Bələdiyyə seçkiləri ölkəmizdə demokratiyanın əyani ifadəsinə çevriləcəkdir

 

Yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesi Azərbaycanda demokratik inkişafın əyani nümunəsidir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, dövlət və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan addımlar bələdiyyələrin fəaliyyətində öz ifadəsini tapmaqla yanaşı, respublikamızda yerli idarəetmə orqanlarının işinin təşkilinə mühüm töhfə verir.

Ulu öndər Heydər Əliyev dövlət və cəmiyyətin idarə olunmasında bələdiyyələrin rolunu yüksək qiymətləndirərək qeyd edirdi: "Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratik proseslərin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir".

Ümummilli liderimizin fikirləri bu gün real həyatda öz əksini tapmışdır. Heydər Əliyev ideyalarından qaynaqlanan bələdiyyə institutu təkmilləşir, formalaşır, Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında öz mövqeyini durmadan möhkəmləndirir.

"Yerli özünüidarəetmə haqqında" Avropa Xartiyasının müddəalarına uyğun olaraq respublikamızda da yerli özünüidarəetmə sistemi konstitusiya və qanunvericilik əsasında qurulur, beynəlxalq normalara uyğundur. Ölkəmizin demokratik şəraitdə idarə olunmasında vətəndaşların rolu artır və onlara yeni, daha geniş imkanlar yaradılır.

Bununla əlaqədar yerli özünüidarəetmə sisteminin hüquqi bazasının yaradılması üçün əsaslı tədbirlər həyata keçirilmiş, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindəın bələdiyyələrin fəaliyyətinin əsas sahələrini əhatə edən mühüm qanunlar, normativ hüquqi aktlar qəbul edilmişdir. Qanunvericiliyin təkmilləşdirilməsi prosesi davam edir və bələdiyyələrin formalaşdırılması, onların sosial-iqtisadi sahədə fəaliyyətinin artırılması və genişləndirilməsi üçün yeni qanunlar hazırlanır, bəzi qanunlara əlavə və dəyişikliklər edilir.

Yerli özünüidarəetmə orqanlarının müstəqilliyinin təminatı və səlahiyyətlərinin artırılması ictimaiyyətlə bərabər dövlətin də diqqət mərkəzindədir. Bələdiyyələr dövlətin ən mühüm funksiyalarından biri olan yerli əhəmiyyətli sosial-iqtisadi, ekoloji, sosial müdafiə vəzifələrinin həyata keçirilməsinə xidmət etdikləri üçün onların düzgün istiqamətləndirilməsi, daha yaxşı və səmərəli işləmələrinə şərait yaradılması vacibdir.

Dövlətin, ictimaiyyətin və bələdiyyələrin təşəbbüslərinin, həyata keçirdikləri birgə tədbirlərin nəticəsidir ki, son illər yerli özünüidarəetmə orqanlarında geniş islahatlar aparılmış və bu öz faydasını vermişdir. Milli Bələdiyyə Assosiasiyalarının yaradılması, vaxtaşırı bələdiyyələrin ümumrespublika toplantılarının, zona müşavirələrinin keçirilməsi, əhalinin maarifləndirilməsi ilə əlaqədar kursların və seminarların təşkili, diskussiyaların aparılması, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimaiyyətin nəzarətinin gücləndirilməsi, beynəlxalq və yerli təcrübənin öyrənilib tətbiq olunması, nöqsanları doğuran səbəblərin araşdırılıb qiymətləndirilməsi əhəmiyyətli olmuşdur.

Mindən çox kiçik bələdiyyənin könüllülük əsasında birləşərək iri bələdiyyələr formalaşdırmaq təşəbbüsü yaxşı haldır. Mülkiyyəti, lazımi maliyyə vəsaiti, kadr potensialı, əhaliyə xidmət imkanı olmayan bələdiyyələrin birləşməsi vaxtında və düzgün atılmış addımdır. Bu həm yerli özünüidarəetmə orqanlarının öz məsuliyyətlərini qiymətləndirmələrindən irəli gəlir, həm də əhalinin tələbatının daha dolğun ödənilməsinə, yerli əhəmiyyətli sosial-iqtisadi problemlərin həllinə hesablanmışdır.

Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi, əhalinin sosial rifah halının yaxşılaşdığı, respublikanın siyasi, iqtisadi və mədəni həyatında mühüm dəyişikliklərin baş verdiyi bir dövrdə bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi çox vacibdir. Bələdiyyələrin düzgün istiqamətləndirilməsi sahəsində dövlətin vəzifələri aydın olduğu kimi, vətəndaşlar da öz vəzifələrini dəqiqləşdirməli, seçdikləri orqanın fəaliyyətini daim nəzarətdə saxlamalı, ona kömək göstərməlidirlər. Bələdiyyə-vətəndaş münasibətlərinin düzgün qurulması, əhalinin yerli özünüidarəetmə orqanlarına sağlam münasibətinin formalaşdırlması müvəffəqiyyətlərin əsasıdır.

Bələdiyyə institutunun daha da təkmilləşdirilməsi və etimadın doğruldulması seçkilərdən keçir. Qarşıdan gələn bələdiyyə seçkilərində vətəndaşların düzgün seçimi vacibdir. Qabiliyyətli, təşkilatçı, təcrübəli, hörmətli insanların yerli özünüidarəetmə orqanlarına seçilməsi zamanın tələbidir və hər bir vətəndaş bunu qiymətləndirməlidir.

Yeni Azərbaycan Partiyasının seçki platformasında bələdiyyə orqanlarına seçkilərdə gənclərin və qadınların namizədliklərinin irəli sürülməsi və müdafiəsi istiqamətində təklifləri təqdirəlayiqdir. Çünki bu gün bələdiyyə orqanlarına seçilənlər arasında gənclərin və qadınların sayı çox azdır. Əhali ilə daimi ünsiyyətdə, gündəlik qayğıların mərkəzində olan bələdiyyə idarəetmə sistemində gənclərə meydan verilməsi onların formalaşması, ictimaiyyət arasında tanınmaları, təcrübə toplamaları, insani münasibətləri dərk edib qiymətləndirmələri üçün əhəmiyyətlidir.

Bələdiyyə elə bir idarəetmə sistemidir ki, orada çalışan insanlar, hər bir gənc ictimai-siyasi və sosial-iqtisadi həyatımızın əksər sahələrinə nüfuz etməyə, idarəetmə ilə bərabər insanların arzu və istəklərini öyrənməyə, tələbatını ödəməyə məcburdurlar. Gənclərlə yanaşı, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bələdiyyə orqanlarına cəlb edilməsi ümumi işin xeyrinədir və ilk növbədə, qadınların bir kadr kimi formalaşmasında stimul ola bilər.

YAP əvvəlki seçkilərdə olduğu kimi, builki bələdiyyə seçkilərində də öz iradəsini ortaya qoymuşdur. Seçkilərin şəffaf, azad, demokratik şəraitdə keçirilməsi partiyanın ali məqsədlərindən biridir. YAP seçicilərə bəzi siyasi partiyalar kimi, yalnız seçki ərəfəsində deyil, deyərdim ki, ikinci bələdiyyə seçkilərinin keçirildiyi gündən hazırlaşır. Ötən seçkilərin nəticələri təhlil edilmiş, müsbət və mənfi hallar nəzərdən keçirilmiş, seçkilərdə yenidən qalib gəlmək üçün bütün imkanlar səfərbər olunmuşdur. Daha qabiliyyətli insanların namizədliyini irəli sürmək, yaxşıların yaxşısını seçmək, seçkiləri beynəlxalq standartlara uyğun keçirmək, seçki qanunvericiliyinin pozulmasının qarşısını almaq üçün seçkilərə ciddi hazırlıq görülmüş, partiyanın bütün rayon təşkilatlarında qərargahlar yaradılmışdır. Partiyanın xətti ilə təşkil edilən bütün tədbirlər, toplantılar, müşavirələr, diskussiyalar bilavasitə insanlara konstitusion hüquqlarının, seçkinin mahiyyətinin və əhəmiyyətinin izah edilməsinə, seçkilərdə əhalinin fəallığının təmin olunmasına yönəldilmişdir. Hər bir vətəndaşın, partiya üzvünün seçkilərin hazırlanmasında və keçirilməsində fəal iştirakını vacib hesab edən YAP öz üzvlərini hamılıqla bu mühüm kampaniyanın keçirilməsinə cəlb etmişdir.

Bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ölkəmizin həyatında mühüm və əhəmiyyətli bir hadisə olacaqdır. Seçkilərin yüksək səviyyədə keçirilməsi bələdiyyələrin fəaliyyətində mövcud olan bir sıra nöqsanların aradan qaldırılmasına, onların strukturlarının möhkəmləndirilməsinə, fəaliyyətinə dövlət nəzarətinin artırılmasına, bələdiyyə və dövlət hakimiyyət orqanlarının qarşılıqlı fəaliyyət mexanizmləri sisteminin təkmilləşdirilməsinə, yerli özünüidarəetmənin konstitusiya prinsiplərinin həyata keçirilməsi üçün zəruri olan siyasi, maliyyə, iqtisadi, normativ hüquqi, təşkilati idarəetmə imkanlarının genişləndirlməsinə və təmin olunmasına zəmin yaradacaqdır.

Azərbaycanda bələdiyyə institutunun formalaşması, yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün hər cür imkan və şərait var. Qarşıdakı bələdiyyə seçkiləri bunu bir daha sübut etməklə ölkəmizdə demokratik inkişafın əyani ifadəsinə çevriləcəkdir.

 

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 6.