Polis Akademiyasında Dövlət Müstəqilliyi
Günü qeyd edilmişdir
Oktyabrın 16-da Daxili İşlər
Nazirliyinin Polis Akademiyasında Dövlət Müstəqilliyi
Gününə həsr olunmuş tədbir
keçirilmişdir.
Əvvəlcə tədbir
iştirakçıları bütün varlığı ilə
Azərbaycana, xalqına bağlı olan, onun müstəqilliyi
yolunda misilsiz fədakarlıq göstərmiş ümummilli
lider Heydər Əliyevin akademiyanın həyətindəki
abidəsinin önünə tər çiçəklər
düzmüşlər.
Mərasimdə
1918-ci ildən başlanan və 1991-ci il oktyabrın 18-də
yenidən bərpa olunan müstəqillik tariximiz, 1993-cü
ildə ulu öndər Heydər Əliyevin xalqın təkidi
ilə yenidən hakimiyyətə qayıdışından
sonra Azərbaycanın dünyanın sivil və demokratik
dövlətləri sırasına qoşulması, ümummilli liderin
yürütdüyü siyasət nəticəsində əldə
olunan uğurlar barədə ətraflı məlumat
verilmişdir.
Vurğulanmışdır ki,
respublikamızın müstəqillik yolunda
qazandığı uğurlar ümummilli lider Heydər Əliyevin
adı və gərgin fəaliyyəti ilə sıx
bağlıdır. Məhz onun müdrik və uzaqgörən
siyasəti nəticəsində xalqımız tarixin ağır
sınaqlarından şərəflə çıxaraq
müstəqilliyini qorumuş, möhkəmləndirmiş, əbədi
və dönməz edə bilmişdir.
Tədbirdə müstəqilliyin
bərpası dövründə Azərbaycanda baş verən
ictimai-siyasi hadisələr barədə müdavimlərə ətraflı
məlumat verilmiş, onları maraqlandıran suallar
cavablandırılmışdır.
Bundan başqa, 18 oktyabr - Dövlət
Müstəqilliyi Günü ilə əlaqədar
akademiyanın əyani fakültəsinin əməkdaşları
və müdavimlərinin Azərbaycan İstiqlal Muzeyinə
ekskursiyası təşkil edilmişdir. Azərbaycan
xalqının qədim zamanlardan bugünədək milli
azadlıq hərəkatını işıqlandıran və
ümumi fondu 20 min eksponatdan artıq olan muzeydə
nümayiş etdirilən ekspozisiya müdavimlərdə
böyük maraq doğurmuşdur.
Həmçinin
Polis Akademiyasında Dövlət Müstəqilliyi
Günü münasibətilə təşkil edilmiş
viktorina zamanı müdavimlər Azərbaycanın müasir
tarixi barədə verilən sualları cavablandıraraq vətənlərinin
tarixi haqqında biliklərini nümayiş etdirmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 17 oktyabr.- S. 6.