Biz həmişə xalqla bir yerdəyik
Bu gün 5000-ci sayı işıq üzü görən
"İki sahil" qəzetinin hər bir əməkdaşı
öz əməyi ilə müasir Azərbaycanın
qurucuları sırasındadır
Əvvəlcə "İki
sahil" qəzetinin yarandığı tarixə qısaca nəzər
yetirək. 1965-ci ildə mətbu orqan kimi əsası
qoyulmuş "Zavod həyatı" qəzeti 1991-ci il iyul
ayının 10-dan "İki sahil" adı altında
müstəqil ictimai-siyasi qəzet kimi fəaliyyətə
başlamışdır. Qəzetin əsas məqsədi Azərbaycanın
dövlət müstəqilliyinin əldə olunması, onun
qorunub möhkəmlənməsi uğrunda aparılan
mübarizəyə qələmin, sözün gücü ilə
kömək etmək, ölkənin qarşısında duran
ağır problemlərin aradan qaldırılması
yollarını araşdıran insanların fəaliyyətini
dolğun və obyektiv yazılarla işıqlandırmaq idi.
Bu mənada bir məqamı
xüsusi vurğulamağı zəruri hesab edirik ki,
"İki sahil" qəzeti fəaliyyətə
başladığı ilk gündən görkəmli dövlət
və siyasi xadim Heydər Əliyevi Azərbaycanı labüd
məhvolma təhlükəsindən xilas edə biləcək
yeganə şəxsiyyət kimi görərək onun hakimiyyətə
qayıtması üçün bir tribuna rolunu
oynamışdır. Qəzetdə bu mövzuda
tanınmış siyasətçilərin, ictimaiyyət
nümayəndələrinin çıxışları, təlqin
etdikləri həqiqət ölkənin nicatının,
müstəqilliyinin taleyinin məhz ulu öndər Heydər Əliyevdə
olduğuna möhkəm inam yaradır, onun hakimiyyətə
qayıtması üçün xalqın
çağırışına-tələblərinə
böyük impuls verirdi.
1990-cı illərin əvvəllərində
Azərbaycanda hərc-mərcliyin baş alıb getdiyi bir
dövrdə, hər gün rastlaşılan təzyiqlərin,
hədələrin olduğu bir vaxtda ölkənin
xilasının yeganə çarəsinin məhz Heydər Əliyevdə
olduğu barədə yazılar vermək bir o qədər də
asan deyildi. Qəzetin ərsəyə gəlməsində
böyük xidmətlər göstərmiş Vüqar Rəhimzadənin
bu istiqamətdə gördüyü işlər sonralar ulu
öndər Heydər Əliyev tərəfindən yüksək
qiymətləndirildi. Ölkənin ağır illərindəki
dövrə nəzər salan, qəzetin o illərdəki fəaliyyətindən
bəhs edən Azərbaycanın xilaskarı YAP-ın yubileyi
münasibətilə keçirilmiş təntənəli
yığıncaqda demişdi: "Mən hesab edirəm ki,
"İki sahil" qəzeti çox iş
görmüşdür. O vaxt bu qəzet çox cəsarətli
yazılar verirdi. ...Biz Naxçıvanda blokada şəraitində
yaşadığımız dövrdə Vüqar Rəhimzadə
tez-tez Naxçıvana gələrdi və hələ Yeni Azərbaycan
Partiyası yaranandan xeyli əvvəl Naxçıvanın
problemləri, ədalətsiz hadisələrə qarşı
Azərbaycanın ayrı-ayrı vətəndaşlarının
fikirlərini dərc etməkdə yaxşı fəaliyyət
göstərərdi, indi də göstərir. Mən bunu
yüksək qiymətləndirirəm".
"İki sahil" qəzetinin
dünyanın görkəmli siyasi xadimlərindən birindən,
Azərbaycanın xilaskarından gördüyü mənəvi
dəstək heç nə ilə müqayisəyə gəlməz.
Amma onu da unutmuruq ki, "İki sahil" qəzetinə verilən
belə yüksək qiymət bizi xalq, ölkə, dövlət
üçün ən çətin məqamlarda belə
öz vəzifəmizi mətbu yazılarımızla Azərbaycanın
problemlərinin həllinə kömək etməkdə
görmüş və bu gün də genişmiqyaslı quruculuq
işləri getdiyi bir vaxtda ulu öndər Heydər Əliyevin
layiqli davamçısı Prezident İlham Əliyevin
uğurlu siyasətini işıqlandırmaqdan böyük
qürur duyuruq.
"İki sahil" ictimai-siyasi
mətbu orqanı olaraq bu istiqamətlərin hər biri
üzrə öz oxucuları ilə daim ünsiyyətdədir.
Qəzetin kollektivi söz və mətbuat
azadlığının verdiyi imkanlardan sui-istifadə etməyi
heç vaxt özünə rəva bilməyib. Biz hər kəsin
şərəf və ləyaqətinin qorunmasına
çalışırıq.
Yarandığı ilk gündən
indiyədək "İki sahil" qəzetinin daim riayət
etdiyi əsas prinsiplərdən biri mətbuatın, hər bir
vətəndaşın, jurnalistin mənəvi zənginləşməsinə
xidmət edən yazıların dərc edilməsi
olmuşdur. Bununla bağlı bir məsələni qeyd etmək
yerinə düşər ki, "İki sahil" qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Mətbuat
Şurası İdarə Heyətinin üzvü,
Şuranın "reket" jurnalistika ilə mübarizə
komissiyasının sədridir. Buna görə də bizim qəzetdə
jurnalist ləyaqətinin, obyektivliyin üstün mövqe
tutduğunu sübut etməyə ehtiyac qalmır. Qəzetimzin
hər bir əməkdaşında belə bir fikir
formalaşıb ki, bəzi mətbuat orqanlarının əməkdaşlarının
söz, fikir azadlığından sui-istifadə etməsi,
jurnalistlərin peşə davranış qaydalarından kənara
çıxması və yüksək vəzifə sahibləri,
sıravi vətəndaşlar barədə yalan, böhtan
yazması yolverilməzdir, bu jurnalist prinsiplərinə,
etikasına tamamilə zidd bir hərəkətdir.
Bu gün jurnalist məsuliyyətinin
son dərəcə vacib bir keyfiyyət olduğu "İki
sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin
tez-tez diqqətə çatdırdığı tələbdir.
Qəzetin yaradıcı kollektivi bu məsuliyyəti daim
öz üzərində hiss edir.
Ulu öndər Heydər Əliyev
jurnalistlərin zəhmətini yüksək qiymətləndirərək
deyirdi: "Mən jurnalistlərə, mətbuat orqanlarında
çalışanlara böyük hörmətlə
yanaşıram. Sizin əməyinizi çox ağır,
mürəkkəb əmək hesab edirəm. Özünü
bu peşəyə həsr edənlər əsl hünər
göstərirlər". - Bu sözləri "İki
sahil" qəzetinin kollektivinə də aid etmək olar. Onlar
bu çətin peşənin öhdəsindən şərəflə
gəlirlər.
Sabah Azərbaycanın dövlət
müstəqilliyi günü qeyd olunacaq. Qəzetimizin 5000-ci
nömrəsinə diqqət yetirəndə aydın
görünür ki, "İki sahil"in keçdiyi yol
dövlət müstəqilliyinin 18 ilinin tarixidir. Bu tarix
uğurla davam edir. Azərbaycan mediası, bu medianın diqqətçəkən
orqanlarından biri olan "İki sahil" qəzeti tarixə
güzgü tutur.
Azərbaycan Prezidenti İlham Əliyev
mətbuat işçilərinin zəhmətini yüksək
qiymətləndirməklə bərabər qarşıya
mühüm vəzifələr qoymuşdur: "Mətbuatımız
bu gün öz mütərəqqi ənənələrini
davam etdirməli, cəmiyyətdəki problemləri və
nöqsanları ictimai müzakirəyə
çıxarmalı, demokratik proseslərin fəal
iştirakçısı olmalıdır".
İftixar hissi ilə qeyd edirik
ki, bu gün 5000-ci sayı işıq üzü görən
"İki sahil" qəzetinin kollektivi ölkə rəhbərinin
bu tapşırığına layiqincə əməl etmək
əzmini nümayiş etdirir. Əminliklə deyirik ki: Biz həmişə
yeni, müasir Azərbaycanın qurucularının
önündə getdiyimiz kimi, bundan sonra da öz qələmimizlə
ölkəmizin daha da inkişafına, iqtisadi qüdrətinin
artmasına xidmət edəcəyik!
Telman QAFAR
Azərbaycan.- 2009.- 17 oktyabr.- S.7.