransında Mərakeşin nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirmişdir. O, konfransın islam dövlətləri arasında əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulamışdır.

Nazir demişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ötən il ilk dəfə Mərakeş Krallığının paytaxtı Rabat şəhərində İSESKO-nun Baş qərargahında Azərbaycan Mədəniyyəti günləri keçirilmişdir. Bu tədbirlərdə Azərbaycan incəsənət ustalarının çıxışları, tanınmış ədiblərin görüşləri Mərakeş xalqı tərəfindən böyük maraqla qarşılanmışdır.

Nazir diqqətə çatdırmışdır ki, Mərakeş mədəniyyət günləri çərçivəsində Milli Kitabxanada hər iki xalqı təmsil edən ədəbiyyatçıların iştirakı ilə "dəyirmi masa" təşkil olunacaq, Azərbaycan Kinematoqrafçılar İttifaqında Mərakeş filmləri nümayiş etdiriləcək, Mərakeş incəsənət ustalarının Sumqayıt şəhərində və Mərdəkan qəsəbəsində çıxışları olacaqdır.

Mərakeş Krallığının mədəniyyət naziri Bensalem Himmişin demişdir ki, Azərbaycana 50 nəfərdən ibarət nümayəndə heyəti gəlmişdir.

Qonaq bildirmişdir ki, Azərbaycanda ilk dəfə olaraq Mərakeş Krallığının mədəniyyət günlərinin keçirilməsi ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsinə təkan verəcəkdir.

Sonra Bensalem Himmişin Əbülfəs Qarayevə xatirə hədiyyələri təqdim etmişdir.

Mədəniyyət günlərinin açılış mərasimi Mərakeş incəsənət ustalarının çıxışı ilə davam etdirilmişdir.

 

 

Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 5.