Zərurətdən yaranan partiya
Dövlət və cəmiyyət
həyatında müəyyən rol oynayan, demokratik,
hüquqi, sivil, dünyəvi dövlətçiliyin təməl
prinsiplərindən, əsas atributlarından sayılan siyasi
partiyalar, adətən, zərurətdən, milli tələbatdan
yaranır. Azərbaycanda milli mənafe və dövlətçilik
maraqlarının təmsilçisi olmaq kimi nəcib amalı
özünün siyasi idealı, əsas strateji xətti
seçən Yeni Azərbaycan Partiyasının yaranması da
tarixi zərurətdən, milli tələbatdan irəli gəlmişdir.
Bu gün 1991-1993-cü illərin
böhranlı, ağrılı-acılı, faciəli
günlərini qəlbində vətən, millət sevgisi
olan hər bir azərbaycanlı böyük təəssüf,
dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti
ələ keçirərək inanılmaz bir hərisliklə
ölkənin sərvətlərini çapıb-talayan,
iqtisadi-siyasi və mənəvi böhranın
qarşısını almaqda aciz olan məlum qüvvələr
xalqın inamından sui-istifadə etməklə, əslində,
özlərini uçuruma yuvarladılar. Bir daha təsdiqləndi
ki, xalqın inam və etimadına söykənməyən,
onun iradəsini, istəyini nəzərə almayan hər
hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində
uzun müddət duruş gətirə bilməz. Belə
acınacaqlı şəraitdə xalqın üzdə olan
ziyalıları, sadə və zəhmətkeş insanları
öz daxili inamlarına söykənərək respublikanı
xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən,
sosial-iqtisadi tənəzzüldən, bir sözlə,
böyük fəlakətlərdən qurtara, onu möhkəm
sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş
yoluna çıxara biləcək yeganə düzgün
ünvanı göstərdilər. Əksəriyyət
yaxşı başa düşürdü ki, məhz ulu
öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət
ustadının rəhbərliyi altında formalaşan siyasi
partiya xalqın inamını doğrultmaq, respublikanı
üzləşdiyi böyük faciələrdən hifz etmək
iqtidarında ola bilər.
Ölkənin taleyinə biganə
olmayan belə ziyalılar, sadə insanlar Naxçıvan
Muxtar Respublikasına üz tutaraq Heydər Əliyevlə
görüşlər keçirir, xalqı üzləşdiyi
fəlakətlərdən, çətinliklərdən
çıxarması üçün ondan kömək istəyirdilər.
Ağır vəziyyətdən cana doymuş insanlar
Konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvi
üçün respublikanın müxtəlif bölgələrində
mitinqlər təşkil edir, dahi strateqin yenidən
böyük siyasətə qayıdışını təkidlə
istəyirdilər. Nəhayət, respublikanın mütərəqqi
fikirli ziyalıları 1992-ci ilin iyun ayında yeni siyasi
mübarizə yolu seçərək ümummilli liderimizin rəhbərliyi
ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin
ziyalılar oktyabr ayında Yeni Azərbaycan Partiyasının
(YAP) yaradılması xahişi ilə ulu öndər Heydər
Əliyevə müraciət etdilər. Müraciəti
imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik
qazanmış ölkəni düşdüyü ağır
və dözülməz vəziyyətdən
çıxarmağa qadir yeganə şəxsiyyət məhz
Heydər Əliyevdir. Vətənpərvər Azərbaycan
ziyalılarının "Səs" qəzetinin 16 oktyabr
1992-ci il tarixli nömrəsində çap olunmuş həmin
müraciəti sonralar çağdaş tariximizə məşhur
"91-lərin müraciəti" adı ilə daxil oldu. Həmin
ziyalıların bu tarixi müraciəti, əslində,
bütün Azərbaycan xalqının istəyi, arzusu,
haqlı tələbi idi. Azərbaycan xalqının istəyinə
heç zaman biganə qalmayan, özünün
qurub-yaratdığı respublikanın gözgörəsi
dağılmasına dözməyən Heydər Əliyev
dühası vətənin dar günündə xalqın
imdad, kömək səsinə səs verdi.
Oktyabrın 24-də ulu öndərin
ziyalıların müraciətinə verdiyi müsbət cavab
isə Heydər Əliyevin yaranmış vəziyyətdə
böyük məsuliyyətin altına girməkdən çəkinmədiyini,
cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi.
Cavab məktubunda ziyalıların haqlı
narahatlığını və həyəcanını
bölüşən ümummilli lider yaranmış vəziyyətdən
çıxış yollarını da böyük
müdriklik və uzaqgörənliklə göstərirdi:
"Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin
gələcək həyatının və fəaliyyətinin
əsasını təşkil edən demokratiya və siyasi
plüralizm şəraitində Sizin müraciətinizdə
göstərilən Yeni Azərbaycan siyasi partiyasının
yaradılması obyektiv zərurətdən doğulur. Belə
partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal
iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin
möhkəmləndirilməsində və inkişafında
tarixi rol oynaya bilər. Əgər belə partiya
yaradılarsa, onun fəaliyyətində iştirak etməyə
hazıram".
1992-ci il noyabrın 21-də
müstəqil Azərbaycanın çağdaş dövlətçilik
tarixində yeni səhifə açan əlamətdar hadisə
baş verdi: Naxçıvanda 550-yə yaxın nümayəndənin
iştirakı ilə YAP-ın təsis qurultayı
keçirildi, ulu öndər yekdilliklə təşkilata sədr
seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda
milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi
olmaq kimi müqəddəs amalı özünün siyasi
idealı, əsas strateji xətti seçən YAP-ın
yaranması tarixi zərurətdən, o illərdə
mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan
irəli gəlirdi.
Ümummilli lider Heydər Əliyevin
Azərbaycanın mövcud durumunu və yaranmış təhlükəli
vəziyyətdə çıxış yollarını
göstərən, onun müdrik tövsiyələrini əks
etdirən bu məktubu sonrakı mərhələdə
YAP-ın fəaliyyətinin əsas prinsiplərini və
istiqamətlərini təşkil etdi. YAP yarandığı
gündən Azərbaycan Respublikası Konstitusiyası və
qanunvericiliyi çərçivəsində,
özünün nizamnaməsi və proqramı əsasında
fəaliyyət göstərən, sıralarında respublikada
hüquqi dövlət, sabit və sosialyönümlü
iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq
ideyalarını qəbul edən vətəndaşları
birləşdirən sağ mərkəzyönümlü
siyasi partiya kimi fəaliyyətə başladı.
Partiyanın proqramında irəli sürülmüş əsas
vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların
dinc və firavan həyatının təmin edilməsi məsələlərindən
ibarət idi. Partiya məfkurəsinin əsasını təşkil
edən müstəqil dövlətçilik, qanunçuluq,
azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş
həmrəyliyi və sosial ədalət meyarları YAP-ın
qarşısında duran vəzifələrin həyata
keçirilməsinin fundamental prinsipləri olaraq mahiyyətcə
Azərbaycanın siyasi gələcəyinin də ideya
bazasına çevrildi.
YAP-ın qısa müddətdə
cəmiyyətdə həlledici çoxluq tərəfindən
ölkəni idarə etməyə qadir alternativsiz qüvvə
kimi qəbul olunması da məhz ulu öndər Heydər Əliyevin
fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə
şərtlənirdi. 1993-cü ilin məlum iyun böhranı
zamanı ölkənin taleyinə biganə olmayan insanlar
yaxşı başa düşürdülər ki, Azərbaycanı
sürətlə fəlakətə sürükləyən məkrli
planların qarşısını almağa, düçar
olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə
şəxsiyyət məhz Heydər Əliyevdir. İyun
ayının 9-da xalqın və o zaman çıxılmaz vəziyyətə
düşmüş AXC-Müsavat iqtidarının təkidli
istəyi ilə Bakıya qayıdan ulu öndər təbiətin
ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən
məharətlə bəhrələnərək xalqı vətəndaş
qarşıdurmasından, dövlət müstəqilliyini
itirmək təhlükəsindən qurtardı,
çağdaş tariximizə dövlətçiliyin
xilaskarı, qurucusu kimi daxil oldu. İyun ayının 15-də
Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri
seçilməsi isə ölkədəki kütləvi
inamsızlıq, xaos və hərc-mərclik mühitinin aradan
qalxmasına, siyasi gərginliyin tədricən azalmasına,
sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən
qurtulmasına real zəmin yaratdı.
İstənilən siyasi
partiyanın taleyi, ilk növbədə, onun ideyalarının
ictimai dəyəri ilə şərtlənir. Zəngin həyat
yolu keçmiş YAP ideyalarının xalqa daha cəlbedici və
yaxın olması ilə ölkənin siyasi taleyində
mühüm rol oynamaq qüdrətini son 17 ildə tam təsdiqləyib.
YAP Heydər Əliyevin daxili və xarici siyasət kursuna
alternativ görmədiyi kimi, bu strategiyanı uğurla davam
etdirəcək siyasi xadimi də haqlı olaraq ümummilli
liderin komandasında müəyyənləşdirib. Bu inam məhz
cənab İlham Əliyevin milli maraqlara əsaslanan fəaliyyəti
üzərində köklənib. Son 5 ildə YAP-a inamla rəhbərlik
edən Azərbaycan Prezidenti İlham Əliyev partiyanın
İdarə Heyətinin üzvləri ilə hələ
2004-cü il martın 11-də keçirdiyi görüşdə
bütün sahələrdə olduğu kimi, partiyanın gələcək
fəaliyyətində də ümummilli lider Heydər Əliyevin
siyasi kursuna əsaslanacağını bəyan etdi və fəaliyyəti
ilə bu vədinə sadiqliyini tam təsdiqlədi. Həmin
görüşdə YAP üzvlərinin qarşısına
bir sıra yeni vəzifələr qoyan Prezident İlham Əliyev
bildirdi ki, hər bir partiya üzvü ümummilli lider Heydər
Əliyevin həyata keçməyən ali ideallarını,
müqəddəs arzularını gerçəkləşdirmək
üçün əlindən gələni etməli, dövlətçiliyimizin
inkişafına və tərəqqisinə daim xidmət
göstərməlidir: "Yeni Azərbaycan Partiyası
güclü təşkilatdır və Azərbaycanın
ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç
bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət
aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim
eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız
təsəvvür etmirəm. Əminəm ki, biz
hamımız birlikdə həm partiyamızı daha da
gücləndirəcəyik, həm də ölkəmizi daha
da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək,
güclənəcək, çox zəngin və qüdrətli
dövlətə çevriləcək".
2008-ci ildə YAP-ın namizədi
kimi ikinci dəfə prezident seçkilərinə qatılan
cənab İlham Əliyevin xalqın yüksək etimadı
ilə yenidən Azərbaycan Prezidenti seçilməsi isə
sözügedən təşkilatın cəmiyyətdə
ciddi sosial dayaqlara malik olduğunu bir daha nümayiş etdirdi.
Cənab İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanı
davamlı yüksəliş və tərəqqiyə aparan
siyasəti davam etdirməklə yanaşı, cəmiyyətin
hakim partiyaya inam və etimadını daim artırır.
S.ELMANOĞLU
Azərbaycan.- 2009.- 17
oktyabr.- S. 6.